Gözəllik uğrunda özündən vaz keçən əsgər - Loğman yazır...

Loğman

Loğman

22 iyun 2023
# 12:26

Kulis.az Loğmanın "Kvazimodo təzadı" yazısını təqdim edir.

Məzmun o qədər zəngin, o qədər böyükdür ki, formaya yerləşmir – çay məcrasına sığmayan kimi.


Məna formaya sığmayanda onu zədələyir, yaralayır.


Sellər-sular sahilləri, bəndi-bərəni yuyub aparır.


Məna formaya sığmayanda onu dağıdır.


Biçim deformasiyaya uğrayır.


Məna biçimin gözünü çıxarır, ağzını əyir, onu qozbelləşdirir – Kvazimodoya döndərir.


Eybəcərləşən forma ifrat məzmun gözəlliyinin möhtəşəmliyindən xəbər verir.


O, mahiyyətin formaya sığmazlığının təzahürüdür.


O, mahiyyətin böyüklüyünü açmağa xidmət göstərir.


Qeyri-adi, təzadlı gözəlliyin ölçü vahidi, meyarı kimi üzə çıxır.


Kvazimodo məzmunla biçimin təzadından doğulub.


Məzmunun dağıntıları nə qədər böyükdürsə, yəni forma nə qədər eybəcərləşibsə, deməli, məna o qədər zəngindir, dərindir.


Kvazimodoluq – əl çatmayan, real olmayan, bütün ölçüləri dağıdan sevgidən doğan heyrətdir.


Qovuşmaq üçün deyil, borcdur – sevmək borcu.


İçin üzə sığmazlığıdır.


Kvazimodo – məzmunla forma arasındakı gərginliyin və məsafənin maksimum həddə çatdığı, qütbləşdiyi yerdir.


Gözəlliyin qarşısıalınmaz gücə çevrildiyi məqamdır.


Kvazimodo təzadı onun faciəsi, həm də təsdiqidir.


Bu təzad sonsuz daxili güc və enerji qaynağıdır.


Kvazimodonun içi sevgisinin, üzü cəmiyyətin şəklidir.


Onun qəlib həyatı yoxdur deyə, faciəsi labüddür.


Amma bu, bədbəxtlikdirmi?


Bu faciə onun mahiyyətini açır, böyüklüyünü göstərir.


Kvazimodonun xilası faciəsindədir.


Kvazimodo faciəsinin mahiyyəti ondan ibarətdir ki, məhv olmasa, yaşaya bilmir.


Yox olmasa, təsdiqini tapa bilmir.


Özündən keçməsə, gülüş yerinə çevrilir.


Qəribədir ki, bu faciə həm də təsdiqin yeganə yoludur.


Kvazimodonun seçimi yoxdur.


Eybəcərlik sədlərini aşmaq həmişə böyük qurban, böyük fədakarlıq tələb edir.


Sevginin gücü zülmət gecədə ildırım kimi çaxır.


Eybəcərlik çiliklənir, heyrətin geniş üfüqləri açılır.


Notr-Damın möhtəşəm divarlarının qoruya bilmədiyi gözəlliyi Kvazimodo həyatının mənasına döndərir, onu vətən səviyyəsinə qaldırır.


Bu zaman məzmunun gözəlliyi biçimin eybəcərliyini unutdurur, hətta onu məlahətləndirir.


Kvazimodo – gözəlliyin qələbəsindən ötrü özündən keçən könüllü əsgərdir.


Kvazimodoya vurulan adamın əsilliyinə şübhə yeri qalmır.


İlk dəfə eybəcərlik sədlərini qıran, azadlığa çıxan Kvazimodonun daxili aləmi gözəllik, ədalət və sevgi naminə fəda edilir.


Sevgi qələbə çalır.


Kvazimodonun təzadı özünütəsdiq və ölümü bir araya gətirir.


Təsdiq ölümdən parlaq görünür.


Gözəllik ölüm fonunda görünmür, əksinə, ölüm gözəllik içində itir.


Biçim görünməz olur, yaddan çıxır.


Kvazimodoluq – imkansızlıqdan imkan şirəsi çəkməkdir.


Kvazimodoluq – eybəcərlikdən heyrətamiz gözəllik düzəltmək dərsidir.


Nifrətdən sevgiyə yol çəkməkdir.

# 6632 dəfə oxunub

Oxşar xəbərlər

Ölmüş - Günel Mehrinin hekayəsi

Ölmüş - Günel Mehrinin hekayəsi

16:00 4 avqust 2026
Vəsiyyət - Şarl-Lui Filippin  hekayəsi

Vəsiyyət - Şarl-Lui Filippin hekayəsi

13:50 4 avqust 2026
Sirli dərd - Knut Hamsunun hekayəsi

Sirli dərd - Knut Hamsunun hekayəsi

10:00 4 avqust 2026
"Mən batana qədər üzmək niyyətində idim..." - Cozef Konraddan sitatlar

"Mən batana qədər üzmək niyyətində idim..." - Cozef Konraddan sitatlar

12:00 3 avqust 2026
Heyif - Aleksandr Soljenitsının hekayəsi

Heyif - Aleksandr Soljenitsının hekayəsi

11:30 3 avqust 2026
Kiçik qardaş - Mario Varqas Lyosanın hekayəsi

Kiçik qardaş - Mario Varqas Lyosanın hekayəsi

12:30 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər