#

Sovet dövrünün işgəncə və rüşvət yuvası – Ayıltma məntəqələri

Sovet dövrünün işgəncə və rüşvət yuvası – Ayıltma məntəqələri
30 avqust 2024
# 09:00

Kulis.az sovet vaxtı fəaliyyət göstərmiş "Ayıltma məntəqələri" haqqında yazını təqdim edir.

SSRİ idarəetmə sistemində diqqəti çəkən maraqlı məqamlardan biri də müəssisələr qarşısına qoyulan konkret planlar, öhdəliklər olub.

“Yuxarılar”ın şərtləri icra olunmayanda, plan doldurulmayanda həmin müəssisənin işçiləri mükafatlardan, müəyyən olunmuş güzəştlərdən (ev növbəsindən, sanatoriyalara pulsuz göndərişlərdən və s.) məhrum olunublar. Bax, elə buna görə də çox vaxt keyfiyyət arxa plana keçib, əsas kəmiyyətə üstünlük verilib.


O cümlədən, bu cür planlar SSRİ-də fəaliyyət göstərən və dünyanın heç bir ölkəsində analoqu olmayan xüsusi ayıltma məntəqələrinə də tətbiq edilib.

Yəni, realda sərxoş olub asayişi, ictimai qayda-qanunu pozanların sayından asılı olmayaraq məntəqələrdən yuxarılara konkret say göstərilən hesabatlar göndərilməliydi.

Bəzən məntəqə əməkdaşları yarımsərxoş olanları belə qeydiyyata salmağa məcbur olublar.

Əvvəlcədən bir faktı qeyd edək ki, dünyanın digər ölkələrində ayıltma məntəqələri mövcud olmayıb. Amerika Birləşmiş Ştatlarında polisin alkoqollu içkilər qəbul etmiş şəxsi saxlamağa hüququ yoxdur. Əgər şəxs içkinin təsirilə qanun pozuntusuna yol verirsə, o zaman həmin şəxs polisə aparılır, mövcud qanunlara görə cəzalandırılır. Təbii ki, əgər törətdiyi əməl cinayət məcəlləsində öz əksini tapırsa.



Kanadada könüllülərdən ibarət “Qırmızı burun” cəmiyyəti fəaliyyət göstərir. Onların əsas missiyası sərxoş olmuş şəxsi evinə aparmaqla yekunlaşır.

Qərbi Avropa ölkələrində də sərxoşlara qarşı heç bir kobud münasibət göstərilmir. Bu ölkələrdə də könüllülüərdən ibarət xüsusi dəstələr sərxoş vəziyyətə düşmüş adamları evlərinə çatdırırlar.

SSRİ-də isə bu məsələyə qarşı münasibət tam fərqli olub.

Rusiyada ilk dəfə ayıltma məntəqəsi 7 noyabr 1902-ci ildə yaradılıb və “Sərxoşlar üçün sığınacaq” adı ilə fəaliyyət göstərib.

Müəssisə şəhər xəzinəsinin vəsaiti hesabına saxlanılıb və əsasən, qışda içib küçələrdə yatanlara xidmət göstərib. Onları isti yemək, yatacaq və ilkin tibbi yardımla təmin ediliblər. Daha sonra bu adda müəssisələr Arxangelskdə də fəaliyyətə başlayıb.

SSRİ dövründə isə ilk ayıltma məntəqəsi 1931-ci ildə Leninqradda, daha sonra isə Moskvada açılıb. Yeri gəlmişkən, qeyd edək ki, olduqca ciddi rejimə malik olan bu müəssisələr də alkoqollu içkilərə qarşı olan hədsiz ehtirasın qarşısını ala bilməyib.

Ayıltma məntəqələrinin fəaliyyətə başlaması bir yana, heç dövlət səviyyəsində verilən qərarların belə faydası olmayıb.
1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib.



İlk dövrlərdə ayıltma məntəqələri SSRİ Səhiyyə Komissarlığının (nazirliyinin) tabeliyində fəaliyyət göstərib. Müəssisələrə “xüsusi təyinatlı tibbi avtomobil”lər verilib. Məntəqədə çalışanlar yerli daxili işlər orqanlarının əməkdaşlarının köməyindən də yararlanıblar. Xüsusi təyinatlı avtomobillər milislərlə birgə reydlərə çıxıblar, yaxud konkret çağırışlara gediblər.

Məntəqəyə gətirilən şəxslər feldşer tərəfindən müayinə olunub, onlar əvvəlcə soyuq duşa salınıb, daha sonra onlara xüsusi dərman preparatları verilib. Tabe olmadıqları halda onları dəmir çarpayıya bağlayıb lazımi tibbi prosedurları tətbiq ediblər. Bəzən bu prosedurları keçirmək üçün milis əməkdaşlarının köməyinə də ehtiyac olub.

Səhərisi gün məntəqənin “qonağı” haqqında bütün məlumatlar dəqiqləşdirilib, özü ilə profilaktik söhbət aparılıb, ailəsinə, iş yerinə, yaxud tələbədirsə, oxuduğu təhsi ocağına məktub göndərilib.

1940-cı ildə Lavrenti Beriyanın təşəbbüsü ilə xüsusi ayıltma məntəqələri “NKVD”-nin tərkibinə verilib. Bu dövrdə içki həvəskarları üçün ayıltma məntəqələri ən təhlükəli yerə çevrilib. Beriya qanunlarının hökm sürdüyü ayıltma məntəqələrində keçirilən tədbirlər həddindən artıq sərt olub.



Leonid İliç Brejnevin hakimiyyəti illərində xüsusi ayıltma məntəqələri oranın əməkdaşları üçün əsl gəlir mənbəyinə çevrilib. Həmin dövrdə kimin haqqında ayıltma məntəqəsindən iş yerlərinə və ya oxuduqları təhsil ocaqlarına məktub gedibsə, onları ciddi cəza gözləyib. İşdən azad etmək, partiya sıralarından xaric olmaq, şiddətli töhmət almaq, institutdan qovulmaq kimi cəzalardan xilas olmaq üçün ayıltma məntəqəsinə düşənlər məntəqə əməkdaşlarının qələmlərinin mürəkkəbini pulla “qurudublar”.

Yuri Andropovun və Mixail Qorbaçovun hakimiyyəti illərində xüsusi ayıltma məntəqələri Stalin dövründəki “populyarlığını” yenidən bərpa edib. Ancaq bu da uzun sürməyib. SSRİ-nin süquta doğru getdiyi illərdə təsərrüfat hesablı olan müəssisələr bir-bir fəaliyyətlərinə son qoymağa başlayıblar. Rusiya Federasiyasının böyük şəhərlərində bir neçə ayıltma məntəqəsi 2011-ci ilə qədər fəaliyyətini davam etdirib. 2011-ci ildə Rusiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün ayıltma məntəqələrinin fəaliyyətinə rəsmi son qoyulub...

# 1435 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #