Tənha limon ağacı və... - Aytən Sakitqızı

Tənha limon ağacı və... - Aytən Sakitqızı
15 iyun 2024
# 12:00

Kulis.az Aytən Sakitqızının yeni yazısını təqdim edir.

İndi səninlə üzbəüz oturmuşam. Məndən də uca, məndən də böyüksən. Səni qarın şaxtasından qorumaq üçün saldıqları sellofan da, günəşin istiliyindən qorumaq üçün başının üstündə düzəltdikləri dam da o deyil. İndi sən yetim qalmısan. Axı “adam anadan yetim qalır” deyirlər.

Həyət əvvəlkindən daha səs-küylü, daha canlıdır. Amma o küyün içində nəvə həsrətilə, övlad mürvətilə alışıb-yanan amma qismətinə yazılmayan, gözlərini dünyaya əbədi yuman bir mələyin nəfəsi var.

İndi Cessi də yetimdir. Vaxtilə limon ağacına toxunmasın deyə 3-4 metr uzaqlaşdırılan Cessi.

Gözlərindəki kədər onu daxilən sevən, amma o limon ağacına toxunmağa qoymayan mələyin yoxluğundan qaynaqlanır. Ruhuna sakitlik ver, Cessi

Limon ağacından çox uzaqdadır. Elə çox uzağa da baxır.

Canı suya susamışlar qədər ağaclar da darıxıb sənin nəvazişin üçün.

Amma bir xeyli boy da atıblar.

Nisgildən, həsrətdən uzanan boyları ilə bəlkə də göylərdə, hardasa, Tanrının elə lap yanında sənin ruhunla qovuşacaqları üçün sürətlə boy atırlar kökündən qocalmışlar.

Həyətdəki qumu, dəmir parçalarını indi uşaq oyuncaqları əvəzləyir. Məhz sənin arzuladığın, görmək istədiyin, amma həsrəti ilə haqqa qovuşacağın uşaqlar.

Hə, yenə də gülürəm, danışıram.Amma o deyiləm.

Bəlkə də təsəlliyə, hərdən də töhmətinə ehtiyacım var. Axı indi qəpiklərimi yığıb manat etmək üçün verməyə heç kimsəm də yoxdur, Leylam.

Aldatdın, getməyəcəyinə söz verdin. Həm də aldandın, aldandın ki, cənnətdə yer az qalıb. Mələk olub uçdun… Halbuki arzuların vardı.

Hə, axı sən həm də mətbəxinin işıqlı və ağ mebelli olmasını istəyirdin. İstəyin oldu, amma o mətbəxdən çıxan yemək qoxuları o deyil.

Bu evdə saat da zamanın əksinə işləyir. Nə gələn elçiləri qəbul edən var, nə də evlənmək üçün göstərilən namizədləri.

Hər “yox” adlı uydurulan bəhanələrin arxasında da elə sənin həsrətindən solmuşların ümidsizlikləri dayanır. Bəyənmək adı ilə uydurulan nağılların altında sən, sənsizlik, və sənizlikdən təkliyə düçar olan sükut yatır.

Burada hər şey solub. Burada həmişə qışdır. Yalvarıram, ruhunu göndər buralara Leylam. Axı bizim, bu körpələrin bahara ehtiyacı var. Sənin baharına. Gəlişi gözəl olan bahara.
Ruhunu göndər yer üzünə , Leylam.

Dedim axı bahara ehtiyacımız var. Axı sənin də istəyin bu deyildimi? Bu ocaqda toy-büsatın olması deyilmiydi?

Günəşin al şəfəqlərinə oyanmalıdır bu yerlər. Bu qədər paxıl olma, Leylam

Bizə baharı gətir.

Bu ev, bu ocaq, bu həyət, gördüyüm, görmədiyim hər nə varsa, acdır.Sənə acdır, sənsizliyə acdır. Vallah da, billah da acdır.

Mən necə sakitləşim ki? Gülmək üçün, darıxmamaq üçün bəhanə axtaranların arasındayam.

Yaşı 30-u haqlayan körpələrinin gözlərinə baxa bilmirəm. Nə qədər o baxışlarda səni görmək olar axı?
Varlığın içində yoxluq yaratmısan gedişinlə. Natamam qalıb, boşluqda buraxmısan, həyatın acı reallıqları ilə bərabər.

Xəzərin ən dayazında sənsizlikdən batmaq təhlükəsi ilə çırpınır iki körpən. Səncə də onların xoşbəxt olmağa haqqı çatmırmı? Atasızlığı körpə ikən yaşayanlara anasızlığı yaşatdın da, yaşatmağına. Mələklər çiyinlərdə olur. Sağ çiynimdəkinə and verirəm, ruhunla sakitləşdir yaşı 30-u haqlayan körpələrini.

Kaş ki, bir az pis insan olaydın. Kaş ki, pisliyi bacarardın.

Bəlkə də sənin üçün darıxanlar pisliyinlə təsəlli tapardı. Hə, bir də barı gecələr gəl, limon ağacı səninlə dərdləşmək istəyir. Axı ən doğrusunu o bilir.

# 2919 dəfə oxunub

Oxşar xəbərlər

Salman Rüşdiyə sui-qəsd edən şəxsə yeni ittihamlar irəli sürüldü - Onu ömürlük həbs gözləyir

Salman Rüşdiyə sui-qəsd edən şəxsə yeni ittihamlar irəli sürüldü - Onu ömürlük həbs gözləyir

14:00 30 iyul 2026
İspaniyada qədim Roma kitabxanası aşkar edildi

İspaniyada qədim Roma kitabxanası aşkar edildi

13:30 30 iyul 2026
"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarıldı

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarıldı

13:01 30 iyul 2026
Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlandı

Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlandı

12:58 30 iyul 2026
Erdal Beşikçioğlu saxlanıldı

Erdal Beşikçioğlu saxlanıldı

12:00 30 iyul 2026
Motsartın musiqiçi bacısı - O, gündəliyində  qardaşı haqqında nə yazırdı?

Motsartın musiqiçi bacısı - O, gündəliyində qardaşı haqqında nə yazırdı?

11:30 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər