Uşaqların gözü önündə valideyn döyən direktor - Niyə bu günə qaldıq?

Uşaqların gözü önündə valideyn döyən direktor - Niyə bu günə qaldıq?
28 yanvar 2025
# 16:38

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

Eşitdiniz də, bir neçə gün öncə Bakıdakı məktəblərin birində məktəb direktoru valideyni döyməsi haqqında xəbərlər yayılıb.

Valideynin iddiasına görə, məktəb direktorunun tək gücü çatmayıb, mühafizəçini də köməyə çağırıb.

Uşaqların gözünün qarşısında “övladının nadicliyinə görə məktəbə çağırılan” valideyni məktəbin düz ortasında, uşaqların gözünün qarşısında elə günə qoyublar ki, uşaq da bağışlasın, koftası əynindən çıxıb, alt paltarı görsənib.

Bəlkə, uşaqların gözü önündə valideyn döyən müəllimə idman zalı açmalıyıq?

Bilmirəm, bəlkə də həmin direktoru “ilin ən yaxşı güləş və ya cüdo fəndi”nə görə medal verməliyik...

Mənə görə, hər ikisi məqbuldur.

Atam-qardaşım, ta bu cəmiyyəti kitab oxumadığına görə niyə qınayırsınız ki? Kitab oxuma vərdişi ilk olaraq körpələrə bağçalarda, məktəbəqədər müəssisələrdə aşılanır, orta məktəbdə artıq bu vərdiş formalaşdırılır.

Müəllimlərin məktəbin ortasında, şagirdlərin gözü önündə valideyni əzişdirməsi görən azyaşlılarda hansı oxu vərdişi formalaşacaq? Əksəriyyəti “oxuyub müəllim olmaq istəyən” istəyən bir cəmiyyətin yeniyetmə fərdi düşünəcək ki, oxuyub axırda valideyn döyəcəyəm də, niyə oxuyum ki, ondansa idman zalına gedib bir-iki fənd öyrənərəm. Çünki indi idmana gedənlər yox, müəllimlər, “oxumuşlar” daha təhlükəlidir.

Bu hadisədən sonra cəmiyyətdə “özümüzü idmançı müəllimlərdən qorumalıyıq” fobiyası, stereotipi formalaşmasa yaxşıdır.

Bu gün Azərbaycanda müəllim kultu böyük dəyişikliklər yaşayır. Ölkənin deputatı deyəndə ki, müəllim məktəbdən sonra gedib fəhləlik etsin, soğan əksin, elə həmin vaxtdan bizdə bilik öyrədənlər mənəvi cəhətdən köməksiz durumda qaldıqlarını anladılar.

Doğrudur, dövlət indi müəllimlərə çox yaxşı maaş verir. Demək olar ki, hər ehtiyacını qarşılayır. Amma biz cəmiyyət olaraq müəllimlərə qarşı tələbkar deyilik. Müəllimlərin üzərində cəmiyyət qınağı, cəmiyyət qoruğu mexanizmləri yoxdur. Müdafiəyə ehtiyacı olanda da onları yiyəsiz buraxmışıq, həddlərini aşanda da yerlərini göstərməmişik.

Günahkarı yenə də müəllimdir, onların verdikləri təhsildir. Azərbaycanda müəllim kultu dərsdə heç nə öyrətməyib evlərdə hazırlıq kursları açanda öz dəyərini itirdi. Kütlənin verdiyi “əlahəzrətlik titulu” müəllimlərin yaxasından qoparıldı.

O günkü hadisədən sonra müəllim deyəndə ağlıma ilk olaraq 212 saylı məktəbdə valideynin üzərinə hücum çəkən məktəb direktoru düşəcək. Heç bir aidiyyatı orqanı qınamaq istəmirəm. Əsas qınaq hədəfim cəmiyyət və kütlə arasındakı “sirat körpüsü”dür. Bəzən bu ölkədə gündəmi cəmiyyətin elitası yox, kütlənin ən axırıncıları – “piyadalar” dəyişə bilirlər. Yəni, “sirat körpüsü”ndə at iti it izinə qarışıb.

Kim ziyalıdır, kim kütlədir, bilinmir. Hər kəsə “müəllim” deyib başa qaldırırıq, axırı da belə olur...

Yəni həmin “piyadalar”a vaxtilə dərs verənlər də indi valideyni güləş fəndi ilə yerə yıxan “müəllimlərdir”.

Təklif edirəm ki, ölkədə məktəblərin hamısı ləğv olunsun, onsuz da kitab oxumayan bir cəmiyyətdə yaşayırıq. Onun yerinə kəndlərdə və şəhərlərdə idman zalları açılsın. Hətta universitetlərin yerinə də olimpiya kompleksləri açmaq olar. Valideyn döyən müəllimlər həmin idman zallarında, olimpiya komplekslərində yenə də direktor, rəhbər kimi fəaliyyətlərini davam etdirsinlər. Belə olan halda faydalı iş əmsalı daha yüksək ola bilər.

Ən azından müqəddəs müəllim adına bir daha ləkə gəlməz.

Burada vaxtımı dayandırıram...

# 3065 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər