Xeyrəddin Qoca: “Mirzə Cəlil kimi yazsam, əlimə qələm götürmərəm”

Xeyrəddin Qoca: “Mirzə Cəlil kimi yazsam, əlimə qələm götürmərəm”
1 iyul 2014
# 08:00

“Açıq söhbət”in budəfəki qonağı tənqidi-komediya və satira ustası, Azərbaycanda Cəlil Məmmədquluzadə, Türkiyədə Əziz Nesin, Rusiyada Mixail Zoşşenko ilə müqayisə olunan sehrli qələm sahibi, Türkiyədə 5 il 4 ay konsul işləmiş ictimai-siyasi xadim Xeyrəddin Qocadır.

Onunla söhbətimiz qızmar günəşli bir yay gününə təsadüf etdi. Təxminən gül-güldən, bülbül-bülbüldən bezdiyi bir hava şəraiti…


Həyat o qədər çətindir ki, məmləkət dediyimiz bu diyarda sən hər an Xeyrəddin Qocayla üzləşə bilərsən. Onunla qarşılaşanda qəti qorxub-zad eləməyin. Onsuz da o, bizi kənardan çox yaxşı görür, çox yaxşı müşahidə edir. Onsuz da o, sizin hərəkətlərinizi sizlə qarşılaşmasa belə duya bilir. Allah-təala bu çətin günü mənim də alnıma yazıbmış. Ustadla söhbətdən birtəhər üzüağ çıxa bildim. Xeyrəddin Qoca çox təhlükəli yazardı. Hətta, özü də bunu hiss edirmiş kimi “Biz bizə bənzərik” kitabının girişində belə bir bildiriş verib: “Əvvəla, kitabı vərəqləməzdən əvvəl lazımdır əsəblərinizin möhkəm olub-olmadığını bir daha yoxlayasınız...”

Sənətkar tam olaraq haqlıdır. Adam dəli ola bilər kitabı oxuduqca. Əbəs yerə deyil ki, Nizami Cəfərov onun haqqında bu sözləri yazıb: “Xeyrəddin Qocanın tənqid hədəfləri olduqca rəngarəngdir”.

“Məqalələr, sənədlər, fotoşəkillər” adlı kitabda isə sənətkar haqqında yazılan məqalələr toplanmışdır. O kitabda Xeyrəddin müəllimin daha kimlərlə fotoşəkilləri yoxdur? – Çingiz Abdullayev, Fikrət Qoca, Türkan Şoray… Elə həmin kitabda fantastik bir statistika diqqətimi çəkdi. “X.Qocanın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı respublikamızda və xaricdə çıxan yüzdən artıq qəzet və jurnalda dərc edilmişdir...”

Xeyrəddin Qocadan bir cümlə də deyim keçək söhbətə: “Gördünüz zəlzələ oldu, girin soyuducunun içinə, ya da masanın altına”.



- Ustad, sizi Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Buna fikriniz necədi?

- Mən bu yaxınlarda bir televiziyada dedim. Bilirsiz ki, telekanallarda tez-tez oluram. Dedim, mən Cəlil Məmmədquluzadə kimi yazsam, əlimə qələm götürmərəm. Niyə? Çünki Mirzə Cəlil var. Onda mən kiməm? Mən Xeyrəddin Qocayam. Nizami Cəfərov da mənim haqqımda yazdığı məqalədə deyib ki, Xeyrəddin Qoca özüdür. Onlar bizim ustadlarımızdı. Məni Çəmənzəminli ilə də müqayisə edirlər, Haqverdiyevlə də, Mirzə Ələkbər Sabirlə də. Mən Sabir kimi dahi tanımıram dünyada. Mirzə Cəlil bitməyən bir bulaqdır…

- Son kitabınız həddindən artıq ağır kitabdır, çox oxumaq olmur, adam psixoloji sarsıntı keçirir.

- Hə, o kitab birdəfəlik oxumaq üçün deyil. Gərək gündə o kitabdan bir-iki məqalə oxuyasan. Çox oxumaq olmaz! Mən o məqalələri gülmək üçün yazmamışam. 65 yaşa çatıram, hələ də bir müsbət cəhət görə bilmirəm. Camaatda irəliləyiş yoxdur. Əgər varsa bir nəfər mənə desin. Nömrəmi də yazarsız, qoy zəng edib desinlər. (Ustadın öz istəyilə mobil nömrəsini qeyd edirəm:
050 325 16 91 – Ş.G.)

- 5 ildən artıq Türkiyədə konsul işlədiz, bildiyim qədərilə Türkiyə ədəbiyyatına sirayət edə bildiz…

- Necə yəni sirayət?

- Yəni, ədəbi mühitə, kitab bazarına girə bildiniz.

- Yox, mənim buna vaxtım olmayıb. Amma, Türkiyəli yazıçılarla tez-tez görüşürük.

- Kimlərlə?

- Ad çəkmək lazım deyil, ehtiyac yoxdur. Birinin adını çəkəcəm, o biri inciyəcək. Ancaq, Anar müəllimlə Nazim Hikmətin evində olmuşam.

- Kimləri oxuyursuz?

- Hamını. Hər gülün-çiçəyin öz ətri olduğu kimi, hər şair-yazıçının öz yaxşı əsəri var.

- O vaxtı Ramiz Rövşən deputatlığa namizədliyini irəli sürmüşdü, sizcə niyə seçilə bilmədi?

- Nə vaxt?

- O vaxt.

- Nə bilim, Ramiz Rövşənin namizədliyindən xəbərim yoxdur.

- Siz seçilmişdiz də

- Mən 95-də seçilmişdim…

- Hardasa işləyirsiz indi?

- Yox, işləmirəm. Bu yaşımda kiminsə əlinin altında işləyə bilmərəm. Prezident təqaüdü alıram, dövlət ev verib, ümummilli lider Heydər Əliyev ürəyik əməliyyatı üçün məni müalicəyə göndərib. O olmasaydı indi həyatda yaşamırdım.

- Konsul işləyən vaxtlarda təyyarədə açıq vəziyyətdə əlinizdə lüstr gətirirmişsiz, bu doğrudu?

- Lüstr da gətirmişəm, başqa şey də. Amma, açıq yox, bağlı olub. Məni istəməyən adamlar uydurublar bunu. Sizə bir hadisə danışım. Bir dəfə konsul işləyən vaxtlarda oturmuşdum otağımda. Gəlib dedilər ki, Hindistanın baş konsulu sizinlə görüşmək istəyir. Mən də dedim, randevüm yoxdu axı bu günə. Dedilər, gəlib, qapının ağzındadı. Nə isə, dedim, gəlsin. Durdum qarşıladım, gəldi içəri, oturdu. Mən də başladım danışmağa ki, bəs biz uşaqlıqdan hind kinoları ilə böyümüşük, Hindistanın böyük tarixi var, mədəniyyəti var, öz musiqisi ilə dünyanı fəth edib, insanları humanistdi, bizə doğma olan ölkədi… Belə-belə danışıram, danışıram, danışıram. Görürəm mən danışdıqca bu qara adam daha da qaralır. Qayıtdı ki, mən Hindistanın deyil, Pakistanın baş konsuluyam. Axı Hindistanla da Pakistan düşməndir! (Gülmürük) Mən də dedim, bəs mənə səhv məlumat veriblər, bu mənim günahım deyil, bağışlayın. Əlavə də elədim ki, Pakistan da bizim müstəqilliyimizi tanıyan ilk ölkələrdəndi, mən orda olmuşam, çox isti yerdir, filan-filan… O da qayıtdı ki, bəs mən sizin konsulluğa gəlməməliydim. 30 metr o tərəfdə olan Ərəbistan konsulluğuna getməliydim, səhvən bura gəlmişəm. Deməli, hadisə belə olub. İndi bu adamlar da mənfi rəy yaratmaqdan ötrü danışırlar ki, Xeyrəddin konsul işləyəndə Hindistanın konsuluyla Pakistanın konsulunu ayırd eləyə bilməyib. Görürsünüz də, necə səviyyəsiz adamlar var?

- Əlbəttə, olur belə şeylər, xırdaca anlaşılmazlıqdı, nə var ki burda?! Əsərləriniz dünyada necə qarşılanır, Xeyrəddin müəllim?

- Bilmirəm axı, onu oxuculardan soruşmaq lazımdı. Onu bilirəm ki, Türkiyədə bir kitabım çıxdı, kompüterə baxdılar, gördülər çox qısa zamanda hamısı satılıb qurtarıb.

- Neçə tirajla?

- Dəqiq bilmirəm, tirajı yadımdan çıxıb, 100 min tiraj idi, yoxsa 50 min.

- Yenə sifariş verdilər?

- Yox hələ, sifariş verməyiblər. Amma, mənim kitablarım həmişə əl-əl gəzib. Bax, mən vermişdim kitabı Qanturalıya, o da verib sizə. Siz də verəcəksiz başqasına. Əl-əl gəzəcək o kitab.

- Televiziyalara gedirsiz, niyə qonorar almırsız? Niyə millət vəkili olanda bu məsələni qaldırmadız?

- Sən də müxalifətçilər kimi danışırsan e... (acı-acı gülümsəyir) Bu mənim işim deyil axı, bunu Milli Məclisdə qanunla tənzimləməlidirlər.

- Bütün verilişlərə gedirsiz...

- Yox, hamısına getmirəm.

- Elgizin verilişinə gedirsizsə hər şey aydındı də.

- Yox-yox, cəmi 3 dəfə getmişəm ora. Həm də o veriliş başqalarına nisbətən yüz qat səviyyəlidi. Sadəcə çağırılan qonaqlar, ekspertlər səviyyəsizlərdi.

- Sizə alternativ yoxdu də Azərbaycanda…

- Çünki yazan yoxdu. Satira yazmaq çox çətindi, həddindən artıq çətindi. Orda bir dənə də olsa artıq cümlə, söz ola bilməz. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən bir satirik yazının üstündə 100 dəfə işləyirəm.

Söhbətin bu yerində Xeyrəddin bəydən bir satirik mətn təqdim edib sizinlə sağollaşıram. Özünüz yaxşı baxın, oxuyun, nəticə çıxarın, həyatınıza düzən verin.

“Biri ölür, düşür cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qap-qara tük basmış, ağzı qıp-qırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək rəhmətliyə “qığğğ” eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:


- Belə eləyirsiz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!”. (Biz bizə bənzərik, səh. 289. Bakı - 2010)

# 8322 dəfə oxunub

Müəllifin son yazıları

# # #