Taxtsız Kral - Zaur Rzalı

Zaur Rzalı

Zaur Rzalı

8 dekabr 2022
# 18:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Zaur Rzalının "Taxtsız Kral" hekayəsini təqdim edir.

Kral oyananda gördüyü yuxunun təsiri gonbul sifətindən hələ getməmiş, qalın dodaqları üzünə geniş gülümsəmə yaymışdı. Gözlərini açmadan gördüyü yuxunun davam etməsini arzuladısa da, artıq tam ayılmışdı. Yuxusunda ulu babası Gödək Luini özündən dəfələrlə hündür atın belində düşmən üzərinə hücum edərkən görmüşdü. Ulu babasının qəhrəmanlıq hekayələrini ağlında canlandıraraq yerində gərnəşdi. Xidmətçilər kralın oyandığını görüb dərhal hazırlığa başladılar. Kral tənbəl-tənbəl yerindən qalxaraq böyük aynanın qabağına gəldi.

Gonbul sifətinə, qarnına baxdı. Yanında əl- ayağa düşən arıq xidmətçilərə baxanda özündə əsl kral görkəmi olduğunu düşünüb məmnuniyyətlə gülümsədi. Xidmətçilər əl-üzünü yumasına kömək etdikdən sonra paltarını yavaş-yavaş geyindirdilər. Ölkəsinin müxtəlif yerlərində yaşayan quş lələkləri ilə bəzənmiş qızılı- mavi papağı başına qoyanda aynada son dəfə özünə baxdı. Bu papağı quşlara xüsusi həvəs göstərən babası Çəp Göz Viktor tikdirmişdi. Geyim mərasimi başa çatandan sonra kral yemək otağına yollandı. Kralın geyinməsinə kömək edən xidmətçilər indi də onun yeməyini boşqabına çəkirdilər. Kral masa başına əyləşib yeməyini iştahla, amma tələsik yeyirdi. Yeməyini yeyərkən ağlından müxtəlif fikirlər keçirdi. Bu gün məşvərət məclisi son dəfə toplanacaq və o çoxdan almaq istədiyi müharibə qərarını alacaqdı. Yeməyini bitirdikdən sonra yanlarını basa-basa taxt otağına doğru yollandı. Böyük məclisin üç üzvü də otağın qabağında onu gözləyirdi. Möhürünü yemək otağından çıxıb qaça-qaça taxt otağının qapısına çatan xidmətçilərə uzatdı. Otağın qapısı açılanda əvvəlcə özü, ardınca da məşvərət məclisi üzvləri taxt otağına daxil oldu. Otaqda Kralın babaları, atası ondan əvvəl yüz illərdir bu ölkəyə hökm edən kralların portretləri, rəsmləri, Kralın idarə etdiyi dövlətin müxtəlif vaxtlardakı xəritələri asılmışdı. Gözləri ilə Gödək Luinin rəsmini axtardı. Lui rəsmdə də at üstündə təsvir olunmuşdu. Gödək Luinin rəsminin yanında onun krallığı dövrünü göstərən xəritə də asılmışdı. Xəritə bir ucdan bir uca uzanır, çoxlu şəhərlər görünürdü. Krallığın indiki xəritəsinə isə heç baxmaq istəmədi. Sadəcə ulu-ulu babası Əlləz Karlın doğulduğu şəhər xəritədə görünürdü. Ölkəsi Krala balaca gəlməsin deyə nisbəti xeyli böyütmüşdülər. Amma bu xəritənin dəyişmə vaxtı gəlmişdi. Kral müharibə qərarı alacaq və o şanlı günləri geri qaytaracaqdı. Üzündə gülümsəmə ilə taxtın durduğu mərkəzə doğru yaxınlaşdı. Kral hündür taxtın olmalı olduğu yerə çatanda onun yerində görmədi. Taxt saraydan qeybə çəkilən birinci əşya deyildi. Bundan əvvəl kralın qotazlı, işləməli kürkü yoxa çıxmışdı. Sonra da atası Çirkin II Henridən qalan xəncər qeybə çəkilmişdi.

Əsəblə taxtın harada olduğunu soruşanda səsi cüssəsinə uyğun olmayaraq nazik çıxmışdı. Məşvərət məclisinin üzvləri taxtın hara getdiyini bilmirdilər. Əmrlər verilib taxtın axtarışına çıxılanda kral daha çox gözləmək istəmədi. O uzun illərdir müharibə görməmiş, qələbə qazanmamış bu ölkənin şərəfini, itirdiyi torpaqları geri qaytarmağa tələsirdi. Krala məşvərət məclisinin üzvlərinin oturduğu stullardan birini gətirdilər. Bu stul olduqca dar idi. Üstəlik kral hündür taxtında oturanda ayaqları yerə dəymirdi və o ayaqlarını yelləyə bilirdi. İndi isə ayaqları yerə yapışmışdı. Kral stulunda yerini rahatlıqdan sonra məclisi açıq elan etdi. Amma hamının onunla eyni hündürlükdə oturması kralın xoşuna gəlməmişdi. Əmr etdi ki, hamı yerdə otursun. Beləcə kral yenidən hamıdan yüksəkdə dayana biləcəkdi. Məşvərət məclisinin üzvləri yerdə özlərinə yer tutandan sonra krallığın xəzinədarı söz aldı. Xəzinənin boş olmasından, borcluların, sərrafların hər gün qapıya dirənməsindən uzun-uzadı danışdı. Kral bu gün ancaq müharibə haqqında danışılacağını bildirərək sözünü kəsdi. Günlərdir bu məşvərətlər davam edir, hamısı kralı müharibə fikrindən daşındırmağa çalışsa da, kral babalarının yolundan getməyə qərarlı görünürdü. Kral danışmağa başlayıb müharibə qərarını açıqlayandan sonra məclisin ən yaşlı üzvü Donqar Burun Simon söz istəyərək çətinliklə ayağa qalxdı. Donqar Burun Simon krallıq qaydalarının qoruyucusu idi.

Onun atası da bu işlə məşğul idi. Elə babası da. Bu ailədə atadan oğlu donqar burunla yanaşı bu iş də miras yolu ilə keçirdi. Simon ayaq üstə dayanaraq qara üzlü dəftərində nəsə axtarmağa girişdi. Axtarış o qədər uzun çəkdi ki, kral onun üzünə yaraşacaq müxtəlif burunlar xəyal etdi. Artıq gözləməkdən sıxılmışdı. Kral sıxılanda ayaqlarını altına yığaraq oturur, məclisdəkilər onun sıxıldığını başa düşürdü. Kral indi ayağını altına yığmaq istəsə də, stul dar gəldi. Az qala yıxılacaqdı ki, tarazlığını qorumağı bacardı. Simon ara-ara krala baxır ayaqlarını yerdə görüb axtarışına səbrlə davam edirdi. Nəhayət axtardığını tapanda dilləndi. Kral müharibə qərarı verə bilməzdi. Çünki kralın ulu babası Tək Göz Şoltar kralın ancaq taxtda oturanda müharibəyə qərar verə biləcəyi haqqında fərman imzalamışdı. Bu ona görə idi ki, Tək Göz Şoltarın atası Büzük Dodaq Şarl yatağında müharibəyə qərar vermişdi. Həmin müharibə məğlubiyyətlə nəticələnmiş, sonradan da başa düşülmüşdü ki, Kral Şarl sayıqlayırmış. Elə bu səbəbdən də kral ancaq taxta oturacaq qədər sağlamdırsa, taxta gəlməli idi və ancaq elə müharibəyə qərar verə bilərdi. Kral dərhal başqa taxt gətirilməsini əmr etdi. Simon yenidən söz alaraq taxtın ancaq uzaq Buz ölkəsindən gətirilmiş dəmir ağac ilə düzəldilə biləcəyini dedi. Çünki kralın ulu babası Uzun Ayaq Pepin gonbul olduğu üçün adi ağacdan düzəldilən taxt qırılmış və Pepin elə orsdaca ölmüşdü. Bundan sonra taxta keçən oğlu taxtın ancaq dəmir ağacla düzəldilməsi haqqında fərman imzalamışdı. Buz ölkəsindən yeni ağac gətirmək isə uzun çəkəcəkdi. Kral gözləməli idi.

Müharibə olmayacağı xəbərinin sevinci məşvərət məclisinin üzvlərinin üzündə açıq-aşkar hiss olunurdu. Onlar artıq müharibə kimi çətin vəzifə ilə məşğul olmaq əvəzinə ticarətlərinə qayıda biləcəkdilər. Bu sevincli xəbər tezliklə məşvərət məclisindən daşıb aylardır təlim edən bir manqa əsgərə çatdı. Əsgərlər müharibə olmayacağını öyrənib kazarmalarına yatmağa getdilər. Zabitlər isə dönə-dönə dördüncü axtararaq kart oynamağa yollandılar.
Kral stulda oturmaqdan bezmişdi. Stulu kənara atıb taxt otağında var- gəl etməyə başladı. Taxtı üçün darıxırdı. Kral fikirləşdi ki, müharibə yoxdursa, məşvərət məclisinə ehtiyac da yoxdur. Ona görə də hamısını qovdu. Heç əsgərlərə, zabitlərə də ehtiyac duymurdu. Kral hamını qovandan sonra otağında tək qalıb sevimli taxtını xəyal elədi. Onun yumşaq oturacağı, ayaqlarını istədiyi kimi yellətdiyi taxt görəsən harada idi?

Məşvərət məclisinin üzvləri, əsgərlər, zabitlərlə bir araya gəlib nə edəcəklərini düşündülər. Qərara aldılar ki, hamısı öz evində mebellərində istifadə etdikləri dəmir ağacları söküb gətirsinlər. Beləcə, çox gözləmədən yeni taxt hazır olundu.

Kral taxtında oturmuş məşvərət məclisi yenidən toplanmışdı. Əsgərlər təlimə qayıtmış, zabitlər də kart oyununu yarımçıq qoyaraq onların başında dayanmışdı. Kral əvvəlkindən də hündür, yumşaq taxtında oturub düşüncələrə dalmışdı. Məşvərət məclisi üzvləri müharibənin lazımlılığından danışarkən o ayaqlarını altına yığıb yavaş-yavaş yuxuya gedirdi. Yuxusunda ulu babası Uzun Karlı görürdü. Uzun Karl at üstündə düşmənə hücum edirdi.

# 1674 dəfə oxunub

Oxşar xəbərlər

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #