Mənim sevgililərim: Valya - IV HİSSƏ

Mənim sevgililərim: Valya - IV HİSSƏ
7 may 2011
# 14:00
Nə vaxt idi ağlaya-ağlaya uzaqlaşan Tomanın arxasınca qaçdığım, çatıb qolundan tutduğum, üzümə baxmadan dirsəyiylə məni geri itələməyi beynimi yeyirdi. Toma məni bağışlamamışdı. Məni sarsıdan bu hadisəyə görə ürəyimdə Valyaya qarşı bir nifrət yaranmışdı...

Artıq əsgərlərin ağ elədiyinə görə hərbi hissənin ətrafına taxta çəpər çəkilmişdi. İlk əvvəl mehriban dolandığımız şəhər sakinləri artıq əsgərlərlə düşmən olmuşdu. Şəhərdə bir neçə dəfə əsgərlərlə sakinlər arasında bıçaqlaşma düşmüşdü. Hətta əsgərlərimizdən gürcü Otar ilə əslən Gürcüstandan olan yezidi kürd Albert şəhərdə ev qarət eləmişdilər.

Hərbi prokurorluq onların məhkəməsinə baxırdı. Hərbi hissənin girəcəyinə qondarılmış darvazanın girəcəyinə növbə ilə qarovulçu əsgərlər qoyulurdu. Artıq biz şəhərə çıxanda çəkməmizin boğazında zavodda işləyən uşaqların düzəltdiyi iri bıçaqlardan alıb gəzdirirdik. Kənara çıxmaq üçün yalnız komandirdən rəsmi icazə alınırdı...

Oğurlanıb çölə çıxan əsgər dostlarım Valyanın ora tez-tez gəlməsindən danışırdı. Son dərəcə şən və yüngül xarakterli görünən Valya heç kimə yan vermir, hər dəfə gələnlərdən məni soruşub çıxıb gedirdi. Skamyanın yanından gələn əsgər dostlarım Valyanın məni soraqlamasından danışırdı. Hərbi hissədə ən iri bədənli əsgərlərdən sayılan, iki metr boyu olan Biləndər məni danlayıb Valya ilə görüşməyə təhrik edirdi. Lakin mən hələ də Tomadan ayrılmağımın kədərindən çıxa bilmirdim.

Bir gün Qubadan olan Müzəffər gəlib dedi, Valya çox pis vəziyyətdədi, qəlbini qırma, səni görmək istəyir, nəsə sözü var, çıx onunla görüş...

Tacikistan qulluğunda olanda eşitmişdik, əsgərlərin yeməyinə ehtiras öldürən dərman qatırlar. Başımızı orda yalnız nəşə çəkməklə qatırdıq. Oranın nəşəsi adamı hallüsinasiya vəziyətinə gətirirdi. Oradakı ot elə əfqan çöllərinin otu idi. Yerli sakinlər, yaşlı kişilər istədiyimiz vaxt bizi nəşəyə qonaq eləyirdi.

Axşamlar boş vaxtlarımızda əlimizə keçəndə nəşələnib bir-birimizlə zarafatlaşırdıq. Bir dəfə nəşələnib “kazarma”da uzanmışdım. Koridorda söhbət eləyən uşaqların səsi mənə evdə atamın, anamın, qardaşlarımın səsini xatırladırdı. Mən çöldən gələn səslərə qulaq asır, guya atamın mənim haqda nə danışdığını dinləyirdim. Anam mənim əsgərlik günlərimi sayırdı. Evimizdə hamı deyib-gülürdü...

Nəhəng gövdəli Biləndər Tacikistandan tennis şarı boyda nəşə plastilini gətirmişdi...

Bir gün darıxıb qızlar yığılan yerə gəldim. Uşaqlar qızlarla deyib-gülür, xəlvətcə yeyib-içirdi. Həmişə hamıdan çox şənlənən Valya üzgün görünürdü. Məni görən kimi üstümə atıldı və kövrək səslə qulağıma: “Məni bağışla!” dedi. Valya bilirdi ki, Tomanın küsüb getməsinin suçunu əsasən onda görürəm. Onunla yanaşı oturdum. O dayanmadan saçımı sığallayıb məni əzizləyirdi. Ancaq yenə də ürəyimdə ona qarşı bir qisas hissi vardı...

Artıq Biləndər taxta evə gəlmirdi, çünki şəhərdə yaşayan bir qadının evinə gedirdi. Bu mənada taxta evin işi xeyli yüngülləşmişdi...

Könlümü almaq üçün Valya tez-tez məni qucaqlayıb öpürdü. Onun 23 yaşı vardı. Hədsiz gözəl olmasına baxmayaraq, 19 yaşlı bir əsgərin aləmində o, yaşlı sayılırdı...

Valya mənimlə taxta evdə gecələmək arzusunu bildirdi. Mən axşam yoxlamasından sonra onunla taxta evə gəlməyi qərarlaşdırdım. Axşam qarovulçu olan zabitdən rəsmi buraxılış kağızı alıb Biləndərlə görüşdüm. Biləndər mənim taxta evə getmək fikrimi bilib xeyli sevindi. Ondan bir azca nəşə götürüb taxta evə gəldim. Açarı salıb qapını açanda Toma gözlərimin qabağına gəldi. Yavaşca içəri keçdim. Toma gətirdiyi çaxır butulkası hələ də bir küncdə böyrüstə dururdu. Məni Tomanın qəhəri boğurdu.

Divara bərkitdiyimiz qırıq güzgüdə özümə baxdım, yenə Tomanı xatırladım. Divanın hər yerində ölmüş adamın ruhu kimi Tomanın xatirəsi dolanırdı...

Az keçməmiş Valya özünü evə yetirdi. İçəri girən kimi, gülə-gülə arxadan atılıb belimə mindi. Onu belimdən silkələyib: “Yaxşı, dəli olma, düş!” dedim.

Özümlə bir dənə çaxır da gətirmişdim. Valya pul çıxarıb: “Qoy gedib bir araq götürüm” dedi. Mən: “Arağa ehtiyac yoxdu, nəşəmiz var” dedim. Valya iri, mavi gözlərini bərəldərək üzümə baxdı. Ona izah eləməyə çalışdım: “Nəşəylə araq tutmaz.” Valya çaşqınlıq içində qalmışdı, lakin hiss eləyirdim, vəziyyətin kövrək olmasını nəzərə alaraq mənimlə maksimum ehtiyatlı davranmağa çalışır. O, siqaret çəkən olsa da nəşə adından bir az çaş-baş qaldı. Onu sakitləşdirdim ki, narahat olma, oturub çəkəcəyik, qorxulu bir şey olmayacaq.

Mən nəşəni xırdalayıb səliqəylə kağızın üstünə tökdüm. Papirosu boşaldıb tütünün bir hissəsi ilə qaranı qarışdırdım və ovcumda papirosa doldurdum.

Valya arxadan məni qucaqlayıb prosesi diqqətlə izləyirdi. İşi tamamlayandan sonra “çaxırdan süz içək” dedim. Biz adama yarım stəkan çaxır içəndən sonra nəşəni yandırdım. Nəşənin tüstüsünün itkiyə getməməsi üçün papirosu tez-tez bir-birimizə ötürməli olacağımızı anlatdım. Mən nəşəni bir neçə dəfə sümürdükdən sonra ona ötürdüm. Çəkə-çəkə Valyaya başa salırdım ki, qorxmasın, indi bizi gülmək tuta bilər.

İşdi, məni gülmək tutsa elə bilmə ki, sənə gülürəm. Valya papirosu soraraq başı ilə mənim izahlarımı başa düşdüyünə işarə eləyirdi. Nəhayət, o, papirosu mənə qaytardı. Mən çəkib ona ötürür, tezcə də geri alıb onu çox çəkməyə qoymurdum. Hiss eləyirdim ki, nəşə onun xoşuna gəlir. Mən üçüncü dəfə papirosu ondan alanda baxdım ki, Valya dəhşət gözəldi.

Onun üst dodağının ucu böyük mötərizələrdəki kimi bir balaca aşağı olduğundan sifətinə qeyri-adi gözəllik verirdi. Nazik beli, iri döşləri, dolu ayaqları vardı. Ala gözləri dumduru idi. Şən olmasına baxmayaraq bilirdim ki, həyatı heç də onun ürəyincə deyil. Nəşənin təsirindən iri, mavi gözləri getdikcə süzülürdü. Mən papirosu külqabına basıb “öldürdüm”...

Divanda böyrümdə oturan oturan Valya, məni ilk dəfə görürmüş kimi, saçlarını yana tökərək əyilib sifətimə baxırdı. Birdən qırıq-qırıq nitqlə: “Səni öpmək olarmı?” dedi. Məni gülmək tutdu. Mən ona baxıb güldükcə gülürdüm. Bilirdim ki, bu gülüş hələ bir xeyli çəkəcək. Valya mənə incik nəzərlərlə tamaşa elədi. Onun gözəl ağ sifəti gözlərimin qarşısında sulardakı əkslər kimi dalğalanıb düzəlirdi.

Gah sifəti nazilib uzanır, gah da ağzı irilənir, burnu qabağa gəlirdi. Birdən onun özünü də gülmək apardı. O, gülə-gülə qəşş eləyib mənim üstümə yıxıldı. Biz ikimiz də divanda qarnımızı tutub gülürdük. Valya gülməkdən divandan yerə yıxıldı.

Yerdə eşələnərək dayanmadan gülürdü. Güldükcə ağzındakı sağlam dişlərinin hamısı, yuxarı çərmənmiş yubkasının altından ağ baldırı və alt paltarı görünürdü. Yerdə uzanaraq bədənini tam sərbəst buraxır, ayaqlarını yuxarı qaldırır, saçlarını üzünə dağıdır, qarnını ikiəlli qucaqlayırdı. Nəhayət gülməyə bir az ara verdik və mən onu qaldırıb divanda oturtdum. Onun dikdaban ayaqqabısının biri ayağından çıxdığına görə axsayaraq yeriyirdi. Onun bu halı məni təzədən gülməyə vadar elədi.

Gülməkdən qarnımın əzələləri ağrıyırdı...

Güclə özümü toplayıb çaxır süzdüm. Biz birtəhər gülməyə ara verib çaxırdan qurtumladıq. Çaxırı içəndən sonra Valya ayağa durdu, axsayaraq üstümə gəldi, məni qucaqlayıb ağladı: “Mən səni sevirəm!”

Məni gülmək apardı. Gülməkdən dayana bilmirdim. Valya əllərilə üzümü tutub ağlaya-ağlaya dayanmadan sifətimin hər tərəfini öpürdü. Mən güldükcə gülürdüm. Birdən Valyanı yenə gülmək apardı. O, dartıb öz köynəyinin yaxasını cırdı. Köynəyinin düymələri yerə töküldü. Mən ucadan qışqırdım: “Vətən uğrunda!” Valya qışqırdı: “Stalin uğrunda!”

Valya yenə yanımda oturub sakitləşdi. Mən onun bu hala düşməyindən həzz alırdım, Tomanın heyfini ondan belə çıxırdım. O, məni dəli kimi öpüb dişləyir, burnumu yalayırdı...

Mən bir badə də çaxır süzdüm. Valya stəkanı əlinə götürüb yerdə oturdu və dizlərimi qucaqlayıb: “De ki, Tomanı sevmirsən, məni sevirsən!” - qışqırdı. Mən sakit səslə: “Yox, mən Tomanı sevirəm!”- dedim. O, stəkanı stolun üstünə qoyub iki əli ilə məni şillələdi. Mən onun qollarını yüngülcə tutub sakitləşdirdim. Sakitləşəndən sonra divana uzanıb:

“Mənə çaxır ver!” - dedi. Mən çaxır süzülmüş stəkanını stolun üstündən götürüb ona uzatdım. “Belə yox!- dedi - çaxırı öz ağzınla mənim ağzıma süz!” dedi. Mən çaxırdan bir qurtum alıb öz ağzımdan onun ağzına ötürürdüm. Biz beləcə xeyli çaxırqarışıq öpüşdük. Sonra Valya sevgi ovsunları pıçıldaya-pıçıldaya məni soyundurdu...

Duranda divardakı qırıq güzgünü Valyaya verib məzə üçün dedim, bax, sənin qulağının biri böyüyüb. Valya güzgüyə baxıb xeyli ağladı. Mən onu öpüb sakitləşdirir, zarafat elədiyimi deyirdim. O, məni qucaqlayıb lüt bədəninə sıxır, “məni hamı atır, sən atma” deyə yalvarırdı...

Səhər durub hərbi hissəyə getmək vaxtı olduğunu dedim. Valya dikəlib xumar gözlərilə key-key mənə tamaşa elədi. Zarıya-zarıya: “Yarımca saat yanımda uzan” dedi. Saçları üs-gözünə dağılmışdı. O, insan qəlbinə girən iblis kimi gözəl idi. Beynim nə qədər getmək əmri versə də mən öz bədənimi onun bədənindən ayıra bilmirdim...

Valya hər gün skamyanın yanına gəlir, bütün əsgərlərdən mənim çölə çıxmağımı ismarlayırdı. Mən fürsət düşdükcə onunla taxta evdə görüşürdüm. Hər dəfə də sinəmdən tutub silkələyir: “Sən niyə Tomanı unutmaq istəmirsən?” deyirdi...


# 1862 dəfə oxunub

Oxşar xəbərlər

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı - Eşq, yoxsa Eros?!

12:00 10 iyul 2024
Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

09:00 10 iyul 2024
Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

Yazıq Əhməd, yazıq Əhməd... - Nadir Yalçının yeni şeirləri

12:00 9 iyul 2024
Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

Ulucay buna nail olmağa çalışıbsa, təəssüflə deməliyəm ki... - Xəyyam Rəfili

09:00 9 iyul 2024
Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

Doğulduğu gün ölənlər - İnsan nə vaxt qocalır?

12:00 30 iyun 2024
Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi

Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi

15:05 27 iyun 2024
#
#
# # #