Çağırılmamış qonaq - Şəhriyar Təyyaroğlu

Şəhriyar Təyyaroğlu

Şəhriyar Təyyaroğlu

9 dekabr 2022
# 16:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Şəhriyar Təyyaroğlunun "Çağırılmamış qonaq" hekayəsini təqdim edir.

Kəlbiyev təzə aldığı avtomobilindən düşüb oğrun-oğrun sağa-sola boylandı. Ətrafda heç kimin olmadığına əmin olub arxa qapını açdı, iri əl çantasını götürdü. Timsah dərisindən hazırlanan bahalı çantası ilə pillələri ürəyi əsə-əsə qalxan Kəlbiyev tez-tez arxaya baxırdı. Tez özünü kabinet kimi dizayn olunan otağına yetirib dərindən nəfəs aldı. Sanki üstündən ağır yük götürmüşdülər. Çantanı masanın üstünə qoyub, tülkü xəzindən yaxalığı olan dəbdəbəli paltosunu soyundu. Şapkasını çıxarıb çallaşan başını əlləri ilə ovuşdurdu. Rahatlaşan Kəlbiyev böyük həvəslə çantasını açdı. Dəstələnmiş pulları ikiəlli çıxarıb stolun üstünə tökdü. Rezinlə bükülmüş, ülgüc kimi iti, şaxı açılmamış pullar şappıltı ilə masanın üstünə düşürdü. Kəlbiyev çantanın boşaldığını görüb kefi təlx oldusa da, üzünü gözlərini qamaşdıran pullara zillədi. Kefi kök zümzümə etməyə başladı: “Başına dönüm pulların, qadasın alım dolların“ Dəstələnmiş pulları qucaqlayıb öpən Kəlbiyev arvadı Sənubərin içəri girdiyini, ona baxdığını heç hiss etmədi də. Ərini sevincək uşaq kimi görən arvad dedi:

– Başıma xeyir, ay kişi, dəli olmusan nədi? Yoxsa içkilisən günün gündüz vaxtı?

Yalnız indi otaqda kiminsə olduğunu bilən Kəlbiyev ovçu görmüş maral kimi hürkdü. Kreslosuna tərəf yönəldi. Ürəkbulandıran əlləri ilə(dəri xəstəliyindən əziyyət çəkirdi) milçəyi xatırladan hərəkətini etdi (ala-bula əllərini bir-birinə möhkəm sürtdü). Əyləşib öz sevimli məşğuliyyətinə başladı. Şəhadət və baş barmağını ağzının suyu ilə isladıb təsbeh çevirirmiş kimi pulları saymağa başladı. Həyatda ən xoşbəxt dəqiqələri idi. Sanki gözlərinə işıq, qollarına güc, ürəyinə fərəh gəlirdi. Arvadın hələ də getməməyi, ona baxmağı narahatlığa səbəb olurdu. Sənubər isə susurdu. Kəlbiyev Sənubərin sözlü olduğunu hiss etdi. Ona elə gəldi ki, arvad yenə qohum-əqrəbaları üçün nəsə istəyəcək. Otaqda sakitlik hökm sürürdü. Təkcə qiymətli kağızlar asta səslə “xor” oxuyurdu. Kəlbiyev əlindəki dəstəni sayıb qutarıb onları susdurdu:

– Rus Allahı kimi ayaq üstdə çox qalacaxsan? De görək nə olub?
Sənubər səsinin ağıllı yerinə salıb qorxa-qorxa cavab verdi:

– Ay kişi, sözüm vare sənə. Bir qulaq ver, gör nə deyirəm.
Kəlbiyev ötəri qadına nəzər saldı, səsinin ahəngi mövzunun cansıxıcı olacağını deyirdi.

– Deyirəm bəlkə bu zəhrimarı tərgidəsən – qadın yüngülvarı xahiş etdi.
Kəlbiyev qadını başa düşmədi. Elə bildi ki, içkiyə eyham vurur. Çünki son vaxtlar əri yaman qurşanmış, evə qutu-qutu, növbənöv içkilər (konyak, likör, viski və s.) alırdı. İstədi desin, heç hənanın yeridi? Görürsən ki, pul sayıram.
Arvad kişinin dinmədiyini görüb bir az da ürəkləndi:
– Vallah, ciddi deyirəm. Mən daha qorxuram. Qorxuram ki, bu bəla bir gün bizim evimizin də ruzi-bərəkətini aparar, olan-qalan mal-dövlətimiz, şan-şöhrətimiz əlimizdən çıxar.
Bu dəfə Kəlbiyev arvada göz ağardıb aşağıdan yuxarı süzdü.
– Sənləyəm, a başına dönüm. Bu işin sonu pisdi, deyim biləsən.
Kəlbiyev arvadın əl çəkmədiyini görüb sözü dəyişdi. Zarafat edirmiş kimi dedi:
– Arvad, de görüm ən sevdiyin rəng hansıdı?
Bu dəfə Sənubər dinmədi.
– Bax, mənimki bu rəng. (Əlindəki amerikan dollarını göstərib gülümsədi.) Baxanda sakitləşirəm, ürəyim açılır, kefim durulur, yüngülləşirəm. Özümü indicə doğulmuş körpə kimi hiss edirəm.
– Ay kişi, bəsdi sən Allah, zarafata salma. Zarafat vaxtı deyil.
– Kim dedi zarafat edirəm, ciddi deyirəm.
Kələntər ikinci cəhdini elədi. Bu dəfə pulların üstündəki Franklini göstərib:
– Bu kişini tanıyırsanmı? Mənim ulu babamdı- Bünyamin kişi. Allah sənə rəhmət eləsin, ay baba.(Pulu öpür) Kişinin şəklini böyüdüb divardan asam gərək.
– Bəsdi qurtar, ay kişi. Az məni ələ sal. Elə o gorbagora görə nə gözün görür, nə qulağın eşidir. Yaxşı, mənə inanmırsan. Televizora da mı baxmırsan? Qəzet də mi oxumursan? Radioya necə? Ona ki maşında qulaq asırsan.
– Niyə oxumuram? Kaneşna, oxuyuram. O gün qəzetdə oxuyuram ki, pul saymaq sağlamlığa xeyirdi. Sakitləşdirir bir, əsəbləri qoruyur iki, stresi azaldır üç, dözümü artırır dörd, əhvalı qaldırır beş, qan dövranını yaxşılaşdırıre bu da altı. Necədi sənçün? Karoçi, min bir dərdin dərmanıdı da bu qadasın aldığlarım. Kim bunu kəşf edibsə, əhsən ona!
– Mən də sənə onu deyirəm də. Alma bu zəhrimarı. Tərgit rüşvəti. Pis-yaxşı bu qədər işləmisən, ad-san qazanmısan, var-dövlət qazanmısan. Nəyimiz çatmır, a kişi? Canımız-başımız sağ, damağımız çağ. Yığdığlarımız nəvəmizin nəvəsinə də bəsdir. Başına dönüm ay kişi, nə qədər tezdi gəl qayıt bu yoldan. Bizi bədnam, üzüqara eləmə. Bu yol bizi uçuruma aparır. Bir az iradəli ol qurban olum, heç kimdən istəmə, verənlərdən götürmə.
Arvaddan bu sözləri gözləməyən Kəlbiyevin başına sanki qaynar su tökdülər. Başından od çıxdı. Gözləri qaraldı. Arvad onun bayaqkı şən əhval-ruhiyyəsini tamam korladı. Otuz il olardı ki, bir yastığa baş qoyurdular, amma arvad kişini hələ belə əsəbiləşdirməmişdi. Cavab verməyə macal tapmamış Sənubər növbəti həmləsini etdi:
– Görmürsən, maskalı yekəpərlər çağırılmamış qonaq kimi kalistoklu oğruları necə aparırlar?
Kəlbiyev qalstukunun düyününü boşaldıb arvadın sözlərini yavaş-yavaş həzm edib udqunurdu. Özündə güc tapan kimi əsən əlini möhkəm stola çırpdı:
– Bəsdir!!! Baş-qulağımı aparma! Olmayan ağlınla mənə yol göstərmə! Arvadsan otur yerində. Mənim işlərimə burnunu soxma! Mən bilirəm neyliyirəm.
– Əsəbiləşmə sən Allah. Mən nə dedim, belə acığın tutur? Axı nə qədər adamın haqqı, fikri var o pullarda. Bir belə günahla necə yaşamaq olar? Vay o gündən bu fağırların qarğışı, nifrini axırımıza çıxa. Vallah bir gün ayağa qalxsalar, qabağında dura bilməyəcəyik. Eşitməmisən ki, el bir olsa, zərbi kərən sındırar. Gəl nə qədər gec deyil, üzüsulu ərizəvi yaz işdən çıx. Qoy ömrümüzün sonunu sakit yaşayaq.
– Yaxşı, yaxşı,leksiya danışma! Öz işinnən məşğul ol! Bəlkə səni vəkil seçiblər özlərinə xəbərimiz yox. Əvvəla, indi hamı şirin yuxudadı, çətin oyanalar. İkincisi, bunlar dözümlüdülər, heç kim səsini çıxarmaz. Üçüncüsü də ki, ay axmaq, camaat fağır zad deyil! Korsan? Görmürsən? Bir ətrafa bax da! Hamıda pasledniy madel telefon, maşın. Gəl bax pəncərədən, yaxşı bax!(Ayağa durub pərdəni çəkir) Bir dənə kasıb-kusub daxması gözünə dəyir? Yox! Görmədin keçən aylarda, bir dənə telefondan ötrü ərinmirdilər, saatlarla uzun növbə gözləyirdilər. Bir-birinin bəhsinə bahalı maşınlar, geyimlər alırlar. Yəni, sən bunları görmürsən? Bir də ki mən razıyam hər gün bir kisə günah qazanım. Amma hər gün bir kisə pul da qazanım.(Qımışır)
– Ay Kələntər, heç olmasa, bu pullarla bir kasıb-kusuba, yetim-yesirə köməklik edək, bir acı doyduraq, bir yetimi geyindirək, bir borclunun borcunu bağlayaq. Nə olar ki? Dərya üçün bir damla nədi ki? Vallah savabdı, billah savabdı.
– Allahu əkbər. Sən ağlını itirmisən nədi? Bircə o qalmışdı elə. Mən nə Tağıyevəm, nə Mənsimov. Mən min bir əziyyətlə, zülümlə pul qazanım, onun minnətini, bunun sözünü götürüm, sonra da qazandığımı ona-buna paylıyım? Nədi-nədi savabdı??? Savab nə vaxtdan qarın doydurur, ay avam? Yadda saxla el üçün ağlayan kor olar.
– Yaxşı, bildik, camaatdan, Allahdan qorxmursan. Bəs hökmətdən necə? Axı özün deyirdin ki, göydə Allah, yerdə hökmət. Onu istəyirsən ki, səni də çəkib yayalar? Bütün ölkəyə rüsvay olaq?
– Lənət sənə kor şeytan! Ay axmaq, onlar iri balıqlardı. Mən kim, onlar kim? Məni onlarla bir tutma. Mən ki adi bələdiyyə sədriyəm.
– Ay başına dönüm, elə xırdabuynuzluları boğazlayırlar da.
– Allah, sən mənə səbir ver. Ay axmaq, Kələntər hələ ağlını itirməyib ki, öz kabinetində rüşvət alsın.
Söhbətin bu yerində Sənubər yumşalır. Ərinin sonuncu cümləsi ürəyinə su səpir. Deməyinə peşiman olur. Kişinin könlünü almaq üçün keçmişi yada salıb:
– Ay kişi, deyirəm kaş yenə köhnə günlərə qayıda biləydik. Mən semiçka qovurardım, sən də satardın. İstəkanı bir nizamiyə. Yenə soğan-çörək yeyəydik, amma indiki kimi iynə üstündə oturmazdıq. Ac qulağım, dinc qulağım məsəli.
Sənubərin bu sözləri alovu söndürmək üçün su yox, benzin olur sanki. Hirsdən Kəlbiyevin çopur sifəti qıpqırmızı qızardı, dodağı əsdi, gözləri hədəqəsindən çıxmaq istədi. Bu halda onu kim görsə, qorxardı. Ağzını açıb uca səslə bağırdı:
– Az kəs, az!!! Dilin-ağzın qurusun! Keçdi o günlər daha! Getsin bir də qayıtmasın. İndi dövran mənimdi. Bax gör nələr eləmişəm. (Əliylə evi göstərib) Gör Kələntər nələr qurub yaradıb. Bu muzey kimi topdağıtmaz ev, karvan-karvan maşınlar, ucsuz-bucaxsız torpaxlar, şəhərin əlli yerində toçkalar, par-par parlayan ləl-cəvahirat. Nə bilmişdin bəs, bu qədər mal-mülkü semiçka satmaxla ya quru maaşla hansı zirək oğlu zirək ala bilərdi??? Biz qarğa deyilik üç yüz il ömür sürək, xanım. İnsan dünyaya bir dəfə gəlir. Ona görə gərəkdir ki, insan kimi yaşasın. Vallah, sənin yerində kim olsaydı, indi başıma and içər, gecə-gündüz pərvanə kimi dolanardı. Amma sən.... düşmən kimi qəsdimə durubsan.
– Əşşşii neyliyirəm onları? Goruma aparmayacam ki. Özün bilirsən ki, kəfənin cibi yoxdu. Dünya malı dünyada qalacağ da.
– Amma mən vəsiyyət edirəm məni bunlarla basdırarsız. Qoy sənin kimi nanəciblərə mənim zəhmətim qismət olmasın.
– Ağzını xeyirliyə aç ay kişi. Allah eləməsin. Axşam-axşam nə ölmək salıbsan.
– Yaxşı, yaxşı, di get. Haqq-hesabı yarıda qoydum sənin boş-boş danışıxlarına görə.

Sənubər narazı və incik halda gözlərini süzüb otaqdan çıxdı. Oranı tərk etsə də, əksər qadınların adəti üzrə qapı dalından ərini pusur. Kələntər çətin imtahandan çıxmış kimi dərindən nəfəs aldı. Həqiqətən, bu söhbət onun kefinə soğan doğramışdı. Yanıqlı-yanıqlı üzünü qapıya tutub arvadın arxasıyca bir xeyli söydü: “Gorun çatlasın, ay Bacxanım, gorun. Bunu mənə caladığın yerdə, ay bibi. Bunu aldığım günə qara daş düşəydi elə. Haram olsun mənim zəhmətim sənə arvad, burnundan gəlsin fitil-fitil. Ömrümü-günümü çürütdü. Bir dəli şeytan deyir, burax bunun başını, bu yaşda boşa getsin. Ağlı gəlsin başına. Pensiyanın ümidinə qalıb bilsin qədrimi. Dolansın görüm necə dolanır. Heç eybi yoxdu Sənubər. Mənə də Kələntər Kəlbiyev deyərlər. Sən sən ol, mən də mən. Elə papuqay kimi eyni sözü təkrar edir. Onu təqlid edərək “rüşvət alma, istəmə, götürmə”. Elə bil rüşvəti mən kəşf eləmişəm, mən gətirmişəm ölkəyə. Balam, zəmanənin tələbidi də, mən nə edim? Bəyəm tək mənəm? Atalar deyib ki, palaza bürün, elnən sürün. İndi mənim burda günahım var ya yox? Mən də zəmanə adamıyam da.”

Bu vaxt telefon zəng çalır. Kəlbiyev zəng edənin adını oxuyanda ayağa durur, qalstukunu düzəldir, pencəyin düymələrini də bağlayıb səsinə mütilik qatıb cavab verir: “Bəli, Kəlbiyev sizi eşidir.”

O danışanı diqqətlə dinləyir, amiranə tonla dediklərinə ancaq bu sözlərlə qarşılıq verirdi: “baş üstdə, gözüm üstdə, qulluqdayam, necə istəyirsiz, gələrəm, edərəm” Söhbətin sonu belə oldu ki, zəng edən onu harasa dəvət etdi.

Qapıdan pusan Sənubər ərinin onun haqqında dediklərini eşidirdi. Telefondakı həlim danışığı isə onu şübhələndirdi. Ona elə gəldi ki, əri eşqbazlıq edir. İndi o kişinin arxasıyca qarğıdı: “Bııııy, başıma xeyir. Nələr eşidirəm, ilahi. Boynun qırılsın, ay Kələntər. Gözün tökülsün, ay Kələntər. Utanmır, ölüb yerə də girmir. Qocalıqda yorğalıq edir. Görüm o kəlpeysərlər bir gün səni də qolundan tutub aparıb bassın dama.

Səhəri Kəlbiyev güclə açdı. Həm Sənubərin sözləri, həm də zəng edənin dəvəti onu yatmağa qoymurdu. Bu vaxta qədər o Sənubəri avam, kütbeyin hesab edirdi. Bu günkü sözləri ilə Sənubər Kələntərə zənnində yanıldığını göstərdi. Deməli, bir ömür də insanı tanımağa bəs etmirmiş. İkinci tərəfdən də dəvət. Kələntər inanırdı ki, sabahkı görüş yaxşı “qazanc” gətirəcək, əhvalını düzəldəcək, işləri qaydasına qoyacaq.
Səhər tezdən təzə kostyumlarından birini geyinib çantasını da qoltuğuna vurub dəvət olunan yerə yollandı. Gecikmək olmazdı. Ədəblə salam verib, “otur!” deyilən qədər bir neçə dəqiqə ayaq üstdə gözlədi. Kələntər çantasında “vacib sənədlər” adıyla gətirdiklərini çanta qarışıq dəvət edən şəxsə ötürdü. Dəvət edən Kələntərin “üstün xidmətlərini” sadalayır, onu təriflədikcə Kələntər yerə-göyə sığmır, sevincindən qol-qanad açıb uçmaq istəyirdi. Elədikləri işlərə görə fəxr edir, təriflərdən “həya təri” sifətini basırdı. Söhbətin bu yerində dəvət edən şəxs bu mehriban ortamı daha da şənləndirmək üçün əhvalat danışır :
“Bir gün bir tülkünün quyruğu qayanın altında qalır. Çox çabalayır, amma quyruğu xilas edə bilmir. Axırda məcbur qalıb quyruğunu kəsir. (Kəlbiyev saxta qəhqəhələr çəkir.)

Bu quyruğu kəsilmiş tülkünü başqa bir tülkü yolda görüb gülür:
– Quyruğunu niyə kəsmisən, tülkü qardaş?
Quyruğu kəsik tülkü deyir:
– Belə rahatdı. Yeriyəndə mane olur. İndi özümü çox rahat hiss edirəm.
Bunu eşidən digər tülkü də gedib quyruğunu kəsir. Şiddətli ağrılar içində məsləhət verən tülkünün yanına gəlib deyir:
– Uf, ölürəm ağrıdan. Mənə bir əlac. Niyə yalan dedin? Axı bu çox pisdi.
Əvvəlki tülkü deyir:
– Əgər quyruğun kəsilməyinin ağrılı və pis olduğunu digər tülkülərə desəm, onlar da sən kimi mənə gülər, heç bir tülkü də quyruğunu kəsməz və məni elə hey ələ salar. Gəl belə edək, quyruqsuz yaşamağın çox yaxşı olduğunu hamıya danışaq.
Beləliklə, bu iki tülkü quyruğun kəsilməyin “ləzzətini” bütün tülkülərə danışırlar.
Bir müddət sonra əksər tülkülər quyruğunu kəsir və quyruğu kəsik olmayan tülkülər azlıq təşkil etdiyinə görə qüsurlu hesab olunmağa başlayırlar. Quyruğu kəsiklər quyruğu kəsik olmayanları ələ salırlar. Həyatda da belədir. Ona görə də arxayın ol, ürəyini buz kimi saxla.
Kəlbiyev bu müdrik insanın əhvalatından sonra bir daha əmin oldu ki, düz yoldadır. Söhbətin şirin yerində birdən qapı açılır. Sənubərin çağırılmamış qonaqlar dediyi şəxslər qəfil bu iki “düz adamı” yaxaladı. Kağız kimi rəngi ağaran Kələntər Kəlbiyev kəkələyə-kəkələyə qaldı: “Ssssiiiizzzz kkkkkimsizzzz?”

Axşam xəbərlərində Sənubər ərini ekranda görəndə təəccüblənmədi.


# 2100 dəfə oxunub

Oxşar xəbərlər

4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

Brus Li zərbəsi - Qafar Rüstəmovun hekayəsi

12:00 9 aprel 2024
# # #