Onlar "mədəniyyətsiz” dünya görmüşdülər

Onlar "mədəniyyətsiz” dünya görmüşdülər
5 iyun 2023
# 13:32

Kulis.az Aqşin Yeniseyin "Mədəniyyəti dindən üstün tutan Çin" adlı yazısını təqdim edir.

Qədim olmasına baxmayaraq, Çin dedikdə insanın ağlında bir din ölkəsi deyil, bir mədəniyyət ölkəsi canlanır.

Tarixin arxeologiyası ilə məşğul olan Mişel Fuko Çin mədəniyyətini "zamanın kar qulağı” adlandırırdı. Çin dünyanı eşitməyən, görməyən ayrıca bir sivilizasiya idi, kainatın ayrıca bir küncü idi Fukonun gözündə. Dörd min illik yazılı tarixi (Daymond kimi bəzi alimlər şumer və Mayya yazı mədəniyyətini daha qədim hesab edir) ilə özünü dünyanın yerdə qalan hissəsindən ayıran bu mədəniyyət dünyanı eşitmək, görmək istəməsə də, dünyanın gözü həmişə Çində idi. İki min il öncə dünya Çinin evindən kağızı, min il öncə barıtı oğurladı və tamam başqa bir dünyaya çevrildi. Hətta bədəvi ərəb də kitab yazdı.

Çinin ayrıca bir sivilizasiya olmasının səbəbləri elm adamlarının həmişə yuxusuz gecələri olub. Məsələn, ingilis tarixçisi Vudruff yazır ki, Avropa və Asiyada insanları cəmiyyət halında yaşamağa həvəsləndirən, onlara gələcəyə ümidlə baxmağa güc verən mənəvi-ruhani fenomen din idisə, Çində bu güc mədəniyyət idi.
Çinlilər ta özlərini tanıyandan bu yana tanrıdan, ya da tanrılardan çox bir-birlərinə inanır və öz yaratdıqlarına güvənirlər. Çinlilər üçün dini əvəz edən mənəvi-ruhani narrativlərin heç biri xoşbəxtliyi metafizikada axtarmır. Məsələn, Konfutsianlıq bir nizam-intizam sistemidir, insan nə qədər düzənli, nizamlı həyat yaşasa, bir o qədər xoşbəxt olacaq. Bundan ötrü isə o özü, mühiti və təbiət arasındakı harmoniyanı pozmamalıdır.

Yaxud Daosizm bir inancdan daha çox, bir idarəetmə, yönləndirmə sistemidir. İnsan xoşbəxtliyini tamamilə real bir iyerarxiyaya bağlayır. Daosizmin əsas "ayə”lərinin birində deyilir: "İnsanlar özlərini dünya ilə, yer üzünü cənnət ilə, cənnəti yol ilə, yolu da təbii yaradılış ilə tanıyarlar”.

Burada metafizik anlayış olan cənnətin özü də "yer üzü” və "yol” anlayışları ilə eyniləşdirilərək mövhumi örtükdən xilas edilir. Çinə Hindistanından yayılan Buddizmə gəlincə, yenə eyni şeyi görürük. Buddanın xəyal dünyası yoxdur. O deyir: "Keçmişə ilişib qalma, gələcəklə bağlı xəyallar qurma, anı yaşa!” Bu elə Buddada əsrlər sonra yaranan pozitivist Qərb fəlsəfəsinin "indi və burada” tezisinin Şərqdəki əcdadıdır. Ölüvaylıq, sükunət Budda yolunun yarısıdır, hamısı deyil. Budda bu yolu ona görə sükunətdə keçir ki, özünü seyr edib, öz gücünü aydın dərk edə bilsin. Budda qayıtmaq üçün gedir. Özünü tapan, öz gücünü bilən Budda tamamilə rasional ölçülərlə gerçəkliyə qayıdır. Eynən ölülər dünyasına enib qayıdan mifik qəhrəman kimi. Qayıdan Budda xəyallar, arzular dünyasını tamamilə rədd edir. Qayıdan Budda deyir: "Eşitdiyiniz şeylərə nə qədər çox adam inanırsa-inansın, kor-koranə inanmayın. Dini kitablarda yazıldığı üçün, təcrübəli adamlar söylədiyi üçün, ya da adət və ənənələriniz bunu vacib bildiyi üçün inanmayın. Müşahidə və analiz edin. Düşündüyünüz şeyin səbəblərini araşdırırn və mümkün nəticələr çıxarmağa çalışın. Təcürbə edin və öz təcrübələrinizdən öyrənin. Yozanlara və yozumlara ilişib qalanlar dünyada insanları incidərək dolaşarlar”. Biz üç əsas Çin inancının heç birində tanrıya rast gəlmədik.

Əsas Çin mənəviyatını təşkil edən bu ruhani sistemlər ibrani dinlərdən fərqli olaraq insanın mənəvi gözəlliyini onun günah hissindən deyil, utanc hissindən qorxmaqda görürlər. İnsan onu utandıracaq əməllərdən qaçmalıdır. Uzaq Şərq inanclarına görə, ən ağır cəza utanc hissidir!

Çinin dinə deyil, mədəniyyətə önəm verməsinin digər səbəbi isə özünü təcridetmə təcrübəsindən gəlir. Çinlilər tarix boyunca, başqa xalqlara barbar gözü ilə baxıblar və elə buna görə də Fukonun dediyi kimi, dünyanın digər hissəsindəki hadisələr qarşısında kar qalmağa üstünlük veriblər.

Çinlilərin dünyaya barbar kimi baxmasının səbəbi əvvəlcə köçəri monqol-türk tayfalarının Çinə dağıdıcı hücumları idisə, ikinci səbəb çinlilərin XIII əsrdə dünyanı italyan səyyahı Marko Polonun simasında görüb onun ardınca dünyaya yaxından baxmaq istəmələri və bədbəxtlikdən bu dəfə də qarşılarına adamyeyən Afrika qəbilələrin çıxması idi. Magellandan yüz, Kolumbdan, təxminən, doxsan il əvvəl Çinin Min imeratoruluğu dünyaya öz mədəniyyətini göstərmək üçün yeddi böyük gəmi ilə Hind okeanından yolu düşdü. 134 metr uzunluğu, 56 metr eni olan bu Çin gəmilərinə bənzər gəmilərə Avropa hələ üç əsrdən sonra sahib ola biləcəkdi (Vudruff). Bədbəxtlikdən külək bunları qova-qova gətirib Afrikanın cənubuna çıxardı: lüt-ətcə, qara-qara adamlar, bir-birilərini ovlayıb yeyirlər, sağ qalanlarını şir-pələng parçalayır, uşaqları yırtıcı quşlar caynağına vurub aparır, qadınlar bitki kökləri toplayırlar və s.

Bir növ, XIII əsrdə yaşayan ölçüləri kiçildilmiş qədim dünya. Yazıb-oxuyan, kağızı, barıtı, kompası, mancanağı yaratmış, gəmiçilik, inşaat texnologiyalarına sahib Çin, qarşısında dünyanı belə gördü; lüt-üryan və adamyeyən! Afrikalı qəbilə başçılarından (bəlkə, bunları da tutub yeməsinlər deyə), xalaxətri, bir-iki zürafə, beş-altı dəvəquşu yumurtası, bir-iki kisə kərgədan sür-sümüyü alıb bir daha dünyaya dönməmək adına geri qayıtdılar.

Çünki onlar sərhədlərindən kənarda "mədəniyyətsiz” bir dünya görmüşdülər. Bu da onları öz mədəniyyətlərinin qədrini bir daha bilmələrinə fürsət tanımışdı. Yeni statistikaya görə, bu gün Çin dünyada atiestlərin sayına görə birincidir, əhalinin altmış faizi heç bir dinə inanmır.

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #