Mən səni qadıntək sevmirdim onda... - Mahir N. Qarayevin şeirləri

Mahir N. Qarayev

Mahir N. Qarayev

10 yanvar 2023
# 17:00

Kulis.az Mahir N. Qarayevin şeirlərini təqdim edir.


SEVGİ MƏKTUBU

Nə ceyran şəklidir,
nə durna şəkli,
nə şeytan məkridir,
nə tanrı dərki,
nə əcəl zəngidir – yazdığım şeir;

nə Babil qülləsi,
nə azan səsi,
nə bülbül nəğməsi,
nə ozan səsi
nə gül çələngidir – yazdığım şeir;

deyil
allı-güllü oylağım,
xeyr,
yamyaşıl ormanım, yaylağım
deyil –
yazdığım şeir;

xeyr,
üç boyalı bayrağım deyil,
ağ-qara, qara-ağ...
ikirənglidir,
ruhumun rəngidir – yazdığım şeir!

Nə ətdi, nə balıq,
nə yük, nə şələ –
nə xeyrə yarayar, nə də ki şərə;
xəlvəti yazılan, gizlin oxunan
sevgi məktubudur fahişələrə!

Başqa heç zad deyil,
heç bir şey deyil –
yazdığım şeir...

YANVAR GECƏSİ

Qar.
Qarlı gecənin sonsuzluğu qar.
Qar.
Qarlı küçənin sənsizliyi qar.

Uzağa çəkilmiş göy üzü yerdən,
qaranlığın içi dərddi, qubardı;
Qartımış gecənin üfüqlərindən
sonuncu qatar da ötdü, qurtardı...

Və qaldı dünyada bircə pəncərə –
onu da duymamaq, sevməmək olmur;
Ölü duasıtək uzanır gecə –
dərdi qaş-gözlə də söyləmək olmur.

Qar,
qarlı gecənin sonsuzluğu qar,
qaranlıq küçənin sənsizliyi qar...

Allah,
bu həsrətin insafı harda –
bu daxmanın içi qəbirdən də dar!

Qar.
Qaranlıq gecə.
Qarlı küçə.
Qar.
Sənsiz ölmədiyim bir də bu yanvar...

AT SEVGİSİ

Mən səni ot kimi sevirdim onda,
sən də vurulmuşdun mənə at kimi;
Qaranlıq otağın şam işığında
sevişə bilmirdik ər-arvad kimi.

Mən sənə baxırdım yaşıl çəməntək –
ürəyim axırdı otlamaq üçün;
Əlimiz qalxmadı şamı söndürək,
qalxdıq sönən şamı odlamaq üçün.

Mən səni qadıntək sevmirdim axı,
yamyaşıl yamactək tapırdım səni;
Ağzım sulanırdı... at kimi baxıb
ot kimi gözümə təpirdim səni.

Maşından, uçaqdan bab olmaz bizə,
qanımız yaramır mühərrik üçün;
Hələ çox cavandıq onda, deyəsən,
sən arvadlıq üçün, mən ərlik üçün.

Atıl min belimə, min atlan bir az –
səninlə dünyanı hərlənim, dedim;
Sən mənim üstümdə arvadlan bir az,
mən sənin altında ərlənim, dedim.

...Şamı sönmüş evin girəcəyində
səni hürkütməsin bu yanıq iyi;
Bir ovuc külümü at pəncərədən,
unut bir bədənlik o sür-sümüyü...

Mən səni qadıntək sevmirdim onda –
mən sənə baxırdım gözəllik kimi;
Şam kimi yanmadım, sənin yolunda
yandırdım özümü üzərrik kimi!


# 7412 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər