Salavat – Xəyal Rzanın hekayəsi

Xəyal Rza, yazar

Xəyal Rza, yazar

5 iyul 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Xəyal RzanınSalavat” hekayəsini təqdim edir.

– Çıx!!! Çıx sənə deyirəm! – Həmin yaşlı adam bağıraraq altdan yuxarı yanımı yumruqlamağa başladı.

Taqətim qalmamışdı. Acından ölürdüm, susuzluqdan ciyərim yanırdı. Yuxusuzluqdan, yorğunluqdan nəfəs almağa halım yox idi. Bu nə işdi başıma gəldi, ay Allah! Günlərin sayını itirmişdim, saatı xatırlamırdım. Gecə ilə gündüzün fərqini unutmuşdum. Elə bil doğulduğum gündən bəri nə gündüz olmuşdu, nə gecə.

Bura zil qaranlıq yer idi. Göz-gözü görmürdü. Ləngərləyib sağa-sola dəyəndə boruya oxşatdım. Hə, hə, əlbəttə boru idi. Borunun içində də uzun bir nərdivan. Harasa dırmaşırdıq.

– Dayanma! Çıx yuxarı! – ağsaqqal yenə bağırdı.

Halım var çıxmağa? Necə çıxım axı? Başa düşmək də istəmir. Ürəyimdə deyinməkdən başqa çarəm yox idi. Səsimi çıxartmağa cürət eləmirdim. Bir-iki dəfə qışqırmağa cəhd eləsəm də, səsim içimdə boğulmuşdu. İşin pis tərəfi, geriyə yol yox idi. Aşağıda ağsaqqal dayandığı üçün düşə bilməzdim...

Çarəsizlik... bu dəhşətli hissdi. Əlin yerdən-göydən üzülür. Heç nəyə gücün çatmır. Doğrudan! Əlim də üzülmüşdü, elə ayağım da. İndi bir qurtum sudan ötrü hər şeyə razıydım, amma sudan çox torpaq istəyirdim. Nə qədər qəribə olsa da, torpaq! Ayağım yerə dəysəydi bütün günah işlərdən qaçardım, işim-gücüm ancaq zikr eləmək, salavat çevirmək olardı. Salavat deyən kimi qeyri-ixtiyari əlimi üzümə çəkdim. Hardansa oxumuşdum ki, salavat çevirməyin yeri və məkanı yoxdu. Bu söz yadıma düşən kimi yenidən əlimi ard-arda bir neçə dəfə üzümə çəkdim. İndi hiss elədim ki, əməlli başlı saqqalım çıxıb. Çıxıb yox e, uzanıb üzü aşağı, sinəmə çatır. Bu nə sehirdi belə? Saqqalım bir göz qırpımında uzanıb? Həyəcandan bədənimi tər basdı. Bəlkə dəli oluram? Bəlkə heç saqqalım yoxdu? Tutub saqqalımı dartışdırdım. İncitdi. Əlimə bir-iki tük də yapışdı. Gözlərimi əlimə zillədim ki, tüklərin rəngini görə bilim. Heç nə görmədim, heç əlimi də... Bəlkə saqqalım ağappaqdı?! Bir anın içində özümü yaşlı adam kimi hiss elədim. Saç-saqqalı ağarmış. Saç yadıma düşən kimi əlimi başıma çəkdim. İlahi! Saçlarım uzanıb çiyinlərimə düşmüşdü! Ölmüşəm? Bəlkə elə ölmək belə olur?

– Ölməmişəm! Ölməmişəm! – ürəyimdə qəzəblə bağırdım!

– Hə, bala, ölməmisən, qorxma! – yaşlı səs dilləndi.

Yəqin, bu dəqiqə güzgüyə baxsaydım, özümdən qorxardım, gözlərimin bərəlib hədəqəsindən çıxdığını hiss edirdim. Bu adam məni hardan eşitdi? Necə eşitdi? Axı mən ürəyimdə dedim bu sözləri?!

Bala? Bala dedi, hə? Düşündüm ki, bayaqkı sərt adam deyil. Yumşalıb, mülayimləşib elə bil. Salavat çevirmişdim, yəqin ondandı. Salavat deyən kimi əlimi yenə saqqalıma çəkdim.

Daha dümsükləmirdi, arada dincəlmək istəyəndə fürsət də verirdi, amma bir az uzadanda, sakitcə, həlim səslə, “getmək vaxtıdı” deyiridi. Düşünməkdən yorulmuşdum. Səssizlik isə lap zəhləmi tökmüşdü. Səssizlik... bu da elə çarəsizliyin “əmisi oğlu”du. Çarəsizlər süküta qərq olurlar. Susmaq da, yəni səssizlik də, yəni süküt da çarəsizlikdi.

Lənət şeytana! Elə bil Allahın yanına qalxırıq. Bu qədər dırmaşmaq olar? Bu nə iş idi mən düşdüm. Bəlkə bu kişi Əzrayıldı? Ola bilər? Hə, niyə olmur?! Ölməmişəm, amma bu kişi yüz faiz Əzrayıldı! Yəqin bütün dünyasını dəyişənləri, ya da dəyişməyə namizəd olanları qabağına qatıb, beləcə nərdivanla harasa dırmaşdırır. Harasa deyəndə ki, o dünyaya, ya cənnətə, ya cəhənnəmə... cəhənnəmə??? Yenə başım dumanlandı. Bəlkə elə cəhənnəmə gedən yoldu bu yol. Yoxsa bu qədər əzab-əziyyətli, məşəqqətli olmaz axı. Lap “Sizif əməyinə” oxşayır. Atana rəhmət, Kamyu! Qeyri-ixtiyari salavat çevirdim. Və gülmək məni tutdu. İşimə-gücümə bax e, sən Allah!

Mən güləndə aşağıdakı kişi də gülməyə başladı. Görən nəyə güldü? Bunu Əzrayıl hesab etməyimə, cəhənnəmə, Kamyunun atasına rəhmət oxuyub, salavat çevirməyimə, ya gülməyimə? Axı səsim çıxmırdı, gülməyimi harda gördü bu qaranlıqda. Əşşi gülsün də, gözüm aydın!

Hardansa babam yadıma düşdü. Sonra çox qəribə bir şeyi xatırladım. Əslində həm də onu xatırladım ki, buna qədər mən heç nə xatrılamırdım. Kimliyimi, bu boruya necə girdiyimi, atamı anamı, qohumlarımı, dostlarımı, işimi peşəmi – heç nəyi. Təkcə Kamyudan bir də salavatdan başqa. İndi babamı xatırlamağım bu dəhşəti üzə çıxartdı. Bəlkə yaddaşım pozulub? Bəs onda babamı necə xatırladım? Babam bir yana qalsın, babamın bizim keçmişimizlə bağlı danışdıqlarını necə xatırladım bəs? Nə isə... xatırlamadıqlarımın üstündən keçib, xatırladıqlarım haqqında düşünməyə başladım. Çünki indi xatırladığımı uşaqlıqdan bu yana ilk dəfəydi xatırlayırdım.

Babam deyirdi ki, bizimkilər nə vaxtsa güneydə yaşayıblar. Ərdəbil ətrafında bir kənd varmış – bizim kəndimiz. Bizimkilər ordan Nadirin zülmündən qaçıb bura gəliblər – quzeyə. Burdakı kəndin ilk sakinləri də babamgil olublar... Nə idi o kənidn adı... Ərdəbildəki kəndin. Lənət sənə şeytan! Nə idi? Nə? Beynimdə burulğan baş verdi elə bil… əlli-ayaqlı burulğanın içində yoxa çıxdım. Nə idi?

– Ola bilməzzz! – bağırdım. Səsim borunun içində əlli dəfə əks-səda verdi. İlk dəfə idi səsim içimdən çıxırdı, bir də buna təəccübləndim. Və var gücümlə bağırdım – SALAVAAAATT! Səsim yerdən göyə ucaldı sanki, əks-səda verə-verə qalxıb borunun bitən yerindən səmaya yayıldı. Salavat! İlahi, Salavat! Kəndin adı Salavat idi! Dayanmadan əlimi üzümə çəkib salavat çevirdim. Gözlərimdən yaş süzülməyə başladı. Bu kəndin adı uşaqlıqdan bu yana ilk dəfədir yadıma düşürdü.

Nənəmi xatırladım. Həmişə pilləkəndə oturub dizlərini qucaqlayıb gözlərini bir nöqtəyə dikərək yırğalanardı. Aya baxır, salavat çevirib, ağlayardı.

– Allah rəhmət eləsin! – Yaşlı kişinin qayğılı səsini eşitdim. Yenə ürəyimi oxuyurdu.

– Çox sağ ol, sənin də ölənlərinə rəhmət! – dedim. Və sürətimi artırdım.

Elə bil əməlli-başlı güc gəlmişdi mənə. Nə susuzluğum qalmışdı, nə də yorğunluğum. İçimə bir ümid işığı dolmuşdu. Burdan çıxmalıyam! Bunu bacarmalıyam!

Burdan çıxım, ilk işim kəndimizə getmək olacaq. Gedib tapacam o kəndi. Lap adını da dəyişsələr... Lap elə adamları da dəyişsə, tapacam. Qoy babamın, nənəmin ruhu şad olsun.

Tərin-suyun içindəydim, amma dayanmadan qalxırdım, dırmaşırdım. İndi başqa bir maraq da məni yuxarı dartırdı. Gedim görüm haradı ora. Bu yolun sonu hara aparıb çıxaracaq məni...

Bircə qurtum su olsaydı...

– Al, bala, al iç – kişinin rəhmli, mülayim səsi eşidildi. Su? Hardan tapdı suyu borunun içində?

Dayandım. Əlimi aşağıya – naməlum tərəfə uzatdım. Əlimə dəmir dəydiyini hiss elədim. Bıy... qumquma! Əsgərlərin su qabı. Qumqumanı hardan alıb bu kişi?!

Suyu açgözlüklə başıma çəkdim. Ohhh... su! Ey su, sən nə gözəlsən! Nə möhtəşəmsən! Bu dünyada sudan gözəl nə var görən, ilahi?! Sudan yenidən içib qabı aşağıya uzatdım.

– Ölənlərinin ehsanı olsun! Çox sağ ol, ağsaqqal.

– Nuş olsun. Mənim ölənlərim yoxdu.

– Ölənlərin yoxdu? Necə yəni? Bu necə ola bilər? Sən insan deyilsən?

Ağsaqqal sualıma cavab vermədi.

– Yaxşı. Deyə bilərəsən biz hara gedirik? Bu gün neçənci gündü? Hansı ildi? Saat neçədi? Necə gündü bu borudayıq?

– Ay oğul, suallarını yuxarıya saxla. Mən çox şeydən xəbərdaram, amma sənə heç nə deyə bilmərəm. Bütün reallıqlar yuxudu, bütün yuxular reallıq.

– Bütün reallıqlar yuxudu, bütün yuxular reallıq... bu nə tapmacadı belə?

– ...

– Məni əsir götürmüsən? Öldürməyə aparırsan?

– ...

– Allahın yanına gedirik, bəlkə?

– Bəlkə də...

Daha heç bir sual vermədim. Çünki sual vermək mənasız idi. Bu adamın mənə cavab vermək fikri yox idi. İndi yeganə çarə dözmək idi. Bu işin axırına çıxmağın başqa yolu yox idi.

Nə qədər vaxt keçdi bilmədim. Ancaq artıq borunun başında Ay görünürdü. Sevincimdən uçurdum. Azadlıqa qovuşmağa bir şey qalmamışdı. Təkcə zəhlətökən bir məqam qalırdı. Qismət olsa, bir də bu boyda nərdivanı geri düşmək var. “Qismət olsa” ona görə deyirəm ki, yuxarıda başıma nə gələcəyini bilmirəm. Yəqin, bircə Allah bilir.

Borunun başına çatanda məni dəhşət bürüdü. Bayaqdan Ay hesab etdiyim Ay deyilmiş. Ayağımı sonuncu pilləyə basıb, borudan çıxdım. Hər yer süd kimi ağappaq idi. Elə bil yüz min işıq yandırmışdılar. Bura haradı belə? Arxaya baxdım, ağsaqqal yox idi. Qaranlığa tərəf əyildim – Ağsaqqal! Ay Ağsaqqal! – cavab verən olmadı. Ətrafa boylandım. İns-cins nə gəzir?! Sükut, səssizlik hökm sürürdü. Sağa tərəf irəlilədim. Addımlarımı atanda ayağımın altına baxdım. Torpaq?! Amma ağ rəngdə. Əyilib torpağı ovucladım, qoxladım, hə, torpaq idi. Bəs niyə ağ rəngdədir? İrəlidə çox böyük pəncərə gördüm. Pəncərəyə yaxınlaşanda az qala huşumu itirəcəkdim. Aşağıda Yer kürəsi görünürdü. Ovuc içi kimi. Bunu ancaq şəkillərdə görmüşdüm. Ürəyim yerindən çıxırdı. Bu nə işdir belə? Bura necə gəlib çıxmışam? Bəyəm nərdivanla bura çıxmaq olar? Bütün bunların yuxu olduğunu yenidən düşündüm.

– Yuxu deyil!

Səsə doğru çevrildim. Ağsaqqal, nurani bir kişi nəhəng taxtda oturmuşdu. Kişinin özü də nəgəng idi. Bəlkə yüz mənim boyda. Ağ saçları saqqalına qarışmışdı, saqqalı yer süpürürdü. Bu səs həmin səs idi. Borudakı ağsaqqalın səsi.

– Bura haradı? Mən hardayam? Sən kimsən?

– Bura başlanğıcla sonun qovuşduğu yerdi. Həqiqətlərin olduğu yer.

– Axı, heç nə başa düşmürəm! – bağırdım.

– Qulaq as! Başa düşəcəksən. Sən indi doğulacaqsan. Bu gün, bu saat, bu saniyə. Sənin düşündüyün boru, sənin həyat yolundu. Qaranlıq keçmişin, işıq gələcəyindi. Buradan başladın həyata, burada bitəcək həyatın. Xatırlamaq istədiklərin yuxudu, xatırlaya bildiklərin reallıq. Salavatı görəcəksən, narahat olma. Və salavat sənin həyatında çox böyük rol oynayacaq.

– Səəəən Aaallllaahsan? – kəkələyə-kəkələyə soruşdum.

– Səninçün nə fərqi var? Biz yetmiş yeddi il sonra bir də görüşəcəyik. O zaman bilərsən kimliyimi. Onda səni təkcə mən qarşılamayacam. Tanıdığın çox adam olacaq. Amma əsas odur ki, o vaxt daha yad kimi görünməyəcəm sənə. Məni görən kimi tanıyacaqsan.

Donub qalmışdım. Heç nə anlamırdım. Heç nə başa düşmürdüm. Dəli olmaq həddinə çatmışdım. Ya da elə dəli idim. Bilmirəm. Gözlərimi yumdum. Beynimin içi alışıb yanırdı. Gözlərimi açanda yenə də qaranlıqla qarşılaşdım. Heç nə görmürdüm. Dərinin içinə salmışdılar məni. Suyun içindəydim. Çılpaq idim. Yadıma Allah düşdü. Salavat çevirmək istəyirdim ki, yuxarıdan ağsaqqalın səsi gəldi.

– Dayanma! Çıx görüm!

# 5247 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
#
#
# # #