Bu gün tanınmış ingilis yazıçı, məşhur elmi-fantastik əsərlərin müəllifi Artur Klarkın doğum günüdür.
Kulis.az bu münasibətlə onun 1976-cı ildə verdiyi müsahibədən gələcək haqqında diqqətçəkən öncəgörmələrini təqdim edir.
Bütün dövrlərin ən uğurlu elmi-fantast yazıçılarından biri Artur Klark elmə maraq göstərən hər bir insanın oxuması vacib olan əsərlər qələmə alıb.
Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilmiş texnologiyaların ilk təməl daşlarını qoyan bu elmi-fantastika dahisi hazırda istifadə etdiyimiz GSM və televiziya peyklərinin ideya müəllifidir. O, peyklərlə bağlı fikirlərini əks etdirən bir məqaləni “Wireless World” jurnalına göndərir və bunun qarşılığında cəmi 5 funt sterlinq kimi çox az bir məbləğ alır… Lakin sonralar bu fikirlər günümüzdə istifadə etdiyimiz texnologiyanın əsasını qoyur. Peyklər vasitəsilə rabitə ideyasını inkişaf etdirdiyinə görə Klark, Franklin İnstitutu tərəfindən qızıl medal, həmçinin UNESCO tərəfindən Kalinga Mükafatı ilə təltif edilir.

Zamanın irəlisini görmək qabiliyyətini yazıçılıqla birləşdirərək möhtəşəm işlərə imza atan Klark 2008-ci ildə dünyasını dəyişib. Lakin o, özündən sonra dəyərli əsərlərlə yanaşı, 1976-cı ildə verilmiş çox təsirli bir müsahibə də qoydu.
Bəs həmin müsahibədə nələrdən danışırdı Klark?..
“Dostlarımıza daha çox məlumat göndərməyimizə imkan verəcək yeni cihazlar əldə edəcəyik”.
“Televiziyamız, radiomuz və telefonumuz var. Xarici aləmlə əlaqə qurmağımızın yeganə yolu telefondur. Radio və televiziya isə daxili əlaqəni təmin edir. Dostlarımıza daha çox məlumat göndərməyimizə imkan verəcək yeni cihazlar əldə edəcəyik. Onlar bizi görə biləcək, biz də onları görə biləcəyik və şəkil, qrafik məlumat, data, kitab və daha çoxunu bir-birimizə göndərə və ala biləcəyik”.
“Bir cihaz düşünün ki, istədiyiniz bütün məlumatları onun vasitəsilə əldə edə biləsiniz: təyyarə biletləri, supermarket məhsullarının qiymətləri, oxumaq istədiyiniz kitablar, seçdiyiniz xəbərlər...”
“Bu texnologiya rifahımız üçün meşələri xilas edəcək”.

“Qəzet köhnəlmiş olacaq və bu texnologiyadan istifadə etdiyimiz zaman dünyanın dörd bir yanına tonlarla kağız göndərməkdən xilas olacağıq...”
“Gələcəyin dünyasında səyahətlər ehtiyac üçün deyil, zövq üçün ediləcək”.
Ən həyəcanverici ümidlərin içindəki ən böyük müəmmalardan birini isə belə ifadə edir Klark: “Biz kosmosdan heç siqnal alacağıqmı — radio siqnalı və ya başqa bir siqnal?”
“Hər kəs əmindir ki, kainatın bir yerində bizdən daha inkişaf etmiş, möhtəşəm texnoloji bacarığa malik sivilizasiyalar mövcuddur. Hətta siqnallar bizə birbaşa yönəldilməsə də, onların yaydığı siqnalları qəbul etməliyik. Onların araşdıra biləcəyimiz qədər böyük gücə sahib olduqlarına inanıram və ümid edirəm ki, kosmosdan ilk siqnalın alınmasını görəcək qədər uzun yaşayaram”.
Klarkın “əldə daşınan telefon” kimi bir öncədən görməsi də vardı... Yəni bu gün istifadə etdiyimiz ağıllı telefonlardan danışırdı:
“Tamamilə mobil olacaq və bunun nəticəsində cəmiyyət yenidən qurulacaq. Əlbəttə, üstünlükləri ilə yanaşı mənfi cəhətləri də var”.

“Bu da o deməkdir ki, istənilən şəxs istədiyi vaxt sizə çata biləcək. Zəng siqnalınızı bağlaya bilərsiniz, amma sonra niyə bağladığınızı izah etməyiniz lazım gələ bilər...”
“Lakin üstünlükləri çox böyükdür. Belə bir cihaz sayəsində hər il xilas edilən minlərlə həyat, demək olar ki, digər bütün mənfi cəhətləri aradan qaldırır”.