Şəhid dəfnində özünü reklam edən müğənnilər

Şəhid dəfnində özünü reklam edən müğənnilər
26 sentyabr 2022
# 17:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Kulis-də Samirə Əşrəfin “Şəhid dəfnində ləyaqətsizlik edən sənətçilər” yazısını oxuyanadək müğənnilərin şəhidlərin dəfnində, yas mərasimindəki göstərdiyi şoulardan xəbərsiz idim. Sosial şəbəkələri izləmədiyimdən bu, mənim üçün yenilik oldu.

Nadir Qafarzadə uşaq evində böyümüş, Kəlbəcərdə şəhid olmuş Səbuhi Əhmədovun dəfnində iştirakını əks etdirən videonu İnstaqram səhifəsində paylaşıb. Sözügedən videonu çəkən şəxs elə rakurs seçib ki, fokusa daha çox N.Qafarzadə gəlir. O, məzar önündə çömbələrək oturub və əlini üzünə qoyaraq hönkür-hönkür ağlayır. Nadirin hönkürtüsünə dözməyən yaşlı qadınlardan bir neçəsi ona yaxınlaşaq su təklif edir. O, sudan üz gözünə vurur, sonra bir neçə qurtum alır. Başqa bir qadın isə müğənniyə üzünü silmək üçün salfet verir. Göstərdiyi “kamera tamaşasından” sonra Nadir Qafarzadə görüntüləri şəxsi hesabında paylaşır.

Axtarıb tapdığım ikinci videoda digər müğənni Bahar Lətifqızı Səbuhi Əhmədovun yas mərasimində masanın başında oturub. Telefonun obyektivi birbaşa ona yönəlib. Bahar xanım gözündə qara eynək həzin-həzin, səliqəli ağlayır. Qara eynəyinin şüşələri tünd olmadığından baxışlarının arada onu çəkən mobil telefona zilləndiyi görünür. Sonradan bu kadrlar bir maqazin kanalında yayımlanır.

Etikam və ispan utancı bu kimi digər videoları izləməyə imkan vermir.

Bu videolarda sözügedən şəxslərin fəaliyyətinin kameraya hesablanması sezilir. Bəs onlar nədən, nəyin naminə ictimai şəkildə kədəri “yaşamağa” ehtiyac duyurlar? Məsələ ondadır ki, şou adamları illərlədir, kəskin rəqabət şəraitində öndə olmaqdan ötrü mübarizə aparırlar. Tez-tez telekanallarda müxtəlif verilişlərə çıxıb boş-boş, məzmunsuz danışmaqları, qalmaqalları hesabına reytinq toplayırlar.

Amma bu bəs eləmir, rəqabətə davam gətirmək, daha çox diqqətdə qalmaq tələb olunur axı. Bundan ötrü isə daha artığını eləməlidirlər, daha maraqlı, təsirli, diqqətçəkən, səs-küy doğuran nələrləsə gündəmdə qalmalıdırlar. Və onlar üçün yeni fürsət yaranır, şəhidlərə ağlamaqla, kədərlərini göstərməklə sadə insanların duyğularını istismar etmək…

Öz “kədər” və “ağrısını” sosial şəbəkələrdə yayaraq xalqın sevgisini, diqqətini satın almaq…

Kədərlərini göstərmək üçün seçilən ifadə tərzi, forma ona görə saxta təsir bağışlayır ki, o göstərişlidir, çığırandır, plakatçıdır, “mənə baxın, mənə baxın, mən də ağlayıram” deyir. Bütün hallarda bu kədərin özü deyil, nəsə başqa şeydir.

Şəhidin hesabına kədərini ictimai yayan müğənnilərin xalqın sevgisini, diqqətini almaq istəyi, əslində özünə hörmətsizliyin yeni təzahürüdür…
Bir neçə il əvvəl sosial şəbəkələrdə xəstəlikdən əziyyət çəkən müğənni Könül Xasıyevaya həmkarlarının yardım etdiyi bir görüntü yayımlanmışdı. Həmin videoda K.Xasıyeva heysiz, halsız salonda mahnı oxuyur. Həmkarları Vasif Məhərrəmov, Manaf Ağayev, Mətanət Əsədova hamının gözü qabağında ona nümayişkaranə ədayla yardım məqsədilə pul verirlər. Onların yardım etmə tərzi, həmkarının dərdinə şərik olmaqdan çox, harınlaşmış padşahın onu əyləndirən təlxəyə ənam vermə tərzinə oxşayırdı.

Onda çox müzakirə olunan həmin görüntü ilə bağlı yazımda qeyd etmişdim ki, çətinlikdə olan bir insana bu cür “mərhəmət”, “yardım”, əslində, alçaltma növüdür. Elə bir alçaltma növü ki, bu, insan qəddarlığının sərhədsizliyini göstərən nə “Salo ya da Sodomun 120 günü”nu çəkən Pazolininin, nə “Məzəli oyunları” lentə alan Hanekenin, nə də “Cəhənnəm istisi”ni ekranlaşdıran Zaydlın ağlına gələ bilərdi. Həmçinin, kədərini, göz yaşını yayaraq layk yığmaq hər şeydən əvvəl özünüalçaltmadır, qeyri-nəciblikdir, qeyri-əxlaqidir.

Həqiqi, səmimi kədərin dili göstərişli olmur, “mənə baxın” deməyə məcbur eləmir. Təbii ki, hər bir insan individual olduğu kimi onun ağrını, kədəri ifadə etməyi də fərqlidir. Kimdəsə bu, qışqırmaqla, kimdəsə səssiz şəkildə üzə çıxır. Amma önəmli olan bir məqam var- bu adamların təbii, səmimi vəziyyəti. Müğənnilərin paylaşdıqları videoda o təbii vəziyyət yoxdur- nə Bahar Lətifqızının səliqəli ağlamasında, nə Nadiq Qafarzadənin hönkürməsində.

# 4371 dəfə oxunub

Oxşar xəbərlər

# # #