Hər şeyi sevən adam - Şəfa Vəli

Şəfa Vəli

Şəfa Vəli

13 dekabr 2022
# 17:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Şəfa Vəlinin "Hər şeyi sevən adam" hekayəsini təqdim edir.

“Dünən dekabrın biri idi. Bu gün ikisidir. İki gün arasındakı yeganə fərq yalnız aid edildikləri təqvim rəqəmləridir. Vəssəlam! Başqa nə? Nə axı? Heçcə nə!” - düşüncələrindən asdığı yüklər xana yumaqları kimiydi; biri çözələndikcə, o biri də yuvarlanır, birinin ipi ərişə keçəndə, o birininki arğaca dolanırdı: “Sonra da ad qoyurlar mənə, ayama taxırlar öz aləmlərində! Elə bilirlər, sözarası dedikləri o “qaravəlli” sözünü qanmıram, anşırdammıram. Təpəniz haqqı elə! Qurudun əzgintisi kimi şeylərdi, əşşi, hamısının canında, ruhunda nə var-nə yox, ömür cəmində islanıb, əzilib, neçə dəfə də süzülüb, xəngələ-xaşıla çilənib.”-dodaqlarına əmin, bir az da həyasız gülüş çiləndi: “Nə ayamadı amma! Pəh! Yazasan bir A4 səhifəsinə, çap edəsən rəngli printerdə, arxasını tüpürcəkləyib yapışdırasan hamısının qaşqasının ortasına bircə-bircə! Özü də, iri hərflərlə: ƏZGİNTİ! Gələn də oxuyub gülə, gedən də!”-şaqqanaq çəkdi...Amma gülüşünün ömrü anlıq oldu, ruhundakı uçurumun dibinə çoxdan atdığı təəssüfü silkələnib qalxdı, boyunu göstərdi: “İndi qurud tanıyanmı qalıb?! Qoyasan elə marketdən kauçuk qabda yaxantı daşıyalar, adını da qatıq qoyalar...”

Dərindən “ah” çəkib gözlərini tavana zillədi. Geridə qoyduğu günün hər saatını, hətta hər anını yadına salmağa başladı. Adətiydi başı yastığa gəlincə divardakı təqvimdə üstündən qara qələmlə “bir quş!” yazdığı rəqəmə aid edilən günü xatırlamaq...

...Səhər də həmişəkiydi; təmirsiz evində yuxudan oyanmış, suyu yaxşı isitməyən qızdırıcıya söyə-söyə, ləkəli aynaya baxmadan əl-üzünü yumuş, şokolad yağlı yaxmasını yemiş, kürəyi enli, qolları gödək paltosunu əyninə keçirib qapıdan eşiyə atılmışdı. Yenə küçədə qabağına şalına bürünmüş küçəsüpürən qadın çıxmışdı, onu görəndə işini dayandırmış, çalğısının uzun sapına söykənib ona gülümsəmişdi.

- Hansına gününə gülürsən, ay bədbəxt?! - demişdi küçəsüpürənə bircə sərt baxış ataraq, sonra da paltosunun boyunluğunu yuxarı qaldırıb sürətlə özünü dayanacağa çatdırmışdı.

Avtobusda yolçuluğu da dəyişilməzliyə məhkum idi; itələyən, yıxılan, oturmaq davası edən, sürücüylə dilləşən sərnişinlər, kələ-kötür yollar, qazandan daşan yarma sıyığı kimi, dayanacaqdan yolun ortasına qədər köpüklənən insan səbirsizliyi...

İş yerində də könülaçan heç nə yox idi... Nə işini, nə iş yoldaşlarını sevirdi, maaşından razı olan adama isə bir dəfə də olsun, rast gəlməmişdi. Uşaqkən bütün həmyaşıdları kimi, kosmonavt olacağına əmin idi. Yeniyetməlikdə anladı ki, kainat arzularına sığa bilər, amma atasının cibinə sığmır. “Dolanışıq” kəlməsinin ucundan yapışmağının bütün arzularının, xəyallarının üstünə keçə kimi örtüldüyünü dərk etməyinin yaratdığı xəyal qırıqlığı get-gedə ümidsizliyinin özəyinə çevrildi. Bu özək çatladıqca, içindən yeni-yeni uğursuzluqlar, narazılıqlar zoğ verdikcə başladı əcdadlarından qalan, minilliklər boyunca urvatını itirməyən lənətli mirasa sarılmağa-günahkar axtarışıyla barmağını önünə gələn bəşərə tuşlamağa. Hikkəli, alacaqlı, umacaqlı düşüncəsinin “borclu”sunu tapmaqda gecikmədi; babasından atasına, atasından da ona qalan təmirsiz evin yaşanılası olmamasının günahkarı evi tikən bənna, səkilərin əyri-üyrü, çala-çuxur olmasının günahkarı gülərüz küçəsüpürən, avtobusdakı basabasın günahkarı adamları “çaqqıldax yunu xarala basan kimi” üst-üstə avtobusa dolduran sürücü, sevmədiyi işinin günahkarı isə “yediyini danan” boğazı idi...

...Dikəlib yerində oturdu. Dəyişməyən, bir-birindən heç nə ilə fərqlənməyən alatoran günlərin, heç olmasa, birində belə, gün işığı görməyin mümkünsüzlüyünün səbəbini axtardı xatırladığı həyatında ilk dəfə... Sağ əlini üzünə çəkdi, qaşlarını dartdı və ağzını açdı. Canından keçən ani titrətmə ilə özünə gələndə susuzladığını hiss etdi və ayağa qalxıb mətbəxə keçdi. Qulpu qırıq fincanını su kranının altına tutanda nahar vaxtı iş yoldaşının dediyi sözlər yadına düşdü.

***

...Üç nəfər idilər: işi-gücü su borusunu o yan-bu yana sürütləmək olan saqqallı qoca, gündə, bəlkə, yüz dəfə eynəyini köynəyinin qoluna silən arıq, uzun oğlan, bir də o. Qoca çay dəmləyir, oğlan fincanları yaxalayır, o isə əlləri qoynunda dayanıb çay içmək üçün səbirsizlənirdi. Arabir də, mətbəxin qapısına nəzər salırdı ki, kollektivdən daha heç kimin gəlməməyindən əmin olsun. Çay hazır olan kimi, fincanını doldurub aradan çıxacaq, öz kiçik kabinetinə girib qapını içəridən bağlayacaqdı. Xoşlamırdı ağız deyəni qulaq eşitməyən yığıncaqları; bir-iki dəfə məcburən qalmışdı tünlüyün ortasında, içdiyi çayı zəhərə dönmüşdü. Hələ də, o bir-iki dəfədən üç-dörd epizod xatırlayırdı. Katibə qızın saçını əliylə oynadaraq gülməsi, xadimənin telefonda nəvəsinin şəklini göstərib: “Düz yeddi ildən sonra gəlib e! Yeddi il!” - deməsi, müdir müavinin pəncərəyə uzanan şam budağındakı dələni göstərib hamıya sakit olmalarını işarə etməsi... Bu xatirə saçaqlarının hər biri onu hirsləndirir, insanların bu qədər dolanışıq dərdinin içində, bu qədər bozluğun, rəngsizliyin içində necə sevinə bilmələrinə, necə gülə bilmələrinə məəttəl qalırdı.

-Bağban dayı, çay hazırdımı? Siyirməmdə şirin kökələr var, götürüb gəlirəm.

Katibə qız başını mətbəxin qapısından içəri salıb ucadan soruşdu və cavab gözləmədən çevrilib gözdən itdi. O, əsəblə içini çəkdi və başını buladı. Oğlan yaxaladığı fincanları səliqə ilə masaya düzdü, ehmalca başını qaldırdı və düz onun gözlərinin içinə baxıb:

- Bircə gün də hər şeyi, hamını sev!-dedi.

***

...Əlindəki fincana baxdı, suda öz əksini gördü; əyri-üyrü, tərpənən üzü dodağının qaçmasına səbəb oldu. Boş olan əlini yelləyib fincandakı suyu birnəfəsə içdi və fincanı etina ilə masaya qoyub yerinə qayıtdı...

Yuxuya gedənədək oğlanın dediyi cümləni düşündü: “Bircə gün də hər şeyi, hamını sev!” Səhər oyananda da ilk ağlına gələn elə bu cümlə idi. Yerinin içində gərnəşdi və otağa göz gəzdirdi. Pərdələrin süzülmüş yerlərindən görünən işıq günün bir boy qalxmasından xəbər verirdi. Bir istədi, zəngli saat düzəldən zavodun işindəki səmərəsizlikdən gileylənsin, tez yadına düşdü ki, bu gün iş yoxdur-idarədə müdir müavinlərinin hesabat günüdür. Əlini atıb zəngli saatın başına tumar çəkdi və pıçıldadı:

- Sən elə etibarlı dostsan ki! Düz, iyirmi yeddi ildir, mənə yoldaşlıq edirsən bu ömür yolunda. Atamın səni aldığı gün hələ yadımdadır. –susdu, diliylə dodaqlarını yaladı və gözlərini yumub əlavə etdi:-Onda on yaşlı uşaq hardan biləydi ki, günə başlamaq üçün sənin hay-harayına möhtac qalacaq...

Yenə uşaqlıq xatirələrini bürmələyib atdığı sandığın qapısına əl uzatmışdı düşüncələri. Bir hövldə ayağa sıçradı: “Nə qədər olar ey uşaqlıq arzularını xatırlamaq? Elə dünənin kədərini əzizləyə-əzizləyə bu günün sevinclərindən məhrum olmurammı?” –deyə düşünərək özünü əlüzyuyana çatdırdı. Yenə su ilıq idi, amma o, bu ilıqlıqda nəsə xoş bir şey hiss elədi. Nə idi bu xoşluq? Qorxa-qorxa, çəkinə-çəkinə ətrafına göz gəzdirdi. Hər şey eynən dünənki kimiydi. Yox... Dünənki kimi deyildi axı. Dəyişən nə idi? Gözlərini yumub ürəyində onadək saydı, sonra gözlərini açdı və hamam otağını daha diqqətlə süzdü. Dəyişənin nə olduğunu yenə anşırdammadı, əl-qolunu oynada-oynada mətbəxə keçdi. Şokoladlı yaxması da, axşamdan qalan dəm də ona ləzzət elədi. Damağındakı dad qaçmamış özünə ikinci yaxmanı da düzəltdi, ikinci çayı da süzdü.

Qapıdan çıxmamış pulqabındakı pulları saydı və özünə yeni palto almaq üçün ən gözəl vaxtın məhz bu gün-dekabrın üçü olduğuna qərar verdi. Səkidəki su ilə silələnmiş çalaların üstündən hoppanaraq keçdi, lap axırıncısının yanında dayandı. Əyilib yerdən bir çinar yarpağı götürdü, onu su dolu çalanın üstünə qoydu. Yarpaq iriydi, ucları çalanın kənarında qaldı. Ətrafına baxdı, nisbətən kiçik yarpaq tapdı, çalaya onu buraxdı. Amma bu yarpaq da suyun üstündə üzmədi, eləcə, olduğu yerdə qaldı.

- Bu balaca yaxşı üzər.

Səsə geri çevrildi. Küçəsüpürən çalğısının sapını qoltuğunun altında sıxmışdı, bir əliylə şalının düyününü bərkidirdi, digər əliylə də balaca, uzunsov bir yarpağı ona uzatmışdı.
-Sağ olasan, xala!

Həvəslə yarpağı aldı və suyun üzərinə qoydu, əyilib var gücüylə üfürdü. Yarpaq sürətlə bir qarışlıq çalanın digər sahilinə çatdı.
-Zoğal yarpağıdır o, yüngüldü, həm də, damarı nazikdi. –dedi küçəsüpürən gülümsəyərək.
-Burda zoğal ağacı var?-heyrətlə ətrafına baxdı.
-Budu ey, məktəbin həyətindədi.

Küçəsüpürənin göstərdiyi səmtə burdu boynunu; on-on beş metr aralıda dekabrın çiskininə könül vermiş, hər budağında iki tək, bir cüt sarı yarpaq görünən zoğal ağacı vardı.
-Zoğalını da uşaqlar yeyər bunun.-İlk ağlına gələn fikir söz donunu geyinməkdə gecikmədi.
-Hə.-Küçəsüpürən başını yellədi: -Sağ olsunlar, həmişə ovuclarına yığıb mənə də uzadırlar dəmirlərin arasından.

...Avtobus dayanacağına çatanadək dodaqlarının kənarındakı dartılmanı dayandırammadı: “Küçəsüpürənin təbəssümü sıçradı üzümə, yüz faiz!”-deyə düşünməkdən də özünü saxlaya bilmədi. Dayanacaqda adam az idi. Yaşlı kişi taxtası qırıq oturacaqda oturmuşdu, qaşlarını düyünləyib siqaret çəkirdi. Gənc qız düz səkinin kənarında idi; ayaqlarını aralı qoyub başını sinəsinə əymiş, baxışlarını asfaltdakı çata zilləmişdi. İki yeniyetmə oğlan dayanacağın dəmir dirəyinə söykənmişdi, hərəsi öz telefonunun ekranına baxırdı. Bir neçə saniyə oğlanları müşahidə elədi, onların üzündə anbaan dəyişən ifadələrdə nə axtaracağına qərar verə bilmədiyini anlayanda yenə gülümsədi: “Hələ o yaşdalar...” - düşünərək yoluna davam elədi. Bu gün avtobusa minməyəcək, iki küçə aşağıdakı paltar dükanınadək piyada gedəcəkdi. Düşüncələrinin tanıdığı kələ-kötür, yamaqlı küçələrin addımlarına yad olmağını da sevgisizliyə yozmaq istəmirdi, elə-belə, səbəbsizcə, məna axtarmadan piyada gedirdi...

***

...Təzə aldığı paltosunu dəhlizdəki asılqandan asanda canına istilik yayıldı:
-Evim...-dedi kövrəkliklə:-Öz evim. Babamın əl əməyi, atamın sığınacağı, anamın qürur yeri...

Mətbəxə keçdi. Çaydanı doldurub qaynamağa qoydu, dəmliyin qapağını qaldırıb köhnə dəmin tünd qoxusunu ciyərlərinə çəkdi. Sonra dəmliyin içindəki qaraçayı pəncərədən eşiyə-həyətdəki kollara tərəf tulladı. Yadına iş yerindəki qoca bağbanın çay dəmləməsi düşdü. Eynən onun kimi, ehmalca dəmliyi yaxaladı, ürəyi soyumadı, ovcuna su alıb eşiyinə də çəkdi, sonra çay qaşığı götürdü, üç çay qaşığı qaraçay tökdü dəmliyə. Döyükə-döyükə mətbəxdəki dolabın üç-dörd qapısını açıb-örtdü, nəhayət, kiçik bir kasanın dibində beş mixək tapdı. Üçünü götürüb dəmliyə atdı və çaydanın qaynamasını gözləməyə səbri çatmayacağını görüb dəhlizə çıxdı. Yataq otağının yarıaçıq qapısından görünən dağınıqlıq ürəyini sıxdı...

Çirkli yataq örtüyünü hamam otağındakı kauçuk vannaya qoyub əlini yumağa başladı. Sabunlu əllərini bir-birinə bərk-bərk sürtdükcə nəyinsə yeniləndiyini, dəyişdiyini düşünür, o “nəsə”ni axtarmaqdan qorxduğu üçün özünü danlayırdı: “Özüm ölüm, hələ mənə urvatlı ad qoyublar ha! Elə qaravəlliyəm ki, buyam! İndiyədək qorxduğum bir Dəli Nəstənin itiydi. İndi amma gözümün gördüyündən diksinirəm, hoppanıram içimdən. Əriştə aşının həlimi kimi, bulandırıram zehnimdə nə varsa. Niyə axı? Niyə? Elə bil, bu dünyada...Yox...-başını buladı:-Dünya çox oldu axı, ay qaravəlli, sən dünyanın eyninəsənmi ki? –sulu əlini yellədi, baxışları sıçrayan damlaların ardına düşüb güzgüyəcən getdi, köynəyinin qoluyla güzgünü silməyə başladı: -Lap elə bu şəhərdə, bu küçədə qorxulası o qədər adam var ki! Biri elə Əsnatın qızı Lilpar, çənəsinin altına keçdinsə, birinci sinifdə aldığın “iki” də yadına düşür. Nətəhər edirsə, kalapır kartofu kimi, bişirir, piləyə döndərir adamı. Vaxtında atana, anana demədiyin nə sirrin varsa, göy düyünçə eləyib, büküb qoyursan Lilparın ovcuna. Qorxulasıdırmı? Hə!”

Güzgü təmizləndikcə gözlərinin qarşısında üz xətləri aydınlaşdı. İkiəlli əlüzyuyanın kənarlarından yapışdı və irilənmiş bəbəklərinin içinə zillədi baxışlarını: “Ay qaravəlli! Qaravəlli, hey! Bax, gördün? Bircə gün sevdim hər şeyi, hamını! Elə bilirsən ki, Lilpardan zəhləm gedir? Yox ha! Onu da sevirəm! Onun o qara saçlarını, ala gözlərini hələ məktəb vaxtından sevirəm. Köklüyü də eynimə deyil. Məgər kök olmağı, arıq olmağı adam özü seçir ki?! Heç onun sözgəzdirən olması da pis deyil. –çiyinlərini çəkdi:-Nəyi pisdir ki? Hə? Lilpar olmasa, Haqqı kişi evində tək öləsiydi, düzdümü? Amma tək ölmədi. Lilpar hay saldı camaatın canına ki, Haqqı kişinin evində işıq səhərəcən yanıb. Gəlib ertədən kişini yarımcan tapdılar, sən demə, divandan yerə yıxılıbmış. Nolsun ey, illərdi oğul-uşağı yiyə durmurdu? İndi hər gün gəlib-gedirlərmi? Gəlid-gedirlər! –gözlərini yumdu, səsini qısdı:-Onsuz da, kişi öləndə o ev onlara qalacaqdı da... –Gözlərini açdı, bu dəfə daha hikkəylə başını irəli uzatdı: -Sevirəm hər şeyi! Sevirəm hamını! Bilirəm, heç kimin günahı yoxdur mənim belə yaşamağımda! Ümumiyyətlə, var olmağımda! Ev təmirsizdi? Bənna neynəsin ki? Vaxtında çax-çillə tikib də! Səkilər pis gündədi? Küçəsüpürən eşib? Yox! Avtobus da ki... Heç ondan danışmayacağam da, hamı işə tələsir, hamının vaxtı puldu bu dəqiqə. –bir neçə dəqiqə daha baxdı güzgüdəki əksinə, sonra fağırlaşdı, çiyinləri çökdü, gözləri qıyıldı, dodaqları səyriməyə başladı, səsi öləzidi: -Bilirəm, səndədi günahın hamısı, ay Tanrı...”

...Çaydan qaynadığını bildirmək üçün qürurla taqqıldayır, açıq mətbəx pəncərəsindən içəri təpilən dekabr sazağı, onsuz da, yaxşı isinməyən evin divarlarına yayxanırdı... Hər şeyi sevən adam çiyinlərini gərərək evin içində dolanır, hamının məsum olduğu dünyada yaşamağın gözəlliyini anladığına görə, özüylə qürur duyurdu... Ən gözəli isə barmağını hara istəsə tuşlamağın mümkünlüyüydü; o, tapdığı yeganə günahkarın harda olduğunu bilmir, heç bilmək də istəmirdi...


# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
#
#
# # #