Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri

Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri
27 dekabr 2025
# 15:00

Bu gün tanınmış rus şair Osip Mandelştamın doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini Afaq Şıxlının tərcüməsində təqdim edir.

***

Zərif bir axşamdır… Alaqaranlıq…

Çırpınan ləpələr yorur dənizi.

İslaq külək əsib hərdən bir anlıq

Duzlu bir örpəyə bürüyür bizi.

İşıqlar qaralır, qarışır aləm,

Dalğalar sahili meyxoş eyləyir…

Yersiz sevinc kimi səbəbsiz bu qəm

Ağır bir yük olub qəddimi əyir.

Gəzir qulağımda dəniz nəfəsi,

Hava da məst edir, gecə də qara…

Mahnı sədaları, musiqi səsi

Sanki layla çalır yorulanlara…

***

Ay gecə! Nəyinə gərəyəm ki, mən?..

Mən ki, həsrətlərə hədəf kimiyəm.

Bəyaz mirvarisi çıxmış əlindən,

Sahilə atılmış sədəf kimiyəm.

Sən ilham alarkən gur ləpələrdən

Duymaq istəməzsən söz-söhbətimi.

Amma ki, salarsan yadına birdən,

Lazımsız bildiyin məhəbbətimi.

Uzanıb yanımda qumlar üstünə,

Əynimə nəvaziş geyindirərsən.

Bunca ayrılığın durub qəsdinə,

Könlümü doyunca sevindirərsən.

Atılmış sədəfin səni bağışlar,

Sevgi nəğməsini oxuyar sular.

Dənizlə, şəfəqlə, mehlə, yağışla

Kimsəsiz qəlb evim isinər, dolar.

***

Bu acı soyuqda titrəyirəm mən,

Dilim də tutulub, açılmır keyim.

Göylər hakimisə – qızıl şəhzadəm

Mənə hökm eləyirnəğmələr deyim.

Aşıq ol, həsrət çək, yazıq nəğməkar!

Ağla ki, bu aləm duysun səsini!

Tutub əllərində, özünlə apar

Bu tənha, atılmış yer kürəsini.

…Demək belə imiş həqiqi hisslər –

Sirli kainatla ürək sazişi!

Ruhunu göynədib bəlkə təmizlər?

Kimə bəllidir ki, talenin işi!


Görəsən nə olar sapıb yolundan

Alışan ulduz da üşüsə birdən?

Paslı bir iynə tək batsa qoluma,

Duysam biganəlik təmasını mən…


***

Neyləyim, ilahi, bu canı axı?

Bu qədər tənhadır, bu qədər yaxın…

Nəfəsim, sevincim, həyəcanım var,

Sakit həyatıma kimdi səbəbkar?

Özüm həm çiçəyəm, həm də ki, bağban,

Mənə bənzərlərə bu dünya – zindan.

Sözlərim iz salıb… boylanmışam mən

Ömrün əbədiyyət pəncərəsindən.


Yollarım- izlərim bəlkə az olub…

Hər şey vaxt ötdükcə tanınmaz olub…

Lakin illər ötsə, unutsa hər kəs,

Vurduğum naxışlar silinə bilməz!

***

Mətbəxdə oturaq gözlərdən uzaq,

Neft ətri qoxuyan gecəyə baxaq.

Masanın üstündə bıçaq və çörək…

İstəsən ocağı yandır, isinək.

Ya da kəndir gətir, səbət toxuyaq,

Sübhədək gizlicə nəğmə oxuyaq.

Minək bir qatara, itirək izi,

Heç zaman heç kimsə tapmasın bizi…


***

Duyuldu ahəstə, zərifcə bir səs,

Meşə sükutunu pozdu bu gecə;

Heç bir şey gözlərdən saxlana bilməz –

Bir bəhər dərmişdi kimsə gizlicə…

***

Bənizin

incədən incədir sənin,

Əllərin

Bəyazdan bəyazdır!

Əfsus,

Övladı deyilsən

Sən bu aləmin,

Səndə hər nə varsa –

Göylərə məxsus!

Göylərə məxsusdur

Şux barmaqların,

Giley-güzarının

Şirinliyi də.

O asta,

Mehriban

Danışıqların,

Gözəl gözlərinin

Dərinliyi də…

***

Nağıl kitabları oxuyub yenə,

Məsum xəyalları yığıb başıma,

Son qoya biləydim qəm yaddaşıma,

Dərdimi yollayıb dünənki günə.

Bu həyat yamanca bezdirib məni…

Heç nə də ummuram daha ömürdən!

Lakin dönmür ürək doğduğu yerdən,

Sevməyə bilmirəm doğma vətəni!

Salıncaq qurduğum o hüzünlü bağ –

Qəm-qüssəm olmayan qayğısız yerim…

…Yəqin sayıqlayır düşüncələrim

Küknarlar altında, hamıdan uzaq…

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

"Gözlərimlə eşidirəm ölüləri..." - İspan şairdən sonet

13:00 8 sentyabr 2026
Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

15:20 7 sentyabr 2026
"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

13:30 6 sentyabr 2026
Unut məni, aldat məni, at məni - Məmməd Araz

Unut məni, aldat məni, at məni - Məmməd Araz

14:10 5 sentyabr 2026
"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

12:30 4 sentyabr 2026
"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

17:00 2 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər