Xalqımızın travma tarixi - Rüstəm Kamal yazır...

Xalqımızın travma tarixi - <span style="color:red;">Rüstəm Kamal yazır...
29 noyabr 2017
# 21:00

Kulis.az Rüstəm Kamalın "Mir Möhsün Nəvvab: İki od arasında" adlı essesini təqdim edir.

Mir Möhsün Nəvvab Azərbaycan mədəniyyətinin ədəbiyyatının son dərəcə maraqlı fiqurlarından biridir. Şair, xəttat, filoloq, münəccim, rəssam, musiqişünas kimi tarixdə adı keçir. Şuşada “Məclisi-fəramusan” ədəbi məclisinə başçılıq edibdir.

Mir Möhsün Nəvvabın “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” (“Təvarixi-rəzm və şürişi taifeyi-ərməmiyeyi – Qafqaz ba firqeyi müsəlmanan”) əsəri XX yüz ilin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın travma tarixini öyrənmək baxımından dəyərli nümunədir. Bu əsərə XIX əsr tarix diskursunun (M.F.Axunzadə, A.A.Bakıxanov, S.Ə.Şirvani, «Qarabağnamələr…») bir faktı kimi baxmaq lazımdır.

Mir Möhsün Nəvvab tarixi travmanı əhvalatlar və faktlar əsasında nəql edir. O, eşitdiyi və gördüyü hadisələri gerçək faktların məntiqi ilə “ərzi-əhval” edir. Faktların təsviri və təqdimatı tarixi akt olur, yəni tarix aktual hadisə kimi təsəvvür edilir. Müəllif özü də mətndə “faktdır”, çünki hadisələrin canlı şahididir, həm fərdi yaddaşın, həm də K.Q.Yunqun “kollektiv təhtəlşüuru kimi müəyyənləşdirdiyi “kollektiv yaddaş”ın daşıyıcısıdır.

Görəsən, sufi ruhlu, zərif rəssam qəlbli bir şair bu dəhşətləri və vəhşətləri xatırlayıb necə yaza bilib? Bu travma onun yaddaşını ağrıtmayıbmı? Mətni oxuyursan - damarlarda qan donur. Nəvvab özü buna necə dözüb? Deyirlər ki, Holokostdan, QULAQ-dan sağ çıxanlar öz yaşantılarını adətən danışa bilmirlər. Bəlkə ona görə ki, danışdıqlarının onsuz da həqiqəti tam ifadə etməyəcəyinə əmindirlər? “Keçmiş ölülərə məxsusdur” (C.Aqamben).

Mir Möhsün Nəvvab ermənilərin xalqımızın başına gətirdiyi fəlakətləri və faciələri “müxtəsər şəkildə” danışmağı özünə borc bilir (R.Bart yazırdı ki, keçmiş qarşısında borc hissi ədəbiyyatı rituala çevirir). Əsər bu baxımdan yalnız bir şəxsin, ya da toplumun yaddaş mətni deyil, həm də yaddaş haqqında mətndir.

Bu “sənədin nəsri deyil, sənəd kimi yaşanılmış, əzab çəkilmiş nəsrdir” (Varlam Şalamov). Mir Möhsün Nəvvabın ağrı-əzab dolu təhkiyəsi əsərə bir sənəd etibarlığı qazandırır. O, bunun üçün hadisə-əhvalat (iğtişaşların, qırğınların, yanğınların, talanların, qətliamların) məkanlarını dəqiqləşdirir, qətlə yetirilmiş, öldürülmüş insanların adlarını konkretləşdirir. (məsələn: “Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsün qardaşı Hacı Mirzə Abutalıb xanı Tehranda Amas adlı öz nökəri yatdığı yerdə öldürüb…”)

Bu əsəri yeni dövr ədəbi təcrübəmizdə şahidliyin yeni tipi kimi də qiymətləndirə bilərik. Mir Möhsün Nəvvab özünü hadisələrin şahidi və iştirakçısı kimi mətnin süjet toxumasına daxil edir: “Mən, Mir Möhsün Nəvvab, evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıdan gələn təhlükəni nəzərə alaraq şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyi mənə məsləhət bildilər”. Əhvalatları bioqrafik fakt olmaqdan çıxarıb bir xalqın, bir şəhərin, mahalın faciəsi kimi verməyə, yəni “rus dövlətinin başı müharibəyə (rus-yapon müharibəsinə – R.K) qarışdığı” bir dönəmdə Qarabağda müsəlmanların (azərbaycanlıların) başına gətirilmiş fəlakətlərin tarixi kimi təqdim etməyə çalışır.

Ona görə də əhvalatlara həqiqət möhürü vurmaq üçün informasiya mənbələrinin adlarını çəkir (məsələn: “Kərbəlayı İsgəndər adlı bir şəxs mənə danışdı ki, dava günü biz üç nəfər yuxarı erməni bazarına çıxmışıq”).

Əsərin süjetini od arxetipi formalaşdırır. Bütün mənalar, motivlər və obrazlar od arxetipi ilə bağlıdır. Nəvvab yaddaşı və təhtəlşüuru sanki bütövlükdə bu obrazın və ünsürün məntiqinə tabedir.

Hadisələrin bir şahidi var: ermənilərin işgəncə verərək öldürdüyü və sonra isə yandırdığı “biçarə müsəlman” bədənləri. Erməni işgəncə və qəddarlıq maşınının bir obyekti var: müsəlmanın yandırılması. Oxuyun:

“Elə ki, cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-yavaş gəlib, o biçarələrin başlarını iki parə etdilər. Cavanlar bircə dəfə çığırıb canlarını tapşırdılar. Sonra o məlun ermənilər o biçarələri üryan edib, paltarlarını və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar”;

“…Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə vurdular. O biçarə güllədən al qana boyanıb yıxıldı. Ermənilər bir neçə güllə də Abbas bəyin yeganə oğluna və qardaşı oğluna vurub hər üçünü öldürdülər. Bundan sonra onlar evə benzin və neft töküb odladılar. Vurulanların da meyidlərinə od vurdular”.

Yanğın kritik situasiyalarda, müdhiş zamanda insanların davranışını, dəyərlər sistemini müəyyənləşdirir: ya onları birləşdirir və yaxud səngərlərə ayırır, ya ürəklərə mərhəmət hissi gətirir, ya da bir az qəddarlaşdırır, nifrəti gücləndirir. Müqayisə edin:

“Rus keşişi xahiş etdi ki, bu övrət yanğından qorxduğuna görə və onların evlərini alov əhatə etdiklərinə görə bir neçə gün onları öz evlərində saxlasın. Məhəmməd onları sakitləşdirib, öz evini onlara verəcəyinə razı oldu”;

“Davadan əvvəl ermənilər sud və Duma divanxanalarını yandırıb günahı müsəlmanların üstünə yıxmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun”;

“Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və qurani-Şərif əllərinə keçirdisə, yandırırdılar”;

“Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən şuşalılar onu söndürüb onlara acıqlanaraq demişlər:

- Kilsə və məscidlərə hörmət etmək lazımdır”.

Əgər müsəlmanlar üçün erməni evlərinin yandırılması intiqam hissinin məntiqi nəticəsidirsə, ermənilər üçün müsəlman evlərini və insanları yandırmaq qorxu-vahimə yaratmaq üsulu və qəddarlıq əlaməti idi.

Nəvvab “1905-ci il Şuşa şəhərinin əhvalatı”nı semiotik qarşıdurmalar müstəvisində (məscid-kilsə, mərhəmət-qəddarlıq, həyat-ölüm, sadəlövhlük-hiyləgərlik və s.) təsvir edir. Bu, həm də qanı su yerinə axıdılan, didim-didim, didilən, tikə-tikə parçalanan, evləri, məscidləri, imarətləri yandırılan şəhər – bədənin tarixidir. Şuşanın landşatı “odlu” işarələrlə xatırlanır və yaddaşa köçürülür:

“O evin ətrafında qəbristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi”;

“Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarların linglə deşib içəri daxil olub, od vurub yandırdılar”;

“Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı”;

Hadisələrin miqyası alovun, yanğının və atəşin miqyası ilə ölçülür. Alov Qalanın hüdudlarını və nöqtələrini sanki əyaniləşdirir, görümlü edir, hadisələrin gerçəklik effektini gücləndirir. Onun rəssam gözü cəhənnəm-qiyamət effektini canlandırır. İnsanların ah-nalələri, fəryadları bu şəhərdə alovla bərabər ərşə qalxır.

«Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mif məsafədə kağız yazıb oxumaq mümkün idi”;

“Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü”;

“Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alov fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanları alovu dörd ağac məsafədən görünürmüş.

Kərgicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtında saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü”.

Mir Möhsün Nəvvab özü də əsərinin bir yerində ermənilərin evini od vurub yandıracağından bərk narahat olur və bunun üçün istixarə edir. İstixarə ərəb dilində «xeyir istəmək» mənasındadır və əsasən Qurani-kərim, təsbeh və rüqə (rüşk vasitəsi ilə yerinə yetirilir, Mir Möhsün Nəvvab kimi dərin dini, elmi savada, hərtərəfli biliyə, yüksək nüfuza malik bir şəxs istixarədən çıxan mənaları düzgün anlaya bilərdi. “Bu gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə müsəlmanlarda olacaq, yoxsa erməni tayfası ilə?” Özünün dediyinə görə, bu zaman istixarədən ümidverici cavab çıxıbdır:

“Qələbə yaxın günlərdə sizinlədir.

Bütün düşmənlər sizin ayağınızın altındadır”.

Hər halda Şuşa mistikinə inanmaq olar...

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #