«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə

«Salam, ağ gəmi, mənəm ey!" - Çingiz Aytmatovun povestindən bir hissə
10 iyun 2026
# 10:00

Bu gün görkəmli qırğız yazıçı, ictimai-siyasi xadim Çingiz Aytmatovun anım günüdür.

Kulis.az onun "Ağ gəmi" əsərindən bir hissəni Cəmil Əlibəyovun tərcüməsində təqdim edir.

Hamı Buynuzlu ana maralın ətini tərifləyirdi: nənə də, Bekey xala da, Gülcamal da, hətta Mömün baba da. Oğlana da pay çəkirdilər, boşqabda ət və başqa yeməklər gətirirdilər, ağzına tıxmaq istəyirdilər. Lakin o, yeməkdən boyun qaçırırdı və sərxoşlar naxoş olduğunu görüb, onu rahat buraxmışdılar. Oğlan dişlərini kilidləyib uzanmışdı. Ona elə gəlirdi ki, qusmağın qabağını belə daha yaxşı kəsmək olar. Hər şeydən çox onu yandırıb-yaxan öz acizliyini dərk etməsi idi. Buynuzlu ana maralı öldürənlərə nə üçün heç nə edə bilmirdi.

O, pak uşaq qəzəbinə qapılaraq ümidsiz halda intiqam yolları düşünüb tapırdı ki, onlara necə cəza verərdi, işlətdikləri dəhşətli cinayəti məcburən necə başa salardı. Lakin Qulubəyi xəyalən köməyə çağırmaqdan başqa ağlına yaxşı bir şey gətirə bilmədi. Bəli, tufanlı gecədə cavan şoferlərlə birlikdə ot aparmağa gələn həmin əsgər buşlatlı oğlanı - Qulubəyi çağırmalıydı. Bu oğlan onun tanıdıqları adamlar arasında yeganə şəxs idi ki, Orozqulun öhdəsindən gələ bilərdi, həqiqəti olduğu kimi onun gözünün içinə deyərdi.

..Oğlanın çağırışı ilə Qulubəy yük maşınını sürətlə sürüb gəldi, avtomatı çiynində kabinədən çıxdı.

— Haradadır onlar? — Oradadırlar!

İkisi də Orozqulgilə sarı qaçdı, qapını yerindən qopardılar. Qulubəy kandarda dayanıb, avtomatı onlara tuşlayaraq qəzəblə əmr etdi:

— Yerinizdən tərpənməyin! Əllər yuxarı!

Hamı mat qaldı. Qorxudan oturduqları yerdəcə qurudular. Tikələri boğazlarından keçmədi. Yağlı əllərində iri sümük parçaları, ağız-burunları yağa batmış, tox, kefli adamlar yerlərindən heç mıldana da bilmədilər.

— Haydı, əclaf, ayağa qalx! — Qulubəy avtomatı Orozqulun gicgahına dirədi, o isə əsə-əsə, dili topuq çala-çala Qulubəyin ayaqlarına yıxıldı. — Rəhm elə, mə... əni öl... öldürmə!

Qulubəy isə amansız idi.

— Çıx, əclaf! Sənin işin bitdi! — O, Orozqulun yumşaq yerinə bir təpik ilişdirdi, evdən çıxmağa məcbur etdi.

Otaqda qorxusundan səsini içinə çəkənlərin hamısı həyətə çıxdı.

— Üzünü divara çevir! — Qulubəy Orozqula əmr etdi. — Buynuzlu ana maralı öldürdüyünə, onun beşik gətirən buynuzunu kəsib qopardığına görə sən ölməlisən.

Orozqul toz içinə yıxıldı. Süründü, şivən saldı:

— Öldürməyin, axı mənim övladım da yoxdur. Dünyada tək-tənhayam. Nə oğlum var, nə qızım...

Onun təkəbbürü, iddiası necə olmuşdu! Vecsiz, miskin, qorxaq! Beləsini heç öldürməyinə dəyməz.

— Yaxşı, öldürməyək, — oğlan Qulubəyə dedi. — Onda qoy o rədd olub getsin və bir daha ayağı buralara dəyməsin. Burada heç kəsə lazım deyil. Qoy rədd olsun.

Piylənmiş, şişman, torbalanıb sallanan qalifeli Orozqul geri baxmaqdan qorxaraq, götürülüb aradan çıxdı. Lakin Qulubəy onu saxladı:

— Dayan! Sənə son sözümüzü deyək. Sənin heç vaxt övladın olmayacaq. Sən xain və yaramaz adamsan. Burada səni heç kəs sevmir. Səni meşə sevmir, bir ağac, hətta bircə ot da sevmir səni. Sən faşistsən. Rədd ol, özün də biryolluq, haydı, tez!

Orozqul dalına baxmadan qaçdı.

— Şnel! Şnel! — Qulubəy onun ardınca gülürdü və qorxutmaq üçün avtomatdan havaya atəş açdı.

Oğlan sevinir, yerə-göyə sığmırdı. Orozqul gözdən itəndən sonra, qapının ağzında müqəssir kimi dayanan o birilərinə Qulubəy belə dedi:

— Siz bu cür adamla necə yola getmisiniz? Ayıb deyilmi?

Oğlan özündə bir yüngüllük hiss elədi. Haqq divanı qurulmuşdu. Həm də o, öz istək-arzusuna elə inandı ki, harda olduğunu, Orozqulun evinə camaatın nə münasibətlə yığışıb sərxoşluq etdiyini belə tamam unutdu.

...Şaqqanaq onu bu möcüzəli aləmindən ayırdı. Oğlan gözünü açıb dinmədi. Mömün baba otaqda yox idi. Yəqin hara isə çıxmışdı. Arvadlar qab-qacağı yığışdırırdılar. Çay verməyə hazırlaşırdılar. Seyidəhməd ucadan nə isə danışırdı. Oturanlar onun sözlərinə gülüşürdülər.

— Bəs sonra nə oldu? — Danış! — Yox, əyə, danış ey, başla, təzədən danış, — Orozqul gülməkdən uğunaraq, ondan xahiş edirdi. — O barədə ona nə dedin? Yaman qorxuzmusan. Vay, dədə!..

— Hə, deməli belə. — Seyidəhməd danışdığını həvəslə təkrar edəsi oldu. — Elə ki, marallara yaxınlaşdıq, onlar meşə talasında ərgəylə dayandılar, üçü də. Elə ki, biz atları ağaca bağladıq, birdən mənim bu qocam qolumdan yapışdı: «Marallara, — dedi, — güllə ata bilmərik. Biz buquyuq. Buynuzlu ana maralın övladlarıyıq!» Özü də uşaq kimi mənə baxır. Gözləri ilə yalvarır. Məni də gic gülmək tutub, dayana bilmirəm. Amma özümü saxlayıb gülmədim. Əksinə, bir az da ciddiləşdim. «Bura bax, — deyirəm, — damlanmaq istəyirsən? o dedi: — Yox». «Sən bilirsənmi bunlar bay nağıllarıdır, cahil baylıq zəmanəsində uydurulub; uydurublar ki, kasıb camaatı qorxuzalar!» Bunu dediyimi gördüm, kişinin ağzı açıla qaldı: «Ədə, nə danışırsan?» dedi. «Elə bunu deyirəm, — sən bu söz-söhbəti qoy bir yana, qocalığına baxmaram, səndən hara lazımdır yazaram».

— Ha! Ha! Ha! — Oturanların hamısı birağızdan güldü. Hamıdan da çox Orozqul gülürdü. Özü də gülməkdən ayrı cür həzz alırdı.

— Hə, sonra biz oğrun-oğrun yaxınlaşırıq. Başqa heyvan olsaydı, çoxdan duyuq düşüb götürülərdi. Heç izinə-tozuna çatmazdıq, bu səfeh marallar isə qaçmırlar, elə bil heç bizdən qorxmurdular. Hə, lap yaxşı, deyirəm, — kefli Seyidəhməd lovğalanaraq nəql eləyirdi. — Əlimdə tüfəng mən qabaqda. Qoca da mənim dalımca. Birdən ürəyimə şübhə doldu. Ömrümdə heç sərçə də vurmamışdım. İndi isə belə bir iş. Güllə dəyməsə, özlərini vuracaqlar meşəyə, di get, axtar. Hünərin var, çat onlara. Keçəcəklər aşırımı. Kim belə şikarı əlindən buraxar? Bizim qoca isə ovçudur, vaxtı ilə ayı da ovlayarmış. Ona deyirəm: «Al tüfəngi, qoca, sən at». O isə heç cür yaxın durmur! «Özün at», — deyir. Mən də deyirəm ona: «Axı, mən kefliyəm». Özüm də guya ki, ayaq üstə dura bilmirəm, səndələyirəm.

— Axı, o, tiri çaydan çıxarandan sonra bizim bir şüşə araq boşaltdığımızı görmüşdü. Bəli, beləcə hiyləyə əl atdım. — Ha, ha, ha!.. — «Mən vura bilməyəcəyəm, — deyirəm, — marallar baş götürüb gedəcək, ikinci dəfə qayıtmayacaqlar. Evə isə biz əliboş qayıda bilmərik. Özün bilirsən, bax ha. Bizi bura niyə göndəriblər?» Susur. Tüfəngi isə almır. «Yaxşı», — deyirəm, — özün bilərsən». Tüfəngi atıb aralanıram, guya gedirəm. O da ardımca gəlir. Deyirəm: «Mənim vecimə deyil. Orozqul məni qovsa, gedib sovxozda işləyərəm. Bəs sən bu qoca vaxtında hara gedəcəksən?» Susur. Özüm də dilxoşluq üçün pəsdən deyirəm:

Kürən, kürən dağlardan,

Kürən ayğır belində,

Kürən tacir, qapını aç!..

— Ha, ha, ha!.. — İnandı ki, mən həqiqətən sərxoşam. Tüfəngin ardınca getdi. Mən də qayıtdım, biz deyişdiyimiz zaman marallarımız bir qədər aralanmışdılar. «Hə, — deyirəm, — bax, gedəcəklər, çata bilməyəcəksən. Nə qədər ki, hürkməyiblər, vur».

Qoca tüfəngi götürdü. Pusa-pusa yaxınlaşmağa başladıq. O isə hey səfeh-səfeh pıçıldayır: «Buynuzlu ana maral, günahımdan keç, bağışla məni...» Mən də ürəyimdəkiləri ona deyirəm: «Bax ha, vura bilməsən, qoşul marallara, çıx get buralardan, qayıtmasan daha yaxşı olar». — Ha, ha, ha!..

Bu sərxoş, hırıltılı mühitlə, get-gedə istiləşən boğuq havada oğlan təngnəfəs olurdu. Şişib-çoxalan, beyninə sığışmayan şiddətli ağrı başını partladırdı. Sanki kim isə onun başını təpikləyirdi, kim isə onun başını baltalayırdı. Ona elə gəlirdi ki, kim isə baltanı onun gözlərinə tuşlayıb. O da başını yırğalayır ki, yan keçsin. Qızdırma əhədini kəsdiyi bir halda, o, qəflətən özünü soyuq-soyuq bir çayın içində hiss elədi. O, balığa döndü. Quyruğu, bədəni, üzgəcləri hamısı balığınkı kimiydi; ancaq başı özününküydü, üstəlik ağrıyırdı da.

O, səssiz-səmirsiz, tutqun sualtı sərinliyə baş vurub üzürdü, özü düşünürdü ki, daha bundan sonra həmişəlik balıq olaraq qalacaq, bir də dağlara qayıtmayacaq. Qayıtmaram, o, öz-özünə deyirdi.

Balıq olmaq daha yaxşıdır, balıq olmaq daha yaxşıdır.

Bu ara oğlanın çarpayıdan düşüb, evdən necə çıxdığını heç kəs sezmədi. O, tinə çatar-çatmaz, qusmağa başladı. Oğlan divardan yapışaraq, inildədi, ağladı və göz yaşları içində hönkürməkdən boğula-boğula öz-özünə danışdı:

— Yox, balıq olsam yaxşıdır. Mən üzüb buradan gedəcəyəm. Mən balıq olsam yaxşıdır.

Pəncərənin o tərəfində, Orozqulun evində isə qaqqıldaşır, sərxoş səslə ucadan qışqırırdılar. Bu yabançı gülüşlər oğlanın qulağını dəng eləyir, ona dözülməz əzab və işgəncə verirdi. Ona elə gəlirdi ki, bu əcaib hırıltılara görə özünü pis hiss eləyir. O özünü toxtadıb həyət boyu getdi. Həyət boş idi. Sönmüş ocağın yanında huşsuz, sərxoş Mömün babasına rast gəldi. Qoca, Buynuzlu ana maralın qoparılmış buynuzunun yanındaca tozluğa uzanmışdı. Maralın kəllə sümüyünün bir parçasını it gəmirməkdə idi. Özgə heç kəs yoxdu.

Oğlan babasının üzərinə əyildi, çiynindən tutub silkələdi:

— Baba, gedək evə, — dedi. — Gedək.

Qoca cavab vermirdi, o heç nə eşitmirdi, başını qaldıra bilmirdi. Bir də axı, cavab verib nə deyəydi?

— Dursana, baba, dur, dur, gedək evə, — oğlan xahiş edirdi.

Kim bilir, o, uşaq ağlı ilə dərk edirdimi, yaxud da heç oralıq deyildi ki, qoca Mömün burda uzanıb, özünün Buynuzlu ana maral haqqındakı hekayətinin cəzasını çəkir və ömrü boyu ona aşıladığı müqəddəsliyə - əcdadlarının xatirəsinə, öz vicdanına, tövsiyələrinə öz iradəsi ilə yox, talesiz bədbəxt qızının, bir də nəvəsinin xətrinə qəsd etmişdi...

İndi dərddən, rüsvayçılıqdan zəlil olmuş qoca, meyit kimi üzüqoylu uzanmışdı, oğlana hay vermirdi.

— Baba, barı başını qaldır, — o, xahiş edirdi. Oğlanın rəngi qaçmışdı, hərəkətləri zəif idi, əlləri, dodaqları titrəyirdi. — Baba, mənəm ey. Eşidirsən? — deyirdi. — Halım çox pisdir, — o ağladı. — Başım ağrıyır, yaman ağrıyır.

Qoca inildədi, tərpəndi, amma özünə gələ bilmədi.

— Baba, Qulubəy gələcəkmi, hə? — birdən oğlan göz yaşları içində soruşdu. — De görüm, Qulubəy gələcəkmi? — O, qocanı dartışdırırdı.

Oğlan babanı böyrü üstə çevrilməyə vadar etdi və sərxoş qocanın palçığa, toza bələnmiş sifətini, pırtdaşıq miskin saqqalını görcək diksindi, bir az əvvəl ağ maralın Orozqul baltasıyla parçalanan buynuzlu başı gözü önündə canlandı. Oğlan qorxudan kənara sıçradı və babasından aralanaraq dedi:

— Mən balıq olacam. Eşidirsən, baba, mən üzüb gedəcəm. Qulubəy gələndə ona de ki, mən balığa döndüm.

Qoca cavab vermədi. Oğlan aralandı. Çayın sahilinə endi. Birbaşa suya girdi... Hələ heç kəs bilmirdi ki, oğlan balıq oldu, çayboyu üzüb getdi. Həyətdə isə sərxoş mahnısı havalanırdı:

Qozbel dağlardan endim,

Qozbel dəvə belində.

Qozbel tacir, qapını aç,

Acı badə əlində!..

Sən üzüb getdin. Qulubəyi gözləmədin. Heyf, çox heyf, çox heyf ki, gözləmədin Qulubəyi. Niyə qaçıb yola çıxmadın. Əgər sən yolla xeyli qaçsaydın, hökmən onunla rastlaşardın. Sən onun maşınını uzaqdan tanıyardın. Sən əlini qaldıran kimi, o dərhal saxlayacaqdı. Qulubəy soruşardı:

— Hara gedirsən?

Sən cavab verərdin:

— Sənin yanına!

O səni kabinəyə qaldırardı. Birlikdə gedərdiniz. Sən, bir də Qulubəy. Qabaqda isə heç kəsin gözünə görünməyən Buynuzlu ana maral səkərdi. Amma sən onu görərdin.

Fəqət sən üzüb getdin. Bilirdinmi ki, heç vaxt balıq olmayacaqsan. İssıkgölə qədər də üzüb getməyəcəksən, ağ gəmini də görməyəcəksən və ona deməyəcəksən: «Salam, ağ gəmi, mənəm ey!»

İndi mən yalnız bunu deyə bilərəm: uşaq qəlbinin barışa bilmədiklərini sən rədd etdin. Təsəllim də elə budur. Sən şimşək kimi yaşadın - bircə dəfə çaxdın və söndün. Şimşəyi çaxdıran göydür. Göy isə əbədidir. Bu da mənim təsəllimdir. Bir də təsəllim budur ki, insanda uşaq vicdanı - toxumun rüşeymi kimidir, rüşeymsiz dən cücərməz. Bilirəm, bizi dünyada nələr gözləyir gözləsin, necə ki, insan oğlu doğulur və ölür, haqq əbədi olaraq yaşayacaqdır... Səninlə vidalaşıram, ayrılıq dəmi sənin öz sözlərini təkrar edirəm ay oğlan: «Salam, ağ gəmi, mənəm ey!»

# 138 dəfə oxunub

Oxşar xəbərlər

"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

"Ümidlərin və arzuların buxarlanma xüsusiyyəti var..." - Tanınmış şotland yazıçıdan sitatlar

16:00 9 iyun 2026
"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

"Dildən pərgarsan, nə əcəb parlamentə seçilməmisən?" - Çarlz Dikkensin "Yeni il nəğməsi"ndən bir hissə

10:00 9 iyun 2026
"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

13:30 8 iyun 2026
"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

10:00 8 iyun 2026
"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

13:00 7 iyun 2026
Təbəssüm - Rey Bredberinin hekayəsi

Təbəssüm - Rey Bredberinin hekayəsi

12:00 5 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər