"Ya mənimsən, ya qara torpağın!"- Kişilər niyə boşandıqları qadınlardan əl çəkmirlər?

"Ya mənimsən, ya qara torpağın!"- Kişilər niyə boşandıqları qadınlardan əl çəkmirlər?
18 fevral 2026
# 12:00

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bu ölkədə elə gün yoxdur ki, hər səhər hansısa hadisəyə təəccüblənməyək.

Bir qadın canı boğazına yığılıb boşanır. Məhkəmə qərar verir, sənədlər imzalanır, yollar ayrılır. Kağız üzərində hər şey bitir. Amma Azərbaycanda bir çox kişilərin şüurunda boşanma heç vaxt baş vermir.

Bakıda baş verən son hadisə bunun növbəti, qanlı sübutudur. Bir nəfər bir neçə il əvvəl boşandığı və başqası ilə ailə quran qadının yaşadığı ünvana gedərək (həm də "Sevgililər Günü"ndə!) onun evləndiyi adamı bıçaqlayıb. Heyrətdən yenə deməyə sözüm qalmasa da, deməli olduğum bir neçə məqamı mütləq vurğulamalıyam. Ay adam, qadın artıq yenidən ailə qurubsa, sən hansı məntiqlə “barışmaq niyyəti” ilə onun yaşadığı məhəlləyə gedirsən? Bu hansı ağıl, hansı hüquq, hansı mənəvi əsasdır? Boşandığın qadın artıq sənin keçmişindir. Niyə, adı üstündə, keçmişi rahat buraxmırsan?

Bizdə belə hadisələri hələ də fərdi dram kimi müzakirə edirlər. Halbuki bu, kollektiv şüurun böhranıdır.

Azərbaycanda çox geniş yayılmış bir tendensiya var: kişi boşanır, amma qadını öz “şəxsi mülkiyyəti” kimi görməkdən əl çəkmir. Sevgi çoxdan bitib, sayğı desən, elə evlilik dönəmindəcə buxarlanıb yox olub, bütün bunların nəticəsində sənəd üzərində ayrılırlar, amma "qeyrət dağarcığı" kişinin nəzarət instinkti onu rahat buraxmır.

Qadın yeni münasibətə başlayır, yaxud yenidən ailə qurur – bu, onun boşanmış həyat yoldaşının “qeyrət məsələsi”nə çevrilir. Qadın yenidən evlənir, bu, onun “kişi nüfuzu"na sayılır. Qadın heç evlənməsə, yeni münasibət qurmasa belə cəmiyyət hələ də onu "filankəsin arvadı” kimi təqdim olunur. Halbuki illərdir boşanıblar.

Biz hələ də ən elementar həqiqəti qəbul edə bilmirik: boşanma – mülkiyyət hüququnun ləğvidir.

Nikah şəhadətnaməsi qadını kiməsə “təqdim edən sənəd” deyil. Boşanma qərarı isə “istifadə müddəti başa çatdı” möhürü deyil. İki insan ayrılıbsa, deməli ayrılıb. Bu, nə emosional lizinqdir, nə də ömürlük abonentlik.

Qoy lap ürəklərinin dərinliyinəcən incisinlər, amma deyəcəyəm, Azərbaycanda əksər kişilər üçün boşanma hüquqi fakt deyil, təhqir sayılır. Mentalitetin kölgəsində sağı-solu qılınclaya-qılınclaya onlar nikahı münasibət yox, sahiblik aktı kimi görürlər. Elə bil qadınla yox, mənzillə, torpaq sahəsi ilə, əmlakla müqavilə bağlayıblar. Müqavilə pozulanda da “əmlak üzərində hüququn” qaldığını düşünürlər.

İllər əvvəl bitmiş münasibətə “barışmaq istəyirdim” adı verib yeni qurulmuş ailənin həyətinə getmək romantika deyil. Bu, qapalı şüurun, zəhərli eqonun, toksik sahibləniciliyin və "ya mənimsən, ya qara torpağın" zehniyyətinin məhsuludur. “Barışmaq” qarşı tərəf istəmirsə, təzyiqdir. Razılıq yoxdursa, romantika yox, zorakı isrardır. Üstəlik, qadın yenidən ailə qurubsa.

Bizdə qadınlar heç vaxt tam boşanıb da canını qurtara bilmir, keçmiş ər bir tərəfdən, qohum-əqrəba o yandan, cəmiyyət də bu yandan onların yaxasını buraxmaq istəmir. İllər əvvəl imza atılıbsa, qadın artıq hüquqi və mənəvi baxımdan müstəqil insandır. Onun həyatı üçün kimsə məsuliyyət iddiası edə bilməz. Amma aradan illər keçir, qadın yenidən evlənir, yenə də təqdim olunur: “Əvvəllər filankəslə evli olub”. Bu nə yanaşmadır? Qadın niyə öz adı ilə mövcud ola bilməməlidir? Hələ bundan sonra da gedib başqası ilə evlənibsə, o, artıq başqasının həyat yoldaşıdır, nə haqla gedib kiminsə arvadına göz dikirsən?

Cəmiyyət hələ də qadını fərd olaraq qəbul etməkdə çətinlik çəkir. Onu ya kiminsə qızı, ya kiminsə arvadı, ya kiminsə keçmişi kimi təqdim edir. Halbuki qadın bir fərddir. Öz adı, öz taleyi, öz iradəsi ilə.

Bizdə qəribə bir paradoks var: kişi boşanandan sonra “subaydır”, azaddır, yeni həyat quranda alqışlanır. Qadın yeni həyat qurmaq fikrinə düşsə, “qeyrəti çəkilir”. Daha təhlükəli bir xəstə düşüncə isə “qeyrət” anlayışının zorla qadının çiyninə və keçmiş ərinin boynuna asılmasıdır. Sanki qadının şəxsi həyatı keçmiş kişinin reputasiyasına bağlıdır. Sanki o qadın evdən çıxıb nəfəs alanda da bir kişinin “kişiliyinə” təsir edir.

Bu, kişilik deyil, zəiflikdir.

Əgər bir kişi boşandığı qadının yeni həyatını qəbul edə bilmirsə, problem qadında deyil. Problem o kişiyə uşaqlıqdan öyrədilən “sahiblik” hissindədir. Ona deyilib ki, qadın onun nüfuzunun bir hissəsidir. Ona deyilməyib ki, qadın ayrıca fərddir, hüququ var, iradəsi var, seçimi var. Buna görə də bəzi kişilər boşanmanı itki yox, hakimiyyətin əldən çıxması kimi qəbul edir. “Məni necə tərk edə bilər?” sualı onların içini yandırır. Amma sual səhvdir. Doğru sual budur: Kim idin ki, səni tərk etmək mümkün olmasın?

Əgər biz hələ də qadının azadlığını keçmiş ərin emosional vəziyyətinə bağlayırıqsa, o zaman problem tək-tük hadisələrdə deyil, mentalitetin özündədir.

Qadın boşanıbsa, deməli bitib. Nöqtə. Heç bir “amma”sı yoxdur. Heç bir “bəlkə”si yoxdur. Qadın heç kimin şəxsi mülkiyyəti deyil.

Boşanmış qadın heç kimin “adı ilə gələn əlavəsi” deyil. Onun həyatı üzərində keçmiş ərinə ömürlük veto hüququ verilməyib.

Qadın boşanandan sonra heç kimin “keçmiş arvadı” statusunda həyatını davam etdirməli deyil. Boşanma faktı hüquqi və mənəvi qopmadır. Orada “amma hələ də mənimdir” əlavəsi yoxdur. Qadının harada yaşadığı, kiminlə ailə qurduğu, kimlə görüşdüyü artıq keçmiş ərinə aid məsələ deyil. Bu, hüquqi baxımdan da belədir, insani baxımdan da.

Qalan hər cəhd – təzyiqdir. Qalan hər “barışmaq” qadının iradəsini yox saymaqdır.

Qalan hər iddia – patriarxal sahiblik instinktinin qalıntısıdır.

Bir həqiqəti nəhayət qəbul etməyin vaxtıdır: Qadın insan olaraq mövcud olmaq üçün heç kəsdən icazə almağa borclu deyil.

Və heç bir keçmiş ər onun həyatında “ömürlük pay sahibi” deyil.

# 217 dəfə oxunub

Oxşar xəbərlər

“Suyun sahilində: Xəlil Paşanın yaşamı və sənəti”  nümayiş etdiriləcək

“Suyun sahilində: Xəlil Paşanın yaşamı və sənəti” nümayiş etdiriləcək

13:10 18 fevral 2026
Vüsalə Mahirqızı: "Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var"

Vüsalə Mahirqızı: "Azərbaycan dili ilə bağlı lüğətlərin elektronlaşdırılmasına ehtiyac var"

13:00 18 fevral 2026
“İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə”  virtual kitab sərgisi hazırlandı

“İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” virtual kitab sərgisi hazırlandı

12:51 18 fevral 2026
İstanbulda Azərbaycanın qədimi saray xalılarının  sərgisi açıldı

İstanbulda Azərbaycanın qədimi saray xalılarının sərgisi açıldı

12:30 18 fevral 2026
Britaniyanın "Avroviziya"  təmsilçisi açıqlandı

Britaniyanın "Avroviziya" təmsilçisi açıqlandı

11:10 18 fevral 2026
Başqırdıstanın mədəniyyət naziri saxlanıldı

Başqırdıstanın mədəniyyət naziri saxlanıldı

10:45 18 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər