Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto

Rokoko üslubunda "xəyali reallıq" yaradan rəssam - Antuan Vatto
10 oktyabr 2025
# 10:25

10 oktyabr XVIII əsr Fransa rəngkarlığında rokoko üslubunun görkəmli nümayəndəsi, rəssam Antuan Vattonun doğum günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Cəlbedici və zərif əsərləri ilə teatr aləmini kətan üzərinə köçürən Antuan Vatto idealizə olunmuş və təsəvvür məhsulu olan səhnələrdə zərif geyimli xanımları və centlmen bəyləri xəyali təbiət qoynunda əyləşərkən təsvir edib.

Fransanın Flandriya sərhədinə yaxın Valenciennes şəhərində doğulan Vatto orta təbəqədən olan dülgər ailəsində böyüyüb. Üç qardaşı ata sənətini davam etdirsə də, Vatto 15 yaşında rəssam Jak-Alber Qarenin rəhbərliyi altında təhsil alıb.

Vatto olduqca istedadlı rəssam olub. Əsərlərini rəngləmədən əvvəl yüzlərlə eskiz çəkərmiş. Onun uşaqlıq həyatı, rəsm əsərlərindəki əyləncə və zövq dolu görüntülərin əksinə olaraq, kədərli və çətin keçib.

1663-cü ildən etibarən Fransada “Prix de Rome” adlı illik incəsənət müsabiqəsi keçirilməyə başlanıb. Qaliblərə Romada yerləşən Palazzo Mancini-də təqaüdlə təhsil alma imkanı təqdim olunub.

Vatto 1709-cu ildə bu müsabiqədə iştirak etsə də, həmin il qalib seçilməyib. Buna baxmayaraq, əldə etdiyi uğur sayəsində o, Fransız Kral Rəssamlıq Akademiyasına üzvlüyə dəvət edilib.

Üç il ərzində dini mövzularda və populyar holland rəssamlarının əsərlərinin surətlərini çəkərək qazanc əldə edib.

Daha sonra Parisə səyahət edib və burada Rübenz, Titsian və Bruegel kimi böyük ustaların çoxsaylı nüsxələrinə sahib olan Pyer II Mariet ilə dostluq qurub.

Bu tanışlıq onun üslubunu daha axıcı və incə bir formaya salıb.

1717-ci ildə Vatto, Fransız Akademiyasına təqdim etdiyi və “Kiter Adasına Səfər” (Voyage to Cythera) adlı məşhur əsərində aristokrat xanımlar və bəyləri təbiət qoynunda əylənərkən təsvir edib.

Fransız zadəganlığını məmnun edən bu əsərlə o, həm özünün yaratdığı yeni bir janrın banisi kimi tanınıb, həm də Akademiyanın tamhüquqlu üzvü olub.

1708-ci ildə Parisdəki Lüksemburq Sarayında Rübenzin kraliça Mariya de Mediçinin həyatından səhnələri əks etdirən əsərləri sərgilənirmiş. Bu monumental tablolar gənc Vatto üçün böyük ilham mənbəyinə çevrilib. 1710-cu ildən sonra yenidən Parisə dönən sənətkar, bu dəfə əsas diqqətini maskalara yönəldərək şöhrət qazanıb.

Həssas və narahat xarakterə sahib olan Vatto öz əsərlərindən heç zaman tam razı qalmayıb. Lakin onun sənətini sevənlər günbəgün artmaqda idi.

1712-ci ildə Akademiyada vəzifə təklif olunsa da, o, hələ hazır olmadığını bildirib. 1717-ci ildə təklif yenidən gəldikdə isə bu dəfə razılaşıb və bu münasibətlə “Kiter adasına getmək üçün gəmiyə minmək” adlı tablosunu Akademiyaya təqdim edib.

1719-cu ildə vərəminin ağırlaşması ehtimalına qarşı Londona – heyranlarından biri olan doktor Midin yanına gedib.

Burada da çəkdiyi əsərlər böyük maraqla qarşılanıb və çoxlu sifarişlər alaraq maddi vəziyyətini düzəldib.

Lakin Londonun dumanlı və nəm havası səbəbilə 1720-ci ildə yenidən Parisə dönməli olub.

Daha sonra dostlarının dəstəyi ilə Nojant-sür-Marn yaxınlığında yerləşən bir kəndə köçüb və burada mənzərə rəsmləri çəkməyə başlayıb.

Yaxın dostu keşiş Karro ilə tanışlığı onun yaradıcılığına mənəvi təsir göstərib. Vatto bu dövrdə çəkdiyi bütün “çılpaq” əsərləri məhv edib və “Çarmıxda İsa” adlı dərin dini məzmunlu tablosunu yaradıb.

Vatto – “Pyerro” (Pierrot) obrazı ilə yadda qalıb. Onun Çin təsirli dekorativ sənət üslubu olan “şinuazeri”nin (chinoiserie) inkişafında da böyük rolu olub.

Vatto cəmi 37 yaşında vərəmdən vəfat edib. Onun dəqiq sənət üslubunu müəyyənləşdirmək çətindir. Lakin o, “xəyali reallıq” adlandırıla biləcək bir janr yaradıb.

Vatto çox az sayda portret çəkib, onları da yalnız yaxın dostlarına həsr edib. Son illərdə yandırdığı əsərlər səbəbilə günümüzə çox az sayda çılpaq fiqurlu rəsmləri gəlib çatıb.

Antuan Vatto – öz dövrünün təsəvvürləri ilə real həyat arasındakı incə sərhədi incəliklə çəkən, duyğulara toxunan, fərqli baxış bucağı ilə seçilən unikal bir sənətkar olub.

# 2745 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər