Antonio, sən qırmızı geyinməmisən... - Vüsal Bağırlı

Antonio, sən qırmızı geyinməmisən... - Vüsal Bağırlı
21 noyabr 2023
# 12:00

Kulis.az Vüsal Bağırlının "Velosiped oğruları" filmi haqqında yazdığı "Antonio, sən qırmızı geyinməmisən..." yazısını təqdim edir.

Həyat velosiped sürmək kimi bir şeydir. Tarazlığı saxlamaq istəyirsənsə, gərək daim hərəkət edəsən.
(Albert Eynişteyn, fizik)

Məşhur İtaliya rejissoru Vittorio de Sikanın yazıçı Luidji Bartolininin əsəri əsasında çəkdiyi “Velosiped oğruları” filmi. Neorealizm janrının klassikası. Film illərdir ki, stabil şəkildə IMDb-nın ən yaxşı film siyahısında əsas yerləri tutur.
Filmdəki hadisələr 1946-cı ildə baş verir. Roma, müasirləşmək istəyən qədim şəhər, müharibədən təzə çıxmış məğlub ölkə. Hər yerdə aclıq, səfalət hökm sürür. İşsizlik, yoxsulluq, ehtiyac. Nimdaş geyimli, qaşqabaqlı insanlar. Dilənçilər, işsizlər, avaralar, fırıldaqçılar, oğrular.
Düzdür, film müharibədən bəhs etmir. Heç dialoqlarda da müharibənin adı çəkilmir. Amma onun acı nəticələri, iyrənc kabusu, sosial problemlər, insanların ağır güzəranı həmişə kadrlarda dolaşır.

The Bicycle Thief (1948) - Turner Classic Movies

Şəhərin ən kasıb sakinlərindən biridir Antonio Riççi. Bəlkə də, kiminsə yadındadır, əvvəllər teleekranlarda qəribə bir reklam çarxı dəbdə idi.
“Antonio, sən qırmızı geyinmisən”.

Bizim Antonionun libası, filmin atmosferi isə qırmızı deyil, ağ-qaradır. Ağ-qara var-dövlətin yox, yoxsulluğun rəngidir.

Antonio iş axtarışındadır, hər gün məşğulluq idarəsinin qabağında uzun növbələrə dayanır. Nəhayət, günlərin bir günü, o, iş tapır. Sabahdan etibarən şəhər poçtunda işləyəcək. Divarlara plakatlar, elanlar, afişalar yapışdıracaq.
Antonionun üzü gülür, sevincinin həddi-hüdudu yoxdur. Amma ortada bir məsələ var. İşləmək üçün onun sınmış velosipedi təcili təmir olunmalıdır.
Yoxsa...,
...işdən qovulacaq.

Bicycle Thieves' and true poverty | Crux

Pulsuz Antonio evdəki döşək, yorğan ağlarını satıb, qazandığı məbləğlə velosipedi təmir etdirir. İndi onun velosipedi var. Axır ki, o, işə başlaya bilər.
Evdə, ailədə hamı sevinir, hamı velosipedi düşünür. Hamı velosipedi əzizləyir. Mexaniki dəmir at ailənin bir üzvünə çevrilir.
Çünki velosiped ümiddir, azadlıqdır. Velosiped özünəinam və hədsiz sürət hissidir. O şəhərin üzünə külək vuran dar küçələri ilə sürətlə şütümək ləzzətidir. Velosiped həm də evə pul qazandıran sadə nəqliyyat vasitəsidir. Velosiped müharibədən sonrakı Romada yaşamaq, ayaqda qalmaq, məhv olmamaq üçün əvəzsiz vasitədir. Onun dəyəri qızıldan da bahadır.

Fəqət ilk iş günü Antonionun başına dəhşətli hadisə gəlir.

Velosiped oğurlanır. Polis idarəsi isə real şahid olmadığından kömək edə bilmir.

Bundan sonra filmin əsas süjet xətti başlayır. Dramatik hadisələr bir-birini əvəz edir. Filmin əsas dönüş nöqtəsi, kulminasiya anı məhz bu epizodun üzərindədir.

Beləcə, ata Riççi oğlu bala Riççini yanına salıb Roma küçələrini, bazarları, parkları dolaşır. Hər yeri ələk-vələk edir. Onlar dayanmadan, yorulmadan, usanmadan axtarırlar, amma velosiped tapılmır.

Bicycle Thieves: Ode to the Common Man | Current | The Criterion Collection

Tamaşaçı görür ki, velosiped məsələsi Antonionu daim narahat edir. Onun bütün fikri-zikri bu işin üzərindədir. Hətta o dərəcədə ki, həmişə yanınca yüyürən, ona sədaqətlə yoldaşlıq edən balaca oğluna lazımi diqqət ayırmır.

Epizodların birində ata velosipedi gördüyünü sanıb sevincək yüyürərkən, yolun ortasında qalmış uşağı az qalır maşın vursun. Başqa epizodda uşaq palçıqlı suyun içinə yıxılır. Dizi sıyrılır. Uşaq ağlayır. Antonio isə onu mane olmaqda suçlayır, üstünə acıqlanır, onu vurur.
Filmin əsas hadisələrindən biri çayın kənarında baş verir. Antonio velosipedi axtararkən uşağı yolda unudub uzaqlaşır. Birdən görür ki, yanındakı adamlar, “vay, yazıq uşaq suda batdı” qışqırıb çayın sahilinə doğru qaçışırlar.

Antonionun dalağı sancır, rəngi qaçır. Qanı damarlarında donur. Ağlı başından çıxır. Oğlu yadına düşür. Balaca, zavallı Bruno. Antonio adamlara qoşulub var gücü ilə çaya doğru qaçır. Ora çatanda baxır ki, balaca bir uşağı huşsuz halda dartıb sudan çıxarırlar. Ah Bruno, yazıq Bruno. Az qala bayıldığı, ağlının başından çıxdığı məqamda Antonio Brunonu yanında görür. Sağ salamat. Heç demə, çayda batan başqa uşaq imiş.
Bu zaman Antonio sanki yuxudan ayılır. Mən nə edirəm? O, səhvə yol verdiyini anlayır. Brunonu cəld restorana aparıb cibindəki son pulları dadlı pizzaya, motsarella pendirinə xərcləyir. Brunonu ləziz yeməklərə, çaxıra qonaq edir. Onu bəs deyincə yedirdir.

Ladri di biciclette (Bicycle Thieves). 1948. Directed by Vittorio De Sica |  MoMA

Antonio başa düşür ki, həyatda puldan, var-dövlətdən, maddi nemətlərdən də vacib şeylər var.

Filmə baxdıqdan sonra, içimdə belə bir hiss yarandı. Bu hadisəni sanki görmüşəm. Mövzu, problem mənə tanışdır. Onu hardasa oxumuşam. Amma harda? Nə vaxt? Necə?

Bu suallar başımda fırlanarkən birdən cavabı tapdım. Yadıma düşdü. Qoqolun “Şinel” əsəri. Əsərin qəhrəmanı Akaki Akakiyeviç üçün şinel nədirsə, Antonio üçün də velosiped eyni dərəcədə vacib, həyati əhəmiyyətli əşyadır, ölüm-qalım vasitəsidir. Hər ikisi, şinel də, velosiped də çörək ağacıdır. Onun itməsi ehtiyacla, aclıqla, bəlkə də ölümlə eyni mənanı daşıyır.

Məşhur rejissor Marlen Xutsiev film haqqında bunları deyir:

Director Marlen Khutsiev Has Died - The Moscow Times

Marlen Xutsiyev

“Kadrlar tamaşaçıda böyük təəssürat yaradır. İtaliya. Biz axı o uzaq, yad, qərib ölkə haqqında nələri bilirik? İtaliyalılar aqressiv, emosional millətdir. Bizə düşməndirlər. Faşizm orda yaranıb. Qara köynəklilər, Mussolini. Amma filmə baxanda görürük ki, adi insanlar güzəran dalınca qaçır, iş axtarır, sevirlər. “Velosiped oğruları” filmi əsl film necə olmalıdır, onu tamaşaçıya başa salır”.

# 1179 dəfə oxunub

Oxşar xəbərlər

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

16:00 27 fevral 2024
Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

14:00 23 fevral 2024
# # #