"Küçələri, çayxanaları gəzib satıram" - Corab satmaqla dolanan Allahverdi Yolçuyevlə müsahibə

aktyor Allahverdi Yolçuyev

aktyor Allahverdi Yolçuyev

25 iyul 2025
# 14:30

Bir zamanlar səsi, gülüşü ilə evimizin ən doğma adamına çevrilən Allahverdi Yolçuyev... İllərin sənətkarı...

O, indi küçələrdə corab sataraq dolanır. Qısa müddətdə bu xəbər saytlarda və sosial mediada yayıldı.

Mövzunun həssaslığını nəzərə alıb aktyoru tapdıq, söhbətləşdik.

Kulis.az küçədə corab satmaqla dolanan sevimli aktyorumuz Allahverdi Yolçuyevlə müsahibəni təqdim edir.

– Allahverdi bəy, səhhətiniz necədir?

– Mən bir il əvvəl əməliyyat keçirmişəm. İndi yaxşıyam. Qocalığa görə 336 manat 58 qəpik təqaüd alıram. O pul da ancaq məişət problemlərimə sərf olunur. Mən insanlardan pul istəyə bilmərəm, ayıbdır, amma corab satmaq yaxşıdır. Mən əvvəllər də göyərti satmışam. Ancaq indi "Tarqovı"da göyərti sata bilmərəm axı. Hər şey xırda biznesdən başlayır.

– Corabları haradansa alırsınız?

– Hə. Topdan alıram. Ancaq adını açıqlamaq istəmirəm. Belədə heç kəsə ehtiyacım olmur. Dünəndən xeyli yerdən zəng gəlib.

– Bəs harada satırsınız?

– Əlimdə gəzirəm küçələri, çayxanaları. Tanıyırlar, alırlar.

– Dəstək məqsədilə zəng eləyənlər olur?

– Yox. Qarnım tox olsun, bəsimdir. Avtobusda, metroda məndən pul almırlar. Hər şeyin bir sətiraltı mənası var. Mənim bir şəklim var idi, papaq qoymuşdum qabağıma. On il əvvəlin şəklidir. Şəklin altına yazmışdım ki, biz bu gündə deyilik, ancaq bu günə düşə bilərik.

– Siz Musiqili Komediya Teatrında işləmisiniz əvvəllər…

– Hə, indi təqaüddəyəm. Axırıncı iş yerim AzTV olub. Orda Dalğa Teatrı var idi. Yaşar Nuri direktor idi, mən də onun müavini idim, səhmdar cəmiyyətə çevriləndən sonra bağlandı, biz də qaldıq çöldə. Ağlım olmadı, hansısa teatra müraciət etmədim. Toylara getdim. Dörd qız böyütmək asan deyil. Nəvələrim də işləyir, qızım da. Yoldaşım da çoxuşaqlılığa görə müavinət alır. O vaxt toylardan gələn pulla bağ almışdım. Dedim ki, onu satıb küçədə qalım?

– Yoldaşınızdan ayrı yaşayırsınız?

– Yox, o bağda qalır, mən burda. Dərmanlarım burdadır. Çəkilişlər də burda olur. Ora da gedirəm, ancaq günortalar bura gəlirəm. Onları bu işə qatmaq istəmirəm. Yoldaşım çox narahat olur. O da insult keçirib.

– Mədəniyyət Nazirliyi vəziyyətinizlə maraqlanır?

– Adil Kərimli nazir təyin olunduğu ilk günlərdə zəng eləmişdi. Sonra Qurban bayramında yenə zəng elədilər, ərzaq dolu bağlama göndərdilər. Bu ilin mayında müraciət elədim. İyunda cavab gəldi. Dedilər ki, siz nəsə almaq üçün gərək təqdim olunasınız. Axı mən heç yerdə işləmirəm, necə təqdim olunum? Prezident mükafatını almaq üçün gərək hansısa teatrda işləyəsən, amma fondlar var da. Bir insanın ömrünü 10 il uzatmaq üçün hardasa aylıq 600–700 manat pul lazımdır. Mən də istəyirəm ki, mənə müəyyən məbləğdə yardım göstərilsin.

– Sizin dublyajlarınız da məşhurdur. Bu sahə ilə bağlı müraciətlər olur?

– Ayda bir dəfə. Əvvəl isə həftədə 2–3 dəfə gedərdim. Kastinqə çağırırlar. Ora getmək üçün də yola nə qədər pulun çıxır.

– Neçə yaşınız var?

– 67.

– Teatrlarda sizdən də yaşlı adamlar fəaliyyət göstərirlər. Sizə niyə təkliflər olmur?

– Bir gün DOST Mərkəzinə çağırdılar. Dedilər, siz təqaüdə çıxırsınız, təbrik edirik. Dedim ki, mənim 25 illik fəaliyyətim var, təqaüd niyə belə azdır? Dedilər, o məsələlərə biz baxmırıq.

– O biri yaşlı aktyorlar da təqaüddədirlər. Müqavilə əsasında işləyirlər. Məsələn, Rafiq Əzimov. Rol olanda çağırırlar, gəlir. Əslində, bütün aktyorlar hazırda bu vəziyyətdədirlər.

– O həmkarlarım da məndən bir az artıq – 400–500 manat təqaüd alırlar. Prezident təqaüdü heç, o 1700 manatdır.

– Hər hansısa teatra bağlı olsaydınız, müraciətiniz daha tez cavab verilərdi.

– O teatrlarda cavanların əksəriyyəti müqavilə ilə işləyir. Mən heç kimi narahat eləmək istəmirəm. O vaxt Azərpaşa Nemətova müraciət elədim. Dedi ki, imkanım olsa, mən özüm bu teatrdan qaçardım. Bu intriqaların içində neynəyəcəksən? Bu gün heç yerdə işləmirəm, amma yenə hamı məni çox sevir.

– Sənət dostlarınız sizə baş çəkən var?

– Qoxmaz Əlilicanzadə gəlir. Məktəb yoldaşımdır. Bəstəkar Rauf Məmmədov tez-tez gəlir. Teymur Əmrah da baş çəkir.

– Corab satmaqla bir növ cəmiyyətə mesaj ötürürsünüz. Sənətçilərin vəziyyətini göstərirsiniz.

– Hə. Mən teatr eşqi ilə yaşayıram. Nə vaxt çağırsalar, gedəcəyəm. Mən “Ovçu Pirim”lə sevilmişəm. Bu, mənim üçün xoşbəxtlikdir.

Hər gün nəyəsə təəccüblənirəm. Məsələn, dünən Xəzər TV-də qızım məni şoka saldı. Elə gözəl mahnı oxudu. Dedim, bu yaşıma qədər niyə fikir verməmişəm?

– Bayaq corab satmaqla sətiraltı mesaj ötürdüyünüzü dediniz. Gözləntiniz nədir?

– Cənab Prezidentə və Mehriban xanım Əliyevaya müraciət eləyirəm. Onlar sənətə bağlı adamlardır. Onlardan fəxri təqaüd istəyirəm.

Foto: Dilşad Məmmədəliyeva

# 1781 dəfə oxunub

Oxşar xəbərlər

Benksinin məşhur əsəri  mühafizə altına alındı

Benksinin məşhur əsəri mühafizə altına alındı

10:10 26 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
"Pul versəydin, sən də keçərdin" – O, hamıdan rüşvət tələb edir

"Pul versəydin, sən də keçərdin" – O, hamıdan rüşvət tələb edir

18:43 25 iyul 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İştahaaçan “Komediyaçı” - Kattelanın bananı yenə yeyildi

İştahaaçan “Komediyaçı” - Kattelanın bananı yenə yeyildi

17:25 25 iyul 2025
Oğurlanmış tablo yarım əsr sonra geri qaytarıldı

Oğurlanmış tablo yarım əsr sonra geri qaytarıldı

17:00 25 iyul 2025
# # #