İntihar həll yolu deyil - Səadət Həbibqızı

Səadət Həbibqızı

Səadət Həbibqızı

18 dekabr 2022
# 13:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Səadət Həbibqızının "İntihar həll yolu deyil" hekayəsini təqdim edir.

Ucqar dağ kəndinin sağ qanadında yerləşən, xudmani, kiçik bir evi dekabrın soyuğunda sevinc səsləri isitmişdi. Gənc ailənin beş ildən sonra ilk övladı dünyayla salamlaşmışdı. Babalar quda olandan bu yana ilk dəfə bir-birlərinin gözlərinin içinə dik baxmış, birağızdan:
- Qızın adı Fərəh olsun! - demişdilər.

Fərəh gətirmişdi bir-birinə calaq olmuş iki nəslə qızcığaz... Amma “fələk” dediyimiz nədirsə, hesabını anlamaq bəşər övladının hünəri deyil axı... İnsan ömrünün iki ilinin bu hesabda nəyə bərabər olduğunu bilməksə... Burda “bilmək” sözünü mücərrədləşdirəndi “fələk...”

Sevincli dekabr axşamından düz iki il sonraydı, bir axşam qaratikan kollarından hörülmüş çəpərin o üzündən kimsə səsinin gur yerinə saldı:

- Tar düşdü dağ yolunda! Dovşan ovuna gedən varıydımı kənddə?

Qızının ikinci ad günündə süfrə boş qalmasın deyə səhər ertədən cələ qurmağa getmişdi gənc ata... Və qayıtmamışdı... Və heç qayıtmadı da... Nəşi aylar sonra-qar əriyib dağ çaylarının canına can qatanda tapıldı...

...İllər yelqanadlı keçir deyirlər. Amma dərddən yaxasına bəzək taxan günlər bu yeldən qanadın adını da yada salmağa qoymur. Fərəhin anası beləcə, dərdini dağlara, daşlara danışa-danışa, hüznünü, səssizliyini qızına danışdığı nağıllardakı şah qızının adına yaza-yaza dörd il keçirdi. Bir gün də, altı yaşlı qızının əlindən tutub kənd məktəbinin heç vaxt örtülməyən dəmir darvazasından içəri girdi...

Qızının hər aldığı “5” ilə üzündəki dərd kölgəsi öləzidi, gününün işığı çoxaldı ananın. Dəfələrlə “İlin ən yaxşı şagirdi” oldu Fərəh. Yetmədi, rayon mərkəzindəki olimpiadalardan diplomlarla, hədiyyə kitablarla qayıtdı anasının yanına. Anası onun hər uğurunda üzünü illər əvvəl tar düşən dağ yamacına tutur, ürəklə, fərəhlə səslənirdi:

- Fərəhimiz yenə üzümü güldürdü, ay gedər-gəlməzdəki...

Elə ki, Fərəh 11-ci sinfə çatdı, anasının sözlərindəki ahəng də dəyişdi; indi onun səsində umacağın qoynuna sığınmış əminlik, bir az da təlaş vardı:
-Fərəhimiz müəllimə olacaq, neçə-neçə ailənin, evin fərəhinə çevriləcək, tumurcuqlara gün işığını, yağış suyunu öyrədəcək... - deyirdi.

Fərəh anasının səsindəki umacağın da, təlaşın da qarşısında özünü borclu hiss edir: “Mütləq universitetə qəbul olmalıyam!” - deyə düşünürdü.

***

Oyunundan baş açılmaz “fələk” insafa gəlmişdi; Fərəh yüksək balla universitetə daxil oldu. Babaları hər nə qədər:
- Qızı Bakıya bir kişi xeylağı aparsa, yaxşıdır.-desələr də, ana başını bulamış, ilk dəfə ağsaqqalların sözündən çıxmış, sinəsini irəli verərək:
- Uşağımı özüm aparacağam Bakıya. Əlimlə yerləşdirib, ürəyi rahat da geri qayıdacağam.-demişdi.

Qəlbiqırığın qəlbinə dəyməmiş, onunla razılaşmışdılar...

***

Bir bazar günü səhər tezdən çatmışdılar Bakıya. Ana qızını tələbə yataqxanasında yerbəyer etdikdən, görüb-götürdüyü qədər məsləhətlərini verdikdən sonra elə həmin axşam da kəndin yolunu tutmuşdu. Fərəh böyüklüyünü nağıl bildiyi şəhərdə tək qalmışdı... Özünü uzun qış gecəsində anasının söylədiyi nağılların şah qızı deyil, o qızın cibindəki səbir daşı sayır, susur, qəhərini qorxusunun ağzına yem kimi atırdı. Otaqda üç qız idilər, amma hamısı bir-birindən ürkək, bir-birindən çəkincən...

Universitetin ilk həftəsi də dumanlıydı onun üçün; ağlına gəlmədiyi tərzdə geyimlər, bahalı telefonlar, şən-şaqraq səslər, özündən əmin gülüşlər onun üçün bəzən reallıq olmaqan çıxır, uzaq, əlçatmaz xülyaya dönürdü. Gerçəkliklə arasındakı yeganə bağ hər gün ona zəng vuran, hal-əhval tutan anasının səsi idi. Naməlumluğun dumanında azmış kimi günü gün dalınca sıralayan Fərəh bir həftədən sonra məhz bu bağdan yapışıb səmtini buldu: “Mən bu böyük şəhərə oxumağa, anamın arzularını reallaşdırmağa gəlmişəm. Bu şəhərin, bu parıltıların ağlımı əlimdən almağına imkan verməyəcəyəm!” - deyərək özünə söz verdi və sözündə də durdu.

Qələbəliyə qaynayıb-qarışa bilmirdi heç... Amma təklik də ağır yük idi bu qədər həmyaşıdının içində. Bəlkə də, onu əslən Qarabağdan olan, Bakıda doğulub, boya-başa çatan Leylaya doğru çəkən də məhz təkliyinin ağırlığı idi, ya bəlkə, Leylanın sadəliyi, gülərüzlüyü idi; Fərəh sonralar da bu səbəbi axtarmağa cəhd etməyəcəkdi.

...Fərəh birinci kursda oxuyanda ana babası, ikinci kursda oxuyanda isə ata babası dünyasını dəyişdi. Bu, o demək idi ki, anası daha ona nəğd pul göndərə bilməyəcəkdi. Bayaq babaların öz təqaüdlərindən ayırdıqları pay indi heç kimin ailəsinin boğazından, əynindən artmayacaqdı. Dayılar da, əmilər də boyunlarındakı külfət boyunduruğunun altında əzildiyini deyir, xalalar və bibilərsə baxdıqları “yad oğlunun əli”ndə gələnləri öz uşaqlarının arasında güc-bəla bölüşdürürdü.
Birtəhər ikinci kursu başa vurdu Fərəh və ilk dəfə o yay kənddəki evlərinə şəhərli qohumlarından heç kim qonaq gəlmədi. Sentyabrın qızılı rəngində anasının üzündəki boz kədərin üstünə qırmızı bir təsəlli şalı atdı:

- Ana, narahat olma, günortadan sonra işləyən qızlar var universitetdə. Mən də işləyəcəyəm. Oxumağımı yarımçıq qoymayacağam, müəllim diplomuyla kəndə qayıdacağam - deyərək anasının baxışlarına yüklənən çarəsizliyi azaltmağa cəhd etdi.

Amma cəhdinin uğurla nəticələnib-nəticələnmədiyini yoxlamaq üçün ikinci dəfə baxışlarını anasının gözlərinə dikməyə cəsarəti çatmadı...

***
Fərəhi işə düzəldən qrup yoldaşı Nihat oldu. O, yaşadığı məhəllənin yaxınlığındakı paltar mağazasına satıcı qız axtarıldığını dedi və Fərəhi də yanına salıb ora yollandı. Dərsdən sonra paltar satmaqla minimum əmək haqqı alacağını bilən Fərəhin ürəyi dağa döndü, özünə inamı daha da artdı. Ertəsi gün Fərəh yeni işi, bu işi ona Nihatın tapması haqqında danışanda Leyla qaşlarını çatmış:

- Nihat bir az, birtəhər oğlandı ey... Onunla ehtiyatlı ol - demişdi.

Fərəh Nihatdan gördüyü yaxşılıq müqabilində özünü ona borclu sanır, hiss etdiyi minnət Leylanın sözlərinin altında başqa məna axtarmağa imkan vermirdi.

...Gün keçdikcə, Fərəh işinin təkcə paltar satmaq deyil, eyni zamanda, mağazanı təmizləmək, paltarları manikenlərə geyindirib-soyundurmaq, qırışanını ütüləmək, ləkələnəni təmizləmək də olduğunu anladı. Bütün bu işlərin hamısını yarım günə sığdırmaq isə onu elə yorurdu ki, bəzən axşamlar kitab üzü açmağa halı qalmır, səhər dərsə hazırlıqsız gedirdi. Beləcə, adı “əlaçılar” siyahısından “zərbəçilər” siyahısına düşdü.

Qrupun ən “vuran-tutan” oğlanlarından biri hesab olunan Nihat isə günbəgün ona bir addım daha yaxınlaşır, bəzən axşamlar işdən çıxanda onu yataqxanayadək ötürürdü. Belə günlərin birində dayanacaqda avtobus gözləyərkən Nihat ona dedi:

- Bəlkə, bu axşam gedək bulvara, bir az dənizə baxaq, hə?

Axşamın alatoranında dənizin mistikası yaman cəzb etdi Fərəhi. Yuxu tökülən gözlərini var gücüylə iri-iri açdı və Nihatın təbəssümünün sehrinə qapılıb razılaşdı. Bir az bulvarda gəzişdilər, dənizə baxdılar, gitara çalan oğlanın oxuduğu “Səni əvəz eləmir” mahnısının sədaları altında xəyallara daldılar və... Fərəh bir də özünü Dağüstü parkda tapdı. Ucalıqdan Bakının gecə mənzərəsi qarşısında heyrətə düşdü və bircə kəlmə belə demədən saçlarını Xəzriyə əmanət elədi.
- Düşündüm ki, bura sənə daha maraqlı gələcək. Görünür, yanılmamışam. – Nihat dodaqlarını onun qulaqlarına yaxınlaşdırıb pıçıldayırdı.

Qız səssizcə başıyla onun sözlərini təsdiq etdi və oğlanın boynunda hiss etdiyi nəfəsindən ürpənərək bir addım ondan uzaqlaşdı. Amma Nihat əl çəkmədi, qızın əllərindən yapışdı, onu özünə tərəf çevirdi və gözlərinin içinə baxaraq əminliklə sözə başladı:

- Fərəh, sən mənim çox xoşuma gəlirsən. Əgər hisslərim məni yanıltmırsa, sənin də mənə qarşı nələrsə hiss etdiyini düşünürəm.

Fərəh utanaraq əlini çəkdi... Həyatında ilk dəfə idi ki, bir oğlan onun əlindən tutur, üzünə qarşı belə cəsarətli sözlər deyirdi. Özünü ələ almağa çalışaraq çəkincənliklə dedi:

-Evə getmək istəyirəm...
-Yaxşı, gedək. - Nihat qaşqabaqla dedi və o gecə yataqxananın həyətinə çatanadək bir kəlmə də danışmadı.

...Həmin gündən sonra Fərəh bacardıqca Nihatdan uzaq durmağa, onunla həmsöhbət olmamağa çalışdı. Amma Nihat tutduğunu buraxana oxşamırdı. Məsafəli, qıt ünsiyyətlə keçən iki həftədən sonra bir axşam Fərəh işdən çıxınca küçədə Nihat ilə rastlaşdı. Qız ağzını açmağa imkan tapmadan Nihat qəti səslə:

- Fərəh, biz danışmalıyıq - dedi.

Yenə bulvara getdilər və orada keçirdikləri axşam boyunca Nihat Fərəhə sevgi dolu sözlər pıçıldadı, onsuz yaşaya bilməyəcəyindən danışdı, gələcək həyatları ilə bağlı xoş, ürək titrədən vədlər verdi. Qızı yataqxanaya ötürəndə isə özündən əmin halda:
-Sənə üç gün vaxt verirəm, Fərəh. Fikirləş, qərarını ver. –dedi.

...Üç günün tamamında iş yerinin qarşısında Nihatı görən Fərəh günlərdir duyğularına, düşüncələrinə hakim olan romantikanın məstliyiylə ona hisslərinin qarşılıqlı olduğunu söylədi. Ertəsi gün isə artıq qrupda hamı onlara “qoşa qumrular” deyə müraciət edirdi.

***
Zamanla qoşalığın üstünə şübhələr də kölgə saldı, küskünlüklər də. Amma heç biri iki sevgilinin bir-birinə dediyi sevgi sözlərinin sayını azaltmadı, ahəngini zəiflətmədi. Üstəlik, Fərəh Nihatın ailəsinə yönəlmiş marağını da qismən doyurdu. Varlı ailənin yeganə övladı olan Nihat heç vaxt yoxluq görməmiş, ehtiyacın məngənəsində sıxılmamışdı. Buna görə də, lazım bildiyi yerdə pul səpələməkdə tərəddüd etmirdi. Dəfələrlə Fərəh bunu ona irad tutmuş, sözlərinin arasına “gələcək ailə büdcəmiz” ifadəsini də qatmışdı. Amma onun bu iradları yalnızca Nihatı güldürməyə yetmişdi.

Dördüncü kursu bitirməyə az qalmışdı. Albalı çiçəyi rəngindəki bir aprel axşamında Nihat Fərəhə dedi:

- Anamgil rayona gediblər. Bu axşam evdə təkəm. Və sənə bişirə bildiyim yeganə yeməyi-souslu makaronu bişirmək istəyirəm. Nə deyirsən? Yeməyimin dadına baxıb gələcək ailəmizdə çömçəni əlimə vermək barədə düşünmək istəyirsənmi?

Qızın ruhunu çulğalayan tərəddüddən xilas olmağı üçün “gələcək ailəmiz” sözləri yetmişdi. Baxışlarını oğlandan qaçıraraq nazla:
- Niyə də yox? - dedi.

***
Axşam deyə-gülə souslu makaron yeyən, romantik filmə baxaraq gah gülən, gah qəhərlənən cütlük səhər açılanda bir-birinin üzünə baxmaqdan çəkinirdilər. Çünki onlar Adəmi cənnətdən eyləyən “almanın dadına baxmışdılar”. Dünənə qədər Fərəh üçün sirr, sehr, anlaşılmaz olan bu dad indi ağzında o qədər acılıq yaratmışdı ki, beş dəqiqənin içində əynini geyindi və özünü küçəyə atdı...

İlk bir neçə gündə Fərəh Nihatdan qaçır, onunla üz-üzə gəlməməyə çalışırdı. Amma bir gün fərqinə vardı ki, əslində, qaçan, uzaqlaşan Nihatdır. Oğlan onun telefonunu açmır, mesajlarına cavab vermir, o, axtarmasa, günlərlə Fərəhi yada da salmırdı. Bütün bunlar Fərəhi incidir, özünü öz gözündən salırdı. Təsəllisi isə Nihatın yaddaşında qalan sevgi dolu səsi, dediyi “gələcək ailəmiz” kəlmələri idi. Bu incə, indicə qopdu-qopacaq təsəlli bağından yapışaraq dərs ilini başa vurdu. Diplomunu əlinə alıb kəndə qayıtmazdan əvvəl cəsarətini toplayıb Nihat ilə danışmaq qərarına gəldi.

Həyatın astarı üzünə çıxmış kimiydi. Bu dəfə qapı ağzında Fərəhi gözləyən Nihat yox, Nihatı gözləyən Fərəh vardı. Yorğun, bezgin görünən Nihat onun nə deyəcəyini əvvəldən kəsdirmiş kimi, qıza ağzını açmağa imkan vermədən üyüdüb-tökdü. Etdiyi əməlin yanlışlığı altında əzildiyini dedi, qarşıda onu gözləyən əsgərlikdən danışdı. Sözü hərləyib-fırlayıb yenə cümlələrinin sonuna bir “xoş vəd” etiketi yapışdırdı:

- Əsgərlikdən gəlim, əvvəlcə, nişan edərik, sonra da toy. Gələn ilin payızını bir yerdə qarşılarıq - dedi.
Və Fərəh onun bu sözlərinə elə inandı, bu inamından da elə sarıldı ki, bütün dünyanın ağı qara, qarası ağ olsaydı, yenə də, gözünü açmaz, görmək istəməzdi...

***

İki il idi ki, kənd məktəbində müəllim idi Fərəh... Bu iki ilin hər günündə, hətta hər anında belə, taxta alaqapılarından içəri girən Nihatı xəyal etmiş, onu gözləmişdi. Ümid şamının işığı arada şübhə küləyinə tab gətirməyib öləzisə də, Fərəh bu şamı sönməyə qoymur, kədərini, dərdini, peşmanlığını ümid pərdəsinin arxasında gizlədirdi. Di gəl, ümidləri, nəinki, gül açmaq, heç qönçələmək fikrində də deyildi...

Ta ki, bir gün rəfiqəsi Leyla onu öz nişanına dəvət etdi. Sözarası demişdi ki, nişana bütün qrup yoldaşlarını dəvət edib. Odur ki, bu Bakı səfəri Fərəh üçün ikinci bir ümidi cücərtmişdi: “Bəlkə, Nihatı görə bildim...”

***

Nişan qəşəng keçmişdi. Amma Fərəhin ürəyi sıxılır, gözünü qapıdan çəkəmmirdi: “Nihat gələcək...” Getdikcə bu əminliyi bozarmış, tüstü burumları kimi yoxa çıxmağa başlamışdı; Nihat gəlməmişdi...

Leyla o gecəni onlarda keçirməyi təklif edəndə Fərəh tərəddüdsüz razılaşdı. İlk fürsətdə də Leylaya sual verdi:
- Görəsən, Nihat niyə gəlmədi nişana?
- Hmmm...- Leyla ağzını büzdü - Heç gəlməsin. Onsuz da, ondan çox xoşum gəlmir. Sadəcə, gələn həftə oğluna ad günü edəcək, bir ay qabaqdan dəvətnamə göndərib. Mən də dedim, gəlsin nişanıma pul salsın, borclu məsələsi olmasın. Yaxşı oldu elə bir tərəfdən, gəlmədi. Mən də getməyəcəyəm onun oğlunun ad gününə. Getsin o yaltaqlandığı varlı qaynatasıyla tək otursun restoranda!

Leyla bu sözləri etinasız, adi bir şeydən danışırmış kimi demişdi. Amma Fərəh illər əvvəl atasının altında qalan tarı ürəyinin üstündə hiss eləmiş, həm üşümüş, həm də boğulduğunu zənn etmişdi...
O axşamı adını qoya bilmədiyi ağrılarla keçirmişdi Fərəh. Səhər isə artıq o, əvvəlki şən, hamının hayına çatan, ününə yetən, uşaqların sevimlisi, mehriban, gülərüz Fərəh müəllim deyildi. İndi onun yerində bomboz bir kölgə vardı; ölən ümidlərin qəbir daşlarının upuzun kölgələrinin birləşdiyi kölgə.

Günortayadək Leyla dəfələrlə onu qarşısında oturtmuş:
- Fərəh... Nə dərdin var, de, söylə mənə. Nədi səni üzən? Nədi səni için-için yeyən? - demişdisə də, qız dodaqlarını bir-birinə daha kip sıxmış, gözlərini naməlumluğa zilləmişdi...

Əriyirdi, yox olurdu Fərəh. O, anbaan ölümə könül verir, onun ağuşuna atılmaq haqda düşüncələrə qapılırdı... Axşama tərəf Leylanın israrı qarşısında tab gətirmədi, daxilindəki vulkanın yoxedici enerjisini-həyatının bütün rəngliliyini qaraya tabe edən məşum sirrini ona açdı. Leyla onu sakitcə dinlədi... Bir istədi, ağzını açıb: “Mən demişdim...” - desin, son anda qəhəri buna da imkan vermədi. Bərabər ağladılar iki rəfiqə o axşam, gecəni səhərə bərabər dirigözlü açdılar. Səhər isə Leyla Fərəhin əllərini tutub:
- Bu gün də qal. Getmə kəndə - dedi - Bilirsən də, qardaşım Cavid psixoloqdu. Sənə psixoloji dəstək lazımdır. Ağlıma ancaq bu, gəlir. Bu gün də qal...

Fərəh elə bur ruh halındaydı ki, nə razılaşmaq, nə də etiraz etmək haqda düşünmürdü. Buna görə də, başını təkrar yastığa atdı və gözlərini yarıaçıq pəncərədən görünən bir əlçim maviliyə zillədi. Leyla qapıdan çıxandan sonra isə bir daha anladı ki, son çarəsi ölümdür...

***

Pillələri çıxdıqca mərtəbələri sayırdı Fərəh:

- 11... 13...

14-cü mərtəbədə dayandı. Yarıqaranlıq dəhlizin sonundakı şüşə qapının açıq olduğuu gördü. Ayaqları qeyri-iradi onu ora çəkdi. Qapı kiçik eyvana açılırdı. Bu eyvanda nə qədər dayanmışdı? Gözlərini zillədiyi uzaqlarda nə vardı? Bakının irili-xırdalı binaları, hərdən-birdən görünən ağacları niyə get-gedə boz rəngə bürünürdü ki? Fərəhin düşüncələri bu sualların içində azmışdı... Azmışdı...

Məhəccərdən yapışıb aşağı baxdı. Uzaqda görünən asfaltın bozluğu daha cazibədar idi; bütün bozlardan daha cazibədar... Ölüm qədər cazibədar... Fərəh gözlərini yumdu və məhəccərdən aşağı əyildi. Ayaqları yerdən üzüldü...Sağ əlini də məhəccərdən araladı... Sol əlini də... Arxadan belinə dolanan qollar onu geriyə çəkdi.

Gözlərini açanda başı Leylanın qardaşı Cavidin dizləri üstündəydi. Və Cavid gözlərindən axan yaşları gizlətmədən, “kişilər ağlamaz” tabusunu eyninə almadan pıçıldayırdı:
- Bilirəm hər şeyi... Bilirəm, Fərəh. Və səni qınamıram... Deyəcəyim bircə söz var: Səhv etmək hamımızın haqqıdır. O səhvin cəzasını çəkməkdə də haqlıyıq... Özümüzü cəzalandırmağımız da halal haqqımızdır. Amma çıxış yolu heç vaxt intihar deyil. Anladınmı, Fərəh? Problemlər həyat düsturunun məchuluna çevriləndə intihar həll yolu deyil...


# 1112 dəfə oxunub

Oxşar xəbərlər

4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #