Aqşin Yenisey də Sabir polemikasına qoşuldu

Aqşin Yenisey də Sabir polemikasına qoşuldu
15 sentyabr 2011
# 12:08
Rafiq Tağının M.Ə. Sabirin “Hophopnamə”si haqqında şıdırğı yazdığı “hopstopnamə”sini oxuyub düşündüm ki, bu cür millətsevərlik nəmənədirsə, yeni zaddır – millətin əsrlər boyu qoruduğu, balalarına tanıtdığı, balalarının da balalarına tanıdacağı, sayı əl barmaqlarının sayına güclə çatan şəxsiyyətlərini uzadırsan qabağına və kənd arvadları yun çırpdığı kimi, çəkirsən eninə, uzununa və bu olur nə? Millətsevərlik.

Bir ingilis dramaturqu var, Harold Pinter, Nobel mükafatı alıb. Mən onun əsərlərini oxuyanda məəttəl qalmışdım ki, bu cür ortabab əsərlərlə bu adam necə Nobelə layiq görülüb və götürüb avtobioqrafiyasını oxudum.

Məlum oldu ki, bu adam dünyada Amerika ağalığına qarşı mübarizə aparan, iqtisadi münasibətləri insani münasibətlərdən daha uca tutan kapital imperializmi üçün arzuolunmaz kabusa çevrilən azsaylı dünya yazarlarından biridir və onun dünyadakı ictimai nüfuzu, tutalım, üst-üstə bütün MDB ölkələrindən çoxdur.

Rafiq bəy yazır ki, Sabirin satirası öz millətini təhqir etməkdən başqa bir şey deyildi.

Əvvəla, bütün dünya satirikləri öz millətinin, ölkəsinin eyiblərini qoyub başqa millətlərin motalını eşməyiblər. Molyer də, Qoqol da, Bernard Şou da elə bizim Sabir kimi eləyiblər. İkincisi, əgər Rafiq əfəndi xalqımızın gözəl cəhətlərini qabartmaq istəyirsə və bunun yolunu Sabiri – yəqin, ardı da olacaq – təhqir etməkdə, mitilini qorumaqda görürsə, deməli, özü də xalqı “təhqir edən” Sabiri yamsılayır.

Sabirin indi yiyəsiz qalmış köhnə beşaçılanı ilə – Rafiq bəy, o vaxt “Kalaşnikov” hələ icad olunmamışdı – onun özünü gülləbaran edir. Ancaq Rafiq bəy daha çətin və daha sivil yol seçə bilərdi; Sabirin “təhqir etdiyi” millətin yaxşı xüsusiyyətlərini özündə cəmləyən, ən azı, bir hekayə yazardı. O ya bu hekayəni yazmağa qarnıağrımışlıq edir, ya da xalqımızın bəh-bəhlə təriflədiyi gözəl cəhətlərini axtarıb tapmaqda çətinlik çəkir, gücü verir Sabiri yamanlamağa.

Ola bilsin ki, Sabir satira yazdığı üçün onun şeirlərində poeziya çatışmır və satirada poeziya axtarmaq, karikaturada peyzaj axtarmaq qədər əbləhlikdir. Bu, Allahın dəvədəlləyinə də aydın olan həqiqətdir. Sabirin gücü istər Azərbaycanda, istərsə də müsəlman dünyasında ictimai çəkisindədir. Nəinki yalnız öz dövründə, hətta idi də Sabirin ictimai çəkisi qədər ağırlığı olan yazar tapmaq asan iş deyil.

Dəxli yoxdur, o, acı satira yazıb, yoxsa yüngül rədifli qoşma. Hətta elə Rafiq Tağının yazı üslubundakı acılığın, “təhqiramizliyin” zatı da Sabirin “belindən gəlir”. Sabirlər olmasaydı, indi rafiqtağıların ictimai acıxəmrədən məhrum olan əsərlərində sağsağanın, gəndələşin biri bir qəpik olardı. “Sabirin satirası ondakı ağıl zəifliyini üzə çıxarır”sa, inciməyin, Rafiq bəy, sizin bu şəkildə millətsevərliyiniz ondan heç də geri qalmır.

Tutdum oruc iramazanda,
Qaldı iki gözüm qazanda,
Molla da döyür yazı yazanda...

Sabirin ilk dəfə mədrəsəyə ayaq döyərkən yazdığı şeirdir. On, on bir yaşından ictimai hissiyyatı bu cür həssas olan bir yazarın yaradıcılığına “ağıl zəifliyi” kimi yanaşmaq, sadəcə, publisistik lotuluqdur ki, maşalah, o da bizim əlimizdə.

Həmidə xanım memuarında yazır ki, Cəlil Məmmədquluzadə Tiflisdə “Molla Nəsrəddin”i nəşr etdiyi vaxtlarda o zamankı Bakı elitası onu öldürtdürməkdən ötrü burdan qonşu ölkəyə üç “ədəd” muzdlu qoçu yollayır. Ancaq tale Məmmədquluzadənin üzünə gülür, gürcü polisinin sayıqlığı sayəsində qətl baş tutmur. Bu faktı elə-belə, dövrün ictimai-kriminal mənzərəsini əks etdirən bir ştrix kimi yazdım.

Sabirin də, Cəlilin də tənqid hədəfi bəlli idi – millətin canındakı qoçuluq, avamlıq, harınlıq. Rafiq bəy bu yazısı ilə Sabirin, Cəlilin tərəfində olmadığını söylədi, ancaq inanmıram ki, o, ikincilərin tərəfinə keçib. Məncə, hörmətli yazıçımız ortada qalıb, necə deyərlər, gah nala vurur, gah mıxa.
# 2928 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #