"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə

"Evin kişisi" povestindən bir hissə - İsi Məlikzadə
18 oktyabr 2026
# 11:00

Kulis.az "Bazar oxusu" rubrikasında İsi Məlikzadənin "Evin kişisi" povestindən bir hissəni təqdim edir.

Canəlidən bir neçə saatlığa aldığı motosikleti Qaçay yol ayrıcında saxladı. Yəhərdə yanpörtü oturub ayaqlarını sallatdı. Azacıq aralıda qaranlığa qarışıb itən, qırılan yola diqqətlə baxdı. Kanalın üstündəki yeməkxananın işıqları keçdi. Böyük bina qaranlıqda səyriyən kölgə kimi göründü. Səhər-axşam yeməkxananın qarşısından əl çəkməyən sahibsiz itlərin mırıltısı eşidildi. Oğlan, bu mırıltıya, zingiltiyə qulaq asdıqca Əntiqəgilin hər gün ona hürən itini xatırladı: "O yavadır, toxdur. Harınlıqdan zəncir çeynəyir".

Qaçayın gözləri qarşısında Əntiqənin ağ yarımheykəli dayandı. Yarımheykəl oğlana məhəbbətlə baxdı. Gülümsədi. Sonra qaşqabağını salladı: "Məktubuma niyə cavab yazmırsan?" - deyə məzəmmətlə soruşdu və cavab gözləmədən yox oldu. Bu sakit, kimsəsiz çöldə təkcə səsi qaldı: "Niyə cavab yazmırsan? Niyə?.. Niyə?.."

Qaçay əlini kitelin döş cibinə vurdu. Əntiqənin məktubu orada idi, şax-şax lotereya biletlərinin yanında. "Yazacağam ki, heç ürəyini sıxma, Əntiqə. Mən səni unutmamışam. Unutmaram da. Ancaq səni qaçırtmayacağam. Qaçırtmaq niyə? Elçi göndərəcəyəm. Qoy Ağcanı köçürək, darıxma. Nurmurada xəbər göndərəcəyəm, toyumuza o da gəlsin. Əsgərlikdə söz vermişik, o da məni toyuna çağıracaq. Türkmənistana səninlə birgə gedərik. Nurmurada deyərik, Koroğlunun qəbrini bizə göstərsin. Görək elə qəbir varmı? Görək o necə qəbirdir".

Qəribə də olsa, Qaçay hiss etdi ki, indi onun ürəyində Pənaha qarşı heç bir qərəz, kin yoxdur. Sanki bir dəfə savaşmaqla bütün acığı sovuşmuşdu. O, həmin gün Pənahın gözlərində qorxu ifadəsi görmüşdü, onun rənginin qaçdığını, ətli və aralı dodaqlarının titrədiyini görmüşdü. Daha Qaçay ondan çəkinmirdi, daha ona nifrət eləmirdi. İndi Pənaha yazığı gəlirdi.

Uzaqda işıq yandı. Qoşa nöqtələr yavaş-yavaş yaxınlaşdı, böyüdü, bir-birinə qarışıb gurlaşdı. Qaçayın ürəyi əsdi. "Bunun qabağını necə kəsim? Nə deyim?.. Əgər qarpız aparan maşındırsa, niyə təkdir?". Oğlan yəhərdən düşmədi. Sol əlini qamaşan gözlərinin üstünə qoydu. Maşın yanından ötdü. Qaçay yenə qaranlığın qucağında qaldı. Uzaqlaşan maşının arxadakı qırmızı işığına baxdı: "Yaxşı ki, «Moskviç» idi. Onda yük aparmazlar...".

Burada olduğu bir saat ona bir il kimi göründü. Darıxdı. İstədi çıxıb getsin. Buraya gəlməyinin səbəbini hələ özü də lazımınca dərk eləmirdi. Adını bilmədiyi, dərinliyinə enmədiyi şirnikdirici, qeyri-müəyyən bir hiss onu burdan uzaqlaşmağa qoymurdu. Lap uzaqda — göydə gurultu qopdu. Elə bil qara buludların arxasında saysız-hesabsız top atıldı, əks-sədası torpağı lərzəyə gətirdi və bu əks-səda göylə-yerin birləşdiyi qaranlıq, uzaq nöqtədə əriyib söndü. Qaçay belə anlarda atasının təşvişlə dediyi sözləri xatırladı: "Ay uşaq, o səbətlərin üstünə kilimdən-zaddan bir şey çəkin. Bu saat yağış yağacaq, leysanın altında çürüyər səbətlər".

Oğlan nəzərlərini asfalt yola dikdi. Qarşısında bir cüt göz parıldayırdı. Qaçay diksindi: "Canavar!" Sonra başa düşdü ki, parıldayan bu bir cüt göz hələ uzaqdadır. Motor uğultusu eşidəndə qorxusu sovuşdu. Qaçay onun nəriltisindən yük maşını olduğunu anladı. "Bu maşın hara gedir? Nə aparır? Kimindir?". O, motosikletdən aralandı. Qaçay bir anlığa işıq selinin içində üzdü. Gözlərinə səyriyən nöqtələrdən başqa heç nə görünmədi. Maşının dayanmağı üçün onun əlinin bircə işarəsi kifayət idi. İstədi əlini qaldırsın, birdən yadına Pazaq Vəli düşdü. Elə bildi Pazaq Vəli bu maşının kabinəsində oturub. Elə bildi Pazaq Vəli onu görən kimi rişxəndlə güləcək: "Hə, sənin belə işlərin də varmış?!" Qaçayın qolları ağırlaşdı. Maşın onun yanından asta-asta keçib getdi...

Qaçay o gecə evlərinə qayıtmadı, növbətçi milisionerin yanında qaldı. Özündən üç-dörd yaş böyük olan iş yoldaşının şirin zarafatları da onun eynini açmadı. Gözləmə otağındakı enli skamyada uzandı. Canında, beynində yorğunluq, ağırlıq hiss etsə də, yuxusu yox idi. Yanlarını əzən taxta skamya ona öz yorğan-döşəyindən rahat gəlirdi. Çünki anasının sual dolu baxışlarını bu gecə görmürdü. Çünki evlərindəki ürəksıxıcı sükutun içində əriyə-əriyə xörək yeməkdən bu gecə canı qurtarmışdı.

...Səhər açılan kimi boş otaqlar səs-küylə doldu. İri, ağır çəkmələr dəhlizdə taqqıltı qopartdı. Qaçay yenə gözləmə otağındakı skamyada kirimişcə oturmuşdu. Beyni ağırlaşıb kütləşmişdi, fikirlərini bir nöqtədə cəmləşdirə bilmirdi. Kirpik çaldıqca gözləri gicişirdi. Yanından keçən, onunla salamlaşan iş yoldaşları Qaçayın əhvalındakı dəyişikliyi duymadılar. Bir gecədə onun arıqladığını, rənginin qaçdığını, qonur gözlərinin şişib qızardığını heç kim hiss etmədi, heç kim. Təkcə Sahibovdan başqa!

Mayor içəri girən kimi Qaçay ayağa qalxıb şax dayandı. Sahibov oğlana baxıb gülümsədi və birdən ciddiləşdi, təbəssümü xırda gözlərinin yanlarındakı qırışlarda donub qaldı. Rəis boğazını arıtladı:

— Görkəmin xoşuma gəlmir, Koroğlu, — dedi. — Azarlamamısan ki?

— Xeyr, yoldaş mayor!

Sahibov Qaçayın qolundan tutub kabinetinə tərəf çəkdi.

— Niyə bikefsən?

Qaçay dillənmədi. Kabinetə girdilər. Sahibov öz yerinə keçdi. Əyləşmək üçün Qaçaya da yer göstərdi. Sualını təkrarladı:

— Niyə bikefsən?

Oğlan əməlli-başlı cavab verə bilmədi. Nəsə mızıklandı. Rəis onun qızarıb şişmiş gözlərinə baxdı.

— De görüm nə olub?

Qaçay fikirləşmədən, sözlərini ölçüb-biçmədən ürəyini açdı:

— Mənə pul lazımdır...

Üzünü pəncərəyə tutub dodaqlarını gəmirdi. Elə bil canındakı yorğunluq bu sözlərlə sovuşub getdi. Qaçay daxilində də qəribə bir yüngüllük duydu. Neçə vaxtdan bəri qəlbində gəzdirdiyi yükü sanki bir anda rəisin üstünə tulladı. Sahibov çiynini bu ağırlığın altına verəcəkdimi, bu yükü daşımağa şərik çıxacaqdımı? İndi bunun Qaçay üçün əhəmiyyəti yox idi. Əsas məsələ bu idi ki, Qaçay dərdini, diləyini heç olmasa bir nəfərə deyib, azacıq rahatlanmışdı. Mayorun əsəbləri sığallayan sakit səsi eşidildi:

— Nə qədər lazımdır?

Qaçay dodaqlarını gəmirə-gəmirə hələ də pəncərəyə baxırdı. O:

— Beş yüz manat, — dedi.

Sahibov qarşısındakı qovluğu açıb hansı kağızasa xeyli baxdı. Sonra köks ötürüb qovluğu kənara qoydu. O, bu qədər pulun nəyə lazım olduğunu Qaçaydan soruşmadı. Nəzərlərini oğlanın soluxmuş sifətində gəzdirdi. Balaca, ağ telefonun dəstəyini götürüb nömrələri yığdı:

— Sayad?.. Sədrəddindir danışan... Qaçayı göndərirəm yanına, ona beş yüz manat pul verərsən.

Dəstəyi qoydu.

— Get Sayad bacının yanına... Unutma, Koroğlu, get. Borcunu yavaş-yavaş qaytararsan, səni tələsdirən yoxdur.

Qaçay elə bildi ki, rəis onunla zarafat edir. Elə bildi ki, mayor ağlına gələn nömrələri yığdı və telefonda heç kim ona cavab vermədi. Mayor elə-belə, öz-özünə danışdı. Danışdı ki, oğlan azacıq da olsa təsəlli tapsın. Yox, yox, bu, nağıldır, bu, yuxudur. Çətin iş də belə asan düzələrmi? Bax, Qaçay kabinetdən çıxıb yüyürə-yüyürə Sahibovgilə gedəcək və qapıda iri qara qıfıl görəcək. Ona deyəcəklər ki, Sayad bacı çoxdan köçüb, daha bu evdə yaşamır. Deyəcəklər, Sayad bacı bu rayondan çox-çox uzaqlardadır; atası evindədir, Bakıdakı qızının yanındadır, kurortdadır...

Qaçay təşəkkür eləmədi. Ağzını açıb bir kəlmə də danışmadı. Stolun üstündəki qovluğu araşdıran Sahibovun koppuş əllərinə baxa-baxa dalı-dalı çıxdı.

...Kağıza bükülmüş bir dəstə pul Qaçayın enlibalaq mahud şalvarının sağ cibində idi. Sağ ayağını atdıqca cibində ağırlıq hiss edirdi. O tələsirdi. Fikirləşirdi ki, evə çatan təkin pulu çıxarıb stolun üstünə qoyacaq və anasının gözlərində dolanan sual, intizar həmin dəqiqədən çəkilib gedəcək. Qaçay xörək yeyəndə daha nəzərlərini boşqaba zilləməyəcək, daha tikəsi boğazında ilişməyəcək... Yenə hardansa Pazaq Vəli yadına düşdü. Elə bildi ki, Pazaq Vəli onun borc almağından da, cibindəki pulun qədərindən də xəbərdardır. Pazaq Vəli hətta, Sahibovun evindəki pulun miqdarını da bilir. Qaçay yan-yörəsinə baxdı. Əlini üstdən sağ cibinə sürtüb rahat nəfəs aldı. Doqqazlarına çatıb dayandı. Yadına düşdü ki, Əntiqəgilin evinin yanından səssiz-səmirsiz keçib. Ayaqlarını yerə döyməyi unudub...

Qaçay otağa sevincək girdi. Anasının gözlərinə baxıb əlini cibinə saldı. Cavahir kirpiklərini çalıb üzünü döndərdi. Çarpayının örtüyünü dartışdırdı. Özünü məşğul kimi göstərdi. Oğlan hiss etdi ki, anası başını yuxarı qaldırmaq, onunla göz-gözə gəlmək istəmir. Arvad ehmalca yan otağa keçib, ara qapını örtdü. Qaçay stolun arxasında oturan atasına baxdı. Onun barmaqları arasında tüstülənən papirosa nəzər saldı. Ürəyi əsdi. Qorxa-qorxa soruşdu:

— Hanı Ağca?

Kişi dillənmədi. Qaçay səsini qaldırdı:

— Hanı Ağca?

— Ağca? — Mikayıl eşmədən bir qullab aldı. Göyümtül tüstü tüklü üzünə yayıldı. — Ağca getdi... Cahid götürüb qaçırtdı Ağcanı öz yerlərinə.

Qaçay atasının titrəyən dodaqlarının kənarında təbəssüm gördü. Heyfsiləndi ki, onun gözlərinə baxa bilmir, ürəyinin çilik-çilik olmuş aynasında heç nə görmür. Oğlana elə gəldi ki, Mikayıl qızının qoşulub qaçmağına sevinir.

Qaçayı qəhər boğdu. Nəmli gözlərini atasından gizlətmək istədi. Yadına düşdü ki, Mikayıl onun kirpiklərində gilələnən yaşı görmür. Qaçay cibindəki pulları ovcunda xışmalayıb udqundu: "Yaxşı ki, atam heç nə görmür... Yaxşı ki, görmür... Görmür..."

Bakı, oktyabr, 1970

# 103 dəfə oxunub

Oxşar xəbərlər

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

14:00 17 oktyabr 2026
Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

10:00 17 oktyabr 2026
"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

10:00 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər