Kulis.az Ayişə Nəbinin şeirlərini təqdim edir.
Səssizlik qülləsi
    Yaşamın  nöqtəsi, 
                                 Bəlkə,  nidası,  deməli
                                                 Uzun, upuzun
                            Yerlə göyü birləşdirən
                                         Son nəfəs qədər uzun, 
                        dərin
                                      
                                              Uzun, arpa boyu uzun
                 arpa boyu bitməyən bu yolun  
                                             Qoyub ağırlıqlarımı  yerdə
            Çıxıram 
                                                  Səssizlik qülləsinə  çıxıram
         Burda bütün  gözəlliklər ölü
                                                                   Bütün ölülər gözəldi.
    Ölülər susur
                                                                            Susur və gözəlləşir.
 Səssizlik qülləsinin kor quyusuna atıram
                                                                                                     səsimi.
                                       
 Enişi yoxdur
                                                                                                     Çıxışdır, 
Səssizlik qülləsinin pillələri
                                                                                              Bir tərəflidir.
                                          
Dağların kölgəsi
Dağların qurd nəfəsi  qarışmış havasıyla, 
meşələrin ahəngiylə böyüdük usanmadıq.
Qayığa bənzəyən çökəklərdə top oynadıq,   
Suyuna baş vurmadıq şərik çıxmadıq qurbağaya.
Ayaqlarımızı  salladıq  buz salxımları da olmadıq.
Üzündə əks edən işığını ovucladıq çayların  
dənizə baxaraq böyümədim, dənizi böyütmədim
dənizə sevdalanmadım, nə umacaq sular məndən?
Dağları 
gecənin zülmətində əjdahaya bənzətdim 
başında şaman ruhu  dolaşan əjdahaya.
Dəli dəli daş qoparıb bağrından
üstümə atacaq elə bildim
Ancaq ayın aydınlığında 
dağların kölgəsi yerə sərilib
ölü kimi qımıldamadığını görəndə toxdadım, 
rəbbimin zərrəsi olduğunu anladım
Şaman ruhu yerə sərib dağın ruhunu, dedim.
O zaman dağların topa buludlar kimi yeridiyini bilmirdim
Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim.
Dağ gündüzləri mərdliyim, qürurum,
Gecələr əjdahaya dönüb kabusum olurdu.
Biz
Dağların havası meşələrin ahəngiylə ruhlandıq
Mən dənizə baxaraq böyümədim, dənizi heç böyütmədim,
Dümdüz qum səhraları görmədim .
Axan çayla rəvan oldu ruhum, axan sulara sevdalandım, 
Dağları  deşən sularla yüyürdüm.
Şiş qayalarla yarışdı qürurum 
Dağlar məni  düşmən bəllədi.
Dənizin üstündəki qaranlığa vahimələnmədim 
Qorxumu eşqə döndərdim
Kənd qaranlığının yumşaqlığına, bir az da həya üzünə
Həlimliyinə küsəndim, doyursun qürurunu qoy mənimlə
Utancaq havası qarışdı qanıma-düşmən oldu 
Meşələr dəniz kimi kükrəmədi üzümə qorxutmadı
Meşələr zümzüməylə oxşadı zövqümü
ahənglədi dərsimin dərinini... 
 
Qar yağır
Qar yağır, qar yağır 
Kirpiyimdən sallanır.
Qar yağır, qar yağır
Qamış gölü dərya tək
Hamarca dalğalanır.
Yağan qar çiçəkləyir
Qara torpaqda ləçək-ləçək
əllərimi qoruyur qardan olan buz əlcək.
Ürkək-ürkək qanad  çırpır ətcəbala bir quş
Bir qar dənəsinin içində.
Qar yağır qamışlığa
Boğulur içində qamışların səsi 
Boğulur içində tapdanan torpağın hayqırışı
Qismət
Bu yerdə gül bitir
Bir damla yaş düşdü
torpağı deşdi
toxum yetişdi
bitdi bir gül bitdi.
Nə rəng verəcəkdir
Nə qoxuyacaq
Gözəllik adına 
nə oxuyacaq
toxumu göz yaşıysa. 
Sən mənim cənnətim ol
Mən sənə huri olam,
Sən mənim cənnətim ol. 
Qarışmasın bir olan nəfəsimizə
nə küləkdən hüzün, nə dəryadan su
Uzun uzun baxaq, itək  üzümüzün sonsuzluğunda.
Arınaraq yıxanaraq bir birimizin nəfəsində
Addım atıram ilahiliyin sərhəddinə
Sən mənim cənnətim ol, mən sənə huri olam.
Tökülsün ayağımızdan  dünya  deyilən çarıq
Piltim piltim olsun zaman çöksün qarşımızda
Yox olsun  ətdən sümükdən divarlar,
Sel gəlib sular oynasın, daşlar divarlar oynasın
Tutulsa  göydə günəş, yerdə torpaq ağnasa
Sən mənim cənnətim ol, mən sənin hurin olam.
Yox hələ qiyamət fürsət verib qopmayıb,
nəfəsim nəfəsindən hələlik ki, doymayıb,
gül bitər, söz bitər, bu sirlər puçur-puçur
açılır gözlərim yurd oluram hikmətə
gül qoxusu müjdəmdir bu sonsuz hekayətə
sən mənim cənnətim ol, mən sənin hurin olam. 
Səsimizin hədəfi
Hər gün sübhlə gecənin ayrıldığı o anda
Pəncərəmin ağzına qonan qaranquşla mən
Bu mürgülü dünyanın başı üstə səs-səsə
verib  oxuyuruq biz
O cikcirik eləyir, mən də zikr eləyirəm.
Quran avazınamı uyub nədir bilmirəm
Gözlərini zilləyib üzümə susur bir an
Mən hələ oxuyuram.
Sonra bir iki ağız o oxuyur, mən susuram.
sonra da ikimiz birlikdə oxuyuruq.
çəkmir üzümdən gözün, başını da tərpətmir
Bəlkə alatoranda bu bir budaqdır dedim, 
Gözlərimi zilləyib gördüm yox qaranquşdur.
Fikrimi tutdu sanki
 başını tərpədərək  hüzün qatdı səsinə,
Mən də  qısdım səsimi.
Sonra yenə ikimiz düşüb eyni ahəngə 
 davam etdik  həvəslə
O cik-cirik edirdi, mən də zikr eləyirdim.
Qaranlıqdan işığı ayırdıq səsimizlə
Bağrı yarılan gecə al şəfəqə hamilə
Doğdu qırmızı günü
Bitdi gecə hüzünü.
Qaranquşla ikimiz  baxışaraq  son dəfə
Arxayın olduq ki, bizim səsimiz 
Gedib çatıb hədəfə.
Suların sirli dərinliyi
Qol qoymadım nə qopan tufanlara 
Nə yalmanan dənizə
Araladım bu axşam tufan sözünü dənizdən 
Dəniz indi çəliyə dirənən bir qocadır 
İməkləyən körpədir.
çəkilərək dənizin  ortasından  bir dalğa
Yığıb bütün gücünü
Gəlir üstümə sarı.
sahilə çatandasa yatır hirsi hikkəsi
körpəcə uşaq kimi sarılır ayağıma
qumlarını qısqanıb ayağımdan qoparır
o aldığı sevimli qumları ilə yenə
düz çəkilir suların sirli dərinliyinə.
Bu gün məsumluq donu 
əynindədir dənizin.
Bağışlayar
Tanrı nəfəs alınca çəkilir yer üzündən hava
Gərilir dağlar daşlar,
Çəkilir dənizlər.
Nəfəs verincə 
rüzgar alıp başını dolanır yer üzünü.
Fıtınalar tufanlar qopur 
Hirsləndirəndə Tanrıyı
Amma bir gızılgülün önündə 
əlini qanadıb tikanlarıyla
əfv diləsən 
gızılgülün xətrinə, gül ətrinin xətrinə
şəhid qanı sayar barmağındakı qanı
bundan sonra bağışlamaz bağışlamazmı Tanrı. 
 Ağrı dağı
 Varsın da uçulsun,
 Piltim piltim olsun 
 Kölgəmin düşmədiyi Ağrı dağı.
 
 Cənnətdən qovulan Adəm 
 Binə tapmasın dağ adına
 Yükləndiyi günahları qaytarsın geri.
 Orhundakı h kimi 
 Dikəlib hara gedir 
Aparır kölgəsini 
ətəyini sancıb belinə.
Ağrıların yara yara,
Qan qarışar dumanlara. 
Cildin qara,  donun qara,
Var paralan Ağrı dağı.
Adın yetmir ucalığına,
Nuhun, Adəmin sığınağı.
İndi kölgən kimə düşür,
Var kölgəni yığ yerlərdən.
Bir nərə çək göy genəlsin başımdan,
Anasından cihad əmsin körpələr.
Torpağın altında çürüməyənlər
Qalxıb ordu qursun bayrağın altda. 
         
Bu can, bu tən
Havayla su odla torpaq...
Bu can, bu tən, bu mən.
Çarmıxın qollarında
Sağa sola gərilərək,
Zamanın barmaqları ilə dərilərək,
Meşələrin zümrüdündən süzülərək,
Üzülərək
Üzülüb üzülüb qırılmağa yön qoymayan
İşıq düşür
Şıq düşür
Bu can, bu tən, bu mən.
Göyü başına papaq eyləyib,
Yeri yanına yamaq eyləyib,
Canına cahan gəzib,
Canda nihan gəzib,
Dolaşıb dolan,
Döşənib ölən...
Bu can, bu tən, bu mən.
Sıra sıra sıralanıb
Qışdan qopub aralanıb
Yaz havası can qovğası
Başı qalda qara dağlar,
Hava gəlmir başıma
Ya səbir ya səbir...
Bu can bu tən bu mən.
30.04.09.
Qara qutu
Evin dörd küncünə çəkilib
Gözləyirəm dörd gözlə.
Dörd gözlə gözlədiyim
Tap deyə düşərmi evin ortasına.
Evin orta yerinə.
Dörd küncə birdən çəkilib
Yığılıram.
Yığılıram evin ortasına.
Bu divarların içindəki daşlar
Nəfəs dərib yenilənməz,
Nə qocalıb ölər,
Nə doğular yenidən.
Nə işığı geri qaytarar, nə udar qaranlığı.
Bu evin ortasında bir süfrə qurub
Çağırsam kölgələri işığın ipiylə.
Pəncərənin qırığından sızan o şüa
Qara qələm kimi  xətlər cızar
Kölgələrin üstə.
Nə sevinc mənə yaxındır, nə də qəm.
İkisini də ötürdüm  gedər gəlməzə.
Bomboşam,
Dopdoluyam.
Hüznü də qoyum bir qırağa
Nə daşıyıram canımda?
Qara qutu....
İfk
Sal bir böhtanın sazağı 
Dəlmə-deşik etdi canımın qatlarını.
Dondu həniri nəfəsimin.
Hansı quyuya enilir ki, insan oğlunun ipi ilə.
Böhtan quyusunun dibi görünmür,
Su axmır bu quyunun dibindən,
Buz bağlayıb.
Hey insan oğlu, 
Qadına mələk deyib, 
qadına xaliq deyib yolladı,
əmanət etdi yer üzünə Tanrım.
Səfil, miskin ruhunun iniltisi ilə
Dil tərpədib söz söyləmə.
İylənməsin ağzında dilin, sözün
Arınmaz, arınmaz iflic ruhunun  kifi.
             
Qüdrətin təcəllisi
Qüdrətin hüsnümdə  təcəlli edərkən  
Nurunun yoxsulluğu utanar ərdəmindən 
Min bəla bir zərrədən çəkinər 
Hökmünə gül yağar 
Gül axar
Suların şümşad boyunca 
Qüdrətin hüsnümdə təcəlli edərkən
varlığım can olar  
              can  qılar 
                       qalar 
səcdənin  ortasında zikrin hərfinə çöküb
                                                       çəkib
içindən  mayasını  nurun
                                surun 
üfürməsinə meydan  oxuyar
                                 qoxuyar  
cənnət  qoxusu  sinər  nəfəsimə
                                         səsimə
 qarışar  cənnət küləyinin həzinliyi.
Qüdrətin hüsnümdə  təcəlli edərkən
                                                Erkən 
sərzənişi  bərq  vurar  dan  üzünün
                                       düzümünün
qıymam pozulsun ahəngi əbədiliyin
Qüdrətin  təcəlli edərkən hüsnümdə.
 
