Tənbəllik istedadın düşmənidir - Rəşad Məcid

Rəşad Məcid, yazıçı

Rəşad Məcid, yazıçı

3 oktyabr 2023
# 15:23

Kulis.az Rəşad Məcidin status-esselərini təqdim edir.

Prezident İlham Əliyevin müraciətində Qarabağdakı sadə ermənilərə ünvanlanan fikirlər humanistliyi və mərhəmətliliyi ilə seçilir.

"Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər" - deyən Müzəffər Ali Baş Komandanın fikirləri sadə ermənilərə də, uzun illər onların beynini zəhərləyən "siyasətçilərə" də görk olmalıdır. Zəhərlənmiş beyinlərini arıtlayıb Prezidentin müraciətini diqqətlə təhlil etməli, soyuq ağılla düşünməli və soyuqqanlı qərar verməlidirlər.

"İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.

Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir.

Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".

lll

Tarixi şərait təsadüfən, öz-özünə yaranmır. Bu şəraiti dahi siyasətçilər, nəyi nə zaman, necə etməli olduğunu dəqiq bilən böyük liderlər yetişdirirlər. Addım-addım, səbrlə, qətiyyətlə, əzmlə...

Bugünkü tarixi şərait də Azərbaycanın böyük liderlərinin - Ulu öndər Heydər Əliyevin başlatdığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi düzgün, inamlı, əzmkar siyasətin sayəsində mümkün olub.

lll

Minnətdarlıq

Doğum günü münasibətilə məni təbrik yağışına tutan bütün insanlara hədsiz təşəkkürümü bildirirəm.

Hamıya bir-bir cavab vermək imkanım olmadığından daha çox texnologiyanın gətirdiyi işarələrdən bəhrələnməli oldum. Üzrlü sayın.

Sözü hiss edən, istedadlı, səmimi fikri "yeddi hasar o yandan" duyan adam kimi ürəkdən gələn təbriklərdən təsirləndim.

Amma düşündürücü məqamlar da oldu.

Belə bir deyim var: "Balığı at dəryaya, balıq bilməsə də, Xalıq biləcək". Başqa bir fəlsəfi düşüncə isə buna qarşı çıxır: "Əgər sən Xaliqin biləcəyini düşünürsənsə, qeyri-səmimisən, mənfəət və minnətdarlıq güdürsən". Təbrik yazanların arasında unutduğum hadisələri yada salanlar da oldu. Mən bu hadisələrin çoxuna adi hal kimi baxmışam. Həyat normam belə olub, nəyisə minnətdarlığa görə etməmişəm. Amma insanların bunları yadda saxlayıb, uzun illərdən sonra xatırlatmaları, minnətdarlıq bildirmələri düşündürücü və təsirləndirici idi.

Zamanın böyük sürətlə, çaparaq ötüb keçdiyi, insan ömrünün az qala hər gününün, hər saatının qəlibləşdiyi bir dövrdə təsirlənmək, duyğulanmaq kimi mübhəm hisslərin itib-batmaması, diri qalması çox önəmlidir.

Bu hissləri haçansa yaşamaq istəyirsinizsə, yaxşılıq etməkdən yorulmayın və etdiyiniz yaxşılıqları unudun. Belə daha rahatdır.

Təbriklərinizə, isti, səmimi sözlərinizə, xoş arzularınıza görə bir daha hər birinizə təşəkkür edirəm.

lll

Voleybolçu qızlarımıza əhsən!

Həm yaxşı oynayırlar, həm də xoş və pozitivdirlər.

Bu gün Avropa çempionatının qrup mərhələsində güclü Almaniya yığmasına məğlub olsalar da, yaxşı müqavimət göstərdilər. Dünən isə Çexiya millisinə 3:0 hesabıyla qalib gəlmişdilər. Sabah da Türkiyə yığmasıyla qarşılacaqlar. Maraqlı oyun olacaq.

Voleybolun futbol qədər geniş tamaşaçısı olmasa da, yaxşı oyun və pozitiv heyət rəğbət oyadır. Voleybol üzrə qadınlardan ibarət yığmamızın yeni məşqçisinin adı da, özü də xarizmatikdir: Ataman Güneyliğil!

