Qalstuk - Həmid Herisçinin yeni hekayəsi

Qalstuk - Həmid Herisçinin yeni hekayəsi
25 oktyabr 2023
# 15:00


Kulis.az Həmid Herisçinin "Qalstuk" adlı yeni hekayəsini təqdim edir.



Bir gün, mən hələ uşaqkən dəlisov xəzri küləyi gecə vaxtı Bakını növbəti dəfə yaxşıca silkələdi.
Qapımızdakı xəkandazla süpürgəni acımasızcasına bir-birindən ayırdı. Lap Romeo və Julyetta kimi...
Xəkandazı Romeonun - “Qazel” sürücüsü Qulam kişinin, süpürgəni isə Julyettanın, dil-ədəbiyyat müəlliməsi Nazilə xalanın əyri qapısına tapşırdı.
Pəncərəmdən o tərəfdə nəhəng bir ağac da vardı o uzaq vaxtlarda.
Bir də gördüm, həmin ağac mənə sarı əyilərək pəncərəmizi taqqıldadıb döyəcləyir.
Labüd təhlükələrlə məni bəribaşdan xəbərdar edir.
Morze əlifbasıyla gizli şifrəqram, xəbərdarlıq göndərir ünvanıma.
Sonralar bu mənzərə dəfələrlə təkrarlandı. Axır, su kimi adiləşdi mənim üçün.
Siqnala ilk olaraq ağır yorğan altındakı təmbəl bədənim yox... Sol əlim oyanardı. Siftə səhvən, yuxulu-yuxulu, soyuq divar boyu azcana gəzişərdi. Tez də, elə oradaca tam ayılardı. Marşrutunu anında dəyişib, dəqiqləşdirərdi.
Yan masadakı kimyəvi karandaşı, aha, axır tapdımı, heç küt ucunu quru tüpürcəyimlə yaşlamağı unutmazdı. Siqnalları bittə-bittə, sətir-sətir köçürərdi gündəliyimin əzik, ləkəli səhifələrinə.
İndi həmin ağac yoxdu yerində.
Kəsiblər. Yerində çoxmərtəbəli “Gənclik mall” göydələni ucaldıblar.
Day kimsə məni indi təhlükə-filan barədə əvvəlcədən xəbərdar etmir.
İndi gərək bunu təkbaşına ancaq özüm bacarım. Çarpayımdan vaxtlı-vaxtında özüm qalxım. Güzgü önündəki yarıyuxulu, əzik sifətimə bir ovuc su səpim. Sonra eynən elə həmin səxavətlə su verim öz tikanlı kaktuslarıma. Dəsməla əl atmağa tələsməyim. Son damcılar çənəmdən qopanadək güdüm güzgüdəki öz kədərli sifətimi. Sevinim ki, şükür, bu səhər gözlərim yox... iti çənəm ağlayır hələki gözlərimin əvəzinə.
Məlumat kitabçalarının ilk sətirlərindəki qısa telefon nömrələrinə zəng vurmaq, kimisə soraqlamaq, məncə, hələ çox tezdi.

***

Ancaq...
Ancaq illər sonra həmin tanış, dost siqnallar yenidən, elə lap elə son günlər qəfil taxta mafraq qapımda, tozlu pəncərələrimdə təkrarlanıb takkıldadı.
Əvvəlcə takkıltılar zəif idi. Sonra səslər artdı. Qapı öz çərçivəsində laxladı elə bil.
Soyuqqanlıyam. Mərhum arzularımın dayaz məzarları üstə çox da ləngiməyi sevmərəm. Elə bircə dəfə ciynim üstən arxaya, keçmişə baxaram, vəssəlam. Ancaq bu səs...
Qulaqlarıma inanmadım əvvəlcə. Uzaqdan komanda cihazıyla cəld televizordakı növbəti Hollivud filminin səsini tam alçaltdım. Ekranda nuar estetikasında çəkilmiş növbəti ağ-qara dedektiv film gedirdi. Filmin ortalarındaydım.
Dedim, qara yox eyyy... ekrandakı film basır məni.
Qapı gözlüyündən eşiyə diqqətlə, dönə-dönə boylanıb baxdım.
Sükut fasiləm uzundu. Arada ilk dəfə qapımızdakı elektrik sayğacının qıjıltısını da eşitdim.
Gözlükdəki bulanıq görüntülər tədricən aydınlaşdı. Əvvəlcə səyyar pizza satıcısına oxşatdım qapı arxasındakı naməlum kölgəni.
Vacib müsahibəyə köklənmiş özündənrazı telejurnalistə də oxşayırdı. Tutduğu məsafə videokameraların əhatə dairəsinə tam uyğun idi.
Qapını azca aralamağım bəsdi. Naməlum qonağım artıq içəridə, ala qaranlıq dəhlizimizdəydi. Film səhnələrindənmi sıçramışdı reallığıma? Dəhlizimə?
Hələ axıradək dərk etmirdim bu şək-şübhələrimi.
- Tanış olaq. Şeyda Mirzəyev. “Kirby” tozsoranlarının səyyar reklamçısı. – o, vizit kartını bircə peşəkar hərəkəti ilə ovcuma basdı. – Endirimdən istifadə edin. Fürsətdi. 5 min manatlıq tozsoranımızı indi 4 minə satırıq.
Çağrılmamış qonağım bilmirəm, caduladı məni nədi? İlk iki saniyə sonra o artıq qonaq otağımızdaydı. “Kirby” tozsoranını çulundan çıxarıb döşəməmizi bəzəyən yüzillik “Heriz” xalçamızı təmizləməyə hazırlaşırdı.
Çox qıvraqdı. Bircə an kənara baxmağım bəsiydi - anında, əlüstü, saqqızını ağzından çıxarıb masa altına yapışdırdı. Amanatını ilk fürsətdəcə, sözsüz, yenidən ağzına atacaqdı nə vaxtsa. Uyğun zamanda necə deyərlər.
Qısası, saqqızından ayrılınca ciddiliyi də artdı:
- Sizin xalça-palazların canında min illik toz torpaq yatır. Əlacı ancaq bizim brenddir. Bu rəngli şəkillərə baxın bir.
Şəkillər xofumu lap artırdı. Qonağım da sanki bu hissiyatımı güdürdü:
- Xalça-palazların qədim düyünlərində bax bu cür min cür həşarat, qurd-quş gizlənib, yaşayıb yatır. Qənimləri “Kirby” tozsoranlarıdır. Düyməyə barmağımızı astaca basırıq...
Şəkildəki həşaratlar rəhmətlik atamın kitabxanasındakı “Əcaibül-məxluqat” kitabındakılarla tam eyniydi. Müəllif Həmdullah Qəzvini - özü də o qədim vaxtlar, - zərrəbinsiz-filansız bəs necə görmüşdü bu əcaib məxluqatları?
- Latınca qəliz adları da var bu məxluqların. Dəftərçənizə qeyd edə bilərsiz. Gəlin şeytanın qıçını qıraq, nəhayət. Xalça-palazlarınızı bu qurd-quşlardan birdəfəlik arıdıb təmizləyək. Xidmətlərimiz pulsuzdu. Sadəcə, ancaq mənlə, tozsoranımızla şəkil çəkdirəcəksiz. Mövzunu sisial şəbəkələrdə tirajlayacam. Əlbəttə, icazənizlə.
Xalçalarımızdakı, qədim kitablardakı bu qurd-quşlar heç. Hərəsinə necə deyərlər bir quş. Düzü, əvvəl hə... azca hürkdüm şəkillərdəki bu həşaratlardan. Tüklərim ürpəşdi, danmıram. O qədim düyünlər, həmin qəliz düyünlərdə yatan, gecələyən məxluqlar mövzusu, bəli, sizdən nə gizlin, məni azcana diksindirdi.
Düyün vurmaq axı nəslimizə heç vaxt yad olmayıb. Yeddi göbək nəslimiz əsiri olub bu cür düyünlərin. Bu gözəgörünməz həşaratların.
Xüsusən ata tərəfim...

***

Rəhmətliyin həəə... yaxşı, təkrarsız düyün vurmağı vardı.
Qədim Təbriz xalçaçı nəslindən olsa da, xalça toxumağını, xana arxasında belini əyməyini görmədim.
Əvəzində...
Əvəzində bahalı qalstuklara min cür düyün vurmağı bacarardı.
Düyününü vurdumu kiminsə, tutaq ki, Əbülfəzl Elçibəy kimi birisinin qalstukuna, vəssəlam eyyy...
Həmin adam ölənədək rəhmətliyin girinə, düyününə, ilməyinə-ilgəyinə keçərdi. Elə bil tam başqa kirill əlifbasının, tam məxfi siqnal sisteminin, düzü, “köləsinə” desəm, doğru səslənməz... yox... sadəlövh əbunəçisinə, lal istifadəçisinə çevrilərdi.
“Bakı Cıdır düzü”-nün, rəsmi dillə desək, İppadromunun direktoru çəpgöz Yaşar Qarayev də, belə sıravi qurbanlarımızdan biriydi.
Bahalı itiburun qara ayaqqabılarını yaxşı yağlasa da, gen şalvarını sevgililərinə ütülətdirməyi bacarsa da...
Bu atbaz kişi məmur tayfasının əsas, vacib rəmzini - qalstuk düyünləməyi, tərslikdən əsla bacarmırdı.
Tək nüsxə də deyildi bu ciddi nöqsanında.
O vaxtlar Bakıdakı bütün vəzifə sahibləri-hətta bəzi iri çaplı partiya katibləri, Leytinant Şmitd adına maşınqayırma karxanasının direktoru Eyyub Şirbazov, Musiqi Konservatoriyası rektoru filankəsov filankəs də, bəli, qalstukunu özləri düyünləməzdi. Rəhmətliyin evinə, yəni bizim taxta qapımıza gələrdilər hamısı.
Bir dəfə - 1 may bayramı öncəsi, bax indiki kimi yadımdadı, qapımızda uzun növbə də yarandı, vallah.
- Eyyub qardaş, bax düyünü vururam qalstukuna. Çaşıb tam açmayasan haaa, bu düyünü. Sonra yenə də qapımızın ağzını kəsdirəcəksən ki, vaxsey, kül başıma. Əllərim titrədi qəfil. Qalstuk açılıb düşdü ayaqlarım altına.
“Filankəsin çörəyi dizi üstədir” ifadəsi, bizim nümunədə özünü doğrultmurdu əsla. Rəhmətliyin çörək ağacı, çörəyi, həqiqətən, dizindən çıxırdı axı. Bahalı qalstukları adətən əvvəlcə sol dizinə dolayardı bizim rəhmətlik. Qəfil, bircə sərt hərəkətiylə, vəssəlam, qalstuku düyünləyirdi.
- Götür tax yoğun boynuna, Bəkir müəllim. Sağlıqnan. Ancaq zarafat eləmə haa, bu düyünlə. Qəfil sıxar boğazını. Nəfəsin kəsilər. Aça bilməzsən.
Məmur tayfasının bəlası, aydındı. Nuh əyyamından məlumdu. Boğazları, peysərləri tez yoğunlayır. Xüsusən, vəzifə kürsüsündə çox ləngiyirlərsə. Nəticədə...

***

- Nəticədə sizin qalstuklar boğazlarında qəfil öz-özünə sıxılırdı? Müştəriləriniz boğulub ölürdülər, eləmi? - Səyyar satıcı Şeyda Mirzəyev titrək nazik barmağını tozsoran düyməsinə tam vaxtında basdı.
Vəhşi əjdaha mühərriki anında susdurdu.
Diqqəti, hər iki gözü indi tam məndəydi.
Gözlərim qarşısında o vaxtkı xatirələr, tanış simalar canlandı. Dedim, bu gədə nə danışır eeey? Niyə rəhmətliyi, dar ağacı cəlladı ilə eyni tərəziyə qoyur, hə? Ata tərəfimdə əliqanlı cəlladlar heç vaxt olmayıb axı. Kimin boğazına kəndir keçirmişik biz?
Özümə takıldığımı görən qonaq gördü, hə... vaxtdı. Gözlərim başqa səmtdədi.
Tez tərpənib masa altına bayaq yapışdırdığı saqqızını bircə cəld hərəkətiylə yerindən qoparıb hələlik ovcunda gizlədi.
- Mən də xalçalardakı bu həşəratları görməyənədək sizin kimiydim. Tale sürprizlərinə əsla inanmırdım. Gözünüzə su verin. Baxın xalçalarınızda, düyünlərinizdə necə vəhşi, eybəcər həşratlar mövcuddu. Yaddaşınızı silkələyin. Oxşarlarına rəst gəlməmisiz ki?
Sonra qalib kimi, ovcunda gizlədiyi saqqızı ağzına atıb mövzunu sanki tam qapadı.
Xatirələrim ekrandakı nuar filminə qarışdı. Yadıma düşdü, həəə, bir gün qapımız ağzında necə və neçə qara “volqa” sıraya düzülmüşdü...
Gecənin rəngiylə müqayisədə dəfələrlə qaraydı bu avtomobillər.
Hətta bu zil zülmət gecələrdən də tam seçilirdilər.
Hüseyn Cavid romantizimi mövzusunda namizədlik dissertasiyası yazan bir müştərimiz qalstukunu boğazında azcana çox sıxmışdı həmin o zülmətdə.
“Kirby” tozsoranı vaxtında uğuldadı, məncə.
Acı xatirələrimi, üstəgəl, Hüseyn Cavid romantikini də öz vəhşi xortumuna dartıb sovurdu.

***

Pəncərəmi döyəcləyən, mənə gizli şifrələr, şifrəqramlar göndərən ağacın təsiri nəticəsiz ötmədi həyatımda. Deşifrələrlə, şifrələrlə dolu gündəliyim təbii ki, bir gün mütləq yad əllərə düşməliydi. Rəhmətlik çox baxdı gündəliyimdəki qaralamalarıma. Dəftərlərimdəki ilan-qurbağalara, bir sözlə.
Axır qərara gəldi ki, məni Moskvadakı şifrəçilər məktəbinə göndərsin.
Qalstukuma xüsusi, təkrarsız bir düyün vurmağı da unutmadı:
- Nabadə tam açasan haaa, bu qalstukunu. Təkrarı yoxdu bu düyünün – deyib, sonra tam məxfi bir şifrəni qulağıma pıçıldadı. – Lazımın olsa, işlədərsən.
“Kirby” tozsoranı bir kənarda özüyçün uğuldayır, xatirələrimi öz qara dəliyində, qara xortumunda tam sıfırlayırdı. Qonağım bu aləmdəydi, mən isə öz aləmimdə.
Öz xatirələr dünyamda.

***

Şifrəçilər, adətdi, qoşa işləyirlər həmişə. Mənim qoşam...
Mənim qoşam dünya gözəli “Şifrəçi Ket” oldu. Gözlərinə zillənib orda öz sevdamı tapdım. Sevib sevişməyimiz labüddü. Təhsil proqramı ssenarimizdə bəlkə, bu da vardı.
Pəncərəmi döyəcləyib mənə şifrələr, şifrəqramlar ötürən o məlum ağacı, bu qızcığaz əvəzləməyi bacardı... bəli, bacardı, deyərdim.
Moskva ətrafındakı Malaxovka qəsəbəsində gecələr, fənərlərin işığında kölgələrimiz çox cütləşdi. “Ket” Ramenskidəki Xarici Dillər İnstitutunda ikinci kurs tələbəsiydi həm də. Mən gözaldatmaq üçün Malaxovdakı İdman İnstitunda qeydiyyatdaydım.
Şifrələrin, şifrəqaramların da öz “qalstukları”, öz “öpüşləri” mövcuddu. Sağ rəqəmləri sola, soldakıları sağa gətirib bir düyündə cütləyə bilsən, həəəə... demək, öz düyününü, öz “bantı”nı, ən vacibi - öz qalstukunu vurubsan məxfi mətnlərə.
Şifrələrdəki virtual “öpüşlər”, “bant”lar, bəndlər, “qalstuklar” reallıqda mütləq təkrarlanmalıydı.
Bir gün dəli məhəbbət ağlımı çaşdırdı. Köynəyimi növbəti dəfə Ketin çarpayısında soyunarkən qalstukumunun ata düyünü tam açıldı.
- Tfu, zəhrimar. Kim təkrar düyünləyəcək qalstukumu indi? - sualımı Ketə yox, lal divarlara ünvanladım.
- Mən. – Ket, yerdə ilan kimi qıvrılmış yazıq qalstukumu əlinə götürüb boğazıma doladı. Sonra yaxşıca, möhkəmcə düyünlədi.
Qısqanclıq damarım tutdu bu vaxt. Hiss etdim Ket ilk dəfə qalstuk düyünləmir. Çox kişilərin qalstukunu düyünləyib. Əlləri öyrəncəlidi.
- Daha kimlərin qalstukunu düyünləmisən, Ket. Danış. Səmmi ol. – siqaretimin tüstüsünü var gücümlə sinəmə çəkdim. Xeyli saxladım köksümdə.
Ketin cavabını gözləyirdim. Tüstünü, cavabından sonra sinəmdən düz xətlə gözəl çöhrəsinə üfürməyə hazırdım. Ket də bunu hiss etdi.
Cavabını gecikdirmədi:
- İkimiz də şifrəçiyik... Sözləri, adları, rəqəmləri min cür hallandırırıq. Adını tərsinə oxu.
Ket deyənə əməl etdim anında. “Həmid” adımı tərsinə oxuyub:
- Dima? – dedim.
Tüstünü, ciyərlərimdən azadlığa buraxdım. Ket üzərinə bütün cəbhə boyu kimyəvi hücuma keçdim sanki. Ket tüstünü sifətindən əliylə qova-qova:
- İlk sevgilim Dima idi. Sən sonuncusan. - deyib, bu dəfə qollarını qalstuk edib boğazıma doladı.
Hiss etdim, bu qızla mən dünyanın ən qəliz şifrəqramlarını, şifrələrini çiləyə bilərəm.

***

Yaddaş flaşbekim tam açılmışdı. Gözlərim qarşısında ən şirin, unudulmaz yaddaş mozaikam canlanırdı. Son model, sonbala “Kirby” tozsoranının vəhşi uğultusunu artıq eşitmirdim. Reklamçı Şeyda dik qəddini əyərək jurnal masamız üzərinə səliqəylə al-əlvan reklam fotolarını düzsə də...
Televizor ekranında parıldayan növbətiçi Hollivud ulduzu, növbəti kəpəksiz şampunu.. və saçlarını nə qədər tərifləsə də...
Tam diqqətim, bütün canım başqa uzaq üfüqlər arxasında - şifrəçi sevgilimin yanında, isti çarpayısındaydı.
Hə... rəhmətlikdən sonra qalstukuma düyünü uzun müddət yalnız o vurdu.
Rəhmətlik kimi eyni saqqızı çeyniyərdi ağzında:
- Çaşıb tam açmayasan haaaa, qalstukunu... Başqa gözəlçələrə etibar etmə düyünümü.- Gözləri, qoşalüləyə çevrilərdi belə sərt məqamlarda. Qurbanını mənin donuq sifətimdə axtarardı.
Ket üçün mənfiləri müsbətə çevirmək su içmək kimi adiydi. Aykido fəlsəfəsi ilə yaşayırdı. Görəndə ki, şifrələri açmaqda çox tərləmişəm, nəticə isə hələ də sıfırdı... süzdüyü çay isə masa üzərində artıq çoxdan soyuyub buza, aysberq parçasına dönüb...
Hə... özünü sındırmazdı. Sakitcə təklif edərdi soyutduğum çayı, “Ice Tea” kimi içim.
Kəsdiyim limon dilimlərinə bircə baxışı bəsdi:
- Deyəsən, bıçağın kütəlib azcana. Çaxmaq daşı verimmi sənə, hə?
Təəssüf ki...
Təssüf ki, sevgi futboluna girdinmi, hazır ol. Həlledici topu bir gün mütləq elə özün öz qapına vuracaqsan. Qısası, bizim qara sevda qeyd etdiyim futbol fatalizmini tam təkrarladı.
Münasibətlərimiz həmin o “Ice Tea” çayından da çox soyudu qəfil birdən-birə. Heç nədən, vallah. Səbəbsiz.
Ket bir üzümə, bir daxilimə baxdı diqqətlə... Münasibətlərimizi “NO KOMMENT” janrına köçürtdü. Telefonumlarımızı da, münasibətlərimizi də keçirtdik eyni “Səssiz” rejiminə.
“Ice Tea” haqda öz zarafatlarını birdfəlik xırp kəsdi Ket. Nöqtə qoydu zarafatlara.
Titanik bir gün mütləq öz aysberqinə çırpılacaq - bəli, bu da amansız sevda, sevgi qanunauyğunluğudur.
Əvəzində peşkarlığımız artdı. Sevgi cütlüyü pozula bilər, hə, razıyam. Ancaq şifrəçi cütlüyü heç vaxt.
Qalstukumu bu dəfə buz kimi, aysberq kimi soyuq, ancaq çox incə barmaqları ilə düyünləyərdi.

***

Həmkarlarımdan sonralar xeyli oxşar, tam eyni xatirələr eşitdim.
Oturardım sısqa, zəif bir küçə fənəri altında tək-tənha. Payız çiskinində, nəmişliyində canımı üşüdərdim. Bir də görərdim qonşu, qarşı səkidə oturmuş başqa şifrəçi gəldi yanıma. Dərdini... yox, öz düyününü mənə açdı.
Öz həyatını deşifrələdi.
Tale xətti mənimkiylə tam eyniydi - “Pəncərəmdən o tərəfdə nəhəng bir ağac vardı vaxtiylə. Pəncərəmi taqqıldadar, labüd təhlükələrlə məni bəribaşdan xəbərdar edərdi. Morze əlifbasıyla gizli şifrəqram, xəbərdarlıq göndərir ünvanıma.
İndi həmin ağac yoxdu yerində.
Kəsiblər. Yerində çoxmərtəbəli göydələnlər ucaldıblar.
Day kimsə məni indi təhlükə-filan barədə əvvəlcədən xəbərdar etmir.
İndi gərək bunu təkbaşına ancaq özüm bacarım”.

***

O məşhur kinofilmdəki uzun-uzadı şifrəli cümlələr, sonluğu üç nöqtəli cavablar, ştrix kodlu sətirlər bir gün bizim şifrəçi otağımızda da təkrarlandı.
- Həmin dalğa, həmin koordinat... 102 rəqəmi, görürsənmi, daim təkrarlanır bu şifrəqramlarda. İpucu var... ancaq hara aparacaq bizləri bu xətt?
Vəziyyət ciddiydi. Radioefirdə yad səslər, qorxulu siqnallar, şifrəli naməlum əmrlər günü-gündən artırdı. Radioqəbuledicimiz akademik musiqi səhnələrindəki ifaçısız, istifadəsiz tozlu qara royalı xatırladırdı. Qara rəngi günü-gündən daha da tündləşirdi gözümüzdə.
Bütün rəhbər heyət, hətta ulduzlu generallar başına yığılsa da...
Royalı səsləndirməyə, arxasında əyləşməyə, tozunu silməyə kimsə cürət etmirdi.
İkimiz də eyni anda hiss etdik - münasibətlərimizi, telefonlarımızı “səssiz rejim”indən geri, “səsli rejim”ə qaytarmaq vaxtıdır.
Şifrəqramlarda “qalstuk” düyünləmək, yaxud açmaq... həəə... yüksək peşəkarlıq tələb edirdi bizdən.
İkimiz də keçdik bayaq adına royal dediyim radioqəbuledicinin arxasına. Qulaqçıqları yoxladıq. Mikrafonlara üfürdük. Kimyəvi karandaşlarla silahlandıq.
Mövzumu müasir reallıqların dilinə tərcümə etsək, Ketlə o vaxtkı dialoqumuz təxminən beləydi:
- 102 rəqəmi güzgü, qalstuk effektində 201-ə çevriləcək. - aydın səslə ilk qənaətimi səsləndirdim. Kar-cingiltili samitləri, bütün qarammatik qaydalarla düzgün tələffüz etdim.
Qara royalımızın səsi simfonik ahəng almağa başladı. Ketin incə dodaqları titrədi. Səsimiz cütləşdi:
- Subliminal mesajdı. 102 Ermənistandakı, 201 Tacikistandakı hərbi bazaların kodudu. Güzgü effektlidirlər. Eyni mesajlar fərqli aranjmanlarda bu bazalara göndərilir. İnteqral kod eynidir. Təyinatları da. Geopolitik tərəzidirlər yaxın coğrafiyada.
Ketlə sonrakı bütün hərəkətlərimiz qoşaydı. Sinxrondu. Eyniydi.
Generalların eynək şüşələri tərlədi bu vaxt. Papaqları kəllələrindən istefa verdi sanki. Masa üzərində bir sıraya düzüldülər.
Axır, uzun sükut fasiləsindən sonra kimyəvi karandaşlarımız eyni anda masamıza çırpıldı.
Kağıza köçürdüyümüz qənaət eyniydi: “DETAL: Riyaziyyatda "201-102" rəqəmləri yalnız 3-ə bölünür. NƏTİCƏ: demək, ortada bir başqa üçüncü, tam gizli qardaşlar da var. Şifrələr avtomatik, süni intelekt əliylə, üç fərqli nöqtəyə göndərilir. Üçüncü bazanı axtarın mütləq”.
Papaqlarını çıxarmış generallar bu dəfə eynəklərini çıxartdılar. Sulanıb yaşaran, qamaşan gözlərində bizi həm itirdilər, həm də axtardılar.
Tam başqa, deyərdim çox adi, təbii bir baxışla simalarımızı dəyərləndirdilər. Generalların dilində “Həmin dalğa, həmin koordinat” ifadəsi bu dəfə daha musiqili, daha dərin məzmunluydu. Hecaları əvvəlkindən çox uzundu.
Həmin yaddaqalan gün uzun yataqxana dəhlizindəki tam yad ünvanda bitdi bizim üçün. Açarlar şükür, deyilən yerdə, çürük döşəmə taxtaları altındaydı. Unudulmuş köhnə qoxular qəfil ordan püskürüb burnumun, xatirlərimin dərinliyinə vursa da...
Keçmişlərdən bircə cəld hərəkətimlə qopmağı bacardım.
Pəncərəni açıq qoymuşdu diqqətsiz ev sahibi. İçəriyə kök, vəşhi payız milçəyi sızmışdı. Əlimiz yüngüldü o gün. Milçəyi havadaca ovcuma alıb qulağına yaxınlaşdırdım. Musiqisi ürəyincə oldu. Dedin, pencərəni açıb azadlığa buraxım yazığı.
Öpüşlərimizə daha heçnə mane ola bilməzdi.
Bədənini sözün əsl mənasında göyə qaldırdım. Ayaqlarını yerdən üzdüm. Yerin cazibə qanununu sıfırladım. Hər halda bizim üçün.
Qalstuku boynumdan çıxarmağın... məni qalstukdan azad etməyin, sonra çarpayıya çökməyimiz necə də gözəl...
Necə də yaddaqalan, unudulmazdı.

***

Əlvan yapon kimanonu icazə ver, bu dəfə özüm zərif çiyinlərin üstə ataraq qulaqlarına pıçıldayım: Məhəbbət, qalstukları həm boğazlara sarır, həm yerə sərir. Düyünləri, şifrələri ancaq o açır. “Kirby” tozsoranlarının fil xortumu həyatımızı, məhəbbətimizi öz qara dəliyinə, dərinliyinə tam sovuranadək.
İcazə ver, bu mənzərəyə axıradək baxmayım.
İndi “Qalstuksuz” teleşoular dəbdədir.

# 4171 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
# # #