Sevda Sultanova Əlixanla Talehdən nə istəyir?

Taleh Yüzbəyov, Əlixan Rəcəbov, aktyorlar

Taleh Yüzbəyov, Əlixan Rəcəbov, aktyorlar

18 yanvar 2022
# 14:10

Kulis.az Ayxan Ayvazın "Talehlə Əlixandan nə istəyirlər?" yazısını təqdim edir.

Bizdə bineyi-qədimdən pis bir xasiyyət var: iş görmək istəyəni, yaxud iş görəni baltalamaq. Biri roman yazır, yüzü dodaq büzür, onu lağa qoymağa çalışır. Biri şeir yazır, hamı şeir yazanı məzhəkəyə qoyur, yumor hissini göstərmək üçün dəridən-qabıqdan çıxır.

Taleh Yüzbəyovla Əlixan Rəcəbov peşmandır bir film çəkməyə, o dəqiqə əlində balta tutanlar hazır vəziyyətdə durub gözləyirlər. Mütləq o filmdə nəsə tapıb baltalamaq üçün sıraya düzülənlər var. Sanki məqam gözləyirlər. Aha, indi Talehin filmi çıxacaq, ellikcə gedib döşəyək ona.

Bizim kino və ədəbiyyat sahəsinin vəziyyəti hər kəsə məlumdur. Burda uzun-uzadı sistemin axsadığından yazmaq əlavə dastan açmaqdır. Onsuz da hamının aşağı-yuxarı hər şeydən xəbəri var. Belə bir vəziyyətdə, ortaya nəsə qoymaq – pis, ya yaxşı – mənə elə gəlir ki, fədakarlıqdır. Biri roman yazanda hamı lağa qoymaq üçün sinov gedir. Niyə qardaş? Nə pislik eləyib sənə? Romandı da, yazıb. Xoşun gəlmir, oxuma.

Filmdə də eyni vəziyyətdir. Ölkənin ən ciddi kinotənqidçisi Sevda Sultanova üstü naxışlı baltasını götürüb harada film çəkmək istəyən rejissor var, ona hücum çəkir. Əlixanın filminə 14 dəqiqə baxıb uzun-uzadı yazı yazaraq bədbəxti elə günə qoyub ki... Sevdanın əlində fürsət olsa, ümumiyyətlə, Əlixanla Talehə film çəkməyə qadağa qoyar. Niyə axı? Pis film çəkirlər? Qoy çəksinlər də. Hələ təzə-təzə nəsə çəkmək üçün qollarını çırmalayıblar və Sevda da nazlı-nazlı baltasını götürüb kürəyinə söykəyir, gözlənilmədən anda Əlixanla Talehin üstünü Domokl qılıncı kimi kəsdirir.

Ümumiyyətlə, Sevdanın tənqidindəki amansızlığın ucu-bucağı yoxdur. Görəsən, Sevda xanım düşünmürmü ki, ortada iki-üç film çəkən var, onların da qolunu-qanadını qırmaq yaxşı deyil. Hamımıza reallıq bəllidir. Hamımız film çəkməyin hansı çətinliklərlə başa gəldiyini bilirik. Bir, iki, üç – eybi yox, zəif olacaq, kimdənsə təsirlənəcək, kimdənsə bəhrələnəcək... Sonra da ortaya yaxşı bir iş qoyacaq. Bəs necə yaranır film? Yaxud əsər? Hamı dodaq büzsə, hamı baltalasa, ortada nə qalacaq? Axı Varis müəllim də deyir, ümid sonda ölür. Niyə Sevda ümidi bəri-başdan söndürür? Niyə imkan vermir ki, Əlixanla Taleh öz yağında qovrulsun? Bəlkə, film çəkmək üçün Hacı Şahindən əvvəl Sevda xanımın yanına gəlib icazə istəsinlər? Ya Tarantinoya zəng edib məsləhətləşsinlər?

Tənqid olar, hətta vacibdir. Özü də tənqid işin xeyrinədir. Amma qol-qanad qırmaq, baltalamaq doğru yol deyil. Üstəlik Sevda Sultanova kimi acımasız tənqid etmək. Zərli baltasını götürüb burjua qadınları kimi hər şeyə mız qoyan Sevda Sultanovadan xahiş edirəm ki, bu xasiyyətindən əl çəksin. Sən axı Sevda Sultanovasan, özünü niyə hay-küylü yazılara şərh yazan qlamurkalar kimi aparırsan?

Bir dostumuz var, həmişə təzə çıxan romanları oxumadan, ya da bir-iki səhifə oxuyandan sonra əməlli-başlı tənqid edir, hətta lağa qoyurdu. Üstündən bir neçə il keçdi, əsəbiləşib bizə dedi ki, ədəbiyyatı zibil gününə qoymusunuz, mən oturub roman yazacam, hamınıza göstərəcəm. Bu adam roman yazmaq üçün universiteti də atdı, getdi oturdu rayonlarında. Başladı yazmağa. Bitirəndən sonra bizə göndərdi. Gördük ki, öz tənqid elədiyi romanlardan da betər bir romandır. O gün-bu gün, yıxıb-sürüməkdən əl çəkdi.

Dediyim odur ki, roman yazmaq, film çəkmək bu cür mühitdə fədakarlıqdır. Onların ortaya qoyduqları işdə uğurlu bir-iki məqamı qeyd etməklə xançalımızın xalı düşməyəcək. Yoxsa baltalamağa qalsa nə var? Hamı baltalayar və irəlidə görünə işığı qapadar. Onsuz da doğru-dürüst bir mühitimiz yoxdu. Heç olmasa iş görənlərə, əziyyət çəkənlərə dəstək olaq, mane olmayaq.

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #