Qırxıncı günün hüznü – Nail Murad yazır...

Qırxıncı günün hüznü – Nail Murad yazır...
25 iyul 2022
# 15:40

Kulis.az Nail Muradın “Qırxıncı günün hüznü” essesini təqdim edir.

Atam Eldar Muradovun xatirəsinə...

Yoxluğunun qırxıncı günündə, sirli-sehirli, nağıllarda açılmasına qadağa qoyulan qırxıncı qapıdan keçirəm. Dumanlı, qayğılı bir gələcəyə doğru yorğun addımlarla irəliləyirəm. Əcaba, qırxıncı qapının sirri-ovsunu nədədir? Nədən qırxıncı qapının açılmasını qadağan ediblər? Bəlkə qırxıncı qapıdan sonra unudulmaq, faniliyi dərk etmək başlayır? Bəlkə qırxıncı qapıdan keçmək həqiqəti tapmaq, bəlkə də həqiqətlə barışmaqdır. Sənsiz dünyanın qırxıncı günü də ötüb keçir. Astaca axşam düşür, gün batır və mən faniliyin sükutunda sənin yoxluğunu düşünürəm. Nə qədər ağır, ağlabatmaz olsa da yavaş-yavaş olanlarla, dilimə gətirməyə qorxduğum, düşünməyə çəkindiyim həqiqətlə barışıram. Dönüşü olmayan gedişlərdən hər zaman qorxmuşam. Və xəstəxanada son qarşılaşmamızda anlamışdım ki, sən dönüşü olmayan bir səfərə hazırlaşırsan...

***

Səndən bizlərə çox şey qalıb: təmiz adın, şöhrətin, nüfuzun, etdiyin yaxşılıqlar, qazandığın dostlar və bizə verdiyin əvəzzsiz öyüdlər. Bizə hər zaman güclü, təpərli olmağı öyrədirdin. Sənsizliyə, sənin yoxluğuna necə dözəcəyimizi də öyrətsəydin bəlkə də bu əzaba, yoxluğuna bir təhər səbr edə bilərdik... Hər zaman dürüst olmağı, düzgün yaşamağı tövsiyə edirdin. İndi dürüst olmalıyam, düzünü deməliyəm, ata. Sənsiz nə dözümüm, nə səbrim, nə də təpərim qalıb. Sənsizliyi kiminlə, necə, harada bölüşüm? Bax bunu yəqin ki, yavaş-yavaş özüm öyrənməliyəm. Gedişindən sonra yavaş-yavaş qocaldığımı və bundan sonrakı həyatımın məsuliyyətini daha ciddi qəbul edirəm. Sənsizliyin bir də belə işləri var ata, hər şeyi yenidən, daha dərindən düşünmək, kimi itirdiyinin fərqinə varmaq. Çətindir, ata, çətindir...

***

Böyük bir elin, obanın ağsaqqalı, həkimi, şəfaverəni idin. Qapına şəfa üçün gələni geri qaytarmaz, sənə ümidlə dikilən gözlərə şəfqətlə baxar, ən çarəsiz dərdlərə dəva arayardın. Özün dəvasız dərdə düçar olanda da, təmkinini itirmədən insanları düşünürdün. Çətinliklə, min bir əziyyətlə oxuyub, elinə, obana faydalı olmağı qarşına məqsəd qoymuş, həyat vəfa etdiyi qədər bunu hamıdan yaxşı bacarmışdın. Son günə qədər içdiyin anda sadiq oldun, bir dəfə də olsun yolundan dönmədin, ədalət tərəzin pozulmadı, mərhəmətin, şəfqətin azalmadı... Hamının köməyinə qaçan, mərhəmətli və dürüst həyatınla bizlərə çox gözəl nümunə göstərdin. Düzgün yaşamaq, dürüst və vicdanlı olmağı səndən öyrəndik...

***

Gedişinin və yoxluğunun qırxıncı günündə başımı qaldırıb ətrafıma baxıram. Heç nə dəyişməyibmiş dünyada. Elə hər şey sənin qoyub getdiyin kimidir. Bizlər də sənin tərbiyə verdiyin kimi yaşamağa, səni yaşatmağa davam edirik. Həyatın bu sınağını da mərdliklə qarşılamağa çalışırıq, – nə qədər çətin olsa da...

Yaşımın elə çağındayam ki, bəzən göz yaşlarımı sakit-sakit qəlbimə axıdıram. Yoxluğunun bu qədər çətin olacağını sağlığında heç düşünməmişdim. Çünki bizə elə gəlir ki, valideynlər əbədiyaşardır. Bir gün sənin olmadığın dünyada, sənin yolunu davam etdirmək, səni açdığın cığırla getmək varmış qismətimdə...

***

Mənə peşələrin ən şərəflisini, ən vacibini miras kimi qoyub getdin. Səninlə həmkar olmaq, sənin açdığın yolla irəliləmək, sənin adını yaşatmaq şərəfdir, Eldar həkim. Mən bir oğul kimi, səninlə nə qədər qürur duyuramsa, bir həmkar kimi də, səninlə fəxr edirəm. Yaşadığın örnək, nümunəvi həyatın mənim ən gözəl nümunəmdir. Sənin dürüstlüyün və ədalətin yaşam kredomdur. Həsrətin, bu-bomboz dünyanın hər küncündə qəfil çaxan ildırım kimi tutur adamı. Yoxluğuna alışmaq, səniszliklə barışmaq mənim gücüm çatacaq iş deyil, bəlkə də. Ancaq sənin pak, təmiz adını yaşatmaq, ruhunu rəhmətlə və xoş sözlərlə yad etmək gələr əlimdən.

***

Dürüstlüyündən, peşənə sevgindən və sadiqliyindən, övladlarına sevgindən günlərlə danışa bilərəm. Səni tanıyanların sevimlisi olmağını xatırlayanda, üzümdə qəribə bir təbəssüm yaranır. Bu həyatı boşuna yaşamadığına, insanlara faydalı olmana sevinirəm. Bilirəm, indi hardasa göylərdən bizi izləyib, bəlkə də fikirli-fikirli başını bulayıb, üzülməyimizdən, kədərimizdən narahat olursan. Narahat olma, ata. Bizdən arxayın ol. Verdiyin dərsləri heç zaman unutmayacağıq. Ruhun şad, yerin cənnət olsun əziz dostum, atam və unudulmaz həmkarım! Sən hər zaman bizimləsən!

# 3066 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı

Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

11:41 6 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər