Bir şairin ağrısız yoxmu yaşamaq haqqı? - Günün şeiri

Bir şairin ağrısız yoxmu yaşamaq haqqı? - Günün şeiri
8 aprel 2024
# 11:30

Kulis.az Nadir Yalçının şair Salam Sarvana həsr etdiyi şeiri təqdim edir.

Ey qoca şeirimizin salam-məleyk qapısı,
Nə oldu birdən-birə əcəl buludlarına?!

Yağış yağandan sonra ətri gələn torpağın
Hər qarışı səsləyər təbib nəvazişini
Çağırmaq istəyəndə ölülərin ruhunu,
Köməyə çata bilər Füzulinin nəfəsi?

Qapını örtənlərin yox idimi insafı?

Törəyə bilmədilər min budağ cücərdənlər
Cücərtdilər baharın ilkin pöhrələrini
Xatırlamaq ağırdı… hökmü qəti zamanın
Sərəncamı qurutmaz güllərin şirəsini.

Seyr elə, zülmə axan yaşların saflığını
inci dənəsi kimi düzümmü çal zülfünə?

ey nəzm mülkümüzün biyaban sərgərdanı
Hanı yüyəng yiyəsi, boz köhlənin cilovu?

Məhəbbət umanların ahı ərşə ucaldı
Bu dünya vaxtla deyil, sözlə birgə qocaldı
Bu vəfadan iraqlar hansımızdan öc aldı?
Belə olur görəsən yaşamağın hesabı?
Bəlkə ümid saxlayaq durnalar qayıdana?

Ki alnımız açılıb qələmin hökmü sarı,
Əzəl-əcəl oynunun kimdi astanasında?

Bəs soruşan olmadı könlümüzün fərəhin —
Uçdu qanadlarında kəmfürsət arzuların.
Vida saatımıza inansaydıq əzəldən
Nə mənası olardı açılan sabahların?

Nə oldu ki, inandıq ölümün gəlməyinə?

O həmin nəfəs idi - həyatın kandarından
bu qoca kainatı pıçıltısı bürüyən
O həmin qələm idi - öz sivri ucu ilə
kədəri kölgəsində sonsuzluğa sürüyən.

Bir şairin ağrısız yoxmu yaşamaq haqqı?

# 777 dəfə oxunub

Müəllifin son yazıları

# # #