İnsan məskən salır – Nadir Yalçının yeni hekayəsi

İnsan məskən salır – Nadir Yalçının yeni hekayəsi
8 yanvar 2024
# 17:00

Kulis.az Nadir Yalçının "İnsan məskən salır" adlı yeni hekayəsini təqdim edir.

Bakı tutqun, payızın xislətinə uyğun boz və darıxdırcı olsa da, şəhərin mərkəzindəki miyanə bir kafedə görüş üçün vədələşmişdilər, bəlkə, bu bozumtulluğu, melanxolik əhvalı nəsə başqa bir rənglə əvəzləyə bildilər. Əslində, hər şey adiləşmişdi, daha əvvəlkitək həvəs də yox idi. Bir-iki köhnə vərdişləri təsəlli idi, bəs nə yaxşı hələ də bunu saxlaya bilmişik.

Murad bazar ertəsi işə getmirdi, təzə iş yerində də əvvəlcədən şərtini qoymuşdu, qəribə də olsa, razılaşmışdılar. Bəzi iş yoldaşları qıcıqlanırdı; əcəb yaxşı şeydi, özü özünə “yaradıcılıq günü” təyin edir… Məhəl qoymurdu, zarafata salıb keçirdi. Əsas odu, bu ona rahatlıq verirdi. Murad uşaq vaxtından ağırlıqdan qorxurdu. Ona elə gəlirdi, hər bazar ertəsi həftənin yox, dünyanın ən ağır günüdü, həmin gün işə başlamaq isə faciədi. Hər halda, bu çoxusu üçün belə idi, Murad isə qəti qərarını vermişdi; həmin gün işləmək olmaz! Fikirləşirdi, qəzet redaksiyası üçün mühasibin bir gün işə getməməsi böyük problem olmaz, o, bazar ertəsi işə getsə də, getməsə də qəzet çıxacaq, əsas odu, hamının maaşı vaxtında köçsün, qəpiyinə kimi…

Bu bazar ertəsi də həmin bazar ertələrindən idi. Tələbə yoldaşı Adil Muradın görüş üçün məhz bazarertəsini təyin elədiyini vatsapda yolladığı səsdən eşidəndə sevindi, üzünə səbəbsiz gülüş qondu; halal olsun, o ənənələrinə sadiqdi, elə həmin Muraddı.

Telefondakı danışıqlarında Muradın bir neçə arzusu Adili təəccübləndirdi, ötən tələbəlik illərinin havası yenidən başında dolaşdı:

– Arağı mən alacam, yəqin ikimizə 0,7 bəs edər. Elə İçərişəhərdəki “Xəzər”də görüşək, yaxşı kiftə-bozbaş verirlər.

– Əladı, Murad, Allaha acıq getməsin, kababdan bezmişəm.

– Amma səndən bir xahişim var… Sənin balaca şahmatın var idi ha, Əli ilə tez-tez oynayırdız, o durur?

– Baxaram evə, evdədi çox güman, harasa qoymuşam, taparam.

– Hə, ay sağ ol, onu da gətir.

– Sən Allah, çoxdandı görüşmürük, danışmağa söz çox, başın qarışacaq piyadalara, arağımız da isinəcək.

– Yox, gətir, mütləq gətir, yadınnan çıxmasın.

Adətən, zirzəmi kafelərində özünü qoz qabığının içində hiss eləyirsən. Bu iki yoldaş isə “Xəzər”də özlərini göy suların qoynunda, sonsuz ənginlikdə, göz işlədikcə uzanan səmanın, pambıqlaşa-pambıqlaşa bir-birinə pərçimlənən buludların altında hiss edirdilər. Onların fikir yelkəni okeana açılmışdı; son kursda ayrıldıqları sevgililərindən, sərxoş olub gecənin bir yarısı universitetin dəmir çəpərindən tullandıqlarından, aşiq olduqları xarici dil müəlliminin üstündə dalaşdıqlarından, atalarının dəfnlərindən, tələbə yoldaşları Arzunun toyundakı “dəcəllik”lərindən sevinə-sevinə, ağlaya-ağlaya, ağızdolusu danışırdılar. Yavaş-yavaş “Xəzər” kafesi də burulub-burulub bulanıq məkana çevrilir, meyxoşluq bütün kafeni başına götürürdü. Əşyaların göydə uçuşmağına hələ çox var idi. Çox güman, iki nəfəri “0,7” o həddə gətirib çıxarmazdı.

Adil Muradın xahişini unutmamışdı və şahmatı qoltuğuna vurub gətirmişdi. Murad şahmat söhbətinin üstünə gəlməkdən qorxurdu, hər yadına düşəndə başqa bir söhbət açıb başını aldadırdı. Adil də sevinirdi; yaxşı ki yadına düşmür, heç o hayda deyiləm.

Nəhayət, Murad ayağa qalxıb ucadan və amiranə şəkildə dedi:

– Stolu seyrəltmək vaxtıdı. Şahmatı aç və fiqurları düz!

Adil bir kəlmə demədən əməl elədi. Murad birinci piyadanı iki addımlıq qabağa itələyən kimi yumruğunu dişləyib gözünü sıxdı, yanaqlarında bir cüt yaş parıldadı.

– Adil… Hələ məktəbə getməmişdən atam məni şahmat dərslərinə yazdırmışdı… Həyatımın ən həyəcanlı günü idi və aylar idi ki, həmin şahmat yarışına hazırlaşırdım. Rəqibim də məktəbli idi, hardasa, bir-iki yaş fərqimiz olardı. Çox yaxşı şahmat oynayırdı, mənnən də yaxşı. Epilepsiya xəstəliyindən xəbərsiz idim. Oyunun ortasında sudurğası tutdu, ağzı köpükləndi, üzüqoylu şahmat stolunun üstünə sərələndi. Şahın, vəzirin gözünə batmağınnan qorxdum… Əsə-əsə stuldan qalxdım və sonralar eşitdim ki, həmin oğlan rəhmətə gedib. Mən o gündən şahmata yaxın dura bilməmişəm. Bu qorxumu, qaramatımı sənlə yenmək istəyirdim. Alınmadı! Mən bacarmadım!

Adil susmuşdu və nə deməli olduğunu bilmirdi. Ara sakitləşdi, hər vəchlə söhbəti dəyişməyə çalışırdılar. Adil köhnə-küləş söhbətləri yadına salmaq istəyirdi:

– Murad, yadındadı, ingilis dili müəllimi – Xatirə…

– Yadımdadı. Sən onu sevirdin.

– Guya, sən sevmirdin?

– Yox, elə-belə xoşum gəlirdi.

– Mən axmaq olmuşam, hamilə olmağını bilmirdim, ikicanlı qadını sevmişəm.

– Uşaq Həsən müəllimdən idi, Həsən müəllim ölənəcən bilmirdi ki, Xatirənin ondan uşağı var…

– Nə bilirsən uşaq Həsən müəllimdən idi, yanlarında olmusan?

“Xəzər” meyxoşluğunu itirdi, böyük okean zirzəmi kafesinə çevrildi və əşyalar əbədi öz yerində qərar tutdu.

– Adil, “İnsan məskən salır” filminə baxmısan?

– Yox.

– Orda bir səhnə var, üç dost arasında bizim dialoqumuza oxşar söhbət gedir və sənin verdiyin sualı filmdə də bir nəfər verir. Dostu bilirsən nə reaksiya verir?

– Ola bilər keflənmişəm, mənə fikir vermə.

Muradın səsi gurlaşdıqca gözlərini qan bürüdü:

– Sual ver! Nə reaksiya verir?

– Nə reaksiya verir?

– Çənəsindən bir yumruq ilişdirir. Dəyyus! Dur burdan, bas bayıra!

Adil gödəkcəsini götürüb qapıdan çıxdı. Amma elə bil qapıdan çıxmadı, pəncərədən sivişdi.

Şahmat ortada idi. Murad fiqurları qabına yığıb qoltuğuna vurdu. Cavanşir körpüsünün yanında taksidən düşüb məhlələrinə tərəf addımladı. Körpünün yanında ayaq saxladı, gözü polisləri gəzdi, heç kim yox idi.

Əvvəllər Cavanşir körpüsünə günaşırı bir nəfər intihar üçün üz tuturdu. Hər dəfə Muradın qonşuluğunda yaşayan diplomat qadın körpüyə çıxıb özünü atmaq istəyən adamla iyirmi dəqiqə danışırdı, onu qucaqlayıb aşağı endirirdi. Sonra hamı – bütün canından bezənlər buna vərdiş elədilər. Rahatca körpüyə qalxıb intihara cəhd edirdilər. Bilirdilər ki, diplomat qadın harda olsa özünü yetirəcək və onları qucaqlayıb aşağı düşürdəcək…

Həmişə də körpünün yanında polis dayanırdı ki, birdən kimsə özünü atmaq istədi…

Həmin diplomat qadın bir müddət idi dünyasını dəyişmişdi. O öləndən heç kim Cavanşir körpüsünə özünü atmaq üçün üz tutmurdu. Qorxurdular ki, gəlib qucaqlayan, aşağı düşürən olmayacaq. Ona görə, heç polis-zad da gözə dəymirdi.

Murad qəti qərara gəldi; körpüyə qalxıb qoltuğuna vurduğu şahmatı yerə tullayacaq, paralanacaq taxta parçası ilə pis xatirələri yoxa çıxacaq, payız bozumtulluğunu itirəcək. Körpüyə qalxa bilmədi, qorxdu. Özünü yamanladı; kaş “Xəzər”də məskən sala biləydik, okeanın qoynundan zirzəmi kafesinə qayıtmayaydıq, Adil də çıxıb getməyəydi, Adil getməsəydi mən rahatlıqla körpüyə qalxardım, şahmatı yerə tullamağa cəhd edərdim, Adil gəlib ikimizi də qucaqlayardı – məni də, şahmatı da aşağı endirərdi.

Murad şahmatı qucaqlayıb evə tələsdi; sabah çərşənbə axşamı idi, həftə başlayırdı, geridə isə pərçimindən ayrılan nar dənəsi kimi asudə bir bazar ertəsi qalmışdı.

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

# # #