Yığmamıza uğurlar arzulayırıq. İnanırıq ki, çempionatın sonrakı oyunlarında daha da şövqlə və inamla oynayacaqlar. Belə olacaqsa, uğur da qazanılacaq, tamaşaçı da artacaq.

lll

Feysbukda insanları bezdirirlər. Çingiz Abdullayev səmimi təbrik yazıb. O, rusdilli olduğuna görə Azərbaycan dilində yazanda səhvlərə yol verir. Biz ona demişik ki, bu tipli statuslar yazanda azərbaycanlı köməkçilərindən biri oxusun. Bu təbriki lağlağıya çevirmək bəzi feysbuk istifadəçilərinin səviyyəsini göstərir. Feysbukda çox adam səhv buraxır. Mən səhvsiz yazmağa çalışıram. Amma korrektura səhvindən heç kim sığortalanmayıb. Bəzi adamlar dünənə qədər "ə" əvəzinə "e" yazırdılar. O qədər ciddi adamlar var ki, "da, də"ni harada ayrı, harada bitişik yazacaqlarını bilmirlər. "Grammar Azi" səhifəsi var. Mən onu çox bəyənirəm. Hətta məmurların səhvi olanda belə irad tutur. Belə qınaqlar feysbuku arıtlayacaq, istifadəçilərin daha təmiz yazmasına gətirib çıxaracaq. Amma belə məqamlardan istifadə edən fürsətcillərin hörmətli adamları məsxərəyə qoyması, dəyərləri hörmətdən salmağa çalışması düzgün deyil.

lll

Sosial şəbəkələrdən ədalət, mərhəmət, ağıl, məsuliyyət ummağa dəyməz. Təklikdə götürəndə bəlkə çoxlarında bu keyfiyyətlər var. Amma xora qoşulanda bəzən yoxa çıxır. Çalışın özünüz olun həmişə: ədalətli, mərhəmətli, ağıllı, məsuliyyətli və soyuqqanlı.

lll

Tənbəllik istedadın qənimidir...

lll

Ana dilində yaxşı danışmaq, səlis yazmaq üçün uşaqlıqdan şeir əzbərləmək və bədii ədəbiyyat oxumaq lazımdır...

Elm və təhsil naziri Emin Əmrullayevin bu gün Bakı Təhsil işçilərinin sentyabr konfransındakı çıxışını diqqətlə dinlədim. Nazir, həmişəki kimi, təhsilimizdəki köklü problemlərə toxundu və onların həlli yollarından danışdı. Nikbinliyə və ümidə əsas verən məqamlar yox deyil. Amma yeni texnologiyaların gətirdiyi üstünlüklərlə bərabər, yaratdığı problemlər də var.

Bir neçə il qabaq ali məktəblərin birində eşidəndə ki, 700-ə yaxın bal toplayan tələbə əlyazısı ilə ərizə yaza bilməyib, heyrətlənmişdim. Özünü də belə müdafiə edib ki, axı əlyazısı heç vaxt gərəyim olmayıb.

İndi nazir çıxışında orta məktəb məzunlarının öz düşüncələrini ana dilində çatdıra bilmədiklərini deyəndə mən də gənclərlə görüşdə tez-tez təkrarladığım, onlara təlqin etməyə çalışdığım fikirləri - şeir əzbərləməyin, bədii ədəbiyyat oxumağın vacibliyi barədə söylədiklərimi bir daha xatırladım...

lll

1992-ci ildə qəhrəman tankçımız Albert Aqarunovun Şuşa yolunda vurduğu tankı ermənilərin həmin yolda "abidə"yə çevirib postament üzərinə qoymaları və onun 30 ildən bəri orada qalması ürəyimizdə vaxtaşırı qövr edən bir yara açmışdı. İndi həmin bədnam "abidə"nin sökülüb oradan götürülməsini əks etdirən kadrlar qəlbimizə su səpdi, yaramıza məlhəm oldu. Həm də bu kadrlar mənə bir vaxt işğalçı sovet canişinlərindən Kirovun Dağüstü parkdakı nəhəng heykəlinin sökülməsini xatırlatdı. Kirovun heykəlinin sökülməsi milli oyanışımızın təzahürü kimi sovet rejimi və kommunist epoxasının sonundan xəbər verirdi. Bu mənfur tankın Xankəndi-Şuşa yolundan götürülməsi isə bir başqa ağır epoxanın - erməni separatizminin, işğalın, qanlı münaqişə dövrünün bitməsinin, suverenliyimizin tam bərpasının göstəricisi olsun.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

# # #