Bayram həyəcanı niyə itdi?

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

17 mart 2023
# 12:20

Kulis.az Rəvan Cavidin “Bayram təbrikləri” adlı yazısını təqdim edir.

Uşaq vaxtlarımı xatırlayıram. Novruz bayramına bir həftə qalmış “baja-baja” payı hazırlayırdıq. “Baja-baja” ifadəsi “baca” sözündən idi. Baca-baca gəzib bayram payı paylayırdıq.

Anam böyük boşqablara bayram şirniyyatları yığırdı, mən də həvəslə qohumlarımızın qapısını döyüb bayram payını verirdim. Bir-iki saat oynayırdıq, söhbət edirdik. Sonra apardığım boşqaba onlar da evlərindəki şirniyyatlardan qoyub göndərirdilər. Bizim ailə çox böyükdür. Dörd əmim, beş bibim, iki dayım, bir xalam var. Hər ailədə də azı iki uşaq. İndi təsəvvür edin, bayramlar bizim ailədə necə coşğulu keçirdi.

Mən böyüdükcə “baja-baja” paylarını bayram mesajları əvəzlədi. Hazırlıqlara gedirdim, universitet imtahanına hazırlaşırdım. Bayram həyacanını imtahan həyacanı əvəzlədi.

Sonra Bakı həyatı başladı. Paytaxdan kəndimizə hər bayram getməyə fürsət olmurdu. Ailəmi, qohumlarımı, özünü əyalətdən xilas edə bilməyən uşaqlıq dostlarımı mesajlarla təbrik edirdim. Statuslara səməni, xonça şəkli qoyan sadə adamların bayram həyəcanı hələ ölməmişdi.

İllər keçdikcə mesajlar azalırdı. Bəzi nömrələr qeyd dəftərcəsindən silinirdi. Ya da nömrələr dəyişirdi, rəqəmlər aramızdakı məsafələri böyüdürdü. Küçələrdə tonqalların, qonşulara papaq atan uşaqların, “baja-baja” payı aparan oğlanların, qızların sayı azaldı.

Hərdən düşünürəm ki, deyəsən bizdən sonra doğulanları həyat bayramlardan, şənliklərdən uzaq saldı. 2000-lərdə doğulan uşaqlar Novruz bayramından danışanda gözlərinin içi gülmür, hiss olunur ki, o həyəcanı yaşaya bilməyiblər. Onları “like” sayları, kompüter oyunlarında yığdıqları qızıllar, çəkdikləri təzə videoların “kəşf et”ə düşməsi həyəcanlandırır. Biz iki çırpıdan alışan tonqalın başında fırlanırdıq, üstündən atlanırdıq, arzu tuturduq, gecəni səhərə calayırdıq. Bizdən sonrakılar bu şeyləri etməyə maraqlı deyillər. İndi onları daha ciddi şeylər düşündürür. Səməni qoymaqdansa, sosial şəbəkələrdə “fırlanmaq” onlara daha zövqlü görünür.

Bayramları adi günlər kimi qeyd etməyə başlayanda, başa düşdüm ki, böyümüşəm. Bayram təbrikləri sürətlə azaldı. On mesaj, üç mesaj, iki mesaj, bir mesaj. Bircə atalarımız-analarımız o mesajları yazmağı vacib bildi. Bircə onlar bizim kimi xatırladı bayramları.

Təkcənəlik sürətlə ətrafımıza ağır sədlər çəkdi. Təzə tanış olduğum adamlarla bayramlaşmıram. Çoxusu heç Novruzun nə olduğunu bilmir. Mən də onların qeyd etdikləri bayramların mahiyyətini başa düşmürəm. bizi bir-birimizə eyni mədəniyyət deyil, eyni tale birləşdirir, vəssalam.

Azərbaycanda ən səmimi qeyd olunan bayram Novruzdur. Türk dövlətləri içində ən dəbdəbəli bizdə qeyd olunur. Bir ay qabaqdan başlayırıq bayram tədarükü görməyə. Hər həftə tonqallar qalanır. İnsan və təbiət bir-biri ilə heç bir ay da bu qədər vəhdət içində olmur. İnsan torpağa, suya qarışmağa başlayır. Öz mahiyyətinə geri dönür. Təzələnir.

Novruz atəşpərəstlərin, yəni farsların bayramıdır. Türklərin dininə daha adekvat olduğu üçün Mərkəzi Asiya türkləri bu bayramı farsların “əlindən ala bilib”. Əsl mahiyyətə baxanda görürük ki, İslamı qəbul edən şamanların atəşpərəst bayramı qeyd etməyi səmimi deyil. Bəlkə, ona görədir ki, yeni nəsillər bu bayramı o qədər də ciddi qəbul etmir. Namaz qılıb sonra tonqaldan necə tullana bilərsən. Bu iki ritual bir-birinə yaddır axı. Sonra yadına düşə ki, sən türk oğlu türksən, meşədə canavar ovlayırsan, gəlib tonqalın yanında iki təlxəyin tamaşasına qəhqəhə çəkirsən. Genetik yaddaş öz işini görür. O əvvəl-axır öz mahiyyətini seçir. Z və Alfa nəslində bu genetik kodlar oyanıb, görünür.

İndi bayram mesajları yoxdur. İndi heç kim tərəfindən xatırlanmıram. Bu azadlıqdı, deyəsən.

Bayramınız mübarək!

# 4070 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Dilənçi -  Bəhruz Tağızadənin yeni hekayəsi

Dilənçi - Bəhruz Tağızadənin yeni hekayəsi

10:45 7 may 2026
Ac daşlar - Rabindranat Taqorun hekayəsi

Ac daşlar - Rabindranat Taqorun hekayəsi

10:00 7 may 2026
Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

15:08 6 may 2026
Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

14:57 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər