Kulis.az Əli Zərbəlinin "Ən yeni cərəyanlar: Gülünc realizm" yazısını təqdim edir.
Seymur Baycanın “Mənasız hekayələr” kitabı haqqında yazandan bir müddət sonra “Quqark”ı yenidən vərəqlədim. Və elə bir detalın fərqinə vardım ki, Seymurun heç bəlkə özünün bundan xəbəri yoxdur. Lap əvvəldən başlayaq.
“Quqark” 2011-ci ildə nəşr olundu. Bu kitab Azərbaycan ədəbiyyatı tarixində bir hadisə idi. İndi-indi avtofikşn bir termin olaraq ədəbi mühitdə tələffüz olunmağa başlayıb, halbuki Seymur on-on beş il əvvəl bu vaxtlar avtofikşn nümunələri yaradırdı (18.6 sm, 2008; Quqark, 2011). “Quqark” məndə qarışıq təəssüratlar oyadır. Kitabı açan kimi səhifələrindən fışqıran canlılıq, Seymuru Seymur edən möhtəşəm müşahidə qabiliyyəti məni özünə çəkir və kitabı təsadüfən açdığım yerdən ləzzətlə oxumağa başlayıram. Vinyetlər, portretlər, impressionist paraqraflar, xatirədən qopan qəlpələr, gülməli, kədərli və qəribə əhvalatlar...Bu kitabı necə oxumayasan? Ancaq bir neçə səhifə sonra mətnin kələ-kötürlüyü gözümə batır, məni təəssüfləndirir. Demək olar ki, hər dəfəsində öz-özümə deyirəm: Seymur kaş bu kitabı bir az səliqəli yazardı. Kaş bu kitab ciddi şəkildə redaktə olunardı. Kaş bu kitab yaxşıca cilalanardı. Kaş, kaş... Bu romanın başqa problemi yoxdur. Quqark həqiqətən hadisə idi. Bütün yumulan gözlərə rəğmən əgər kimsə – həqiqi oxucu yaxud həqiqi tənqidçi – illər-illər sonra Azərbaycan ədəbiyyatı klassiklərindən danışacaqsa, onda həmin adam öz nitqində “Quqark”ın adını da çəkəcək.
“Quqark” tamamilə realist bir romandır. Bunu vurğulamağa onsuz da ehtiyac yoxdur. Hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan edir. Seymur bəzən yeniyetmə bəzən isə yetkin bir gözün rakursundan iki xalqın kəllə-kəlləyə toqquşmasını və cəbhəarxası həyatı sadə və neytral şəkildə təqdim edir. Burada əlbəttə ki, qəhrəmanlıq və pafos yoxdur. Burada yalnız Sovet imperiyası dağıldıqdan sonrakı dövrdə sadə insanların biçarə həyatları və başlarının üstündə ucalaraq Günəşi tutmuş vahiməli bir kölgə var. Müharibənin kölgəsi.
Mən “Quqark”ı təhlil etmək, haqqında daha uzun yazmaq fikrində deyiləm. Məqsədim tamamilə başqadır. Dediyim kimi, “Quqark” romanında elə bir şeyin fərqinə vardım ki, Seymurun heç bəlkə özünün bundan xəbəri yoxdur və bu kəşf məni bu haqda yazmağa vadar etdi.
Deməli, romanın bir hissəsində qəhrəmanın virtual tanış olduğu Qalya adlı qızın yanına yola düşməyindən bəhs olunur. Qatarda başına gələnləri kənara qoyub qəhrəmanın Aktau şəhərində yaşadığı eşq macərasına fokuslanaq. Qəhrəmanı vağzalda Qalya iti ilə qarşılayır. Beləliklə, macəra başlayır; onlar bir neçə gün yeyib-içib sevişirlər, gəzirlər, kinoya gedirlər və s. Qalya səhər tezdən yuxudan durur, qəhrəmanımızı öpüşlərlə oyadır və ondan istədiyini aldıqdan sonra işə yollanır. Qız işdə olan vaxtlarda qəhrəman bəzən itlə şəhərə gəzməyə çıxır. İtlə gəzməyə çıxmağın üstünlükləri odur ki – qəhrəman bizə deyir – səni polislər yoxlamırlar, üstəlik digər it gəzdirən qızlarla da tanış olub söhbətləşməyə fürsət yaranır. Bir gün it onun zəhləsini tökür və qəddar qəhrəmanımız iti təpiklə qovur. Yenə də qeyd etməliyəm ki, bu səhnə daxil olmaqla bura qədərki hissələr də realist, təbii inandırıclıqla yazılıb. Dediyimiz kimi, Quqark realist bir romandır. Ancaq növbəti səhnədə görün nə baş verir:
“Qalyanın iti hər gün gəzintiyə çıxmasına çox sevinirdi. Yuxudan gec oyananda it hürüb məni yuxudan oyadırdı. Bir dəfə necə əsəbiləşdimsə itə yüngülvari bir təpik vurdum. Yavaşca. Qalya axşam evə gələndə it ona təpik vurduğumu sahibəsinə dedi. Qalya bərk əsəbiləşdi. Məni bərk danladı....” (səh. 119).
İt sahibəsi evə gələn kimi, qəhrəmanımızın ona təpik vurduğunu sahibəsinə deyir (!) Bu irreal akt, realist romanın xəmirinə kirpik kimi düşür. Oxucu birdən çaşır. Axı belə şey necə ola bilər? Buradakı absurd komediyanı görməmək mümkün deyil.
Bu kiçik, az qala gözdən qaçan absurd fraqment Seymurun sonrakı yaradıcılığını müəyyənləşdirən xırda ştrixlərdən biri kimi görünür. Kitabdan kənara çıxarılıb baxılsa, bu fraqment özlüyündə absurd və mənasız bir qısa hekayəyə çevrilir. Elə Seymurun 2022-də çapdan çıxan “Mənasız hekayələr” kitabındakı mətnlər kimi.
Və beləliklə mən fərqinə vardım ki, Seymur “Mənasız hekayələr” kitabını ən azı on bir il əvvəl yazıb! Məhz o vaxtlar, “Quqark”ı yazarkən bəlkə daha əvvəl, Seymur artıq “Mənasız hekayələr” kitabındakı torpaqları kəşf edib. Ancaq ekspedisiya vaxt alıb, yalnız 2022-ci ildə bu torpaqlara ayaq basa bilib. Bu hekayələr kitabı haqqındakı yazımda belə bir fikir keçir:
“Seymur bu kitabında öz dili ilə desək fərqli bir nöqtəyə, “nəsrdə son həddə” gəlib çıxıb. Bu nöqtəyə birdən-birə, üç-beş il ərzində gəlib çıxmaq olmur”
Mən hələ onda “Quqark”dakı bu epizodu yenidən oxuyub xatırlamamışdım, ancaq intutiv olaraq bilirdim ki, bu nöqətyə – yeni bir konsept yaradacaq nöqtəyə üç-beş ilə gəlib çıxmaq olmur. Bəli, haqlı imişəm. Yeni cərəyan, yeni istiqamət, yeni konsepsiya üç-beş ilə yaranmır. Bəzən elə bu misaldakı kimi, sonradan özünü bütünlüklə formalaşdıracaq və öz müstəqil fenomenini yaradacaq bir ideya, hansısa böyük mətnin içinə toxum kimi düşür. Bu toxum həmin boyük mətnin kontekstində əvvəl-əvvəl bəlkə də ləkə kimi görünür. Lakin bu ləkə diffuziyasını davam etdirir, illər keçir və bir gün bütov bir orqanizm olaraq doğulur. Mən inanmıram ki, Seymur özü bütün bu proseslərin fərqində olub. Belə şeyləri hesablamağın mümkünlüyünə inanmaq sadəlövhlük olar. Düşünürəm ki, proses spontan olaraq baş verib. Seymurun xarakteri, dünyaya baxışı, dünyanı qavrama mexanizmi, ədəbiyyata yanaşması – hamısı bu prosesdəki ən mühüm və ən mübhəm faktorlardır. Proses spontan getsə də, əlbəttə ki, Seymur yaratdığından xəbərdardır. Təsadüfi deyil ki, “Mənasız hekayələr” kitabından sonra eyni xətti davam etdirən daha iki kitab – “Səviyyəsiz hekayələr” və bir neçə ay öncə “Park nəşriyyatı”nda Vüqar Vanla birlikdə qələmə aldığı “Pişiyə qalib gələn qəhqəhələr” kitabı çap olundu.
Bəli, mən “Mənasız hekayələr” kitabı ilə başlayıb zamanla çoxalan bu hekayələri yeni bir ədəbi cərəyanın başlanğıcı hesab edirəm. Gələcəyin dürüst ədəbiyyatşünasları və ədəbiyyat tarixçiləri bu mənasız və minimalist hekayələri “Gülünc Realizm” qovluğunda kateqoriyalaşdıra bilərlər. Belə kateqoriyalar çoxdur: kirli realizm, transqressiv proza, qotik proza, magik realizm, lirik realizm və s. ilaxır. Sadalanan janr və sub-janr kateqoriyalarına uyğun şəkildə bu tip hekayələri də müəyyən bir yarlıq altında toplamaq istəsək, onları “Gülünc Realizm” adlı yeni bir cərəyana daxil edə bilərik. İndi isə bu cərəyana atüstü bir tərif verək və belə mətnləri xarakterizə edən əlamətlərə qısa nəzər salaq:
Gülünc realizm hətta ən adi həyat epizodlarındakı reallığın belə nə qədər absurd və dayaz bir komediya olduğuna işarə verir. Bu janrda yazılmış mətnlər həyatın mənasızlığına qarşı elə həyatın öz üslubunda, səs-küysüz şəkildə edilmiş üsyandır. Bu üsyanda nə küskünlükdən doğmuş hiddət, nə də bağırıb-çığırma var. Bu, səssiz və ironik bir üsyandır. Belə mətnlər həyatın mənasızlığından elə onun öz silahı ilə alınmış intiqamdır. Adam elə bir nöqtəyə gəlib çıxır ki, artıq çəkdiyi iztirabların da mənasızlığını dərk edir. Məhz “Gülünc realizm” belə spesifik situasiyaları təsvir etməyə vasitəçilik edir. Bu üslubda yazılmış mətnləri bir neçə xüsusiyyət səciyyələndirir və beləliklə onları digər narrativ biçimlərdən fərqləndirir. Ən başlıca əlamətlərdən biri prozanın minimallığıdır. Dialoqlar məqsədli şəkildə qeyri-təbiidir, pafos qəsdən və şüurlu şəkildə verilir. Burada pafos bayağılığın təsvirinə xidmət edir. Belə olan halda, mətnin ab-havası qroteskləşir. Hadisələr adətən ən adi məişət qaçhaqaçları zəminində baş verir. Əlbəttə ki, ən xarakterik xüsusiyyətlərdən biri də obrazların həddindən artıq absurd və mənasız həyatları və seçimləridir. Bu tip hekayələri oxuyarkən oxucu düşünə bilər: axı belə şeylər həyatda baş vermir.
“Gülünc realizm”in həyatı necə var elə təsvir etmək kimi bir məqsədi yoxdur. Belə mətnlərdəki absurdluq real həyatdakı mümkün absurdluğun uzantısıdır. Sağlam düşüncəli insanların təbii olaraq oturuşmuş bir reallıq hissi yaxud anlayışı var. Ancaq hamımız bilirik ki, absurdun limiti yoxdur, absurd ölçü hissindən məhrumdur. Yəni bu mətnlərdəki situasiyalar bəzən şişirdilmiş görünə bilər. Lakin həyat və təcrübə göstərir ki, bəzən real həyatdakı hadisələr belə həmin o mətnlərdəki ağlasığmaz absurdluq və bayağılıq dərəcəsinə gedib çıxır. Bugün insanlıq tarixinin bizi gətirib qoyduğu nöqtədən əminliklə demək olar ki, artıq nəyin mümkün nəyin absurd olduğunu təyin etmək müşkülləşib. Bunun şahidi olmaq üçün Azərbaycan telekanallarında yayımlanan şoulara, oradakı adamların həyat hekayələrinə, seçimlərinə və problemlərinə qulaq asmaq yetərlidir. Təsadüfi deyil ki, belə bir cərəyan Azərbaycan cəmiyyətinin reallığı fonunda yarana bilib. Münbit şərait önəmli məsələdir. Getdikcə mənasızlaşan, və mənasızlaşdıqca gülüncləşən talelərin hekayələrini yazmaq üçün funksional bir cərəyanın yaranması labüd idi.
Bu istiqamət dünya ədəbiyyatında mövcud olmuş ola bilər, ancaq gəlin razılaşaq ki, bu üfüqü ədəbiyyatmıza Seymur Baycan gətirib. İstəsəniz əlinizi yanınınzda saxlayın, istəsəniz əl çalın – fərqi yoxdur. Bunlar tarixdir.
*
Əgər yazmağı seçmisənsə, o gün gec-tez gələcək. Elə bir gün gələcək ki, Ədəbiyyat qarşında dayanacaq və heç bir kompromisə getmədən deyəcək: “Ya həyatının mərkəzi mənəm ya da həqiqi sənətkar olmağı birdəfəlik unut.” Yenə də təkrar edirəm, burada kompromisdən söhbət belə gedə bilməz. Bu seçimin rəngi yoxdur.
Ədəbiyyat, ümumiyyətlə böyük mənada sənət, təbiət etibarilə dəhşətli dərəcədə feminindir. Onun xudbinliyi ekstremal səviyyədədir. Sənət də, qadın kimi, səndən onu həyatının mərkəzi etməyini tələb edir. Ona sitayiş etməyini gözləyir. Əgər məni həqiqətən arzulayırsansa onda özünü mənə həsr elə. Elə bu səbəbdən demək olar ki, bütün sənətkarlar şəxsi həyatlarını uğursuz və misgin şəkildə yaşadılar. Dəfələrlə boşandılar, həyatlarının sonuna kimi yalnız yaşadılar, yaxşı valideyn ola bilmədilər, şəxsi həyatlarında heç nəyə yaramayan, səriştəsiz bir fiqura çevrildilər. Ədəbiyyat yaxud o xəyali söz tanrısı yalnız sən ona əlini uzadanda sənə tərəf çevrilir. O, heç vaxt ilk addımı atmır. Onlar bunu yaxşı bilirdilər. Onlar başa düşürdülər ki, əgər həyat yoxsa sənət sualındakı həyat cavabı onları həyəcanlandırmırsa, aydındır ki, hər keçən gün özünüməhvə doğru addımlayacaqlar. Onlar bu Faustvari müqavilənin bədəlini yaxşı başa düşürdülər. Ehtimal budur ki, ədəbiyyat yalnız sən özünü məhv etməyə başlayanda sənə səxavətli davranır. Başını əlyazmalarından qaldıranda ayılırsan ki, bir göz qırpımı bir ilə bərabər imiş, arvad uşaqları da götürüb səni tərk edib, ya da yaşın ötüb ümumiyyətlə ailə qurmamısan, ətrafında adam qalmayıb, işin-gücün də yoxdur. Bütün bu illər ərzində hər şeyini qurban verdin, ən dəhşətli tərəddüdlərlə boğuşdun, ağlını itirdiyini düşündün, bəzən əmin oldun, həyatına, öz şirin taleyinə qarşı laqeydləşdin, yazdın, oxudun, yazdın, oxudun, həyatın və kapitalist timsahın ağzından çıxan şirin vədlərə uymadın, səni sahib olduğun yeganə şeydən – yaratmaq impulsundan soyundurmaq istəyənlərə məhəl qoymadın, prinsiplərindən geri dönmədin, imtinalar etdin, iztirab və kədər elə bir ifrat həddə çatdı ki, sən tamamilə sinikləşdin. Və təxminən on beş göz qırpımından, on beş ildən sonra arxaya çevrilib baxdın: Nə üçün? Bilirsən nə üçün? Əvəzində, “Qara Rahib” kimi, yaxud “Katedral” kimi, yaxud “Çevrilmə” kimi bir hekayə yazdın. Söz tanrısı fədakarlığı və arı kimi işləməyi qarşılıqsız qoymur.
Norveçli yazıçı Tomas Espedal da ömrünü ədəbiyyata vermiş ədəbiyyat müridlərindən biridir. Onu mətnləri ilə bərabər, həm də ədəbiyyat haqqındakı çıxışlarına görə sevirəm. Bu yazını yazarkən onun dəfələrlə baxdığım müsahibəsindən bir fraqmenti xatırladım:
“Sən gəlməmişdən qabaq (jurnalistə deyir) iyirmi üç yaşlı cavan bir oğlanla söhbətləşirdim. Kino məktəbini təzəlikcə atıb. Çünki, artıq yazmağı özünə daha yaxın hiss edir. Mənə dedi ki, kinoda çoxlu pullar, sponsorlar, dəstək var, komanda ilə, digər insanlarla işləyirsən, ancaq bundan sonra tək işləməli olacam. Mən ona dedim ki, əlbəttə tək işləməlisən. Sonra ruhunu şeytana satacaqsan. Bu o deməkdir ki, sən heç vaxt başqa heç nə ilə məşğul ola bilməyəcəksən. Hətta kitablarını çap etdirə bilməyəndə belə, kitabların istədiyin kimi alınmayanda belə. Yazıçı olmaq müəyyən bir həyat forması seçməkdir. Sənə cəmi bir fürsət verilir. Seçimin yanlış olsa, özünü ofisdə tapacaqsan. Pulun olmayacaq, boşanacaqsan, dişlərin töküləcək, çoxlu borcların olacaq, ancaq heç vaxt təslim olma. Heç vaxt. Çünki bu sənin həyatın haqqındadır.”
Düşünürəm. Bu abzasa qədər yazdıqlarımı oxuyub özümüzə bir sual verə bilərik: Bəs bizim ədəbiyyat tariximizdə belə bir adam var? Faustvari müqavilədən söhbət gedirsə, sırf fərd və sənət (ədəbiyyat) müstəvisində dəyərləndirəndə, Azərbaycan ədəbiyyatında yalnız bir ad ələnib qalır. Ağlıma Seymur Baycandan başqa ad gəlmir.
Qəhrəmanlarımızın, kumirlərimizin əksəriyyəti mənəvi intihari seçdilər. Mətnlərini, şeirlərini oxuyub vəcdə gəldiyimiz üsyançı ruhlar doladıqları adamlara çevrildilər. Zaman keçdi və saatın əqrəbləri dəfələrlə bizim yanıldığımız istiqaməti göstərdi. Ad çəkməyə ehtiyac duymuram. Bir az düşünsəniz ağlınıza yəqin ki, bir-iki ad gələcək. Seymur təslim olmadı. Heç kimi imitasiya etmədi. Yel əsən istiqamətə əsmədi. Öz yolunu müəyyənləşdirdi və yazdı, yazdı... Səyahətində onu yeni bir üfüq gözləyirdi.
Onun mətnlərini böyük zövq və maraqla oxusam da, Seymurun mətnləri mənim mətnlərimə birbaşa təsir etmədi. Bununla belə özündən sonrakı nəslin bir neçə nümayəndəsinə ciddi təsir göstərdi, ədəbi zövqlərini formalaşdırdı. O adamlar indi bizim yeni mətn, yeni roman gözlədiyimiz tək-tük adamlardır. Seymur nə yaxşı ki var. Mən ondan, onun mövcudiyyətindən həqiqi yazıçı olmaq haqqında çox şey öyrəndim. O, özünə canlı klassik deyir. Nə yaxşı ki, dəyərini özü bilir. Ədəbiyyat tanrısı sənin üzünə güldü. Çünki, sən özünü ona həsr edəcək dərəcədə dəli idin. Yalnız dəlilər sənət yoxsa həyat sualına sənət cavabını sayıqlayır. Bütün bunları başa düşmək çox vacibdir.