Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri
11 yanvar 2026
# 12:00

Kulis.az İntiqam Yaşarın yeni şeirlərini təqdim edir.

Qanadı bağlı quşlar lənətləyər göyləri,
Tanrı həqiqətləri pıçıldar dənizlərə.
Hərə bir pərdə tikər qaranlıq düşən kimi,
Səhərə hazır olar çəkmək üçün üzlərə.

Viranə məmləkətdə ahu-vay nəğmə olar,
Qol qaldırıb dərdinə süzənə əl çalarlar.
Sıxılar otuz iki diş, düyün düşər alınlar,
Bu hikkənin qurduğu düzənə əl çalarlar.

O qərib xəyalların üstünə kölgə düşər,
Taleyiylə barışmaz nə canlar xəyal olar.
Bu dünya bazarında əli "yaxşı" gətirər,
Verdiyi sual olar, aldığı sual olar.

Hər həqiqətdə şübhə, hər şübhədə həqiqət,
Gedilməyən yolların canında yorğunluğu.
Gördüyün hər nə varsa, qənimdi taqətinə,
Apar, evinə apar, sonunda yorğunluğu.


Torpaqların vətən olan tərəfi

Torpaqların vətən olan tərəfi
qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə
buluda düşür, ağaca düşür, yarpağa düşür...

Edam ipi

Hərə bir cür bu faninin
sallanır edam ipində.
Yelləncək bilir yellənir,
aldanır edam ipində.

Gəzir ayağında daşlar,
Gəzir hey, divanə başlar,
Gah barışlar, gah savaşlar,
Dayanır edam ipində.

Hər adam birtəhər gedir,
Nələr gəlir, nələr gedir,
Minəcəyi kəhər gedir,
Yollanır edam ipində.

***
Heçmi xatirələr oyatmır səni,
Heçmi daşa dönmür balınc gecələr?
Heçmi nəfəsində düyünlənməyir,
Bu tanış axşamlar, tanış gecələr?

Üzülən əlinə təsəllin nədir,
Şirin yalanların zəhərmi dadır?
Səni özün qədər inandıran yox,
Səni özün qədər bəs kim aldadır?

Başın çiynin üstə şişirmi səsdən,
Beynində ucalan fəryad səsimi?
Kimə yas saxlayır göz qapaqların,
Kim səni itirib, yaxud sən kimi?

Ömrüm qucağında kətil gəzdirir,
Hər addım başında nəfəs dərəcək.
Dərdiyi sonuncu gül nəfəsini,
Sənin saçlarına çələng hörəcək.

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər