Könlümdə yerin var, qopmaz yerindən - Musa Yaqubun şeirləri...

Könlümdə yerin var, qopmaz yerindən - Musa Yaqubun şeirləri...
7 may 2023
# 14:40

Bu gün Xalq şairi Musa Yaqubun anım günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.


Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə, bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Gəl məni, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.



Əlimi saçıma öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə,

Üzümü üzünə öyrətmə belə,



Mən bir az baharlı budaq kimiyəm,

Bir az da sadəlövh uşaq kimiyəm.

Bala atasına qovuşan kimi,

Leylək yuvasına yovuşan kimi,

Arı gül-çiçəyə uyuşan kimi,

Eh, mən də adama tez yovuşanam,

Sevgi atəşində tez alışanam.

Amma ki, sönməyim çox çətin olur,

Sevgidən dönməyim çox çətin olur,

Öyrətmə özünə, öyrətmə məni.



Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!

Ömrünün içində ömür doğulur.



Bu şirinim acı olacaq isə,

Bir qismət çiçəyim solacaq isə,

Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,

Bir əkiz ləçəyi, haça budağı

Ayırmaq olmursa biri-birindən,

Məni də ayırmaq çətindir, axı

Öyrətmə özünə, öyrətmə məni.



Yox buna taqətim, yox buna tabım,

Əlimi əlindən üzmək əzabım,

Sonra bu əzaba dözmək əzabım…

Yoxsa da, könlümün sınıqları var-

Hicranın köz basmış yanıqları var

Mənim dərdlərimin ayaqları var-

Harda olsa, gəlib tapacaq məni.

Yaxud yandıracaq bu alov səni

Gəl məni özünə öyrətmə belə,

Əlimi əlinə öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə…


Təkərlər üstündə bir ev istərəm

Paxıl qonşulardan qaçıb uzağa,
Yaxşı adamların qonşuluğunda
məskən salmağa
Təkərlər üstündə bir ev istərəm.
Demirəm mən nəşə,
ya kef istərəm;
Bir az yaylaqların sakitliyində
Bir az şəhərlərin hay-harayında
ömür sürməyə
Təkərlər üstündə bir ev istərəm.

Bəzən pəncərəmdə nərildəsin Kür,
Gah Araz boyunda görüm evimi.
Harda ki, yolçular yorğun düşübdür,
Həmin yollar ilə sürüm evimi.

Evimə qiybətlə gələn bir nəfər,
Geciksin
qatara gecikən kimi.
Elə sürüm gedim
bəd fikirlilər
tapa bilməsinlər ev-eşiyimi.

Xeyirlə açılan bir al səhərin,
Şehli ağuşuna axım evimlə.
Mənim görüşümə tələsənlərin,
Durub pişvazına çıxım evimlə.
Evdən,
ailədən qaçan ər üstə
Töküm öz kinimi, öz acığımı.
Mən çıxım səfərə təkərlər üstə,
Özümlə aparım od-ocağımı.

Evimdən yadigar,
məndən yadigar
Yəqin bir gül rəngli cığır da qalar;
Sevinclə, gülüşlə dolu bir cığır.
Gedib yaxşılığın üstünə çıxan
Bir ev - ailənin yolu - bir cığır

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.


Apar məni bu ümidin dalınca

O qaranquş yuvası ki soyuyub,
O göldə ki qərib durna uyuyub,
Könlüm sənin ümidinə çox uyub,
Apar məni bu ümidin dalınca.

Mən quzeyin "gün çıx","gün çıx" naləsi,
Çatmaz mənə günəşin bir haləsi.
Ey güneyin qanad açan laləsi,
Apar məni bu ümidin dalınca.

Sənin sevgi cığırların yol açan,
Yetişərəm o yollara mən haçan?
Ağacımda sonuncu yarpağacan
Apar məni bu ümidin dalınca.

Kor ocağım yanıb külə dönüncə,
Lap sonuncu işartısı sönüncə,
Sən get mənim taleyimin önüncə
Apar məni bu ümidin dalınca.

Onda cürət,bunda mürvət olmadı,
Sitəm oldu,bu məhəbbət olmadı.
Yanınca ki getmək qismət olmadı
Apar məni bu ümidin dalınca.

Sən zirvədə,mən dərənin dibində,
Mən payızda,sən bir bahar təbində.
Bir ağ yelkən küləklənir gəmində,
Apar məni bu ümidin dalınca.


Eləmədiklərim yandırar məni

Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb,arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi
Eləmədiklərim yandırar məni...
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni...

Mən elə bilirdim o bənövşəlik,
Mənimçün qalacaq tər həmişəlik.
Özü solub getdi, qıymadım üzəm,
Doyunca baxmadım bənövşə gözə,
Yazı nəmiş, yayı tez xəzəlləşən,
Pətəkdə qaynaşan,
Şanla əlləşən,
Qışda balsız qalan arılar kimi
Eləmədiklərim yandırar məni...
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni...

Mən elə bilirdim vaxt da duracaq,
Elə o əvvəlki baxt da duracaq.
Gedib səadətlər rastına çıxan
Sevgi cığırıyla keçmək olacaq.
Hər vaxt bu zəmini biçmək olacaq...
Bərədə boş yerə anları sayıb,
Ovunu hürküdən ovçular kmi,
Eləmədiklərim yandırar məni...
Yaylaqda çeşməyə məhəl qoymayıb,
Səhrada alışan yolçular kimi
Eləmədiklərim yandırar məni...

Bilmirəm kim idi üzdü barımı,
Uçurtdu əlimdən bir şikarımı,
Sonraya saxladım çox qərarımı,
Eləmədiklərim yandırar məni...

Yox,daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun,birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni...

# 2294 dəfə oxunub

Oxşar xəbərlər

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

"Siz şair deyilsiniz!" - Qəşəm Nəcəfzadə ilə Tural Turan arasında qalmaqal

14:58 17 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

11:58 15 iyul 2024
Həftənin ən yaxşı yazıları - TOP 10

Həftənin ən yaxşı yazıları - TOP 10

21:00 14 iyul 2024
Qonaqlıq - Günün lətifəsi

Qonaqlıq - Günün lətifəsi

09:00 13 iyul 2024
"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
# # #