Şahbaz bəy, beni üzüyorsunuz

Şahbaz Xuduoğlu, Nihat Pir

Şahbaz Xuduoğlu, Nihat Pir

17 fevral 2023
# 15:00

Kulis.az Nihat Pirin yazısını təqdim edir.

Hansı dildə deyil, nə barədə yazıb-oxumaq önəmlidir.
(Əbu Turxan)

Son iki həftə ərzində xüsusilə Türkiyədə baş verənlərdən dolayı, özümü heç nəyə, heç bir gündəmə fikir bildirmək iqtidarında hiss etmirəm. Di gəl, Azərbaycan dili mənim ən həssas nöqtəmdir.

Şahbaz bəyin sözügedən statusunu oxuyar-oxumaz, birinci növbədə, özümə sual etdim: bu status niyə yazılıb? Ardından status barədə bir neçə fikir oxudum və o fikirlərin cəmi olan “kommersiya marağı” variantının üstündən xətt çəkdim. Bu, əslində, ən qorxduğum variant idi deyə, digər variantlar barədə düşünməyə vaxt sərf eləmədim.

Şahbaz bəyin statusunun birinci cümləsini başlıq kimi nəzərə alsaq, birinci abzasının sonunda belə bir fikir keçir: ...Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdır.

Onda mən elə yazının bu hissəsindəcə 10 milyonluq xalqımın, ən pis halda, 10 minlik oxucusu adına bu sualı hörmətli naşirimizə ünvanlamaq istəyirəm:

Hörmətli Şahbaz bəy, sizcə, niyə?

Yəni bir naşir olaraq, oxucunun tərcümə ədəbiyyatından narazı olma səbəbindən doğan təklifiniz nəşriyyatın tərcümə və redaktə işinin daha təkmil formaya salınmağına deyil, sırf dildən imtinaya yönəlməsi nə deməkdir? (Bu sual ritorikdir, əsas sual “Niyə?” sualıdır.)

Şahbaz bəy ikinci abzasında yuxarıdakı fikrini davam etdirərək yazır: ...kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakılılar rusca, regionlarımız və gənclik isə türkcə oxumağa üstünlük verir. Müasir oxucular Dostoyevskini, Tolstyoyu, Çexovu, Turgenovu türkcə oxuyurlar.

Yazının bu hissəsində də 10 milyonluq xalqımın, ən pis halda, 10 minlik oxucusu adına ikinci dəfə eyni sualı verirəm: Hörmətli Şahbaz bəy, sizcə niyə?

Niyə Azərbaycan oxucusu Raskolnikovun daxili çırpıntılarını, psixoloji get-gəllərini laylay eşitdiyi dildə yox, seriallardan mənimsədiyi, “Keloğlan”dan qavradığı türk dilində oxumağa üstünlük verir? (İkinci sual birinci sualın açmasıdır, yəni yenə də əsas sual “Niyə?”dir.)

...Müstəqilliyimizin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti (Söz “nailiyyət”dir) yoxdur – bu cümlə statusun növbəti abzasıdır. Və əslində, statusun bundan sonrakı hissəsi sırf bu cümlə üzündən mahiyyətini itirir. Çünki Şahbaz bəy ölkənin aparıcı nəşriyyatının direktoru olaraq, eyni zamanda, Azərbaycan kitabçılığına ciddi töhfə vermiş biri olaraq, belə bir naşı ifadəni işlətməməlidir.

Necə yəni Azərbaycan dili 30 ildə nailiyyət əldə etməyib?

Bu necə bir iddiadır?

Nailiyyət dedikdə Şahbaz bəy dilin beynəlxalq dilə çevrilməsini nəzərdə tutursa, bu, bir daha hörmətli naşirimizin naşıcasına düşünməsidir. 10 milyonluq ölkənin (Şahbaz bəy güneyliləri bizim dildə danışdırmır deyə, onları söhbətə qatmıram) dili dünyada hər 10 nəfərdən 7-nin danışdığı ingilis dili ilə, rus dili ilə müqayisə olunursa, bu abzas elə buradaca bitsə, yaxşıdır.

Sevimli Türkiyə türkcəsində danışan qardaşlarımız demiş, pes yani...

Türkiyə türkcəsində danışan 100 milyona yaxın və daha çox adam var. Türkiyə türkcəsi Avropaya sürətlə yayılmaqdadır. Bunun səbəbi dilin mükəmməl olması deyil, həmin dildə danışan adamların Avropaya axını, həmin dildə olan film və serialların iri platformalarda nümayiş olunmasıdır.

Şahbaz bəyin bu sadalananlardan xəbərsiz olması ehtimalı yoxdur, mənə görə.

Bəs bu 30 il ərzində təkcə ədəbiyyat müstəvisində anadilli mətnlərdən böyük nailiyyət var?

Bu 30 ildə Əkrəm Əylisli oxuyanda adamın ağzında alışıb yanan mətnləri məhz sizin imtina etmək istədiyiniz dildə yazıb-yaradıb. Bu 30 ildə sizin imtina etmək istədiyiniz dildə Anar ən yaxşı əsərlərini ortaya qoyub. Bu 30 ildə Elçin “Ölüm hökmü”nü (Azərbaycan romançılığının ilk beşliyinə rahat girən romanı) məhz sizin imtina etmək istədiyiniz dildə yazıb. Bu 30 ildə Şərif Ağayar məhz sizin imtina etmək istədiyiniz dildə yazıb yaradıb. Bunlar nailiyyət deyilsə, nailiyyət nədir?

Və bu kitablar oxunur. Lazımınca oxunur. Oxunmayan tərcümələrdir. Oxunmayan uğursuz redaktələrdir. Oxunmayan kitablar “Bu kitab Azərbaycan dilindədir, kaş türkcə olardı” səbəbini zərrə qədər də yaxına buraxmır.

Statusun növbəti abzasında keçən “İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər” ifadəsi ilə tamamilə razıyam. Amma maraqlıdır, bu faktın Azərbaycan dili ilə hansı əlaqəsi var?

Bir universitet özünün gələcək hüquqşünasına rus dilindən tərcümə kitabını oxutdurursa, burada Azərbaycan dilinin günahı nədir? Söhbət kadr azlığından, hətta yoxluğundan gedir, burada dili günahkar çıxaran hansı arqument var?

Eyni abzasın son cümləsi isə bu cürdür: Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq.

Yazının bu hissəsində üçüncü dəfə eyni sualı 10 milyonluq xalqımın, ən pis halda, 10 minlik oxucusu adına soruşuram: Hörmətli Şahbaz bəy, sizcə, niyə?

“İndi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılıb, ədəbi dil şəklini alıb və göründüyü kimi, heç də hamının sevimlisi olmayıb. Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı. Bütün elit obyektlərdə, restoran və hotellərdə rusca danışılır” deyir Şahbaz bəy. Sözün düzü, statusun sırf bu hissəsi imzasız mənə təqdim olunsaydı, ağlıma imza olaraq Bəhram Bağırzadə gələrdi. Çünki hotel və restoranlarda, lap elə ən adidən adi məkanlarda dədəsi ilə, nənəsi ilə danışdığı dili qoyub rus dilində danışan adamın özünə hörmət etmədiyini Şahbaz bəy bilir və bilməlidir. Kimsə özünün kimliyinə, şəxsiyyətinə və gözünü açandan qulağı ilə eşitdiyi, böyüdüyü dilə hörmət etmirsə, bunun çarəsi dildən imtina deyil.

Dialektlərin ədəbi dilə təsiri, dialekt sözlərin dialektdən çıxaraq ədəbi dilə daxil olması, işlək hal alması isə təkcə bəyənmədiyiniz Azərbaycan dilinə aid bir xüsusiyyət deyil, Şahbaz bəy. Bu, heç bir ilahi və insani qüvvənin mane ola bilmədiyi təbii dil prosesidir. Dil canlıdır, dil hərəkətdədir. Onu nə siz görürsünüz, nə mən, nə də rusca danışmağı kişilik bilib genələn kimsə. Dil özü işini görür. Qeyri-məhsuldar sözü zamanla silib atır, əvəzində Qazax dialektində hamının sevə-sevə, bəh-bəhlə işlətdiyi, qəbul etdiyi sözə qucaq açır. Təkrar edirəm: bu, heç bir ilahi və insani qüvvədən asılı olmayan dil prosesidir.

“Özlərini intellektual, mədəni hesab edənlər bu dildə danışmırlar” – Şahbaz bəyin növbəti cümləsidir. Qələt edirlər, Şahbaz bəy. Birmənalı olaraq, özlərini intellektual və mədəni hesab edib Azərbaycan dilində danışmağı özünə sığışdırmayan adamlar qələt edir. Başlarını özlərindən böyük daşa döyürlər. Öz ana dilində danışmağı özünə sığışdırmayan, rus dilində danışmağı intellektuallıq kimi qavrayan şəxs mənim gözümdə kainatın ən ədəbsiz, ən şəxsiyyətsiz, ən əqidəsiz və ən keyfiyyətsiz məxluqudur. Birmənalı.

Dəyərli Şahbaz bəyin statusunun bu hissəsindən sonrasını ayrı-ayrılıqda şərh eləmək istəmirəm. Çünki hələ də inanmaq istəyirəm ki, Şahbaz bəy sözügedən statusu ciddi yazmayıb. Nədən ki müəllifin dünyagörüşü və mütaliəsinə inanan biri kimi həqiqi türkcənin Türkiyə türkcəsi olmadığını bilməsini umuram. Türk dilçiləri belə Azərbaycan dilinin, Azərbaycan türkcəsinin həqiqi türkcəyə daha yaxın olduğunu iddia etdiyi halda, Şahbaz bəyin bu şəkildə naşı və kortəbii fikri sarsıdıcı dərəcədə qəbahətdir.

Sonda isə yazının tərkibində 3 dəfə qeyd elədiyim sualın cavabını da elə özüm vermək istəyirəm: nəşriyyat işi, Şahbaz bəy, nəşriyyat işi...

Və unutmamış, qarşıdan gələn Ana dili günü münasibətilə hamımızı səmimi qəlbdən təbrik edirəm.

Yaşasın ana dilimiz!

# 3123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #