Kitab sərgisi

Tərcüməçilərin və yazarların qonorar etirazı - Nəşriyyatlar niyə bu problemi həll etmir?

Tərcüməçilərin və yazarların qonorar etirazı - Nəşriyyatlar niyə bu problemi həll etmir?
24 sentyabr 2025
# 15:10

Kulis.az Orxan Həsəninin "Tərcümə məsələsi" yazısını təqdim edir.

Tərcüməçi təkcə mətni bir dildən başqasına çevirən texniki işçi deyil, müəllifin duyğularını, düşüncə tərzini, həyata baxışını dilin imkanları ilə yenidən ifadə eləyən yaradıcı şəxsdir.

Hər tərcümə mədəniyyətlərarası körpüdür.

Ancaq bu körpünün memarları Azərbaycanda çox vaxt zəhmətlərinin qarşılığını almırlar.

Bu mövzuda ən ciddi problem qonorarların gecikdirilməsi və bəzən ümumiyyətlə, ödənilməməsidir.

Şair Qismət Rüstəmov bu barədə öz sosial şəbəkə hesabında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu ittiham edib, səkkiz aydır qonorarını ala bilmədiyini yazıb.

Əslində, dünyada bu sahədə oturuşmuş təcrübələr var.

Məsələn, Almaniyada tərcüməçilərin qonorarları dövlət tərəfindən müəyyənləşdirilən tariflər əsasında hesablanır. Qanunvericilik naşiri öhdəliklərini vaxtında yerinə yetirməyə məcbur edir.

Fransada tərcüməçilər peşəkar birliklər ətrafında toplaşaraq, həm qonorarların məbləği, həm də ödənişin vaxtı ilə bağlı kollektiv şəkildə müqavilələr imzalayırlar.

ABŞ-da tərcüməçi ilə naşir arasında yazılı müqavilə mütləqdir. Buna görə hər hansı gecikmə hüquqi məsuliyyət yaradır.

Yaponiyada isə tərcüməçi müəlliflə bərabərhüquqlu yaradıcı tərəf hesab olunur.

Bu nümunələr göstərir ki, məsələ yalnız bazarın vəziyyətindən asılı deyil, həm də mədəniyyətə və əməyə münasibətdən qaynaqlanır.

Təəssüf ki, Azərbaycanda nəşriyyatların bir qismi maliyyə sıxıntılarını, kitab bazarının zəifliyini və satış çətinliklərini bəhanə gətirərək tərcüməçilərin haqqını ya aylarla gecikdirir, ya da tam ödəməkdən yayınır.

Amma unudurlar ki, həmin kitabın oxucuya çatması üçün ilk növbədə tərcüməçi gecə-gündüz zəhmət çəkib.

Tərcümə prosesi çox vaxt aylarla davam edir, müəllifin üslubunu, ab-havasını qorumaq üçün böyük zehni enerji sərf olunur.

Nəticədə, tərcüməçi işə həm fiziki, həm də mənəvi sərmayə qoyur, lakin qarşılığında haqqını ala bilmir.

Qonorarların gecikməsi təkcə maddi zərər deyil, həm də mənəvi travmadır.

Niyə?

Ona görə ki, tərcüməçi işinə inamını itirir, gələcəkdə belə layihələrə maraq göstərmir. Keyfiyyətli kadrlar başqa sahələrə üz tutmağa başlayır. Nəticədə, ölkədə peşəkar tərcüməçi qıtlığı yaranır, kitab bazarında keyfiyyətli nəşrlərin sayı azalır.

Dünyada tətbiq edilən mexanizmlərə diqqət yetirsək, üç əsas yol görünür:

Birinci növbədə müqavilənin imzalanması. Hər bir tərcümə işi yazılı müqavilə ilə təsdiqlənməlidir. Müqavilədə qonorarın dəqiq məbləği və ödənişin vaxtı göstərilməlidir. Bu, həm tərcüməçini, həm də naşiri hüquqi məsuliyyət altına salacaq.

İkinci növbədə peşəkar birliklər. Tərcüməçilərin assosiasiyaları onların hüquqlarını qorumaq üçün mühüm vasitədir. Məsələn, Fransada bu birliklər naşirlərlə kollektiv danışıqlar aparır, tərcüməçilərin qonorarlarının minimum həddini müəyyənləşdirir.

Nəhayət, üçüncü növbədə dövlət tənzimləməsi. Bir çox ölkələrin qanunvericiliyində tərcüməçilərin əməyinin qiymətləndirilməsi ilə bağlı konkret maddələr var. Naşir ödənişi gecikdirsə, cərimələnir. Bu tərcüməçinin hüquqlarının təminatına çevrilir.

Azərbaycan üçün də bu yollar aktualdır. İlk növbədə, tərcüməçilərin peşəkar birliklər şəklində təşkilatlanması vacibdir.

Bu birliklər həm hüquqi dəstək verə bilər, həm də kollektiv müqavilələr vasitəsilə naşirlərə qarşı təsir gücünü artırar.

İkinci vacib məsələ qanunvericiliyin təkmilləşdirilməsidir. Hazırda qonorarların ödənilməsi ilə bağlı dəqiq mexanizmlər yoxdur. Halbuki, tərcüməçilərin hüquqlarını qoruyan ayrıca maddələrin qanunlarda əks olunması zəruridir.

Üçüncü, dövlət qurumları və mədəniyyət institutları tərcümə işini strateji sahə kimi dəyərləndirməlidir.

Çünki tərcümə təkcə kitab deyil, həm də Azərbaycanın dünyaya açılan qapısıdır.

Tərcüməçi olmadan dünya ədəbiyyatı oxucuya çata bilməz. Tərcüməçi millətin dünyaya çıxış biletidir.

Əgər bu bileti dəyərsizləşdiririksə, özümüzü dünyadan təcrid edirik.

Çıxış yolu isə aydındır; naşirlər məsuliyyətli davranmalı, tərcüməçilər birlik şəklində təşkilatlanmalı, dövlət isə bu əmək münasibətlərini qanunvericiliklə dəstəkləməlidir.

Deyəcəklərim bu qədər.

# 330 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər