Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır – Şəhriyar del Gerani yazır...

Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır – <span style="color:red;">Şəhriyar del Gerani yazır...
5 mart 2019
# 09:00

Bəri başdan bunu deyim, sonra keçək mətləbə. Bizim qələm adamları arasında cəbhələşmə daha çox fiziki olub, fikri yox. Xalqı aşağılayan, saxta, qəlp intellekt maskası taxmış psevdoziyalıların istənilən birini dindir, Rəsulzadədən danışanda ağzı köpüklənər. Amma yeri gəldi-gəlmədi də Azərbaycan qadınını “Fatma-Tükəzban” deyə aşağılayar. Hansı ki, Rəsulzadə 100 il qabaq bütün Türkdilli coğrafiyada və Şərqdə ilk dəfə həmin Azərbaycan qadınlarına səsvermə hüququ tanıyıb. Bu, özünə ideal seçdiyi şəxsiyyətin qadına münasibəti, bu da özünün dazağılbaşlığı. Bu tövr və başqa qəbil dazağılbaş yazarları qısa olaraq belə xarakterizə edirəm: “Söhbəti bilməyənlər”. Yəni nə oxuduqlarından bir mətləb hasil etmişlər, nə də yaşadıqlarından bir məna qazanmış, qanmışlar. Eləcə tufeyli-tufeyli başlarını girələyirlər illərdir, yazırlar, pozurlar, çap olunur, əzik eqolarını təmin edirlər, vəssəlam.

Gələk mətləbə. Keçən ay şəxsi feysbuk hesabımdan böylə paylaşım etmişdim:

“Mirzə Cəlil hamımızın istinad nöqtəsidir. Di gəl...

Di gəl, onun "bir rus olur, bir erməni, bir də azərbaycanlı" arayışıyla başlayan və hər dəfəsində ol məşum azərbaycanlının təlxək, burnudeşik, sarsaq vəziyyətlərdə qalmasını andıran mənasız lətifələr üslubunda yazdığı "Poçt qutusu" hekayəti mənim üçün çoxdan gülünüb qurtarmış anekdotdur. Əşşi, nooldu, bir urus arvadı məktubu ata bildi poçt qutusuna, 12-13 yaşında bir erməni uşağı ata bildi, bircə elə bizim bu Novruzəli burnudeşik çıxdı?”

Gerçəkdən də, faciəvi durumdur. Siz mənə 20-ci əsrdə yox, ümumiyyətlə, Rusiyanın layihəsi olan Ermənistanın tarixində bircə nəfər Üzeyir Hacıbəyli, Rəsulzadə, Əhməd bəy Ağaoğlu göstərin, təslim olum. Əzizim xanımlar və bəylər, tapmayacaqsınız. Şəxsən mən, arxivlərdə çox eşələnmişəm, heç olmasa bizə düşmən kəsilən bu millətdə dişəvurulası bir üstinsan axtarmışam. Ki, necə ola bilər axı bu tövr qeyri-ciddi bir “layihə millət” bizim düşmənimiz olsun. Adam düşmən olanda da bir ciddi adamla düşmən olar da. Yoxdur, rast gəlmədim. Bəs hansı səbəbdən Mirzə Cəlil erməninin 12 yaşlı uşaq-muşağını biləndər kimi qələmə verir "Poçt qutusu"-nda, amma Azərbaycan xalqını Novruzəliylə simvolizə edir? Mən gözümü açıb nənə-babamdan ermənilərin yaxşı pinəçi, hörgüçü, qırçı olduqlarını eşitmişəm, oxucu, bilici olduqlarını yox. Bəs nə oldu Mirzə Cəlilin hekayəsində rus arvad, erməni uşaq oxumuş-bilmiş oldu, bircə bizim Novruzəli burnudeşik çıxdı? Bir daha deyirəm, Novruzəlini hansısa Gülsənəm, Qulamrza ilə müqayisə etsəydi, normaldı. Amma Mirzə müəllim bu müqayisəni əzəli və əbədi düşmənlərimiz olan millətlərlə edib axı. Cəhənnəm, yazıb yazıb da, bir səhvdi edib. Bəs illər sonra, müstəqil Azərbaycan Respublikamızın orta məktəb dərsliklərində bu hekayə niyə tədris olunur? Niyə balalarımıza kompleks aşılayırıq?

Image result for poşt qutusu

Bu kompleksli çocuqlardan nə umacağıq sabahlarda? Bəs deyilmi xalqı aşağılayıb ziyalı çanağında gizlənməyiniz? Yox, məndən soruşar olsanız, Azərbaycan xalqı Novruzəli deyil, olsa-olsa o Novruzəli Mirzə Cəlilin qohum-əqrəbasından bir nəfər olub, çox güman da həmin qohumunu yazıb. Və ya redaktoru erməni olub bu hekayənin. Hər nə, hər necə olubsa, bu hekayə ən azı redaktə olunmalıdır. İndiki halında tədris olunması həddindən artıq təhlükəlidir. O uşaq hekayədən rədd edilməsə, əvvəl-axır çıxacaq orta məktəb kitablarından, sinəsini də qabağa verib elə məktəbdəcə müəllimlərdən tutmuş şagirdlərəcən hamıya lağ-lağı eləyib aşağılayacaq, telefonunda da canlı yayım açıb bütün dünyaya göstərəcək.

Yox, məqaləni oxuya-oxuya necə suallar dolu yanpörtü baxışlarınızı görürəm. Əzizlərim, deyirəm, eybi yox, olsun. Lap olsun 115 il öncələrin Azərbaycan cəmiyyətindəki gerizəkalılığı göstərmək üçün yazılmış həvəskar bir hekayədir bu. Niyə həvəskar? Ol səbəb, peşəkar yazıçı öz xalqını tənqid edər, amma bunu başqa millətlərlə müqayisə müstəvisində etməz. Bu, ən azından etik deyil. Bu məqamda ol gözəlim "tənqid" dönüb olur "aşağılama".

Dediyim bu. Ki, ola bilsin Novruzəli yoldaş 115 il öncəki Azərbaycan cəmiyyətində gerizəkalılığın ümumiləşmiş obrazıdır. Di gəl…

Di gəl, çağdaş Azərbaycan cəmiyyətindən çox uzaqdır bu tip. İndi hər yerindən duran bir Mirzə Cəlil, bir Sabir çıxıb millətin başına. Uydurduğu ziyalı çanağından başını çıxardıb xalqı aşağılayır, sonra quyruğunu qatdalayıb oturur böyründə. Mirzə Cəlil də, Sabir əfəndi də klassiklərimizdir. Hər birimizin təfəkküründə əbədi heykəl olmuş şəxsiyyətlərdir. Bəs, sizin həqiqətiniz nədir? Məgər Azərbaycanda 1900-cü ildir? Deyil əlbəttə. Dünya ədəbiyyatında trendlər çoxdan dəyişmiş. Müasir ədəbi trendlərlə ayaqlaşmayan gənc yazarlarımız, yaşları qırxı ötsə də bir türlü özlərini yazıçı kimi yetişdirməmiş, necə deyərlər, alındıra bilməmiş, alınmamış yazarlar çıxış nöqtəsini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür, poçt qutusu, Novruzəli kimi köhnə mövzuları yenidən dirildirlər. Ancaq bu, dəngül plagiat təsiri bağışlayır. Sabirin, Cəlilin qılıncıyla hücuma keçmək ən azı naşılıqdır, nadanlıqdır, bilməzlikdir. O qılınclar çoxdan kütləşib, kəsiciliyi yoxdur daha.

Şəxsən mənim İmişli rayonunda hədsiz məmnuniyyətlə yaşayan və üç yaşını bu gün - 1 martda tamam edən bacım oğlu Sidqican hər axşam atasının telefonundan mənə video-zəng eyləyir, bağçada tərbiyəçinin verdiyi ev tapşırıqlarını danışır, ingilis və rus dillərində 20-yə qədər sayır, hətta ruscada sayanda "восемь" - i unudur, mən – “ну, а восемь?” - soruşduğumda son dərəcə əminliklə cavab verir ki, "дядя, восемь уже не важно". Hər səhər də səsli mesaj göndərib "Günaydın, dayı can!" deyir.

Xülasə, nə mənim nəslimdə, nə də tanıdığım, bildiyim dostların nəslində və ümumiyyətlə, mənsub olduğum Azərbaycan xalqında Novruzəli yoxdur. Hər kimin nəslində, kökündə Novruzəli varsa, bu, həmin adamın nəslinin, kökünün problemidir, Azərbaycan xalqının yox. Zəhmət çəkin, gedib həmin o nəslinizdəki Novruzəlini tutub əlifba öyrədin, saymaq öyrədin, himni əzbərlətdirin, günaşırı öz banal intellektual-maarifçi zəvzəkliyinizlə ətimizi tökməyin.

Bir dəfə demişdim, yenə də deyirəm; uydurduğunuz ali-ziyalı bataqlığından xalqın əzəmətli adiliyinə qalxmaq zamanıdır. Nədən ki, o xalqın ən sıradan bir vətəndaşının həyat tərziylə sizin həyat tərziniz arasında heç bir fəlsəfi-məişəti fərq yoxdur. Hətta bir neçə xarakterik müstəvilərdə həmin sıradan bir vətəndaş sizdən daha təmiz, daha dürüst, daha maraqlı və ləyaqətli yaşayır!

Mən bilirəm. Azərbaycan psevdoziyalıları xalqı ona görə 150 il qabaqların trendləriylə aşağılayır ki, böyük yerdəyişmə olmuş bu illərdə. Yəni xalq artıq 150 il öncələrin Novruzəliləri deyil, Azərbaycan xalqı indi çağdaş dünyanın mədəni-intellektual kəsiminin tərkib hissəsidir və bütün parametrlərdə həmin ziyalıları üstələyir. "AMEA Novruzəliləri" dal-dala gedən velosiped ixtira edir və xalq onlara gülür, ironiya hədəfinə çevirir. İndi deyin görək Azərbaycanda "Poçt qutusu" hekayəti aktualdır, yoxsa "Kitab yüklü eşşək" hekayəti?

Müasir dünya ədəbiyyatındakı, incəsənətindəki tendensiyalardan xalq daha çox xəbərdardır, nəinki ziyalılar. Xalq ziyalısını üstələyir və ziyalılar bu basqıdan qurtulmaq üçün Mirzə Cəlilə, Axundova, Sabirə sığınır. Tamam, 150 il qabaqkı xalq öz ziyalısına adekvat deyildi, olsun. İndi isə ziyalı öz xalqına adekvat deyil. Oğul-qız deyirəm çağdaş Azərbaycanın yeni trendi olsun indi. Köhnə, nimdaş, istifadə müddəti bitmiş mikrofonlarla 150 il qabağın mahnılarını oxumayın. Xalq o mahnıları çoxdan oynayıb qurtarmış. Çağdaş Azərbaycan yazıçısının, şairinin, aliminin öz orijinal nəğməsi olmalı. Yoxdursa, gedin işinizlə məşğul olun. Bu gözəlim xalq sizlik deyil. Gedin minin dal-dala gedən velosipedlərinizə, nimdaş mövzularınızı da vurun qoltuğunuza, sürün Tunc dövrünə, biz qayıdıb sizə çatası deyilik…

# 7056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #