Döngü - Amin Əliyev

Amin Əliyev

Amin Əliyev

9 dekabr 2021
# 11:32

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Amin Əliyevin “Döngü” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

1757-ci il yanvar ayının 1-dir. Amerikadan Çinə sərnişin gəmisi yola düşdü. Gəmi Çinə çatdıqdan sonra bütün sərnişinlər gəmidən endilər və işçilər təmizlik işlərinə başladılar. Gəmini təmizləyən zaman təzə doğulmuş bir körpə tapdılar. Nə qədər maraqlansalar da, körpənin valideynlərini tapa bilmədilər. Hamı təxmin etdi ki, bilərəkdən körpəni burada qoyub gediblər. İşçilərdən biri körpəni götürüb saxlayır, ona atalıq edir. Hamı ona deyir: “Axı başqasının uşağı nəyinə lazımdır?” O isə həmişə cavabında deyir: “Mənim heç kimim yoxdur, gəmi mənim evimdir və buradan başqa bir həyatım da yoxdur. Artıq neçə ildir ki, gəmidən quruya ayaq basmamışam. Bir ailə qurmaq mənim üçün bundan sonra imkansızdır. Lakin artıq bir kimsəm var və o mənə övlad olacaq.”

Körpənin adını isə Soul qoyur. Bir müddət keçir, Soul böyüyür. Soulun 10 yaşı olanda atası ölür. Oradakı işçilərdən biri Soulu uşaqlar evinə aparmaq bəhanəsilə dəniz quldurlarına satır. Dəniz quldurları nə qədər başqalarına qarşı pis olsalar da, Soulu sevirlər və ona hər zaman yaxşı davranırlar. Soul dəniz quldurlarının rəğbətini qazanır, hətta orada özünə 2 dost da tapır. Onlardan birinin adı Joe, digərinin adı isə Tomdur. Onların üçü də, təxminən, eyni yaşda olardılar. Aradan çox vaxt keçir. Soulun artıq 25 yaşı olur. Soul indiyə qədər quldurların gəmisindən başqa bir yer görməmişdi. O nə quruya ayaq basmışdı, nə suya. Onlar Soulun qorxusu olmuşdu. Nə qədər edirdisə, yenə də cəsarət edib gəmidən enə bilmirdi. Onun dünyası sadəcə gəmidən və dostlarından ibarət idi. Bir axşam oturub söhbət edərkən Tom onlara deyir:

- Guya indi biz üçümüz azad insanlarıq da? Atalarımızın tapşırıqlarından başqa bir iş görmürük. Onlar hara gedirlər, biz də ora gedirik, nə deyirlər, onları edirik. İndiyə qədər özümüz azad heç bir şey etməmişik. Həmçinin quldurluq yaxşı bir iş deyil. Mən halal zəhmətimlə pul qazanmaq istəyirəm.

Joe:

- Düz deyirsən, Tom, quldurluq pis əməldir. İnsan halal zəhməti ilə pul qazanmalıdır. Yaşımız gəlib 25-ə hələ də öz ayaqlarımız üstündə dayana bilmirik. Artıq bir şey etməliyik.

Tom:

- Əslində, mənim ağlımda bir fikir var. Gəlin üçümüz gəmi ilə dünya səyahətinə çıxaq. Quldurluqdan əl çəkib ticarətlə məşğul olaq. Hə, nə deyirsiniz?

Joe:

- Mən razıyam.

Soul:

- Mən də razıyam.

Əslində, Soul heç vaxt bu gəmidən ayrılmamışdı. Lakin onun qorxusu başqa bir gəmi deyildi. O, qurudan və sudan qorxurdu. Onun üçün əsas o idi ki, gəmidə olsun. Ürəyində bu səyahətlə bağlı nə qədər qorxusu olsa da, o da artıq öz ayaqları üstündə dayanan və öz halal pulunu qazanan bir gənc olmaq istəyirdi. Buna görə o da səyahətə razılıq verir.

Onlar quldurların başçısından icazə ala bilirlər. Beləliklə, onlar səyahətə çıxırlar. Nə qədər müxtəlif adalar, ölkələr görürlər. Tom və Joe bu yerləri gəzsə də, Soul qorxduğu üçün bu yerlərə addım belə atmır, dostlarını gəmidə gözləyir. Joe və Tom Soulu nə qədər təkid etdilərsə, onu qorxusundan qurtarmağa çalışdılarsa da, bu Soula təsir etmirdi. Soul qorxuları ilə üzləşə bilmirdi.

Gecədir. Soul yoldaşlarını gözləyir və o, çox narahatdır. O, gəminin kənarına yaxınlaşıb gah okeanı, gah da səmanı izləyir. Birdən o, okeanın üzərində onun dostlarının parçalanmış cəsədlərini görür. Sonra arxadan biri onun kürəyinə xəncər salır. Bu zaman Soul: “Yox, yox!”,-deyib yuxudan ayılır.

Joe:

- Soul, yaxşısan? Kabus görürdün?

Soul:

- Hə, yaxşıyam. Sadəcə kabus gördüm.

Joe:

- Soul, gəl bir bu adaya bax.

Soul:

- Hə, baxdım, nə olsun ki?

Joe:

- Bu ada heç bir xəritədə yoxdur.

Soul:

- Necə yəni? Ver mənə, bir baxım. Hə, doğrudur, heç bir xəritədə yoxdur.

Tom:

- Biz Joe ilə gedib baxaq, görək, burada nə var, nə yox.

Soul:

- Getməyin, Tom. Gəlin buradan çıxıb gedək. Bura təhlükəli yerə bənzəyir. Özünüz də gördünüz ki, heç bir xəritədə yoxdur. Xahiş edirəm, getməyin.

Tom:

- Soul, narahat olma.

Joe:

- Tom, görəsən, burada adam yeyən qəbilələr var?

Tom:

- Ha, ha, ha. Nədir, yoxsa qorxdun?

Joe:

- Qorxmaq nədir! O nə sözdür! Mən heç o sözün nə olduğunu bilmirəm! Bizim kimi quldurlara heç o söz yaraşarmı?! Gəl gedək, tez ol. Qaranlıq düşməmiş gəl.

Tom və Joe:

- Biz getdik. Narahat olma. Tez gələcəyik.

Gecədir. Hələ Soulun dostları gəlməyiblər və o, çox narahatdır. O, gəminin kənarına yaxınlaşıb gah səmanı, gah da okeanı izləyir. Birdən o, okeanda dostlarının parçalanmış cəsədini görür. Sonra arxadan biri onun kürəyinə xəncər salır. Soul: “Yox, yox!”,-deyib yuxudan ayılır.

Joe:

- Soul, yaxşısan? Kabus görürdün?

Soul:

- Hə, yaxşıyam. Sadəcə kabus gördüm.

Joe:

- Soul, gəl bir bu adaya bax.

Soul:

- Heç bir xəritədə yoxdur?

Joe:

- Hə, doğrudur. Necə bildin.

Soul:

- Necə yəni? Ağlımı itirirəm mən? Axı nələr olur? Yuxuda gördüm, Joe.

Joe:

- Sən necə də uzaqgörən insansan, Soul.

Tom:

- Biz Joe ilə gedib baxaq, görək, burada nə var, nə yox.

Soul:

- Getməyin, Tom. Gəlin buradan çıxıb gedək. Bura təhlükəli yerə bənzəyir. Özünüz də gördünüz ki, heç bir xəritədə yoxdur. Xahiş edirəm, getməyin.

Tom:

- Soul, narahat olma.

Joe:

- Tom, görəsən, burada adam yeyən qəbilələr var?

Tom:

- Ha, ha, ha. Nədir, yoxsa qorxdun?

Joe:

- Qorxmaq nədir! O nə sözdür! Mən heç o sözün nə olduğunu bilmirəm! Bizim kimi quldurlara heç o söz yaraşarmı? Gəl gedək, tez ol. Qaranlıq düşməmiş gəl.

Tom və Joe:

- Biz getdik. Narahat olma. Tez gələcəyik.

Soul:

- Getməyin, Tom. Mən yuxuda gördüm ki, ikiniz də ölürsünüz. Sonra kimsə məni öldürür. Getməyin, gəlin buradan gedək, yalvarıram.

Tom:

- Soul, dəli olmusan? Yuxular boş şeylərdir. Onlara inanıb ürəyini sıxma. Tez qayıdacayıq. Biz getdik. Narahat olma.

5 saat keçdi. Soulun dostlarından bir xəbər yoxdur. Hava getdikcə qaralır. Soulun qulağına qaibdən səslər gəlir.

Səs:

- Soul, bu bir döngüdür. Bu döngünü ancaq sən bitirə bilərsən. Yoxsa ömrünün axırına qədər burada, bu döngünün içində qalacaqsan. Qorxularına qalib gəl, Soul. Qurtuluşun sədəcə budur. Qorxmamalısan. Qorxu ağlı və zehni öldürür. Qorxu yox olmağa səbəb olan kiçik ölümdür. Qorxunla üzləş. Onun üzərindən və içindən keçməsinə icazə ver və qorxu keçdiyində onun yolunu görmək üçün gözlərinin içinə bax. Qorxunun getdiyi yerdə heç bir şey olmayacaq. Sadəcə sən qalacaqsan, Soul.

Soul:

- Sən kimsən? Get burdan! Rahat burax məni! Axı mənə nə olub? Mən dəli olmuşam, dəli olmuşam?! Mən nə edəcəm. Sakit ol. Dərin nəfəs al. Nəfəsini nizamla. Özünü və dostlarını bu cəhənnəmdən qurtarmalısan. Soul, qorxularının sənə qalib gəlməyinə icazə vermə, Soul. Özümə gəlməliyəm. Gedib dostlarımı axtarmalıyam. Onlara kömək etməliyəm.

Beləliklə, Soul ilk qorxusuna qalib gələrək quruya ayaq basır.

Soul:

- Tom, Joe, haradasınız? Tom, Joe, məni eşidirsiniz?

Bir az getdikdən sonra qabağına böyük bir su hövzəsi çıxır. O biri tərəfə keçmək üçün tək çarə bu suyu üzüb keçməkdi.

Soul:

- Soul, bacara bilərsən, özün və dostların üçün bunu et, xahiş edirəm. Axı sən üzməyi bilmirsən? Boğula bilərsən! Of, of, etməsəm, yenə ölüm var axı! Sadəcə inan, Soul. Sadəcə inan. Həyatda mümkünsüz deyilən bir şey yoxdur. Edə bilərsən bunu. Sadəcə inan, Soul. Dərin nəfəs al. Fikirləş, Tom və Joe həmişə necə üzürdü. Yadına sal!

Soul bu qorxusuna da qalib gəldi. Suyu üzüb keçdi. Sonra o, yenə dostlarını səsləməyə başladı. Lakin onlardan heç bir işarə yox idi. Soul gəzə-gəzə bir qəsrə gəlib çıxır. Qəsrin qapısını açır, lakin içəri qapqaranlıq idi. Soul isə qaranlıqdan çox qorxurdu. Lakin o hiss etdi ki, dostları buradadır. Çünki o, adanın hər yerini gəzmişdi və dostlarından heç bir işarə tapmamışdı. O, dərin nəfəs alıb içəri girir. Heç nə görə bilmir. Birdən qapı bağlanır. O nə qədər etsə də, qapını aça bilmir. O qədər qorxur ki, az qala, ürəyi yerindən çıxsın. Soul yerə oturur və ağlamağa başlayır. Birdən işıq yanır. Soul dostlarının parçalanmış cəsədlərini görür. Sonra biri arxadan onun kürəyinə xəncər salır. Soul: “Yox, yox!” - deyib yuxudan ayılır.

Joe:

- Soul, yaxşısan? Kabus görürdün?

Soul:

- Xəritədə olmayan ada tapmısınız?

Joe:

- Soul, nə ada, nə xəritə. Ağlını itirmisən? Xəritədə olmayan ada ha, bəh-bəh!

Soul:

- Tapmısınız, ya yox?

Joe:

- Yox.

Soul:

- Nə gözəl! Joe, gəl səni bir qucaqlayım. Tom, səni də qucaqlamaq istəyirəm. Gəlin bura, mənim dostlarım, gəlin. Tom, Joe, sizi çox sevirəm. Çox sevinirəm. Artıq bitdi. Çox sevincliyəm.

Joe:

- Tom, deyəsən, bu ağlını itirib.

Tom:

- Deyəsən, yox, qəti şəkildə ağlını itirib.

Joe:

- Soul, bu qədər qucaqlaşdıq, bəsdir. Biz artıq Amerikaya çatmışıq. Biz Tomla gedirik.

Soul:

- Gözləyin! Mən də sizinlə gələcəm.

Həyat qorxunun bitdiyi yerdə başlayır. (Osho)

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
#
#
# # #