Bu dünya Məmməd Arazındı... - Nadir Yalçın

Bu dünya Məmməd Arazındı... - Nadir Yalçın
14 oktyabr 2023
# 12:00

Kulis.az Nadir Yalçının "Bu dünya Məmməd Arazındı..." adlı yeni yazısını təqdim edir.

90 yaşlı əzəmətli ruha ithaf

Hərbi xidmətdə olanda kravatım pəncərənin ağzında idi və xoşbəxtlikdən briqadanın yaxınlığında camaatın rahat nəfəs ala biləcəyi, xudmani bir “stalova” var idi. Bəli, məhz kafe, restoran yox, “stalova”. Rus leksikonuna məxsus olsa da, bu sözün yan-yörəsinin hasara alan dırnaq işarələrini bu yazıda rədd edirəm. Həmin stalovanı zabit-gizirlərdən xəbər almışdım. Xudmaniliyi və hüzuru barədə onlar mənə pıçıldamışdılar. O kafenin gur sayrışan işıqları, səs-küyü, ərşə ucalan səsı mənim mülki həyata, onun fonunda çəpərlərdən o üzdəki sevdiklərimə həsrətimi birə beş artısa da, ürəyimə su da çiləyirdi. Deyirdilər, Sahilin kafesidi. Sahil əvəllər hərbçi olub, özü də mən xidmət etdiyim bölüyün başçavuçu vəzifəsində çalışıb.

Həzin və kədərli gecələrin birində adəti üzrə yerimdə qurcalanıb hansısa xəyalın ardınca düşmüşdüm, ilan kimi qıvrılırdım. Atamın, anamın, sevdiyim qızın həsrətindən bir az da artıq, azadlıq həsrətinin qaramatı məni qatı duman təki boğurdu. Elə bu dəm Sahilin kafesindən bir doğma melodiya, doğma hənirti məni farağatda saxladı. İlan kimi qıvırlmadım, vücudum tənləşdi, kilidləndim...

Ansambl şövqlə ifa edirdi. Sanki bir orkestr hansısa möhtəşəm kansert səhnəsində idi. Görməsəm də, xəyalımda ansamblın bütün üzvlərinin simasını, mimikalarını, jestlərini, alətlə davranışlarını hiss edirdim. Qarmon çalanın sağ ayaqqabısını mahnının ritmi il səhnənin döşəməsinə tappıldatmasını duyurdum. Müğənnin havada yellənən əli sanki başımın üstündə hərəkət edirdi.

Ansambl “Dünya sənin dünya mənim” mahnısının giriş hissəsini ifa edirdi. O kimsəsizliyin və adamlarla dolu tənhalığın içində doğma notların ləzzətini təpədən dırnağa qədər hiss edirdim. Pəncərədən çölə tullanıb, briqadanın divarlarını aşıb səs gələn tərəfə yüyürmək kimi dəli bir istək keçirdi bu qəribsəyən ürəyimdən.

Bir qadın Məmməd Arazın o müqəddəs sözlərini Niyaməddin Musayevin bəstəsi üzrə pıçıldayırdı. Məhz pıçıldayırdı, oxumurdu. Adamın ruhunu silkəliyirdi. Elə dəqiq ifa edirdi ki, bir xaric not, qüsurlu boğaz səni narahat edə bilməzdi. Həmin an o qadını canlı, yaxından dinləyən kəslərin xoşbəxtliyinə həsəd aparırdım.

Bu bozumtulluğun içində həmin mahnını eşitmək səhrada su tapmaq kimi bir şey idi. Səsi qucaqlamaq olsaydı, həmin səsi bağrıma basıb hönkürərdim.

Səhəri gün gizirlərin birindən xəbər aldım ki, o qadın kimdi, adı nədi, nə biçimdə adamdı? Dedilər, canlı-cəsədli, yaşa dolmuş bir qadındı, hər axşam oxuyur...

Mən yuvamdan ayrıldığım günlərdə ruhuma doğma olan Məmməd Arazın sözünə kövrəlmişdim, nəfəsinə kövrəlmişdim. Kövrələ-kövrələ düşünmüşəm ki, bu dünya Məmməd Arazındı, onun simasında sözünün əsrarəngiz sehrində bəşəriyyətin mənəviyyatına nüfuz edənlərindi. Təsadüfi deyil ki, onun bu insan-dünya anlayışındakı təvazökar yanaşması illərdir melodikləşmiş versiyada qəlbləri fəth edir.

Bəzi qohumlarımız var ki, mən görməmişəm, rəhmətə gediblər, evdə babam-nənəm onlardan ağızdolusu danışıblar, köhnə toy kasetlərinə baxıb onların simasını görmüşəm və öz-özümdə fikirləşmişəm ki, kaş filankəs sağ olaydı, mən onu görəydim. Həmişə Məmməd Araz barədə eyni şeyi fikirləşmişəm. Demişəm, kaş sağ olaydı, eybi yox, xəstə olaydı, amma mən onu görəydim. Susaydı... onun sükutuna qulaq asardım, əllərini əlimin içinə alıb sığallayardım, nə bilim, nar dənələyib qabağına qoyardım, qulluğunda duraydım, amma canlı-canlı görəydim.

İlk şeir mütaliəm Məmməd Arazın kitabı ilə başlayıb. Sətir-sətir, misra-misra oxumuşam Məmməd Arazı. Cümlə-cümlə nuş etmişəm hər şeirini, hər ağrısını, acısını, döyüntüsünü...

Məmməd Araz Araz boyda şairdi. Daha da bədiiləşdirsək, Məmməd Araz Arazboyu şairdi.

Ötən gün Azər Turanla söhbətləşəndə Şahbuza səfərindən, Məmməd Arazın ev muzeyinə, doğulub boya-başa çatdığı həyətə getməyindən danışdı. “Bacım Gülsümə” şeirindəki “Hanı o qocaman qoz ağacının altındakı cəhrə, gözümə dəymir” misralarını xatırladı və dedi: “Həmin qoz ağacını gördüm və Məmməd Araz ruhu bütünlüklə o həyətdə hiss etdim”.

O şeirlərlə, o sirli-sehirli poeziya ilə Məmməd Araz ruhunu bu heç kimin olmayan dünyada hiss edirik. Arazboyu şairimizin doğuluşundan 90 il ötür – Məmməd Araz dünyasının varlığının 90-cı ilidir. Ruhu şad olsun!

Hər yerdə – sözün qiyməti bilinən hər bucaqda Məmməd Araz anılacaq, ruha toxunacaq, bir əsgər kazarmasında onun nəfəsi məni açılan yeni sabaha həvəsləndirdi. Bir gün açılan səhər o əsgər kazarması, yaxud hansısa sökülə bilən məkan üçün yeni səhifə olmaya bilər, amma nə qədər Araz axır, hər açılan yeni səhərdə bir Məmməd Araz nuru parıldayacaq...

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #