Dejavü - Şəlalə Hüseynova

Şəlalə Hüseynova

Şəlalə Hüseynova

16 dekabr 2022
# 16:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Şəlalə Hüseynovanın "Dejavü" hekayəsini təqdim edir.

Həmin ağaclar, həmin bağ, həmin ev... Yenə payızdır. Ağacların yarpaqları yarı tökülüb, qalanı da amana bənddi. Yağış yenicə kəsib. Ara-sıra narın damcılar düşür. Deyəsən, bir yağışlığı da yoxmuş. Çünki yeridikcə ayaq altda qalan xəzəllər xışıldayır. Yaxşı islanmayıblar. Xəzəllərin arasından göyərmiş otlar görünür. Otlar belə göyərir deyə yəqin biz tərəfdə payıza “sonbahar” deyirlər, fikirləşdi. Ətrafa boylandı. Daş hasarların yerində polad məftildən tor çəkilib. Nəsə bir qəribəlik var havada.

Hər şey eyni kimi görünsə də, bağ uşaqlığındakına bənzəyir. Evə tərəf baxır. Ev də uşaqlığındakı kimidir. Çardaq yoxdur! Atası evi tikdirib başa gətirəndə altı yaşı olardı. Çardağı evə köçəndən bir il sonra qurdurmuşdu. Evə təzə köçən il həyətin başında balaca talvar var idi. Talvara babasının kənd təsərrüfatı sərgisindən gətirdiyi bolqar sortu üzüm dırmaşmışdı. Üzümün salxımları o qədər böyük olurdu ki, ikisini-üçünü üst-üstə qoyanda bir vedrə dolurdu.

Evə köçdükləri ilin payızı üzümlərin salxımı biraz kiçik olmuşdu. Çardaq yox idisə, talvar orada olmalı idi. Yerində idi! Üzümlər yeni il ağacından asılan oyuncaqlar kimi talvardan sallanırdılar. Qarası bir gözəl, sarısı ayrı bir gözəl. Həyətə addımladı. Budur, həmin qum topası da həyətin ortasındadır. Bacısı ilə qumda oynayanda kiçik yumurtalar tapmışdılar, quş yumurtasına oxşayan. Qozdan xırda, fındıqdan böyük yumurtaların üstündə xırda xallar var idi. Bacısı sındırmağı təklif elədi. Quşun yuvasından düşübsə, daha içindəki də ölüb dedi, ağlına batdı. Yumurtanın birini sındırdılar...

İçindən çıxanı görəndə hər ikisi elə qışqırıq qopardılar ki, bütün gün torpaqda işləyib yorulub, yenicə istirahət edən anaları dik atıldı. Hər ikisinin qorxudan dili tutulmuşdu. Heç nə danışa bilmədilər bir müddət. anaları yumurtaları görəndə tez qonşuya qaçdı, babasıgilə zəng edib, xəbər verdi. Xəbəri alar-almaz babası ilə əmiləri özlərini yetirdilər. Qumu darayıb, paslı çarpayı torundan ələdilər, başqa tərəfə yığdılar. O gündən sonra anaları onlara evdən çıxmağı qadağan elədi. Çünki yumurtadan ilan balası çıxmışdı. Yumurtanı qoyan ana ilan isə oyun oynadıqları iri qutuların arasına qıvrılmışdı...

Baxışlarını qum topasından ayırıb, yenidən talvara sarı çevirdi. Sağ küncdə alabaxta yuvası olmalıdı. Yuva yerində olsa da, boş idi. Hamam tərəfdəki şam ağaclarında da quş yuvası var. Bir gün anaları günorta onları yatızdırmaq istəyəndə bacısı ilə sözləşib yatmadılar, analarını yuxuya verib düşdülər həyətdə oynamağa. Şam ağacının birində quş yuvası var idi. Bacısı təklif etdi ki, onu yuxarı qaldırsın, yuvadakı quş balalarına baxmaq istəyir. Bacısını qucağına aldı, sonra bacısı budaqdan tutub yuxarı dırmaşdı. Yuvadakı quş balasını görüb sevindiyindən bilmədi nə etsin. “Bacı bura bax, burda cinco var...”

Birini əlinə götürüb ona göstərmək istəyəndə əlindən çıxıb yerə düşdü. Quşcuğaz yenicə tüklənmiş zəif qanadlarını çırpıb uçmaq istəsə də, uça bilmir, bir az qalxır, qayıdıb yerə düşürdü, dalınca qaçıb, tutub, yuvaya qoymaq istədilər. Quşcuğaz birdən otların arasında yoxa çıxdı. Hər ikisi qorxmuşdular. Otların arasında quşcuğazı axtarmağa başladılar, tapa bimədilər. Bu vaxt ana quş dimdiyində yem gəldi yuvaya qondu. Quşların cikkiltisi həyəti götürdü. Biraz keçmiş başqa quşlar da yığışdılar. Ana quş körpəsini otların arasında tapmışdı. Amma bala uça bilmirdi.

Yaman qorxmuşdular. Balanı yuvadan salıb ata-analarından ayırmışdılar. Uşaq ağlı ilə düz etmədiklərini anlamışdılar. Analarına desələr döyüləcəklərindən qorxduqları üçün atalarının işdən gəlməyini gözlədilər. Axşam ataları işdən gələndə bacısı anasına qorxaq nəzərlərlə baxa-baxa, atasının qulağına “ata, bizim bağda cinco var!” dedi. Atası sözü anlamadığından bir də soruşdu, bacısı yenə “cinco” dedi. Valideynləri kiçiyi başa düşə bilmədiklərindən ondan soruşdular ki, bacın nə demək istəyir. Quş balasını yuvadan necə saldıqlarını danışdı. Çünki valideynləri düzünü deyəndə heç vaxt cəzalandırmırdılar. Ona görə də, nə qədər pis iş tutsalar belə, hər şeyi birbaşa, olduğu kimi danışırdılar.

Atası onlarla birlikdə həyətə düşdü, şam ağaclarının altını, bağ-bağçanı didik-didik elədi, amma quş balası heç yerdə yox idi. Ya nəyahət ki, uçub yuvaya qalxa bilmişdi, ya da gecələr həyətdə boğuşan pişiklərdən birinə yem olmuşdu...

Həmin şam ağacının yanına gəldi. Yuvaya baxdı. Bu yuva da boş idi. Payızın bu günlərində yuvada quş qalar...

Aynabəndin qabağındakı eyvan hələ açıqdır, qonşu ev hələ tikilməyib, eyvandan baxanda dəmir yolu görünür. İçəridən altı yaşlı özünün və anasının səsi gəlir. Ehtiyatla bağa geri qayıtdı. Buraya necə gəlmişdi? Yadına salmağa çalışdı.

...Atası evi tikəndə evin arxasında qonşu ilə aralıqda bir metr qədər yer saxlamışdı. Sonra qonşu öz tərəfində mal damı tikmişdi. Aralıqdakı bir metr yerə qonşunun zir-zibil atdığını görən anası qəzəblənib həmin yeri bağlatmış, ensız bir saxlanc yerinə çevirmişdi (bağ alətlərini, köhnə borular, dəmir-dümür, şifer artığı və başqa ələ nə gəldi ora yığırdılar). Əvvəl bir müddət buradan toyuq hini kimi də istifadə etmişdilər. Oraya baxmaq üçün girmişdi. Günün gündüz vaxtı içəri zülmət qaranlıq idi. Arxada gün işığı süzülür, irəlidə qara boşluq adamı içinə çəkirdi. Maraq güc gəldi, addım atdı. Divarın bitməli olduğu yerdən qabağa keçdi. Qəribə bir silkələnmə... Başı hərlənən kimi oldu. Tez saxlanc damından geri çıxdı. Çıxdı və budur, qırx il əvvələ düşüb! Təşvişə düşdü. Kimsə onu görmədən qayıtmalıdır. Amma necə? Əlbəttə gəldiyi kimi! Geri, saxlanc damına girdi. Yenə arxada gün işığı süzülür, yenə qarşıda zülmət qaranlıq. Qaranlığa doğru addım atdı. Yenə divar bitən yerdən irəli keçdi. Yenə silkələnmə, yenə başı hərləndi. Anladı ki, zaman yenə dəyişdi. Saxlanc damından çıxdı. Yenə payız, yenə ağaclar, hər yan xəzəl, yenə yağış yağıb. Amma ağaclar çox boyüyüb. Sanki yüz illin ağaclarıdır.

Hündürlükləri Bakıdakı qubernator bağındakı ağacların hündürlüyü qədərdir. Arxa tərəfdəki çardaq, toyuq hini, həyət çardağı, hər şey olduğu kimidir. Amma başqa cür təmir olunub. Həyətə keçdi. Üç oğlan uşağı oynayır həyətdə. Darvaza dəyişib. Açıqdır. Anası həyətdə tərpənməz şəkildə oturub. Gözləri sanki lap uzaqlara zillənib. Qardaşının üç oğlu var, doğrudur, amma bu uşaqlar o uşaqlar deyil. Bu vaxt qardaşı açıq darvazadan içəri girir. İstəyir qarşısına yerisin, amma dayanır. Tanış səs gəlir. Qardaşının arvadı gülərək nəsə deyir anasına. Sonra qardaşına tərəf dönüb, xoş gəldin, oğlum, deyir. Oğlum?! Demək qardaşı deyil, qardaşının özünə bənzəyən oğludur. Oğlan nəsə verir, anasının və nənəsinin üzlərindən öpüb gedir.

Gəlin yaşlanıb, amma yenə də gözəldir. Anası isə tamam əldən düşüb. Bəlkə də yüzə yaxın yaşı var. Yaxşı, bayaqdan kimin əlindən tutub dayanıb? Baxır ki, qardaşının kiçik oğlunun. Gəlin ona tərəf baxıb, “xoş gəlmisiniz” deyir. Anasına tərəf dönüb “Mama, bax, gör bu uşaq Mətinin balacalağına necə oxşayır?” - deyəndə, indi də otuz il sonraya düşdüyünü anladı. Gəlin məni heçmi xatırlamır, niyə bir söz demir, deyə fikirləşir. Təklif edilən yerdə oturur, uşağı da sinəsinə sıxır. Gəlin tez çay süfrəsi açır. Söhbət etməyə qorxur. Özünü toplayıb gəlinə sual verir. “Məni kiməsə oxşatmırsan?”

Qəfil sualdan gəlin diksinir. Başını qaldırıb diqqətlə baxır. Çay stəkanı gəlinin əlindən yerə düşür. Gözləri dolur.

- Rəhmətlik baldızıma oxşayırsan, - deyib susur.

- Ay qız, nə rəhmətlik, mənəm də.

- Sən... sən... otuz il keçib eee... Sən otuz ildir haradasan?

- Anama nə olub belə?

- Sən gedəli beləcə yol gözləyir. Bütün yaşıdları, yaxınları bir-bir öldülər. Qızımdan xəbər gələnə qədər ölməyəcəm, deyə and içdi. Allaha qurban olum... Axır ki, gəldin...

- Məni tanımadı axı.

- Qulağı eşitmir, gözləri də eynəksiz görmür. Bircə məni, bir də Mətini başa düşür.

- Gülüm, heç özüm də bilmirəm necə oldu. Saxlanc damına girmişdim, oradan çıxdım, otuz il sonraya düşdüm. Mətin də yanımda.

Gəlinin gözlərindən yaş sel olur. Uşağı bağrına basıb öpür, öpür, gah gülür, gah ağlayır. Sonra toxtayıb, “al uşağı da götür, gəldiyin kimi qayıt. Heç yerə də yox olma”, deyir.

Yenə həmin qaranlıq boşluq.

Qaranlıq boşluğa addım atır, bu dəfə uşaq qucağında.

Yenə silkələnmə. Başı hərlənir, gözü qaralır, huşunu itirir. Gözünü açır. Xəstəxana çarpayısında uzanıb. Bərk qoxur. Uşaq qucağında deyil. Bir az əvvəl gördüyü səhnəni xatırlayır. Mətin böyüdüyünə görə, o geri qayıdıb. Mən başqa yerə düşmüşəm yenə, fikirləşir...

Ayağa durub xəstəxana köynəyində palatadan çıxır. Dəhlizdə millət qaynayır. Ağ papaqlı, ağ xalatlı tibb bacıları əllərində qaynar dəmir qutular qaçışır, xəstəxana paltarında rəngi solğun xəstələr divardan tuta-tuta yeriyir, baba-nənəsinin albomdakı şəkillərindəki geyimlərə bənzər geyimlərdə xəstə ziyarətçiləri palatalara girib-çıxırlar. Dəhlizin divarlarından “sus” işarəsi göstərən tibb bacısının posteri asılıb. Divarlarda partiyaya, sağlamlığa dair şüarlar gözə dəyir. Nəfəs alması çətinləşir. Pəncərəyə tərəf gedib açıq pəncərədən həyətə baxır. Yenə çöldə payızdır. Amma bu dəfə yağış yoxdur. Günəş işıq saçır. Ağacların budaqları xəfif mehdən tərpəndikcə tək-tək yarpaqlar düşür. Sovet dövründə tikilmiş xəstəxanaların həyətinə bənzəyir. Pəncərələrin çəmbərində çoxlu dibçəklər var. Ətirşah... İyləyir. Qoxular qədər insanı unudulmuş ana, məkana, hadisələrə aparan heç nə yoxdur.
Ətirşahı ilk dəfə məktəbdə, sinif otağında görmüşdü. Üçüncü partada otururdu, pəncərənin qabağında. Düzdür pəncərə tərəfdə oğlan idi oturan, o deyildi, amma yenə də ətirşahın ətri ona çatırdı... İllər sonra öz evinə köçəndə balkonunda güllər saxlamağa başladı. Qonşusu dibçək güllərinə həvəsini görüb, sən də lap anam kimisən, torpaqdan qopa bilmirsən, demişdi. O isə həvəslə güllərdən danışmışdı. Sovet dövründəki gülləri, xüsusilə ətirşahı axtardığını demişdi.

Gül mağazalarında ətirşaha həm görkəmcə, həm də çiçəyi bənzəyən gül gördüyünü, amma qoxlayanda ətrinin olmamasından məyus olduğunu danışmışdı. Qonşusu özü rayonda yaşayırdı, şəhərdə də evi var idi. İşi ilə əlaqədar arada Bakıya gələndə mütləq ona kənd sovqatı gətirirdi. Növbəti dəfə gələndə qəzetə bükülü bir şey verdi. Dedi ki, iki gündür maşında qalıb, bəlkə də quruyub. Anam sənin üçün gedib qonşumuzdan xahiş edib, iki xırda budaq qoparıb, göndərib. Əgər xarab olmuş olsa, tutmasa, anam məni öldürəcək. Ətirşahdır... O ətirşahdan artırıb neçə dibçək düzmüşdü yanaşı. Amma heç biri çiçək açmırdı. Bir gün ətirşaha küsdü. Bir neçə gün ətirşahlara tərəf heç baxmadı da. Ətirşahlar da ondan küsmüşdülər! Yarpaqları iki-üç gündə xəzələ dönmüşdü. Bir neçə gün bikefləmişdi. İş yerində öz otağına, müdirinin otağına qoyduğu dibçəklərdəki ətirşahlar isə solmamışdı. Amma onlar daha əvvəlki kimi şaxələnmirdilər...

Arxadan gələn səslərə diksindi. Əlil arabasında iki gənc söhbət edirdilər. Deyəsən həm də kor idilər. Bığlı, bakkenbardlı, uzun saçlı, 70-ci illərin gənclərinə bənzəyirdilər.

Görəsə,n neçənci ildəyəm? - deyə düşündü. Divardakı təqvimə baxdı. 1977-ci il...

Doğulduğum ilə gəlib çıxmışam. Bəlkə elə doğulduğum günə düşmüşəm? Yox, yox, indi payızdır, mən isə yay uşağıyam.

“Ay qız, yolu kəsmə, gəl mənə kömək elə”, ağ xalatlı, amma tibb işçisinə bənzəməyən bir qadının səsi guruldadı. Tez əl yetirdi. Xəstəxananın yeməkxanasına nəsə daşıyırdı. Daşıyıb qurtarandan sonra qadın ona yemək təklif etdi. Yadına düşdü ki, möhkəm acıb. Boz-bulanıq şorba... Bağça yadına düşdü.

Hər səhər bağçaya getməkləri zülüm idi. Bacısı tezdən oyanırdı. Amma o, oyanmaq bilmirdi. Anası onu “ayı balası, ayı, oyan, yoxsa anan işə gecikər” deyə-deyə oyadırdı. Gah özünü yatmışlığa vurur, gah yorğanı başına çəkirdi. Xeyri olmurdu. Ölüm, zülüm oyanır, anasının əlindən tuturdu. Bacısı bağçaya gedəndə də ağlayırdı, axşam anası götürəndə də. O isə sakit gedir, sakitcə də qayıdırdı. Sakitliyin altında nələr yatdığını anası təxmin edə bilməzdi də. Bağçada yanında oturan qızdan xoşu gəlmirdi. Özü qız olsa da, qızlarla yola getmirdi. Uşaqların hamısının əlində əl yaylığı olurdu.

Oturanda stolun üstünə qoyurdular. Dirsəyi ilə yavaş-yavaş yanındakı qızın yaylığını itələyir, stolun altına salırdı. Qız əyilib götürmək istəyəndə stulunu irəli çəkir, qızı çıxmağa qoymurdu. Qızın ya başı dəyirdi, ya da qorxudan burnundan qan açılırdı, tərbiyəçi tez aparıb üzünü yuyur, uzandırırdı. O isə rahatca tək otururdu. Əsl işgəncə günorta yuxu saatı gələndə başlayırdı. Uşaqlar hamısı bir nəfər kimi tez yuxuya gedirdilər. O isə yata bilmirdi. Yatanların kimisinin paltarlarını gizlədirdi, kimisinin ayağını çimdikləyirdi, kimisini ağladırdı. Bu işlərinə görə tərbiyəçilər dəfələrlə balkonda küncə qoyurdular. Yenə öz işində idi. Bir dəfə yenə şuluqluq edəndə balkonda yenə küncə qoymuşdular.

Qış idi, qar yağmışdı. Paltosuz küncdə nə qədər dayanmışdısa müdirə gələndə tez qorxularından onu içəri keçirdilər. Bəlkə də həyatının ilk şantajını elədi. “Anama deyəcəm!” O gündən sonra balkon cəzası ləğv olundu. Günortalar oyaq qalmağa icazə verdilər. Hətta tərbiyəçilər uşaqlar yatan zaman çay içəndə ona da çay süzürdülər...
Bağçanın yeməkləri xoşuna gəlmirdi. İştahla yeyən uşaqlara heyrətlə baxırdı. Çünki yemək xoşuna gəlməsə öldür, yeməzdi. Bağçada şorbadan necə diksinmişdisə sonralar evdə öz bişirdiyi şorbaları da heç yemək istəmirdi...

İndi əlacı yox idi. Acmışdı. Nəsə yeməli idi. Əynində xəstəxana paltarı, üstündə sənəd yox, pul yox, kim olduğunu sübut edəcək heç bir nəsnə yox. Təklif olunanı dəyərləndirməli idi.

Qadından xəstəxanaya necə düşdüyünü kimdən öyrənə biləcəyini soruşdu. Yeməyini bitirəndən sonra qadın ona işarə verdiyi kabinetə getdi. Otağın qapısını döyüb, içəri girməyə icazə istədi. Amma həkim səsini eşitmədi. Qapını açmaq istədi, əli sözünə baxmadı. Əlinə baxdı, əli siqaret tüstüsü kimi idi. Ayaqları, bədəni də tüstüyə çevrilməkdə idi. Gombul tibb bacısı bədənindən keçib həkimin otağına girdi. O da dalınca.

- Doktor, dəhlizdə huşsuz tapdığımız qadın...
- 142 nömrəli palatadakı?
- Bəli, yerində yoxdur. Yeməkxanada yemək yeyib, sizi soruşub, sizin otağa gəlirmiş, dəhlizdə, hamının gözünün qabağında yox olub...

Tibb bacısının səsi uzaqlaşır, qulağına başqa səslər yaxınlaşırdı...
Yatağında uzanmışdı. Gərnəşib ayağa durdu. Pəncərəni açdı. Bayırda çiskinli payız havası var idi...


# 2125 dəfə oxunub

Oxşar xəbərlər

4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #