#

AYB-nin qapıçısı: “İstərdim ki, Anardan sonra sədr Çingiz Abdullayev olsun” - Reportaj

AYB-nin qapıçısı:  “İstərdim ki, Anardan sonra sədr Çingiz Abdullayev olsun” - Reportaj
2 fevral 2022
# 09:00

Kulis.az Rəvan Cavidin Azərbaycan Yazıçılar Birliyindən yazdığı reportajı təqdim edir.

Gördüm ki, günün günorta çağı işdən icazə alıb AYB-yə getmək olmayacaq. Bir az fikirləşib, yenə özümü cəncələ saldım:

- Həm bu sənədləri verim, həm də qəşəng bir reportaj yazım...

Ulucayın gözlərində İP rəqəmləri, sonra “AYB haqqındadırsa oxunacaq!” ümidlərinin işıqları göründü. Mərkəzi baş redaktor komissiyasının müsbət cavabını alıb yola düzəlirəm. “Xətai”dən “28”ə tarixi, “28”dən “Sahil”ə sevgi hekayələrimi yadıma sala-sala gözümü yumub-açıram, maskamı taxıb-çıxarıram ki, AYB-nin binasının qabağındayam.

Нет описания.

Birinci işim sənədləri vermək olacaq, amma pilləkənləri qalxandaca hiss edirəm ki, yuxarıda, Natəvan xanımın klubunda nəsə tədbir var. Tələsik düşən bir nəfər dayıdan (hansı yazar, şair olduğuna əmin olmadığım üçün dayı deyirəm) xəbər alıram:

- Dayı, yuxarıdakı nə tədbirdi?

- Mən dayı deyiləm, şairəm!

- Şair, yuxarıdakı nə tədbirdi?

- Bilmirəm, mən üzvlük üçün gəlmişdim...

- Allah xeyir versin, dayı....şair!

- Tədbirə gəlmisən, bala?

- Mən şairəm. Yox, üzv olacam.

- Neçə yaşın var?

- 24.

- Sən hələ şair ola bilməzsən!

Dedi və getdi. Pilləkənləri qaçaraq düşən dayının, eee, şairin arxasınca baxıb ona yaş biçməyə çalışdım, alınmadı.

Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalıdır

Rəşad Məcidin köhnə kabinetinə tərəf buruldum. Səməd Vurğunun şəkli əl eləyib uca səslə dedi:

- El bilir ki...

- Yaxşı da bildik, sənindi – deyib gülümsündüm.

Öz ürəyimə pıçıldadığım sözləri şair eşitmişdi, deyəsən. Səməd Vurğun başını sağa-sola yelləyə-yelləyə dodaqlarının arasında heca vəznində nəsə dedi. Eşitmədim. Sağımda dayanan Müşfiqin şəkli:

- Deyir, indiki cavanlar da lap pozulub.

- Soruş gör, məni üzvlüyə seçər?

- Mən onunla danışmıram!

- Niyə?

Susdu, düz reportajın axırına kimi.

Xitabını Səlim Babullaoğludan borc aldığım Məlahət xanımın qapısını iki-üç dəfə döydüm. Yorğun bir xanımın səsini eşitdim. Otağa girəndə bu işgüzar qadının sənədlər içində eşələndiyini gördüm. Üzvlük haqqında ərizələr idi. Göstərdiyi stulu nişan götürüb çantamı eşələyə-eşələyə oturdum.

- Məlahət xanım, bütün sənədləri hazır etmişəm.

- İndi səni qeydiyyata alacam, sonra zəng edib sənə bir xəbər edəcəyik.

- Çox sağ olun! Bu il, deyəsən, üzv olmaq istəyən çoxdu...

- Həə. İki il idi karantinə görə üzvlük məsələsinə ara vermişdilər. İndi 200-ə yaxın adam ərizə verib.

- Yaşlılar çoxdur, gənclər?

- Bilmirəm, düzü.

- Ən yaşlı üzv olmaq istəyənin neçə yaşı var?

- 82!

- 82 yaşında niyə üzv olmaq istəyir? - sualımı verib güldüm.

Məlahət xanım eynəyini burnunun üstünə endirib gözlərini mənə zilləyir və başını yelləyir. Arifə bir işarə də bəsdi, başa düşürəm.

- Bəs ən gənc üzv olmaq istəyən kimdi?

- Deyəsən, elə sənsən!

Adımı qeydiyyat dəftərinə yazır, sağollaşırıq. Otaqdan çıxanda İntiqam Yaşarı görürəm, əlində də üç qalın kitab. Salamlaşıb hal-əhval tutandan sonra tədbirin Yunus Oğuzun yeni kitabı münasibəti ilə keçirildiyini də öyrənib telefona qeyd edirəm. Bəlkə Natəvan xanımın klubuna baş çəkdim. Belə tədbirlərdə reportaj üçün duzlu-məzəli əhvalatlar olur.

Rəşad Məcidin kabinetinə tərəf əmin addımlarla irəliləyirəm. Bu binada yeganə otaqdır ki, qapısını döyüb həvəslə içəri girə bilirəm.

İncə belli stəkanda tünd çay buxarlanır. Rəşad müəllim telefonla həvəsli danışır. Mən də yeni otağa göz gəzdirib reportaj üçün material axtarıram. Salam-kəlamdan sonra iş haqqında danışırıq.

- Səni Kulis-də oxuyuram, yaxşı başlamısan. Davam elə…

- Hansı yazını oxudunuz?

- Sezen Aksu haqqında. Birini də oxuyub bəyənmişdim…

- Bəlkə, “525”-ə də yazım?

- (gülür) Seyfəddin müəllimlə danış…

Bir ümid işığı götürüb bir az da söhbətləşəndən sonra çıxıram. Niyəsə gözlərim Seyran Səxavəti axtarır. Onda yaxşı söhbətlər olar. Amma tapa bilmirəm, tədbir də marağımı çəkmir. Sənə deyən gərək, bu sənədləri şənbə günü gətir də. Ulucaydan “eyvallah”ımızı almışıq. Bu reportaj yazılmalıdır! AYB həmişə yazı üçün əntiqə detallar verir. Bu gün mənim bəxtimdəndi…

Bir mərtəbə də yuxarı qalxıb klubun qabağında dayanıram. Sabir Rüstəmxanlının səsini eşidirəm. Kitab haqqında danışır. Foyeyə boylanıb Xalq yazıçılarının və Xalq şairlərinin rəsmləri asılan lövhənin qarşısında dayanıb şəkillərə baxıram.

İsa Muğannanın rəsmi asta səslə:

- Bir nəfər lazımdı ki, “İdeal”ı redaktə eləsin…

- Ustad, ömrünüzün sonuna kimi o romanı redaktə elədiniz də. Neynirsiniz?

- Yox, əl gəzdirmək lazımdı. Məni oxumusan?

- Əlbəttə!

- Səncə, “Məhşər”in birinci cümləsi necə idi?

- Ustad, əlli ildi o cümlənin mübahisəsi gedir, siz allah, məni də qatmayın.

- Sən bəyənmisən, ya yox?

- Mən bəyənənlərdənəm.

- Afərin!

Yusif Səmədoğlunun sualı bir az kədərli olur:

- “Qətl günü” hələ də ən yaxşı romandı?

- Bəli!

- Təəssüf!

Нет описания.

Foyedən sol tərəfə uzanan səssiz dəhlizi görüb bir mərtəbə yuxarıdakı dərgilərin adlarını çəkirəm. Yəqin o jurnalların otaqlarında da beləcə sakitlikdi. Reportajdan əlimi üzüb düşürəm aşağı. İlqar Fəhminin otağı yenə bağlıdır. 2016-dan bu binaya gəlib-gedirəm. Həmişə otağa girib əruzdan söhbət etmək istəyirəm, həmişə də qapı bağlı olur. Bu qeydi də bir kənara yazıb, çıxışa tərəf gedəndə gözüm yaşlı bir nurani kişiyə ilişir. AYB-nin bir növ “resepşn”ıdır. Qapıdan girən ondan xəbər alır:

- Rəşad Məcid gəlib?

- Anar müəllim otağındadır?

- Tədbir bitməyib?

- Üzvlük üçün hara yaxınlaşım?

Bu yaşlı baba da səbrlə bir-bir hamının suallarına cavab verir. İndi mənim sıramdı:

- Baba, adın nədir?

- Araz.

- Neçə ildi burda işləyirsən?

- 40 il.

- Sən kimsən? – yanında dayanan ortayaşlı bir kişi məndən soruşur.

- Jurnalist. AYB-dən reportaj hazırlayıram. Araz baba ilə müsahibə edəcəm (40 il burada işlədiyini biləndən sonra yekun qərarı vermişdim, həm də baş redaktor komissiyasının da xoşuna gələcəkdi və mən tez-tez icazə ala biləcəkdim).

- Hansı qəzetdən gəlmisən? – hələ də Araz babanın yanında duran adamdan qurtula bilməmişəm.

- Kulis.az saytından…

- Ayxan Ayvazla işləyirsən? Məndən ona çoxlu salam de. Atasıyla bərk dost olmuşam.

- Deyərəm. Əleykümə salam. – Amma adamın nə adını öyrənirəm, nə də kim olduğunu. Ayxan, həmin o naməlum adam sənə salam deyir, atanla da bərk dost olub, bizi də oxuyur.

Araz baba ilə söhbətə girişib, müsahibə xəyallarımın ardınca yol alıram.

- Baba, bəlkə bir müsahibə alım səndən?

- Korona olmuşdum, yenicə sağalmışam. Halım yoxdu, başqa vaxtı mütləq edərik.

- Allah şəfa versin! Ağlına maraqlı heç nə gəlmir?

- 40 ildi burda işləyirəm, bundan maraqlı nə olsun? (gülür)

- Düzdü. Kimlərin sədrliyi vaxtında olmusan?

- Mirzə İbrahimov, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, indi də Anar.

- Səncə, Anardan sonra kim olacaq?

- Mən istəyərdim, Çingiz Abdullayev olsun. Onu bütün dünya tanıyır. Ona görə bəlkə bizim yazarları da tanıyalar…

- Neçə yaşın var, baba?

- 85.

- Allah ömür versin. Nələr yadına düşür?

- Çox şey xatirəmdədir. Amma xəstəlik məndə hal qoymayıb. Sağ olsun, Anar müəllim, mənə çox kömək edib.

- Nə edib, məsələn?

- O vaxt qərar çıxdı ki, təqaüdə çıxanlar işləyə bilməz. Anar müəllim məni burda saxladı.. Çingiz də, Anar da mən xəstə olanda xəstəxanaya yerləşdirilməyimdən tutmuş dərmanlarıma qədər hər şeyə kömək elədilər. Anar burda bəlkə də ən çox məni çox istəyir.

- Gör neçə ildi burda işləyirsiniz?! Doğmasınız da

- Həə, 40 ildi burdayam, hələ o qapını örtüb gedən adam görməmişəm, sən canı, ört o qapını!

- Baş üstə! – deyib qapını örtürəm. Pilləkənlərdən Pərvinlə Sabir Rüstəmxanlının səsi gəlir. Özləri də gəlib keçirlər. Belə başa düşürəm ki, tədbir bitib. Yəqin bir azdan Vüqar xəbəri Kulis-də verəcək. Saat 3-ə qədər də vaxtım var. Gecikmədən sualları nişan alıram.

- Baba, kimin üçün darıxırsan burda?

- İsmayıl (İsmayıl Şıxlı) yaxşı kişi idi. Onunla söhbətim tuturdu.

- Heç məclislərə çağırırdılar sizi?

- Mən onlarla nə danışım? Savadım sən deyən elə yoxdu. Ona görə, çalışırdım arada pərdə saxlayım.

Нет описания.

Bu vaxt yanımızdan bir xanım keçib gedir. Baba onu çağırsa da, məhəl qoymur, tələsik pilləkənlərə qaçır.

- Belələrini o qədər görmüşəm ki?

- Neynir ki, belələri?

- Bir dəfə bir kişi səssiz-səmirsiz keçdi getdi. Dedim, yəqin şairdi. Sonra məlum oldu ki, katiblərdən birinin paltosunun atıb çiyninə çıxıb gedib, paltonun da ciblərində pul.

- Bəs nə oldu?

- Heç nə o gedən getdi. 40 ildi onu gözləyirəm (gülür).

- Kim idi katib?

- Yadımdan çıxıb. Düşsə də deməyəcəm, siz jurnalistlər bir az “apasnı” adamlarsınız (gülür).

- Baba, mən özüm də AYB üzvü olacam, narahat olma!

- Yenə də deməyim. Ehtiyat igidin yaraşığıdır.

Ayxana salam göndərən o kişi yel kimi keçib gedir. Qaçaraqda yenə Ayxana salam deyir. Mütləq çatdırmağım üçün iki-üç dəfə təkrar edir. Ayxan, o kişi sənə üç-dörd dəfə salam dedi, üç-dörd dəfə də atanla bərk dost olduğunu dedi, bizi də oxuyur.

- Hə, baba. Maşınlar da sənlikdi, hə?

- Yox, onlara ayrı adam baxır.

- Yazarlar necə park edirlər?

- Onsuz da hamısının şoferi var. Bir dəfə Çingiz Abdullayevin

şoferi yuxulamışdı. Bir-iki dəfə də yuxulasaydı maşında, Allah eləməsin, nələr olacaqdı.

- Siz oxuyursunuz heç bizim yazarları?

- Yox, mən əvvəllər Mirzə İbrahimovu oxuyurdum, indi marağım qalmayıb. Oxumuram heç birini. Həftədə də iki-üç dəfə gəlib-gedirəm. Mənim yaşım o yaş deyil daha.

Sonra telefonunda yazarlarla şəkillərini göstərib məndən onları tanıyıb-tanımadığımı həvəslə soruşur. Öz gənclik şəkilləri ilə fəxr edir. İdmançı olub, əsgərlikdə də seçilib. Babadan geniş bir müsahibə sözünü alıb binadan çıxıram. Reportajın əvvəlindəki dayı, eee, şair içəri tələsir.

- Nolub, dayı…şair?

- Gedim görüm məni üzv seçdilər, ya yox.

# 3061 dəfə oxunub

Müəllifin son yazıları

# # #