Dodaqlarımı da apar özünlə - Tural Turanın yeni şeirləri

Dodaqlarımı da apar özünlə - Tural Turanın yeni şeirləri
13 dekabr 2022
# 17:00

Kulis.az Tural Turanın yeni şeirlərini təqdim edir.

***

Bu gecə yuxuda gördüm Tanrını;
Əlləri soyuqdu, üzü soyuqdu.
Əlindən salmışdı budaqlarını,
Yarpağı tökülən dizi soyuqdu...

Bu gecə yuxuda görmüşəm onu,
Yaman narazıydı öz yazısından...
Mənə də danışdı son yuxusunu:
- Özümü bu gecə asdım uzaqdan...

Bu gecə yuxuda gördüm duamı,
Tanrının önündə boynubükükdü.
Soyuq əlləri ilə döydü yaxamı,
Mənim tək üst-başı sökük-sökükdü...


Müharibə uşaqları

...Gülüşlər əl açıb dilənirdi,
ağaclar kölgəsini döyürdü bu cığırlarda.
Bütün yolların qan qrupu mənfi dörd;
əlini üzürdü gözləri yol çəkənlərdən...

Biz atalarımızı gözlədikcə,
yollar da qan itirdi,
pəncərə yanaqlarında...

Uşaqlarsa, qurban kəsdi təbəssümlərini
qapılarını gecə yarı döyən
Tanrı qonağı gilizlərə...

Günəş doğmamış körpə gülüşlərinin
"qara kağız"ını gətirdi
üzü yamşaqlı dan yeri.

...İllər keçdi beləcə,
yollar keçdi beləcə…

Yollar yetim qaldı ləpirsiz, izsiz;
Yollar da ayaqyalın qaldı...
Yollar da yetim qaldı müharibədən sonra,
qapıları çəkmə-çəkmə döyülmədi.

Sonralar anladım ki,
əslində
bütün addım səsləri
doğmalarıdı kimsəsizlərin.
Biz böyüdük, yollarsa böyümədi!


***


Getmə, uzaqlar da qayıdır,
getmə, yetim qoyma ayaq izini.
Getsən nəbzi dayanar göy üzünün,
getsən, özünlə apar alın yazımı...

Getmə, oktyabr ayıdı;
Getmə,
güllələmə payızın saralan yanaqlarını,
dar ağacına çəkmə cümə günlərini...

...Getsən, dodaqlarımı da apar özünlə,
Dola boynuna şərf kimi,
üşütməsin göz yaşımın soyuğu.

Heç olmasa, indi getmə,
cığırlar yuxuludu,
küçələr uyuyur.
Getmə, əynini dəyişir,
birdən utanar dan yeri.
Getmə,
bütün dualar gözümdən düşür.

***


Bir qatar səsinə qoşulub qaçır,
Qaçır göy üzünün boz ağrıları.
Sonuncu vaqona doluşub qaçır,
Kişi taleyinin qız ağrıları...

Qaçır ümidlərin sonuncu rəngi,
Qaçır payızın da körpə baxışı...
Bütün gülüşlərin yanağı gərgin,
Bütün yanaqlarda bulud naxışı...

Qaçdılar... boyunda bir ölüm ipi,
Vurulub qaçdılar səsin rənginə...
Görsəz salam deyin kilsə zənginə,
Azən səsinin də üzündən öpün...

# 6544 dəfə oxunub

Oxşar xəbərlər

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

Kor qalıb verərdim gözümü sənə - Günün şeiri

16:33 26 oktyabr 2026
"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

"Ürək çoxkameralı yaşayış yeridir..." - Trevor Coysdan avanqard şeirlər

15:30 26 oktyabr 2026
"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

"Günün qürubunda adımı çağırma..." - Serb şairdən "Serenada"

14:00 26 oktyabr 2026
"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

"Tənha həyatım məni səhra kimi dövrələyir..." - Enn Karsonun şeirləri

14:00 25 oktyabr 2026
"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

"Bivəfasən, mələk olsan belə uymam daha, get!" - Hüseyn Cavidin sevgi şeirləri

13:00 24 oktyabr 2026
“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

“Əhdin var, arzun var, qoyma ölməsin…” - Gülxani Pənahın şeirləri

16:23 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər