Pah - Sərdar Aminin yeni hekayəsi

Sərdar Amin

Sərdar Amin

10 yanvar 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Sərdar Aminin "Pah" hekayəsini təqdim edir.

“Moon Group”un arvadıma hədiyyə elədiyi kitabçanı görəndə ağlıma ilk gələn yaxşı bir qələm almaq oldu. Elə bu sözləri də, həmin qələmlə yazıram.

Hekayəni kompüterə köçürəndə arvadım başımın üstünü kəsdirdi, indicə oxuduğunuz abzası hamınızdan əvvəl oxuyub bircə kəlmə dedi və o gözəl arxasını çevirib getdi.

Yaza bilmədiyim gecələr dibçəkləri sulayıb yatıram.

Bu gecə də elə etdim.

Baş barmağımı cibimə saldım, çöldə qalan dörd barmağımı budumun üstündəki “Moon group”un arvadıma hədiyyə elədiyi kitabçanın sərt cildinə ardıcıl tıqqıldatdım.

Siz də yazdığım kimi tıqqıldatsaydınız, bilərdiz bu an nəyi xatırladığımı.

Azadlığını süvarilərlə qazanmış kişilərin ölkələri, hanı o atlar?

Hə? Ay azadlığını süvarilərlə qazanmış ölkələrin kişiləri?

Sonra kitabçanı üç barmağımla ardıcıl tıqqıldatdım, yenə bayaqkı səs çıxdı.

Görən, çapılan atların səs eləməyən ayağı hansıdır?

Hər dəfə yatağıma girəndə həmvətənlərimdən birinin (şəhid olsa, ağlayacam) ani səhvindən partlayacağını düşündüyüm göydələnin altıncı mərtəbəsində yaşayıram və yaza bilmədiyim gecələrdə sulayıb yatdığım dibçəkləri də həmin gecələrin birində eyvandan içəri daşımışam.

Arvadım bunlara quş deyir, mənsə bu hənirsiz uçan xırda həşəratlara hünü. Dibçəklərlə gəldilər, otaqları bürüdülər. Zərifanəliyindən bildim ki, evimizdə çox yaşamağı bacarmayacaqlar.

Gur işıqlı, təmiz şəhər evinə yaraşmayan qədim uçuşları var idi. (Elə sənin də içində qalan köntöy bir pərvaz kimi).

İlk görəndə şəhər ağcaqanadlarının hiyləgərliyini hər axşam izləyən biri kimi bu yazıq uçuşlara koranə dikilmişdim.

Bu gecə otuz beş yaşım oldu.

Divana yayxanıb göbəyimə yığılan pambığı barmağımın ucuyla yumruladım.

Hər axşam göbəyimdən çıxardığım bu topa adətən maykamın rəngində olur və içinə sinəmin tükləri, arvadımın saçı, paltarımdan qopan saplar (dostun sitəmlisi, dağ boyda dalğaların yosun qoxan yamacı, hələ də gülləri sevən yeganə məməli – qadın, piratların torpaq sevgisi, kitabxanadan çıxan cütlüklər, yasəmən mövsümü, döyülmüş qıza oxşayan Bakı səhərləri, bu günə qədər gördüyünüz ən təsirli səhnə, Pamukun “Bəyaz qala”sı, hürməyə bəhanə tapan canavarlar, yəni itlər, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət və ağlınıza gəlməyən bütün ikinci növ təyini söz birləşmələri) yığılır.

Yumruladığım sap topasına baxdım. Hardansa oxumuşdum, honduraslı bir qız göbəyindən çıxardığı belə pambıqlardan (mətbuatda beləcə də yazılmışdı: pambıq) yastıq düzəltmişdi.

Xəbərin sonunda qızdan sitat vermişdilər: “Bu yastıqda yaxşı yuxular görəcəm” – sitatın sonu.

Bibim oğlunun altı yaşım olar-olmaz başıma vurduğu daşın yeri zoqquldadı, ancaq bu ağrı o qədər qardaşdı ki, otuz beş yaşımda onu hələ də hiss eləməyim pisimə gəldi.

“Nilufərlər” hekayəsini oxumaq keçdi içimdən. Nə qədər elədim, müəllifini xatırlaya bilmədim.

– “Nilufərlər” hekayəsini oxumaq istəyirəm.

– Hansı hekayədi o? Qız tumanıyla makiajını silir, onu deyirsən? – qab yuduğu mətbəxdən əllərini sabunlamaq üçün hamama keçən arvadım indicə sabunladığı əllərini önlüyünə silə-silə qayıtdı. Yadımdan çıxmamış deyim, hekayəmin ilk abzasını oxuyanda arvadımın mızıldandığı bircə kəlmə çox da matah bir söz deyildi, “pah” demişdi.

“Nilufərlər”i dəqiq xatırlamağa çalışıram, dikəlirəm. Bayaq göbəyimdən çıxardığım sap topası qolumun üstüylə yumrulanır. Əvvəlcə elə bilirəm hünüdür. Elə bu vaxt mənə çatır ki, artıq neçə gündür evimizdə hünülər yoxdu.

# 7000 dəfə oxunub

Oxşar xəbərlər

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər