Əməkdar artisti: “Onlara “xalq düşməni” olmuşam” – Ad günü söhbəti

Əməkdar artisti: “Onlara “xalq düşməni” olmuşam” – Ad günü söhbəti
11 mart 2021
# 15:08

Kulis.az bu gün doğum gününü qeyd edən Əməkdar artist Hicran Nəsirova ilə ad günü söhbətini təqdim edir.

- Hicran xanım, ad gününüzü təbrik edirik. Hansı hislər keçirsiniz, bu yaş sizə nələr gətirdi?

- Bu yaş adama ağbirçəklik, ağıryanalıq gətirir. Hər ad günüm olanda həm kövrəlirəm, həm də sevinirəm. Kövrəlməyim yaşımın üstünə yaş gəlməyindən, hər yaşın ömrümdən getməsi ilə bağlıdır. Amma digər tərəfdən də sevinirəm ki, artıq nənəyəm. Nənə olmağın, nəvələrimi qucağıma almağın ayrı sevinci, ləzzəti var.

- Ad günlərini hansı ortamda qeyd etməyi sevirsiniz?

- Ad günlərini adətən öz ailəmlə birgə keçirirəm. Ailə üzvlərim, yaxınlarım başıma yığılır, hədiyyələr verirlər, məni sevindirib, xoşbəxt etməyə çalışırlar. Qadın və ana üçün, ümumiyyətlə insana bundan gözəl təbrik ola bilməz.

- Hicran xanım gənclikdən üzü bəri yadınızda qalan ad günü təbriki, ad günü məclisi hansı olub?

- Mən kövrək adamam, indi də sizin suallarınız, indiki əhvalı kövrəkdir. Açığı mən heç kimə qıymıram. İnanırsınız ki, heç istəmərəm xərc çəkib mənə gül alsınlar. İndi çətin zamandır. Amma, əlbəttə ki, hədiyyə alanda adama xoş olur, könlü açılır. Elə dünən saat on ikidə övladlarım gəldi, ailəm başıma yığıldı. Qızım, kürəkənim və digər ailə üzvlərimin məni təbrik etməsi çox gözəldir. İnanın ki, çalışırdım göz yaşlarımı gizlədim. Bütün bunlar fəxr olunası, sevincli haldır. Allah hamıya belə günlər qismət eləsin, atalar, analar ailələri başında olsunlar. Böyük, kiçik hörməti heç vaxt itməsin. Hədiyyənin irisi xırdası yoxdur. Əsas olan insanların bir-birinə diqqətidir.

- Ad gününüz həm də ötən gün qeyd olunan teatr günü ilə üst-üstə düşür. Pandemiya şəraitinin olması da yaradıcı adam üçün yəqin ki, çətin olar?

- Əlbəttə, çox çətindir. Biz yaradıcı adamlarıq. Biz idmançılar kimi həmişə formada qalmalıyıq. Məşq etməli, tamaşalarda oynamalı, öz üzərimizdə işləməliyik. Yenə şükür edirəm ki, bir il ərzində üç seriala çəkildim, çox boş qalmadım. İndi də “Qız atası” serialı davam edir. Orda da çəkilməyə davam edirəm, amma teatr, səhnə başqadır. Ümumilikdə aktrisa, müğənni, balerina bir sözlə sənət adamı davamlı sənətlə məşğul olmalıdır. İndi mədəniyyət ocaqlarının bağlı qalması hamını formadan salır. Bu da bizim yaradıcılığımıza pis təsir edir.

- Dünən teatr Xadimlər İttifaqı bir sıra sənət adamlarını təltif etdi. Sizi həm teatr günü, həm ad gününüzlə bağlı nə dərəcədə yada saldılar? Ümumi sənətinizə və özünüzə olan diqqət qayğı sizi qane edir?

- Mənim bunlardan xəbərim yoxdur. Heç kimdən heç nə də gözləmirəm.

Maşallah hamı hər şeyə nail olub. Belə deyək də, deyəsən onlara dırnaq arası xalq düşməni olmuşam. Bilmirəm, mən nə isə yaddan çıxmışam. Özünüz də görürsünüz. İyirmi bir il bundan əvvəl mən əməkdar artist adı almışam. Açığı bu barədə heç danışmaq istəmirəm.

- Çox sağ olun Hicran xanım, bir daha sizi təbrik edirik

- Siz sağ olun, yada salıb xatırladığınız üçün.

# 3454 dəfə oxunub

Müəllifin son yazıları

# # #