O roman çox "primitiv"dir

Nihat Pir, yazıçı

Nihat Pir, yazıçı

9 iyul 2022
# 14:40

Kulis.az Nihat Pirin “Orxanın qeyri-səmimi tənqidi və ya yarımçıq roman haqqında qeydlər” yazısını təqdim edir.

Əslində, Ayxanın “Pəncərəsiz” romanı haqqında yazmaq fikrim var idi, sadəcə romanı heç cür başa çıxa bilmirəm deyə, naçar durumda qalmışdım. Dostumuz Orxan Həsəninin bugünkü tənqid adı ilə vurduğu bəy tərifindən sonra isə dözə bilmədim, yazmaq məcburiyyətini hiss elədim.

Birinci növbədə, hər iki dostumuzun məndən inciməməsini diləyib qeyd eləməkdə fayda bilirəm ki, Ayxan və intihar, Ayxanın intihar mövzusu, Ayxanın intihardan yazması kimi arqumentləri özündə ehtiva edən ifadə və cümlələr artıq itici gəlir. Yorucudur. Bezdiricidir. Dövrünü başa vurmuş ifadələrdir. Bu söhbətin ümumiyyətlə sözügedən romanın yazılma səbəbi kimi göstərilməsi və yaxud da təsiri məsələsi, fikrimcə, tamamilə absurddur. Məncə, müəllif özü də razılaşar (razılaşmalıdır) ki, o söhbətin bu söhbətlə zərrə qədər də əlaqəsi yoxdur. Nə də ki, sözügedən roman Ayxanı heç bir əzabdan qurtarmaq gücündə deyil. Ona görə yox ki, roman zəifdir, ona görə ki, tamamilə, əlaqəsiz şeylərdir.

Orxanın abzaslarından biri bu cümlə ilə başlayır: Fırtına kimi başlayan romanın ilk hissələri oxucunu tikan üstündə saxlayır və diqqətinə maraq toxumları səpir.

Maraqlıdır, “fırtına kimi başlayan roman” bizim danışdığımız romandırmı? Elədirsə, onda əzizi-mən Orxandan bir daha rica edirəm, məndən inciməsin, amma bu ifadə Orxanın ədəbi-bədii görüşünə və mütaliəsinə yaraşmır. Nədən ki, “Pəncərəsiz” romanı şəxsən məni bir oxucu kimi elə ilk cümlələrindən itələyir. Burada fırtına bir yana, oxunaqlılıq deyə bir şey də yoxdur. Hadisələr toz-duman içindədir. Əhvalatlar, mərkəzi obrazından dondan-dona girməsi, tələbə yoldaşları ilə dialoqları və s. çox “primitiv” təsir bağışlayır. Ən əsası isə, romanda həyəcan yoxdur, atmosfer duyulmur.

Orxan sözügedən abzasında davam edir: Təhkiyəçi Mahir İsa ilə kafedə söhbətləşirlər (Delikates). Səhnə açılır və bənzərsiz nəsrin toruna düşürük.

Lap başdan vermək istədiyim və hələ də boğazımda düyünlənib qalan sualı məhz indi vermək istəyirəm: ümumiyyətlə Delikates niyə bir roman üçün məkan olsun? Qəbul edirəm ki, verdiyim sualın özü də mənasız sualdır. Amma və lakin axı bu gün – 21-ci əsrin başlanğıcında ciddi roman və mətn iddiası edən yazıçının sırf oranı romanı üçün məkan seçməsi şəxsən mənə gülməli gəlir. Başadüşüləndir ki, yazıçı-şair mühitinin illərdir ki, ora ilə bağlı xatirələri, bitib-tükınməyən mözvuları var. Şəxsən mən oradan reportaj belə yazmışam, amma roman o deyil axı...

İkincisi, əzizi-mən Orxan “bənzərsiz nəsrin toruna düşmək” deyəndə konkret olaraq nəyi və yaxud da haranı nəzərdə tutur, anlamaqda acizəm. Söhbət əgər Ayxanın nəsr dilindən gedirsə, birmənalı olaraq, bu romanın dili qüsurludur. Ayxan reportaj və hekayələrindəki, hətta köşələrindəki qədər sərbəst deyil. Bu onun məsuliyyətindən irəli gələ bilər, aydındır, amma bu şəkildə bəy tərifi nəyə lazımdır?

Üstəlik, roman, demək olar ki, redaktə olunmayıb – korrektədən danışmaq istəmirəm, çünki bu qüsur bir az müzakirəyə açıqdır – həddən ziyadə mənasız, yerində işlənməyən və qüsurlu cümlə və ifadələr var. Təqribi də olsa, xatırladığım bir cümləni yazıram: "İndi isə nə ondan xəbər-ətər var, nə də harda olmağı haqqında heç bir fikrim".

Belə bir cümlə olan kitab haqqında “redaktə olunub” yazmaq, ən azından, günahdır.

Orxan davam edir: Təhkiyəçi İsanın qrup yoldaşı Mahirdir. Mahir yazıçı olmaq istəyir. Romanda əsasən üç obrazı görə bilirik:

Mərkəzdə dayana İsa

Hadisələri nəql edən, İsanın xarakterini açmağa çalışan Mahir

İsa haqqında müxtəlif hadisələr uyduran, onu bir mənada mifləşdirməyə çalışan digər qrup yoldaşları.

Bu üç obraz aydındır, amma burada mənim dayanmaq istədiyim məsələ qrup yoldaşları və onların zaman-zaman uydurğu və müəllifin romana, onun gedişinə rəng qatmağa, bir az da mərkəzi obrazının xarakterinin qarmaqarışqlığına işarə vurmağa çalışıdığı uydurma hekayələrdir. Sırf bu hissədə Ayxanın su üzündə qalan bir qüsuru hiss olunur: yumor hissi. Bəli, bəli, yumor. Bir müəllifdə olması mütləq şəkildə gərəkən nəsnə – yumor. Ayxanın, təəssüf ki, mətnsəl (Azərbaycan dilində belə bir söz yoxdur, amma, fikrimcə, indiki durumda bu sözü hamı başa düşür) yumoru yoxdur. Ayxan obrazların dilindən elədiyi zarafatları çox bayağı və bir az da mənasız formada edir. Bu isə sözügedən uydurma hekayələrdə həddən artıq nəzərə çarpır, az qala, yamaq təsiri bağışlayır.

Ümumiyyətlə, həmin uydurma hekayələr hər nə qədər müəllifin obrazının xarakterini açmağa xidmət etmək üçün həmləsidirsə, bir o qədər də bitkinlikdən və məzmun olma potensialından uzaqdır. Bir növ, çaşdırıcıdır, bir az da yorucu. Orxanın tənqidində nadir razılaşdığım məqamlardan biri də məhz buradadır: ...əhvalatların tələbələrin fantaziyasından çıxması uğurlu fənd deyildi. Beləliklə, əhvalatların tələbələrin fantaziyasından çıxması ümumi atmosferi dar, hətta qapalı saxladı. Bir-birini əvəzləyən əhvalatlar davamlı hərəkətin qarşısına çəpər çəkdi. Romanın geniş, əhatəli aləmi gözlərini qapadı.

Bəli! Tamamilə!

Romanın və elə yazının bundan sonrakı hissəsi haqqında isə yazmaq istəmirəm. Çünki oxuyub başa çıxa bilməmişəm. Amma, istənilən halda, Orxan Həsəni bu romanı – Ayxan Ayvazın romanını – bu formada “tənqid” etməməli idi. Ayxanın istedadı və gözləntilərimiz onu sırf bu romana görə daha sərt və hətta amansız formada tənqid etməyə layiq qılır.

Hansı ki bu, müəllifi gözümçıxdıya salmaq deyil, bu oxucunun, Ayxanı tanıyan qələmdaşların ona inamıdır.

Mən Ayxana hələ də inanıram.

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #