Qoçaq Əsgərov: "Cahil adam muğamı anlaya bilməz" - Müsahibə

Qoçaq Əsgərov:  "Cahil adam muğamı anlaya bilməz" - Müsahibə
28 noyabr 2022
# 09:00

Kulis.az Əməkdar artist, xanəndə Qoçaq Əsgərov ilə olan müsahibəsini təqdim edir:

– Qoçaq müəllim, siz həm də Qarabağ əlilisiniz. Müharibədə neçənci ildə iştirakçı olmusunuz?

– Təxmini 16 yaşımda. Bizim kənd Cəbrayılın 5-6 kilometrliyində idi.

– Könüllü getmişdiniz?

– Bəli.

– 11-ci sinfi bitirəndən sonra?

– Qaçqın düşdüyümüzə görə mən məktəb oxumamışam.

– Amma rayon işğal olunanda sizin kifayət qədər yaşınız olub. Nə qədər döyüşmüsünüz?

– O dövrdə elə öz kəndimizdə olmuşam. Yalandan deməyəcəm ki, elə döyüşmüşəm, belə döyüşmüşəm. Əmim o zaman komandir idi. Indi müharibə veteranı, əlildir. Döyüşlər olanda biz də bütün günü onların yanında olmuşuq. Mənim hərbiyə yaşım çatmasa da, o vaxt həvəsli olmuşam. Özümüzə hərbi paltarlar tikirdik.

– Bütün hallarda, o döyüşlərin şahidi olmusunuz. Sonra yaralandınız?

– Hə. 1993-cü il iyunun dördündə.

– Musiqini seçməyiniz necə oldu? Çünki iki sahədə, hərb və musiqidə həvəsli olmusunuz .

– Əslində, hərb sahəsini daha çox sevirəm. Belə bir cümlə də var ki, musiqi və hərb sahəsini seçən insanlar uğurlu olurlar. 1987-ci ildə Füzulidə musiqi məktəbi var idi. O məktəbdə iki il oxudum. 1988-ci ildə də ilk dəfə Füzulidə səhnəyə çıxdım. Ondan sonra müharibə başladı, məktəb, dərs hamısı bir-birinə qarışdı.

– Amma ürəyinizdə istək qaldı...

– İstək deməzdim. İnsanı çəkən arzu var. Əslində, yazılmış bir ssenarini həyata keçiririk. Məsələn, elə bir yerdə işləmişəm ki, Təzə Bazarda bugünkü gündə tanıdığım nazirlərin, rəislərin zənbilini daşımışam. Fəhlələlik etmişəm demək olar.

– Bu haqda rahat danışırsınız. Kompleks keçirmirsiniz ki?

– Yox. Niyə bunu kompleks edim? Zəhmət çəkmişəm. Oğurluq etməmişəm ki. Əziyyət çəkmişəm. Kiməsə yaxınlaşıb kömək etmişəm, o da pulumu verib. Təzə Bazarda, təxminən, 1995-ci ildən 1998-ci ilə qədər işləmişəm.

– "Qara işlər" deyirlər də buna?

– Yox, mən elə deməzdim. Tutaq ki, siz bazara gəlirsiniz. Yağ, kartof və s. alırsınız. Mən də sizə yaxınlaşıb köməyə ehtiyacınız olub olmamasını soruşuram. Və lazımdırsa kömək edirəm. Siz də buna görə pul verirsiniz.

– Ümumiyyətlə, mənə elə gəlir ki, bizim ölkənin ən çətin dövrü pulu "Məmməd", "Nizami" adı ilə çağırmadığımız vaxtlar idi.

– Belə demək olar.Ke çid dövrləri hər kəs üçün çətin olub. Amma biz yenə də özümüzə şərait qurmaq üçün çalışdıq. Qarabağ camaatı işgüzar olur.

– Sonra necə oldu ki, professional musiqiyə gəldiniz?

– 1998-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul oldum. Orada Zabit Nəbizadə var idi. İlk tələbəsi elə mən olmuşam. Üç il oxuduqdan sonra buranı 2001-ci ildə bitirdim. 2004-də Milli Konservatoriyaya qəbul oldum, bakalavr pilləsinə.

– Milli Konservatoriyada müəlliminiz kim olub?

– Arif Babayev idi. Sonra da 2019-ci ildə Mədəniyyət və İncəsənət Univsersitetinin magistraturasına qəbul oldum. Magistraturanı bitirdikdən sonra məni burada müəllim kimi saxladılar. Artıq ikinci ildir ki, Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərirəm.

– Müəllim fəaliyyəti sizə nə verir, eyni zamanda, sizdən nə alır?

– Mənim üçün çox rahatdır. Tələbə işlərini yoxlamağı sevirəm. Əgər tələbə ona verdiyimi qaytarırsa, bundan şad oluram. Başqa bir üslubda dərs keçirəm. Ümumiyyətlə, hər bir müəllimin öz dərs keçmək metodu olur. Mənə görə, dərs demək çox maraqlıdır. Bu işlə məşğul olsam da, səhnə fəaliyyətimi yenə də davam etdirirəm. Xaricdə albomlar çıxarıram, üzərimdə çalışıram.

– İndiki dövrdə musiqi sahəsində müəllim olmaq maraqlıdırmı?

– Çox maraqlıdır. Tələbələr öyrətdiklərimi mənimsədikcə zövq alıram. Dediklərimi o dəqiqə mənimsəyən tələbələrlə yanaşı çətin qavrayanlar da var. İstedadlı insanlar çoxdur. Sadəcə o istedadın ortaya çıxması üçün bir az zaman lazımdır. Məsələn, mən çox istərdim ki, yazıçı olum. Yazılarım, bəzi tənqidi fikirlərim var. Yazıçı olmasam da bu işə çox böyük marağım var.

– İndiyə qədər nəsə yazmısınız?

– Feysbukda yazmışam.

– Şeir yazmısınız?

– Yox. Məsələlərə bir az fəlsəfi yanaşıram. Keçən dəfə dahilər haqqında fikirlərimi yazmışdım. Bu yaxında beynimdə bir fikir var, o haqda yazacam. Mənim içimdə ikinci bir "mən" var. Elə bilirəm içimdə olan iki insan daim bir-biri ilə savaşdadır. Onlardan biri yaxşı digəri pisdir. Daim dahilərin həyatı mənə maraqlı gəlib. Dostoyevskini oxuyub araşdırmışam, həyatı ilə maraqlanmışam. Bir dəfə Sankt-Peterburqda olanda, Elnur Mikayıl adlı dostumla gəzə-gəzə gəlib bir binanın yanına çıxdıq. Gəzinti zamanı biz həm də Dostoyevskidən, onun əsərlərindən danışırdıq. Birdən o, binaya baxıb mənə dedi: "bu evdə bilirsən kim yaşayıb?". Dedim, yox. Sonra məlum oldu ki, biz düz Dostoyevskinin vaxtilə yaşadığı evin qarşısında dayanmışıq. Hansısa qüvvə Dostoyevskidən danışdığımız vaxt bizi ora aparıb çıxarmışdı.



– Ədəbiyyata dair fikirləriniz maraqlı gəldi. Kimləri oxumusunuz?

– Türkçülüklə bağlı yazıları oxuyuram. Seyran Səxavətin əsərlərini oxuyuram. Dahiliklə bağlı düşünəndə Nəsimi yadıma düşür. Məsələn, onun dərisi soyulduqdan sonra biz dahi olduğunu anlamışıq. Xəstə kütlə belədir. Kütlə həmişə dahiləri süründürüb. Onlar böyük əzablar çəkib. Bizsə indi onları sadəcə anırıq. Kütlə belədir. Nəsiminin, Sabirin, Hüseyn Cavidin dövründə də buna şahid olmuşuq.

– Haqqınızda araşdırdıqda mətbuatda çox az məlumata rast gəldim.

– Mən bir az televiziyadan, mətbuatdan qaçan adamam.

– Niyə? Sizin sənət gərək göz önündə olsun.

– Sənət hər zaman göz önündədir. Problem efirə çıxmaqdır.

– Qoçaq müəllim, usiqi sahəsində gələcəyin Arif Babayev, Yaqub Məmmədovu kimi yetişə biləcək tələbələr görürsünüzmü? O qığılcım, gələcəyə ümid varmı?

– Məncə, var.

– Siz özünüz də muğam müsabisində uğurlu iştirak etmisiniz

– Hə, 2005-2006-cı ildə keçirilən Muğam müsabiqəsində iştirak etmişəm. Qalib olmasam da, ilk onluğa düşmüşdüm.

– Toylara da gedirsiniz?

– Özümə uyğun toylara gedirəm.

– Yəni seçimi siz edirsiniz?

– Bəli.

– Bəs kriteriyalarınız nələrdir?

– Məsələn, 2-3 ay öncə bir toya getmişdim. Mən çox sevindim ki, hələ də ziyalı, keyfiyyətli musiqiyə qulaq asan, dəyər verən insanlarımız var. Əslində, toy gözəl bir adətdir, sənət üçün də əla məkandır. Mən ora gedərkən çoxlu məşq etmişdim.

– Nə qədər?

– Bir həftə.

– Nə danışırsınız? Bu qədər çox?

– 5-6 gün də demək olar. 5 gün professional, obrazlı şəkildə məşq etdiyim bir proqram qurmuşdum.

– Bəs toydakı çıxışınız nə qədər vaxt çəkdi?

– Bir saat. Ümumilikdə, həmin toyda sufi bir ab-hava var idi. Toy sahibi mənə dedi ki, bura başqa ifaçılar da gəlir, amma onların muğam oxuduğu sonradan bəlli olur. Siz ifa etdikdə isə hər kəs əlindəki çəngəli, qaşığı yerə qoyub sizə qulaq asır. Bilmirəm niyə bu qənaətə gəlib. Bəlkə də mən səsimlə insanları ovsunlaya bilirəm.

– Amma toy qulaq asmaq üçün deyil, daha çox əyləncədir.

– Ümumiyyətlə, muğam toy musiqisi deyil. Toy musiqisi isə ziyalı kütlənin hansısa məkanda qulaq asacağı musiqi deyil.

– Çox adam deyir ki, muğam insanı kədərləndirir. Buna görə çox qulaq asmaq da olmaz.

– Heç də elə deyil. Muğamın əks-təbliğatçıları insanlar arasında belə fikriləri yayırlar. Muğamda elə böyük fikirlər var ki, onları anlamaq çətindir. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında demək olar hər şey var. Muğama necə yas musiqisi demək olar? Onu dinləyən adam gərək ondakı fəlsəfəni anlaya bilsin. Muğamı dinləyən cahil adam muğamdan anlaya bilməz. Muğamın dilindən dünyagörüşü olan, elmli bir insan anlaya bilər.

– Muğamı ərazilərə görə bölürlər. Məsələn, Şamaxı, Bakı, Qarabağ məktəbi kimi. Bu rəqabət yenə də var, yoxsa yığışdırılıb?

– Ümumiyyətlə, bu düşüncəni təbliğ edən musiqiçi, jurnalist hansı sahənin adamı olur olsun, xəstə təfəkkürlüdür. Belə bir ayrımcılıq yoxdur. Hansısa ərazinin muğam məktəbi yox, Şərq musiqisi olan muğam və onun qolları var. Bu türklərdə, özbəklərdə də var. Sadəcə şivə olaraq bölünə bilər. Tarix boyu bunu qoruyub saxlayıblar. Bizdə Üzeyir bəyin muğamı əziyyətlə qoruyub saxladığı kimi. Amma o düşüncəni təbliğ edən adamlar, xəstə təfəkkürlüdür. Heç bir məktəb yoxdur. Muğamın bir dənə məktəbi var, o da Azərbaycan məktəbidir.

– Amma gözəl səslərin daha çox Qarabağ zonasından çıxdığını deyilir.

– Yaxşı səs sahibləri Sabirabaddan da, Salyanda da, Təbrizdən də çıxır.

– Son 30 ilin göstəricilərinə baxanda bunu görürük.

– Mən özüm qarabağlıyam. Mənim üçün Şamaxı da, Kürdəmir də, Təbrizdə də doğmadır. Mən o cür düşünən adamlardan deyiləm. Hər muğam ifaçısı, yaxşı musiqi, yaxşı sənətlə məşğul olanlar başımın tacıdır.

– Bu yaşınızda həm dərs deyirsiniz, həm də ifa edirsiniz. Maraqlıdır, öz üzərinizdə yenə də işləyirsiniz? Məsələn, yeni məlumatları, yeni tendensiyaları musiqidə baş verən yenilikləri nədənsə alırsınızmı, yoxsa o bildikləriniz öyrəndikləriniz kifayət edir?

– Dörd il Milli Konservatoriyada, üç il Asəf Zeynallı adına Musiqi kollecində oxumuşam. Yəni yetərincə təhsilim var. Bəhrələndiyim şəxslər var. Məsələn, müəllimlərim Zaur Nəbizadə, Arif Babayev olub. Ölkəmizdəki bütün xanəndələri musiqiçiləri qulaqdan dinləmişəm. O dövr Tanrının qarşıma çıxardığı ən gözəl insan musiqişünas alim, UNESCO-nun eksperti Sənubər Bağırova olub.

Məni xarici ölkələrdəki konsertlərdə kütləyə təqdim edən ilk insan o olub. Hər halda, məndə hansısa işığı gördüyündən məhz məni seçib. Düşünürəm ki, hər bir xanəndənin azı bir musiqişünasla ünsiyyəti olmalıdır. Xanəndənin Dünya, eləcə də, Şərq musiqisini duyması üçün bu vacibdir. Dünyanı gəzib fərqli-fərqli musiqiçilər görmüşəm. İndi də oxuyuram, öyrənirəm.

– Musiqi ilə bağlı kimləri oxuyursunuz?

– Musiqi ilə bağlı oxumaq o demək deyil ki, kimsə bir kitab yazsın, onu oxuyum. Maraqlı nələrsə görəndə oxuyuram. Qarşıma çıxan bir çox yazı heç maraqlı olmur. Bəzən tələbələrimdən də nələrsə öyrənirəm. Mahnılarda yazılan mətnlərə diqqət edirəm. İndiki mətnlər niyə yadda qalmır?

– Söz zəifdir.

– Söz güclü ola bilər. Musiqi zəifdir. Məsələn, "sən bizə təbiət oyananda gəl". Burada musiqi sözlə birləşib insanla danışır. Bəstəkar olmaq o demək deyil ki, çoxlu musiqi bəstələməlisən. Bir bəstə ilə öz möhürünü vuranlar var. Tarix də onları unutmur.

– İndi niyə yazmırlar, Qoçaq müəllim? Bəlkə yazıb yazdıqlarını təbliğ edə bilmirlər? Yaxşılar kənarda qalıb, pislər üzə çıxıb?

– Yaxşı ifaçılar bu gün də var. Məsələn, Teymur Əmrah. O, Milli Konservatoriyada müəllimim olub. Daha sonra Nəriman Həsənzadə. Yenilərdən də yaxşılar var sadəcə təbliğatı aparan yoxdur.

– Qərb musiqisinə münasibətiniz necədir? Kimləri dinləyirsiniz? Məsələn, bizdə insanlara başa salmaq olmur ki, muğam ifaçıları hərtərəflidirlər, sadəcə olaraq muğam ifa edirlər. Yəni onlara belə deyək, “narodnı" baxırlar. Amma mən bilirəm ki, bizim savadlı, Qərb musiqisindən də kifayət qədər xəbəri olan muğam ifaçılarımız var.

– Nə qədər üslubuma əks olsa da, Richard Manueli dinləyirəm. Ruh olaraq da mənə çox yaxındır. Caz musiqisini sevirəm.

– Çox maraqlıdır bəs Qərbin bizim muğama münasibəti necədir?

– Muğamı yaxşı göstərsək, yaxşı olar. Təbii ki, onlar özlərinə zid olan şeyləri sevmirlər.

– Qəribə gəlir, ya necə?

– Məsəl üçün, sən gedib Fransada bir saat və ya beş dəqiqə zildən oxusan onların diqqətini çəkməzsən.

– Yəqin ki, ağır gələr onlara.

– Bəli. Bizdə isə çox adam xoşlayır. Bəzən üç-dörd adam da qoşulub oxuyurlar. Amma elə ziyalı insanlar da var ki, sevmirlər. Zildən oxumaq bir andır. Muğamın gedişatı, öz quruluşu var. Bu gedişata diqqət etmək lazımdır. Məsələn, girişdə Şuru oxusan, dinləyici beş dəqiqəyə yorular. Bir də mən, məsələn, hər hansı bir xarici ölkəyə gedirəm.

Gərək oradakı insanların psixologiyasını da yaxşı bilim. İngiltərəyə gedirəmsə, ingilislərin, Fransaya gedirəmsə fransızların. Rusiyada 4-5 ay öncə konsertim oldu. Əslində, mən rusları başqa cür, daha soyuqqanlı bilirdim, amma onlar məni çox gözəl qarşıladılar. Böyük alqışlarla təkrar səhnəyə qaytardılar. Onu da deyim ki, eyni repertuar ilə Rusiyada, İngiltərədə, Fransada və ya hansısa ərəb ölkəsində çıxış edə bilmərəm. Mütləq repertuarımı dəyişməliyəm.

– Bildiyimə görə, siz Füzulidən 16 yaşınızda çıxmısınız. Mən 13 yaşımda çıxmışam. Hər şey də yadımda qalıb.

– Mənim də yadımdadır. O vaxt qoyun otarırdım.

– Oxumurdunuz bəs?

– Oxuyurdum. Bəzən də atın belində kitab oxuya-oxuya gəzirdim.

– Dastanlar?

– Yox, o vaxt daha çox rus tarixi oxunurdu.

– Sonra müharibə başladı. Siz də evinizi tərk edib getdiniz. O vaxt nə hislər keçirirdiniz?

– Hərə bir cür hiss keçirir. Biri deyir ağladım, digəri deyir depressiyaya düşdüm. Mən nə ağladım, nə də əsəbiləşdim. Sadəcə oturdum, öz-özümə düşündüm.

– Kövrəlmədiniz?

– Nə yalan deyim, kövrəlmədim.

– Yanınızda çox adam var idi?

– Bizdən yuxarı məhəllədə dostlarım qalırdı. Kəndin ən qədim yeri ora idi. Camal bulağı da deyirdilər. Allah Süleyman Abdullaya rəhmət eləsin. O da həmin yerdə doğulub. Xəstə olduğu zaman yanında getdikdə məndən məhz Camal bulağının suyunu istəmişdi. O an təsəvvür etdim ki, kənd olduğu kimi yerindədir. İnsanların kənd həyatını gözümün önünə gətirdim. Əslində, biz nə uşaqlıq, nə də gənclik yaşadıq. Məni ən çox təəssüfləndirən də orada uşaqlığımın gəncliyimin heyif olmasıdır.

– Amma indi kövrəlirsiniz...

– Kövrəlmirəm.

– Bəs Süleyman Abdullanın istədiyi bulaq suyunu ona çatdıra bildiniz?

– Hə uşaqlar gecə ilə gedib gətirdilər.

– Bulaqlar yerində qalmışdı?

– Kəndimizdə 4-5 bulaq var. Möhkəm olduqları üçün tab gətirə biliblər.

– Qələbə sizin yaradıcılığınıza necə təsir etdi?

– Biz kəndimizdə ermənilərlə qonşu olmuşuq. Onların dillərində bəzi sözləri də başa düşürəm. 2007-ci ildə Amerikaya səfərim oldu. Hava limanından çıxarkən gördüm ki, arxamca ermənilər gəlir. Nə isə danışırdılar, başa düşmədim. Sənubər xanım da bayaq qeyd etdiyim kimi çox ziyalı xanımdır. O vaxt bu erməniləri görəndə mənə pis təsir etdi. Hətta onları vurmaq belə istədim. Sənubər xanım məni başa düşdü və sakitləşdirdi. Dedi ki, əgər onları döysəm, mənə qarşılıq verməyəcəklər. Gedib hər yerdə bizim millətin vəhşi olduğunu yayacaqlar. Mən bir gənc kimi burada çox böyük təcrübə qazandım. Daha sonra Los Ancelesdəki konsertimə də ermənilər gəlmişdi. Onda özümü əzilmiş, sınmış hiss edirdim. Bizə yuxarıdan aşağı baxdıqlarını hiss etmək olurdu. Amma qələbəmizdən sonra hər şey dəyişdi. Bizi bu yerə gətirib çıxaran şəxsi Allah qorusun, şəhidlərimizə rəhmət eləsin. Hansı ölkəyə gedirəmsə, orada ölkəmizin adı çəkiləndə hər kəs onu qalib bir ölkə kimi tanıdığını deyir. Bu qürurvericidir.

– Həyatınızda elə bir məqam olub ki, musiqi sizi alıb-aparıb?

– Çox olub. Sözlə musiqinin vəhdəti bunu yaradır. Yaşayaraq oxuduqda belə olur. Şah İsmayıl Xətainin belə bir beyti var:

“Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgah idim”.

O, bununla demək istəyir ki, burada olmayan indidə də varam. Muğam da belədir. Oxuduğun an onu öz sözün kimi deyə bilirsən. Bir növ özünü tanrılaşdırdığın üçün dünya ilə əlaqən kəsilir.

– Musiqini bir tərəfdən də ifa edən yaradır.

– Düzdür.

– Oxuduğunuz qəzəlləri özünüz seçirsiniz?

– Bəli.

– O zaman bütün külliyyatı oxuyursunuz?

– Hamısını yox. Müəyyən qismini.

– Sonuncu dəfə hansı kitabı oxumusunuz?

– “Yeşil adam” kitabını. Türkçülüklə bağlıdır.

– Füzuliyə qayıdacaqsınız?

– Təbii ki, qayıdacağam.

– Bağ evi kimi, yoxsa...

– Yox. Mən Füzuliyə təkcə bağ evim kimi gedə bilmərəm. Ora mənim yurdumdur. Dövlət məsləhət bilsə, bundan sonrakı fəaliyyətimi də orda davam etdirmək istəyərəm.

– Çox adam var ki, Bakıdan asılı vəziyyətdədir. Demək, sizi özünə o qədər də bağlamayıb. Muğamı sonuna qədər tədris etməyi fikirləşirsiniz? Çox adamın müəyyən bir yaşdan sonra həvəsi olmur.

– Həvəsim hələki bitməyib. Hər zaman tələbələrimə yeni nələrsə öyrətmək istəyirəm. Bir var elə-belə tələbə yetişdirəsən, bir də var musiqini dərindən bilən. Üstəlik, mən onlara musiqi ilə yanaşı səhnədən insanlarla dialoqu, ünsiyyət qurmağı öyrədirəm. Düşünürəm ki, bundan sonra da hələ uzun müddət öyrədəcəyəm.

Foto: İlkin Nəbiyev

# 2838 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #