Qadın, mistika, həqiqi insan ayağı – Neon muzeyindən reportaj

Qadın, mistika, həqiqi insan ayağı – Neon muzeyindən reportaj
17 mart 2023
# 09:00

Kulis.az Nargisin Neon muzeyindən hazırladığı reportajı təqdim edir.

Dünyada Neon muzeylər adı ilə məşhur bir çox qurum var. Lakin Azərbaycanda yaradılan Farhouse Museum - Dünyanın ilk Neon Sənət Muzeyi kimi maraqlı və bir o qədər də əhəmiyyətlidir. Neon 19-cu əsrin sonlarında öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün kəşf edildiyi gündən xeyli yol keçmiş və sənətə öz yolunu tapmışdır. Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir.

Muzeyə doğru yola çıxdıqda bilirdim ki, məni maraqlı məkan gözləyir. Uzun məsafənin sonunda, ilanvari burulan yollara girmişdi maşın. Muzey lap içərilərdə idi hardasa. Naviqatora etibar etdik bu dəfə. Sağ olsun, bizi darda buraxmadı. Muzeyə yaxınlaşanda onu tanıdım. Budur neon rəngələrlə boyanan nəhəng bina...

Maşından endim, sərin hava ciyərlərimə doldu. İçəriyə daxil olduqda məni öncə Əcəmi Naxçıvani qarşıladı.

“Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”- sözləri beynimdə təkrarlandı. Əcəminin tişəsi ilə daşlara həkk etdiyi bu sözlər hələ də aktuallığını qoruyurdu günümüzün dünyasında. Heykəl muzeylə əlaqəsiz görünürdü… Sanki o modernizmin içindəki ənənə idi... Çağdaşlıqla vəhdətləşməyə cəhd edən yaşlı qoca idi... Ancaq arabir bunu bacarırdı. Yarpağı tökülmüş, ağaclar, əsən meh və torpaqla həmahəng idi.

Bu vaxt Cek hürür...

Dərin düşüncələrdən oyanıb yenidən fikrimi muzeydə cəmlədim...

- Salamlar, buyurun...

Gözlərinin içi gülən, uzun, arıq bir şəxs bizə baxırdı.

- Salam. Rəssam sizsiniz?

- Bəli, özüdür ki, var.

Fərid Ələkbərov Azərbaycanın müasir rəssamlarından biridir və ən ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O, dünyada ilk və yeganə Neon Art Muzeyinin təsisçisidir.

- Bəs Əcəminin heykəli kimin işidir?

- Atamın əl işidir. Sifarişlə hazırlanıb o dövrdə. O da yaxşı heykəltəraş olub.

Bu arada Ceyk yenə aqressivləşir, zəncirini dartıb boğazını incidir.

- Gəlmişik muzeylə bağlı reportaj hazırlamağa. İcazənizlə.

Rəssam mehriban-mehriban gülümsəyərək, uzun barmaqlarını (mənə elə gəldi ki, onun barmaqları fırça ilə bütünləşib) aşağıya doğru uzatdı.

- Öncə aşağıdan başlayın. Ordakı qalereyamıza baxın.

Mədinə xanımı izləyərək qalereyaya endik. Hər yer neon rəngində idi. Dar pilləkənlər bizi qaranlıq otağa aparırdı. Sakit, boş, adi görkəmli otağa. Ta ki Mədinə xanım işıqlara toxunanadək. Gözlərim qamaşdı.

Nargis möcüzələr diyarında... Yox o Alisa idi, deyəsən...

Ağlıma uşaqlığımda baxdığım, rəngli şəkilləri çevirdiyim adını unutduğum durbin gəldi. Bir anda gözümün önündə rənglər bərq vurmağa, rəqs etməyə, sıçramağa başladı. İşıq yanmadan öncə baxdığım heyva nara çevrildi. Güllər mənə yaxınlaşdı. Aynadakı güllərə toxunmaq üçün uzandım, əlim çatmadı, yaxınlaşanda əlim gah divara, gah da kətana dəydi.

Bəli, tam bir 3D...

- Ultra-bənövşəyi işıqların təsirində neon boyalarla çəkilib. Adi işıqda görünmür. Neon, akril, fosfor boyalarla. Akril işıqda görünür amma...

Neon Sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır. Mədinə xanım Neon Sənət Muzeyi haqqında məlumat almağa başladım.

- Çoxdandır burdasınız?

- 4 aya yaxındır.

- Çox insan ziyarət edirmi muzeyi?

- Bəli.

- Xaricilər də gəlir?

- Daha çox özümüzünkülər...

- Qəribə yerdir. Nə üçün belə uzaqdadır?

- Rəssam da burada yaşayır. Bir növ ev-muzeyidir.

Neon rəngindəki çap makinasına ilişir gözüm. Tez qaçıb oturub nələrsə yazmaq istəyirəm. Ağlıma Vircinya Vulf gəlir.

- Bu divan?

- Rəssam öz cinslərindən yaradıb.

- Heykəllər? - elə möcüzələr diyarına düşmüş Alisa kimi hər şeyə maraqla baxır, nəsə soruşuram.

- Onlar rəssamın atasına aiddir...

Akvariuma oxşar əşya dəyir gözümə. Gözlərim qamaşa-qamaşa yaxınlaşıram. Elə bilirəm ki, sadəcə əşyadır.

- Mədinə xanım, nə gözəl işdir bu?

Öz-özümə düşünürəm, görəsən, rəssam burda nə demək istəyib?

- Gerçək insan ayağından istifadə olunub burda...

- Necə?

- Amputasiya olunmuş həqiqi ayaqdır. Ona ikinci həyat verib rəssam bir növ.

Daha çox qadın siluetləri, kölgələri yer alır rəsmlərdə. Mədinə xanım deyir ki, rəssam qadın obrazına əsərlərində çox yer verib.

Divardan bizə nəhəng neon yaşılı səməni boylanır anidən.

Novruzu sevən rəssam, ən çox şirniyyatları dadmağı sevirmiş... Bunu da özündən öyrəndik. "Bunu da çəkək" - fotoqrafımız İlkini səsləyirəm. Novruz Bayramı gəlir qarşıdan.

Yuxarıya çıxmaq üçün həyətə qayıdıram. Ceyk yenə dartılır...

Baxilləri geyinib binaya daxil oluram. Adama elə gəlir ki, biz də neon rəngindəyik. Gözlərimi qapının üzərindəki bürc təsvirləri, meditasiyaya işarə edən elementlər, lotos, fenşuy fəlsəfəsinə aid detallar çəkir. Mətbəxə daxil oluram. Budur, rəssam özünə orda çay hazırlayır. Elə bil əlləri də neon rəngindədir, gözlərim rənglərlə uyğunlaşır. Özümü yavaşca mətbəxə verirəm.

- Yəqin ki, gecəni daha çox sevirsiniz. Əks təqdirdə bu rəngləri yarada bilməzdiniz.

- Bəli, çox sevirəm.

- Ən sevdiyiniz rəng hanısıdır?

- Rəngləri ayırmıram.

Qonaq otağına keçirik.

Fırça zərbələri ilə toxunan neon yaşılı xalçanın üzərində ayaq saxlayıram. Valehedicdir. Gerçək kimidir. Adam istəyir ki, əl atıb materialını yoxlasın. Necə də sakitlikdir. Divardan kainat mənə baxır. Meditasiya kimidir lap.

- Özüm buna çalışmışam. 15 ildi meditasiya ilə məşğulam.

- Xərçəng bürcüsünüz?

Divardakı rəsmə işarə edirəm...

- Həəə, xərçəngəm, onu qızım Yasmin çəkib.

Rəssam otağı tərk edir...

- Bura uşaq otağıdır - işığı yandırır.

Rəsmlər ora-bura qaçışırlar, kölgə kimi sürünüb yox olurlar.

Tablolardakı bütün planetlər anidən yoxa çıxır.

Təkrar yandırır...

Planetlər qayğısız-qayğısız öz yerlərinə qayıdırlar. Ulduzlar tavanda parlamağa başlayır.

Mədinə gülümsəyir...

- Qorxmursunuz ki burda? Bütün rəngsizliklərdə bu qədər rəng... Buradan çıxanda real dünyaya adaptasiya olmayacaqmışam kimi hiss edirəm.

- Özüm də rəssamam, incəsənətin nəzəriyyəsini oxumuşam... Sevirəm buranı.

- Necə təhlil edirsiniz rəssamın yaradıcılığını?

- Fərqlidir...

- Bəs bu kimdir?

- Rəssamın atasıdır. Fərid bəy çəkib.

- Digəri?

- Hə bu rəsm atasının məktubudur. Atası çəkib o vaxt göndərib. Məktubdur, həm də rəsm. Yeni paltosunu göstərib ki, ailəsinə ona yaraşıb yaraşmadığını görsünlər. Bu da atasının əl işidir.

Digər otağın ortasında böyük əsər diqqətimizi çəkir. Daşın ortasına bir xanım üzü həkk olunub. Burda hər şey qadın, sevgi, mistika ilə doludur.

- Bəs bu otaq?

- Rəssamın yataq otağıdır. Ora girmək olmaz... Bura isə balkondur.

- Yəni adi, sadə balkon? Heç bir rəngə açılmayan. Sadəcə bildiyimiz dünyaya açılan bir balkon?

- Bəli, adi balkon - gülür.

Qapıdan çıxanda rəssam bizi yola salmağa gəlir... Söhbətimizə davam edirik..

- Neon Sənət Muzeyini yaratmaq ideyası sizdə necə yarandı?

- Laplandiyada olanda şimal işıqlarını görmüşdüm. Araşdırdım görüm o rəng hansıdır ki, gecəyə naxış vurur? Ordan yarandı bu muzeyi yaratmaq fikri.

- Burada yaşamaq qorxutmur ki sizi?

- Yoxxx, - gülür. Burda nə görürsünüzsə hamısı məhəbbətdir.

- Məhəbbət və qadın?

- Bəli, hər yerdə bu görünür...

Anidən rəssamın gözləri öz əsərlərində gəzməyə başladı.

- Elə bil hardansa musiqi eşidilir?

- Əvvəl çəkəndə musiqidən istifadə edirdim. Ancaq indi bu lazım deyil. Çünki artıq melodiyalar beynimdə səslənir.

- Tələbələriniz var?

- Master-klasslar edirəm. Uşaqlar gəlir... O gün 4-cü sinifdəki oğlan deyir ki, bunu çoxaltmalısınız (gülür).

"Hər şey meditasiyadır. Burada hər şey meditasiyadan yarananlardır" - deyir.

- Ən çox gecələr işləmək maraqlı olar yəqin?

- Yox, tez yatıram ki, əsəblərim sakit olsun. Limonları gördünüz?

- Mədinə xanım məlumat verdi. Bayaq limonlara yaxınlaşdım. Tərpənirsə stressimi göstərəcəkdi. Tərpənmədilər.

- Bura gələndə insan sakitləşir axı... (gülür).

Ceyk də bizi qayığkeşlikə yola salır. Bu dəfə dartınmır. Mədinə xanım deyir ki, Ceyk rəssamın içəri dəvət etdiyi insanlara güvənir. Rəssam onları yola salanda artıq aqressiv davranmır.

Qapını açıb Alisa kimi bu Möcüzələr diyarından çölə çıxıb real dünyaya qayıdıram. Bir anda hər şey yenidən öz rəngini alır.

# 2380 dəfə oxunub

Müəllifin son yazıları

# # #