Qarabağda çəkdiyi fotolara görə ermənilər tərəfindən hədələnən Güney Azərbaycan əsilli fotoqraf... - Günün fotosu

Qarabağda çəkdiyi fotolara görə ermənilər tərəfindən hədələnən  Güney Azərbaycan əsilli  fotoqraf... - Günün fotosu
26 iyul 2025
# 11:00

Bu gün Güney Azərbaycan əsilli məşhur fransız fotoqrafı Reza Deqatinin doğum günüdür.

Kulis.az bu münasibətlə tanınmış fotoqrafın həyat və fəaliyyəti ilə bağlı maraqlı faktları və onun müəllifi olduğu "Günün fotosu"nu təqdim edir.

Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib.

İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb.

Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir.

Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır və o, "Newsweek" jurnalı ilə müqavilə imzalayır.

1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.

İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır, lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib.

Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib.

1997-ci ildə isə bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

Reza Deqati 20 yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən Şuşa, Zəngilan, Cəbrayıl rayonlarında baş verən hadisələri fotoyaddaşa köçürüb.

Birinci Qarabağ müharibəsindən sonra Reza Deqati qaçqın və məcburi köçkünlərlə görüşərək, onların şəkillərini çəkib.

O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb.

Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən fotoqrafa qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisini ermənilər dağıtmaq istəyib.

Reza isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.

2014-cü ildə "Alovun zərifliyi" və "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazıb.

Müəllif eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb.

"Günahsızların qırğını" kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır.

Kitabda həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıb.

2013-cü ildə isə Parisdə Reza Deqati "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib.

Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

# 280 dəfə oxunub

Oxşar xəbərlər

"Tağıyev"in 2-ci sezonu çəkiləcək

"Tağıyev"in 2-ci sezonu çəkiləcək

16:40 26 iyul 2025
18-ci əsrə aid döyüş gəmisi tapıldı

18-ci əsrə aid döyüş gəmisi tapıldı

16:22 26 iyul 2025
Həkim Brüs Uillisin təxmini nə qədər  ömrü qaldığını  açıqladı

Həkim Brüs Uillisin təxmini nə qədər ömrü qaldığını açıqladı

16:17 26 iyul 2025
"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?" - Allahverdi Yolçuyevdən açıqlama

"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?" - Allahverdi Yolçuyevdən açıqlama

16:02 26 iyul 2025
"Milli Mətbuat günü: Sözün Zəfəri" adlı seminar keçiriləcək

"Milli Mətbuat günü: Sözün Zəfəri" adlı seminar keçiriləcək

15:56 26 iyul 2025
Çəkiliş meydançasında aktyorlara psixoloji və fiziki təzyiq göstərən dahi rejissor

Çəkiliş meydançasında aktyorlara psixoloji və fiziki təzyiq göstərən dahi rejissor

14:56 26 iyul 2025
# # #