Gündəcə - Aytən Eyvazon

Aytən Eyvazon

Aytən Eyvazon

9 dekabr 2022
# 18:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Aytən Eyvazonun "Gündəcə" hekayəsini təqdim edir.

Mübarizənin uzun, qalibiyyət sevincinin isə qısa olduğunu öyrənmək mənə həyatım bahasına başa gəldi. Evimizə gələnəcən çox zamanım getdi. Saymışam. Ömrümə gün işığı düşsün deyə iyirmi üç dəfə dişimlə, dırnağımla kəfənimi yırtmışam. İndi pəncərə kənarında oturub otaqda anamın göz yaşları ilə axıtdığı kədərini izləmək mənə ağır gəlirdi. Ruhunun ağrısını göz yaşları ilə dindirməklə işindən də qalmırdı. Əlində qıyıq döşəkçə sırıyırdı. Əgər məni dinləsəydi ona deyərdim ki, göz yaşı çay kimi axıb çuxurunu tapdısa davamlı axar. Amma bilirəm dinləməz.

Ana bətninin qaranlığında keçirdiyim zaman işıqlı dünyadakı zamandan daha ləng gedirdi. İndi sərin mehin yanımdan əsib keçməsilə ömrümün bir ilini necə süpürdüyünü hiss etdim. Yaşamağa tələsməli olduğumu yaxşı anlayırdım. Lakin valideyinlərimin narazı həyatı qalib gəldiyim mübarizənin sevincini yaşamağıma mane olurdu. Növbəti yelin yanımdan əsib keçməyinin hayında idim ki, atam otağın qapısını çırpıb içəri keçdi:

– Sən gərək onlara deyəydin ki, bizdə alınmaz. Dilin yoxdur? Başqa vaxtı məni diri-diri
udursan. – deyinə-deyinə otaqda oyan-buyana getməyə başladı.

– Dedim. Amma onlar da çarəsizdilər. Getməyə məcbur olmasaydılar yenə də anama özləri
baxardılar. Xəstə qadını özləri ilə Rusiyaya necə aparsınlar? – atam tikanlı sözlərini anamın qəlbinə, anam isə deyə bilmədiklərini qıyıqla döşəkçəyə batırırdı.

– Məcbur? Getməyə də bilərdilər. Rusiya, iş, zad hamısı bəhanədir. Mənə bacını
tanıtdırırsan? Nə qədər ananın canı sulu idi həm pensiyasını alıb yeyirdi, həm də evdə qadına gördürmədiyi iş qalmırdı. Hamıya da özünü fədakar övlad kimi tanıdırdı. Elə ki arvad xəstələnib yatağa düşdü, yükü ağır gəldi. Ərinin rusiyada işini bəhanə edib yükü sənin üstünə atmaq istəyir.

– Yük deyil, mənim anamdır – anam sərt bir baxışla atamın gözünün içinə baxdı.

Atam sanki harada dayanacağını bilirdi. Bir az da artıq yaralasaydı, anamın ruhu qan axmasından ölərdi, bir daha əvvəlki münasibətlərə qayıda bilməzdilər. Odur ki, atam cibindən siqareti çıxarıb damağına qoyub bayıra çıxdı. Anam da əlindəki qıyığla yaralarını yamamağa başladı.
Bu ailədə bir tək mənmi zamanı görüb, hiss edirəm? Bir tək mənim ömürümümü külək dalayır, günəş qurudur? Kaş yaşamağa daha çox vaxtım olaydı.

Yandırdığı siqaretin tüstüsü atamın qəzəbini boğa bilməmişdi. Yenə əsəbi halda içəri keçdi. Bu dəfə qapını çırpmadı, çünki bayaq çırpanda açıq qalmışdı. Birbaşa yuxarı başa keçib soruşdu:

– Bəs ananın evi? O necə olacaq? Yəqin deyərlər biz neçə illər baxmışıq, haqqımızdır, hə?

Aradakı gərginliyi azaltmaq, anamın qanayan ruhunun qaysaq bağlaması üçün zaman qazanmaq üçün cəsarət edib dilləndim:

– Bir baxın, bayırda nə gözəl hava var. Bəlkə həyətə çıxaq?

– Yox, bacım dedi ev anamındı. O kimə versə onun olar. Bizim evdə gözümüz yoxdur. Sizin
yanınızda canını tapşırsa ev sizin olar. – mən yoxmuşam kimi, anam mənə baxmadan atama cavab verdi.

Atam bir az daha düşünmək üçün növbəti siqareti damağına qoyub otaqdan çıxdı. Anam da atama deyə bilmədiklərini dodağının altında mızıldamağa başladı:

– Yazıq bacım nə qədər anama deyərdi ay arvad, etmə, eləmə. Bir az otur. Az ağır iş gör.
Qulaq asırdı? Yox. Vaxtında özünə baxsaydı indi bu hala düşüb kiməsə möhtac olmazdı.

Atam səhnənin üçüncü və son pərdəsində çıxışını etmək üçün yenə otağa qayıtdı. Bu dəfə əvvəlkilərə baxanda sakit görünürdü. Sakitcə keçib anamın yanında oturub dedi:

– Əzizim, canım gözüm. Mən sənə görə deyirəm. İllərdi mənim rəhmətlik anama baxıb, qulluq etmisən. Qadın evdə tək qalmasın deyə ikimiz birkildə çölə çıxmazdıq. Toyalara ya sən gedərdin, ya mən. Sənin nə qədər əziyyət çəkdiyini mən görürdüm axı. İndi anam rəhmətə gedib, uşaqlar da öz yuvalarını qurublar. Ömür də görürsən necə su kimi axıb gedir. İki gün səninlə rahat yaşamaq, bir gün görməyi istəmək mənim də haqqım deyil?

– Sən mənim yerimdə olsan nə edərdin? Mən biçarə haranın külünü başıma töküm. Allah
məni öldürsün. – anam əllərini üzünə tutub ağlamağa başladı.

– Elə demə, ay qız. Allah sənin canına dəyməsin. Sənsiz mənim yaşamağımın nə mənası
olar?! Bilirsən səni nə qədər çox istəyirəm. Nə deyirəm ki, demək bizim də taleyimizə bu yazılıb. Nə qədər Allah anana və bizə ömür verib biz ona baxarıq. Narahat olma, əzizim.

Atam anamı qucaqladı. Mən sevincimdən “nəhayət, nəhayət” qışqırdım. Demək ki, bir mən deyilmişəm zamanının, həyatının, yanındakıların qədrini bilən. Xoşbəxtlik anamın üzündəki təbəssüm imiş.

Mən yerimdən qalxıb onları qucaqlamağa getdim. Döşəkcənin mənə tərəf gəldiyi zaman anamdan eşitdiyim son sözlər isə bunlar oldu:

– Çay kənarında yaşamaq budur da. Bu gündəcələrin əlindən rahatlıq yoxdur.

Gözlərimi açanda ömür boyu yanıldığımı, insan yox gündəcə olduğumu otağın bir küncündə qanadısınıq qaldığımda anladım. Növbəti həyatda insan kimi doğulub gündəcə kimi zamanın fərqində olaraq yaşamaq istərdim.

# 1372 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
#
#
# # #